Bit - Aqşin Yeniseydən hekayə

Bit - Aqşin Yeniseydən hekayə
10 noyabr 2019
# 17:30

Kulis.az Aqşin Yeniseyin “Bit” hekayəsini təqdim edir.

- Uşağın başına bit düşüb.

Kişi bunu öz dilinə “sabahın xeyir” kimi tərcümə edir və əlində tutduğu “Şərq-Qərb” adlı dərgidə “professorluqla cəzalandırılmış filosofların”, sanki, ən qəliz dil, ən anlaşılmaz mətnlər üzrə yarışa girdiyi və bu məzmun zibilliyində özünün sadə üslubu ilə, bəlkə də, bu yarışda ən axırıncı yerə layiq görüləcək yazını oxumağa başlayır.

“...dünyanın ilk gəmi kapitanı Nuhun yer kürəsinin canlı aləmini kütləvi cütlüklər şəklində - tənhalara hər yerdə olduğu kimi, onun gəmisində də yer yox idi - suda boğulmaqdan qoruyan fövqəladə xilasetmə cəsarətini şumer şairlərinin yazıya köçürdüyü dövrdən, təxminən, üç min beş yüz il keçməsinə baxmayaraq, xalqın kütləyə, kütlənin xalqa keçidi zamanı həmişə yarı yolda ilişib qalan tənha fərd hələ də bu müdhiş çevrilmənin əndişəsində!”

- Yəqin, alt qonşunun toyuqlarından keçib! – gecikmiş və candərdi cavab.

“Harda, nə zaman, nədən ötrü baş verir bu başqalaşma?”

- Ya da sənin o havasından, suyundan başqa hər yeri kir-kərmə içində ulayan kəndinin bit-birəsidir daraşıb körpənin canına. Dedim, göndərməyək, yalvardım! Yox, insan aya uçsa da, gərək at mindiyini unutmasın, buyur, bu da atın hədiyyəsi! Özün gedəndə iki gündən artıq qala bilmirsən, bağrın çatdayır, iki həftədi uşağı aparıb atmısan mal-qaranın arasına... (Qadın ərini öz sözləri ilə zəhərləməyi sevir, evlilik təcrübəsindən bilir ki, bu zaman mübahisəyə yer qalmır.)

“Müəllifi kimdir bu özgələşmənin? Xalq hansı özəlliyini itirib kütləyə, kütlə hansı dəyəri mənimsəyib xalqa çevirilir?”

Daxili dialoq başlayır. Bu, kişinin özünün özü ilə deyil, daha çox içində, sanki, hər kəsdən gizlənmiş başqa bir kişi ilə söhbətinə oxşayır:

“Yox, sevgi, doğrudan da, ailədə ölür, ən yaxşı halda ciddi nəzarətdə saxlanılan qarşılıqlı hörmətə, ən pis halda isə nəzarətsiz buraxılmış soyuqluğa, xəyanətə, qarşılıqlı nifrətə çevrilir. “Səbəbi?” – içindəki yad kişi həyəcanla soruşur. - Onu taleyin təqibindən, bəlkə də, əhalinin nəzərindən qoruyan kişi artıq həyatı ilə barışdığından rahat və bol-bol düşünə bilmək vərdişlərinə yiyələnib. – “Səbəbi, daha doğrusu, başlıca səbəbi yataqdır. Yataq elə bir yerdir ki, kişi ora yüz ilin fahişəsi ilə də girsə, hər dəfə bir bakirəlik, yenilik, təzəlik gözləyir və çox zaman elə bu təzəlik ehtiyacı ilə yatağa can atır, – öz cinsinin adına danışır, - yataq dünəni, dünənkini sevmir, ailədə isə hər zaman dünəndir, hər kəs, hər şey dünənkidir, dünənkinin davamıdır. Sevgini öldürən ailədə bakirəlik, yenilik duyğusunun daha heç vaxt olmayacağı ümidsizliyidir”. İçindəki kişi fikrə gedir. O isə indi eyni məişətə məhkum edilmiş dustaq yoldaşına cavab verməlidir. Ailənin sərt hörmət qaydaları bunu tələb edir:

- Bəlkə, bit deyil heç, adi cücüdür, qar yağanda həmişə belə olur, bör-böçək evə doluşur. – Başdansovdu təsəlli.

