Çinin Qərb üzərində pandemiya qələbəsi

Çinin Qərb üzərində pandemiya qələbəsi
11 mart 2021
# 09:00

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.

Növbəti yazı: Yaxın gələcəyin sualı: azadlıqmı, təhlükəsizlikmi?

Uzun mübahisələrdən sonra Çin, Dünya Səhiyyə Təşkilatının ekspertlərinə Vuhan şəhərində koronavirusun necə yayıldığını tədqiq etmək üçün icazə verdi. Araşdırmalardan sonra ekspertlərin virusun zühuru ilə bağlı açıqladıqları ehtimal edilən səbəblər arasında biri, əgər təsdiqini taparsa dünyanı lərzəyə gətirəcək bir gələcəkdən xəbər verirdi. Bu səbəb virusun Çində laboratoriyadan yayıla bilmə ehtimalı idi.

Qəsdənmi, təsadüfənmi bu virusun bir laboratoriyadan gün üzünə çıxması ehtimalı təsdiqlənəcəyi halda insanlığın yaddaşında qədim epidemiyalar zamanı yaşanan “günah keçisi” axtarışı kini yenidən oyana bilər. Hazırda bu gözəgörünməz virusa görə iki böyük güc olan ABŞ və ÇİN arasında gedən “soyuq savaş”ın temperaturu dəyişə bilər.

Çünki iki milyonu üstələyən bir qurban siyahısı var ortada, hələ iqtisadi, sosial zərərlər bir yana qalsın...

Bu “keçi” isə Çin olacaq, ya da çinlilər... Çünki tarixin bütün dövrlərində epidemiyalar zamanı öldürücü mikrobun, virusun daşıyıcısı olduğu ehtimal edilən “günah keçiləri” tapılmış və cəzalandırılmışdı.

1810-cu ildə Osmanlıda yayılan vəba zamanı hər kəs günahkar axtarırdı. Axırda belə qərar gəldilər ki, vəbanı yayanlar subay adamların, fəhlələrin qaldığı, daha çox fahişə xidmətləri üçün kirayəyə verilən günlük evlər və orada gecələyənlərdir. İnsanlar, türkcə “bekar odaları” deyilən bu evlərə hücum edib qapını açan hər kəsin saçını-başını yoldular və “subaylıq sultanlıq”dır anlayışı ilk dəfə ağır təhqirlərə məruz qaldı.

Yaxud zenofobiyanın (gəlmələrə, yadlara qarşı düşmənçilik bəsləmək) tüğyan etdiyi Orta əsrlər Avropasında İnkvizisiyanın yəhudiləri xristianlığı qəbul etmələri üçün sıxışdırdığı XIV-XV əsrlər vəbasının çanağı yəhudilərin başında çatlamışdı. Belə ki, Avropanın bir çox ölkəsində əhali arasında belə bir şayiə yayılmışdı ki, guya, yəhudilər şəhərlərdəki quyuları zəhərləyiblər, vəba da həmin zəhərli sulardan yayılıb. Nəticədə yəhudilər kütləvi şəkildə linç edilərək qətlə yetirilirdilər.

Halbuki virusu Çindən Volqaya, oradan 1345-ci ildə mühasirəyə aldıqları ticarət şəhəri Kaffaya (indiki Feodosiyaya) vəbalı meyitləri mancanaqlarla atan Monqol əsgərləri gətirmiş, Avropaya isə yük daşıyan tacir gəmilərindəki siçanlar aparmışdı. Amma tacirlər və siçanlar günahkar deyildi, əsl günahkarı tarix çox sonralar tapacaqdı.

Pişiklərdə və cadugərlərdə şeytan ruhu gizləndiyini iddia edən papanın bu heyvanların öldürülməsinə fətva verməsi nəticəsində siçan və siçovullar artıb çoxalmış və xəstəliyi hər yerə yaymışdılar. Papanın və siçanların günahını yazıq yəhudilər öz canları bahasına ödəmişdilər o zamanlarda.

Çin iqtisadiyyatı zəifləyib. Bu, bütün dünya üçün pis xəbərdir. Niyə? - BBC  News Azərbaycanca

Şərqi Avropada isə yəhudilərlə yanaşı, pandemiya suçluları kimi qaraçılar da təqiblərə məruz qalanlardan idilər. Hətta başqalarından dərhal seçilsinlər deyə qaraçıların bir qulağını kəsirdilər. Bu barədə Le Bonnun kitabında məlumatlar var.

Hətta cəmi qırx il əvvəl 1980-ci illərdə Amerikada QİÇS epidemiyası başlayanda haitilər "günah keçisi" kimi damğalanırdılar. Amerikada hər kəs onlardan qaçır, ya da onları öz yanlarından qovurdular. SARS epidemiyası zamanı çinlilər dünya mediasında karikaturik obrazları ilə aşağılanırdılar. Yəni, insan üçün zaman uzun görünə bilər, insanlıq üçün isə bu sözü demək bir az tələskənlik olardı.

XIX əsrdə ABŞ-da yayılan çiçək və vəba pandemiyası “Şərqdən gələn bəla” elan edilmiş və bu ölkəyə mühacirət etmiş çinlilər öz qəsəbələrində hücumlara məruz qalmışdılar.