“Hansı günahına görə nə xalq, nə də kütlə öz tənhalarını sevmir?” – oxumağa davam edir.

- Koram da mən, bitnən cücünü bir-birindən ayıra bilmirəm. Ağzımda deyirəm ki, uşağın saçını darayanda əlimin üstünə hoppandı, istədim darağın arxasıyla basıb öldürəm, o saat televizorun ekranına, ordan da evin ortasına sıçradı mirət! İndi bütün evi bit basacaq. Səməd, yumurtanı soydum, əlini ağzına soxma, ədə, qoy o ayaqqabını yerinə, indicə yumuşam ağız-burnunu, gəl ye, ana qurban! – qadın övlad böyüdən vəhşi dişi həyəcanı ilə evə dörd gözlə nəzarət edir.

“Xalqın kütləyə çevirilməsi o zaman baş verir ki, tarixin keçdiyini göstərən əqrəblər öz çevrəsinin nöqtələrinin birində ilişir, zaman nə irəli gedə, nə geri qayıda bilir və nəticədə mütləq tarixi isterik vəziyyət (müharibə, aclıq, epidemiya, bəzən aşırı hakimiyyət ehtirası – məsələn, “Babil əxlaqsızlığı”) peyda olur...”

- Bit cəmi-cümlətanı bir dənə idi? – Ölüvay qayğıkeşlik!

“Bu vəziyyətdə xalq bütöv bir orqanizm kimi qüsurlu dövran həddinə çataraq obyektiv dərketmə xassəsini itirir və şüura tabe olmayan ümumi eqonun nüvəsindən göndərilən nizamsız siqnalların əsirinə çevirilib idarəolunmaz psixi böhrana düşür”.

- Mən nə bilim? O əlindəkini qoy bir qırağa, dur bir maraqlan da bu uşağnan. Bəlkə, həkimə aparmaq lazımdır, bəlkə, evi dərmanlamaq lazımdır?! Səhərin gözü açılmamış acqarına yenə qucaqlamısan o kağız-kuğuzu!

“Xalqın bu hala düşməsini quduzluq virusunun beyindəki sinirüstü qişanı zədələməsi nəticəsində insanın apokaliptik əsəblə geri gərilərək öz onurğasını sındırması kimi aqressiv amansızlığı ilə eyniləşdirmək olar”.

- Acqarına oxuduğun heç vaxt unudulmur, elə yaşadığın da. Yüz faiz alt mərtəbədən çıxıb, kənddən bura bit gəlməz! Gündə o qədər adam gedib-gəlir şəhərə, hərəsi özüylə bir bit gətirsə, şəhərdə epidemiya yayılar ki! - İsi əlindəki jurnalı oxuduğu yer qarışmasın deyə ağzı üstə masanın, eynəyini də jurnalın kürəyinə qoyur və qalxıb hələ gündəlik ev paltarı ilə əvəzləmədiyi göy zolaqlı tuman- köynəkdə otağından çıxır, mətbəxin açıq qapısından ağzına yaxdığı yumurta sarısı ilə ona gülümsünən oğluna, saçlarında bitlənən ananın barmaqları arasından göz vurub zala bit axtarmağa gedir. Zaldan səsi eşidilir: - Bitlər üç həftədən artıq yaşamır! – Evdə səhərin gözü açılmamış, acqarına yaşanan ruh düşkünlüyünə göstərilən ilk psixoloji yardım.

İsi. 49 yaşı var, rus-əfqan müharibəsi əlilidir. İki milyon yarım əfqanın və dövlət sənədlərinə görə iyirmi, Hindiquş dağlarında itkin düşənlərin sayına görə yüz əlli minə yaxın sovet əsgərinin yox olduğu müharibə onun sol əlindən iki orta barmağını özünə qənimət götürə bilib. Qoy əfqan müharibəsi haqqında özü danışsın: “Bu müharibə əfqan mücahidlərinə görə müharibə idi, biz sovet əsgərlərinə görəsə münaqişə. Ona görə onlar canla-başla döyüşürdülər, biz isə əmrə uyğun. Onlar qələbə üçün vuruşurdu, biz sağ-salamat geri qayıtmaq üçün. Müharibə həm də bir millətin psixoloji-mənəvi dezinfeksiyasıdır. Ona görə də hər ölən əfqanla onlar daha da güclənirdilər, biz isə hər əsgər itkisindən sonra daha da miskinləşirdik. Ölüm onlara güc, bizə qorxu gətirirdi. Müharibə onları getdikcə təmir edirdi, bizi isə bir ucdan söküb-dağıdırdı. Biz vətəni uğrunda döyüşən mücahid ruhunun yerini qorxa-qorxa xəritədə axtarırdıq, o, isə sevinə-sevinə qulağımızın dibində peyda olurdu. Sizə bir söz deyim, müharibə meydanı ölümün insan qarşısında aciz olduğu yeganə yerdir, əgər sonunda azadlıq varsa. Mücahidin azadlıq duyğusu ölümdən güclüdür, o, bu gücü boş çöllərdən, əlçatmaz dağlardan alır. Bizim evimiz olduğu kimi, onun da çölləri, dağları var. Bizim azadlığımız evimiz boyda olduğu kimi, onun da azadlığı özünü sahibi hesab etdiyi dağlar boydadır. Biz evimiz uğrunda ölsək, ağılsızlıq olar, yeni ev almaq şansı həmişə var, amma mücahid bilir ki, onun dağlarının, çöllərinin yenisi heç vaxt heç harda olmayacaq. Əfqanlar üçün bu müharibədə varlı və kasıbın fərqi yox idi. Əslində, bizimlə bircə nəfər əfqan döyüşürdü. İmperiyanı cəmi bir mücahid məğlub etdi, öz ruhunun azadlıq divanəsi olan qırqayış əqidəli bircə mücahid. Amma münaqişə ötəri emosiyalardır, münaqişəni sülh şəklinə salıb, yaxud “dondurub” xalqın həyat tərzinə də çevirmək olar, hələ desən, uzunmüddətli “xalqlar dostluğu”na da! Müharibədə ölən insanla münaqişədə ölən insanın dəyəri bir deyil. Münaqişədə ölən insan zavallıdır. Münaqişədə ölüm ruh düşkünlüyüdür, təhqirdir. Münaqişədə ölmək ağılsızlıqdır. Münaqişədə qələbə yox, qazanmaq haqqında düşünürlər. Münaqişədirsə, vətən gözləyə bilər, əvvəlcə arvad-uşağı fikirləşməlisən. Münaqişədirsə, ancaq kasıblar döyüşməlidir. Bizim Qarabağ savaşında olduğu kimi. Çünki bizə Qarabağ davasını müharibə kimi yox, münaqişə kimi sırıdılar və biz də bununla əlüstü razılaşdıq. Mən Qarabağa da könüllü olaraq getmişdim, o vaxt hələ evli deyildim, ancaq gedib orda “münaqişə edən tərəflər” sözünü eşidəndən sonra geri qayıdıb arvad aldım. Mənim Əfqanıstan xatirələrimə gəlincə, onu deyim ki, mən o cəhənnəmdən iki dəfə sağ çıxmışam. Bir dəfə Məzari-Şərifdə, bir dəfə də Lörgədə. Birinci dəfə məni müsəlman olmağım, daha doğrusu, kəlmeyi-şəhadət xilas etdi. Əfqan mücahidlər bilirdilər ki, sovet qoşunlarının tərkibində müsəlman xalqların da övladları var. Odur