Epidemiyalar zamanı “günah keçiləri” axtarmaq, tapmaq və cəzalandırmağa dair misalların sayını xeyli uzatmaq olar.

“Kovid -19” pandemiyası üçün də belə cəhdlər var. ABŞ ilk gündən Çini günahlandırır və əgər Dünya Səhiyyə Təşkilatının ekspertlərinin o qorxulu ehtimalı təsdiqini taparsa, “günah keçisi” damğası vurulmuş çinlilərin dünyadakı halı heç də həmişəki kimi olmayacaq.

Məsələn, Avropa insanı bir ildən çoxdur ki, pandemiya ucbatından imtina etdiyi, itirdiyi azadlığının baiskarı kimi gördüyü çinlini öz işində saxlayacaqmı? Hətta bəzi sosioloqlar bu pandemiyadan sonra “insan azadlığı” kimi anlayışların öz yerini totalitar təhlükəsizlik tədbirlərinə verəcəyini düşünür və iddia edirlər. Yəni, Avropanın əsrlərdir uğrunda mübarizə apardığı anlayışların aqibəti necə olacaq? Sadəcə, bir virusamı qurban veriləcək bu insanlıq dastanı? Hansı ki, laboratoriyadan yayıldığı ehtimalı var.

Çinin qapı qonşusu Cənubi Koreyanın Almaniyada yaşayan filosofu Byunq Çul Xan artıq “azadlıq, yoxsa təhlükəsizlik” sualına cavabını qətiləşdirmiş kimi görünür. Gələcək beyin azadlıq deyil, təhlükəsizlik üzərində baş sındıracaq. Filosof pandemiya və onun gələcəyə təsiri ilə bağlı iddia edir ki, pandemiya insanlara ölümün demokratik olmadığını göstərdi. Ölüm demokratiyanı, insan azadlığını sevmir.

Bu nə deməkdir?

Pandemiyanın tüğyan etdiyi bu aylarda ən çox insan itkisi ilə üzləşən ölkələr demokratik ölkələr oldu: Qərbi Avropa və ABŞ. O ölkələr ki, məsələn, Çindən fərqli olaraq sərt qapanmalara getməyin insan haqlarına zidd olduğunu düşünür və müzakirə edirdilər. Nəticədə insan haqları öz sahiblərini “yedi”. İnsanları daha gözəl yaşatmaq üçün qəbul edilib legitimləşdirilmiş haqlar, azadlıqlar onları kütləvi şəkildə yox etdi.

Koreyalı filosof azadlığın bu öldürücü cazibəsinə nəzərən deyir ki, pandemiyadan sonra dünyanın güc mərkəzi Avropadan Asiyaya doğru yer dəyişəcək. Çünki virus Asiyadan yayılsa da təhlükəsizlik tədbirləri Asiyada daha effektiv oldu. Bundan sonra güc azadlığın deyil, təhlükəsizliyin əlində olacaq.

İnsanlar onları sevənləri yox, qoruyanları sevəcəklər. Bu da Asiyamərkəzli qədim və yeni bir dünyanın müjdəsidir.

Xana görə, postpademiya dövründə insanlar azadlıqlarını təhlükəsizliklərinə qurban verəcəklər. Məncə, gələcəyin necə olacağını düşünmək üçün bu fikirdən yola çıxmaq olar; Azadlıqmı önəmlidir, təhlükəsizlikmi?

Oxşar proqnozları başqa bir filosof Slavoj Zizekin də müsahibələrindən oxumaq olar. Zizekə görə, Yaponiyada il ərzində intihardan ölənlərin sayının koronavirusdan ölənlərin sayından çox olmasına baxmayaraq, insanlıq daha heç vaxt əvvəlki həyatına qayıda bilməyəcək. Sosial həyat tamamilə indki şəklini dəyişəcək, ya da tamamilə aradan qalxacaq.

XIX əsrdən başlayaraq kasıblar da kralların həyatını yamsılasınlar, qarsona istədiyi yeməyi sifariş versinlər deyə ortalığa çıxan kafe-restoran kultu tədricən əriyib gedəcək. Evlər mağaralaşacaq, ailə bağları möhkəmlənəcək. “Nano-human” çağı eyni zamanda bir “post-human” çağı olacaq. Mağarasına (evinə) qapanmış texnoloji insan çağı. Tarixin bu başı o biri başına oxşayacaq. Anarxist ehtiraslar gülməli vəziyyətə düşəcək, dövlətin avtoritetinə inam insanları şəxsi azadlıqlarından güzəştə getməyə razı salacaq.

Əlimizdə bunun belə olmayacağına aid sevindirici yalnız bircə fakt budur ki, bundan əvvəlki pandemiyaların heç birinin sonunda bu cür hadisələr baş verməyib. Əksinə, restoran xidməti, yəni əyləncə ilə yeməyin kütləvi sintezini yaradan sosial kult Avropada vəbalardan sonra yaranmışdı. Yəni, Avropanın üçdən birini yox edən epidemiyadan bir müddət sonra Avropa insanının ev həyatı başa çatmış, küçə ev elan olunmuşdu. Və heç bir acı epidemiya xatirəsi bunun qarşısını ala bilməmişdi.

# 5431 dəfə oxunub

Müəllifin son yazıları

# # #