ki, əsirlərdən kəlmeyi-şəhadət gətirməsini tələb edirdilər, kim ki, deyə bilmədi, kəkələdi, sərçə kimi göz qırpımında boğazını üzürdülər, kim ki, dedi, ya mənim kimi soyundurub buraxırdılar boş çöllərə, ya da öz dəstələrində döyüşmək üçün dağlara, gizli düşərgələrinə aparırdılar. Məni də soyundurub buraxdılar, belimə də üç kafir əsgər yoldaşımın başlarını yüklədilər qara bir torbada ki, apar ver ağanıza. Qəndəharın ətrafını minalayıb geri qayıdırdıq. Onu da deyim ki, o şəhərin ətrafına Qiyamət gününəcən partlayacaq sayda mina basdırmışıq, minaların sayı dəvətikanılarının sayından çoxdur. Hə, şəhərin ətrafını minalayıb dan yerinin yavaş-yavaş sökülməyə başlayan alatoranında əyilə-əyilə, ətrafımızdan nəhəng qoyunlar kimi asta-asta keçən duman topalarının içində gizlənə-gizlənə geri qayıdırdıq. Birdən yan-yörəmizdə torpağın altından beş-altı ölü xortlayıb çıxdı; bir dəri, bir sümük, cırıq-sökük kəfənlərinə bürünmüş mücahid cəsədləri. Əslində, müsəlmanın bir vətəni var, o da onun dinidir. Dininə toxunan olmasa, müsəlman vətən dərdi çəkməz. Mücahid öz dininin Məcnunudur, çünki din onun ruhunu gözəlləşdirir və bu ilahi gözəllik onu divanəyə çevirib eşq həzzi ilə yandırıb-yaxır. O, bu gözəllikdən heç nə ummur, əksinə, özünü qurban verməklə onu canından uca tutduğunu göstərmək istəyir. Mücahidlə Məcnun bu məqamda eyniləşir. Nəsə, sözün birini qoyub, o birinə keçirəm, indi də yadıma düşəndə gözümün önündə kəlmeyi-şəhadət gətirə bilməyən, bir-bir kəsilib üst-üstə atılan qanlı başların xırıldayan səsini eşidirəm. Bıçaq hulqumuma dirənəndə kəlmeyi-şəhadətimi udquna-udquna dedim, ancaq kəsilən boğazımın ağrısını artıq hiss edirdim. Bıçaq gözlədi, gözlədi və asta-asta uzaqlaşdı. Heç nə eşitmirdim. Baş dolu torba belimdə mücahidlərdən uzaqlaşanda mənə elə gəlirdi ki, başlar hələ də ölməyiblər, torbada bir-biriləri ilə pıçıldaşırlar. Onu da deyim ki, insan lüt olanda özünü daha da aciz, köməksiz, əsl qurban kimi hiss edir. Qorxumdan mücahidlərin məni nə zaman soyundurduğunu da xatırlamırdım. Bircə onu hiss edirdim ki, bıçaq kəlmeyi-şəhadəti eşidənə qədər özünü saxlaya bilməyib, deyəsən, boğazımın dərisini azca çərtmişdi. Təsəvvür edin, çölün ortasında lüt-üryan adam, belində də kəsik başların pıçıldaşdığı qan daman torba! İndi də ətim ürpəşir! Onsuz da, bilirdim ki, başları geri aparmağın bir mənası yoxdur, düşərgədə onları məndən alıb, əsgərlərin valideynlərinə həmişəki kimi onların nəşi əvəzinə içinə taxta-tuxta, cırıq əsgər çəkmələri, köhnə şinellərə bükülmüş top gilizləri doldurulmuş tabutlar göndərəcəkdilər. Çünki arxada Əfqanıstandan göndərilən tabutları açmaq qadağan idi, əsgər valideynləri müharibədə ölən, ya da itkin düşdüyü üçün ölü kimi qələmə verilən övladlarının əvəzinə çox vaxt tabutda onlara göndərilən öldürmək üçün yararsız hərbi ayın-oyunu dəfn edirdilər. – İsi başına gələnləri danışa-danışa barmağının ucu ilə masanın üstündəki qarışqanı süpürüb yerə atır. - Hə, başların axırı necoldu? Hamısını sübh tezdən qarşıma çıxan kəndə qədər gətirdim. Əvvəlcə məni sübh namazına qalxan, kəndin cır-cındır geyimli kişiləri əhatəyə aldı, sonra eyni cır-cındıra bürünmüş uşaqlar qaçıb gəldilər, əyinlərində kəsilib kiçildilmiş kişi paltarları vardı, hamısı ayaqyalın idi. Lüt olduğum üçün kişilər ordan-burda boylanan qadınlara acıqlanıb evə qovdular, uşaqlara isə bir söz demədilər. Utandığımdan torbanı qabağıma tutmuşdum. Yaşlı bir əfqan yaxına gəldi, əlindəki cırıq və tozlu palazı üstümə atdı. Torbanı alıb içinə baxdı, başın birini çıxarıb ətrafdakılara göstərdi, öz dillərində bağıraraq nəsə dedi və başı yenidən yerinə tulladı. Ac yaşadıqları gözlərinin yekəliyindən sezilən arıq əfqan uşaqları tez torbanın başına yığışıb maraqla içinə boylanmağa başladılar, sanki, mən müharibənin göndərdiyi Şaxta baba idim, onlara insan başlarını hədiyyə gətirmişdim. Yaşlı əfqan torbanı qurcalayan uşaqlara acıqlanmaq əvəzinə, köməkləşib “hədiyyələri” evə aparmağı əmr etdi. Sonradan eşitdim ki, kəndlilər başları də mənimlə birlikdə ruslarla silaha dəyişiblər. - İsi armudu stəkanın dibindəki yaxantını başına çəkir, hamımız onun boğazındakı bıçaq yerini axtarırıq. - İkinci dəfə isə əfqan mücahidlər gecə pusquya salıb mövqe dəyişən bölüyün bütün əsgərlərini beş-altı dəqiqənin içində öldürdülər, mən üstümə yıxılan əsgər yoldaşlarımın cəsədlərinin altından çıxmağa belə macal tapmadım. Üstümə yıxılıb can verən yaralıların altından baxanda hiss etdim ki, iş-işdən keçib, hamını qırıblar, ayağa qalxmağın mənası yox idi. Mücahidlər gəlib yaralıları güllələyəndə biri qulağımın dibində can verən rus əsgərə yuxarıdan dalbadal bir neçə atəş açdı, güllələrdən biri əlimi o zaman torpağa mıxladı, barmağımın biri düz gözümün qabağına düşmüşdü. Qorxumdan cınqırımı belə çıxarmadım, eləcə gözümün önündə danadişi kimi can verən barmağa baxdım. Kafir saydıqları üçün murdar hesab etdikləri rus əsgərlərinin meyitlərinə əlini vurmayan, onları ancaq təpiklə ora-bura dığırladan əfqan döyüşçülər məni cəsədlərin altında allaha əmanət edib getdilər. Briqadanın əsgərləri sübh vaxtı meyitləri yığmağa gələndə mən həyatımı xilas etmiş cəsədlərin yanında oturub uzaq kəndlərin birindən dağlara yayılan azana qulaq asırdım. Həmin vaxt mənə elə gəlirdi ki, bu azandakı “Allahu Əkbər” sözləri indi yalnız mənim üçün oxunur, oxuyan isə allahın özüdür”.

İsi müharibəni görəndən sonra allaha inamını itirib. Deyir, allah varsa, ilk növbədə, günahsız körpələrin yanında olmalıdır, ancaq mən onu həmişə gözəl şəhərləri talamağa gedən amansız fatehlərin önündə təbil döyəcləyən yerdə görmüşəm. Allah ən çox kasıb komalarda və müharibə meydanında yada düşür. Deyir, çətin anlarda insan gücünü yaddaşından alır, qorxduğu an isə birinci yaddaşını itirir, allah itən yaddaşın yerini müvəqqəti doldurmaq, ölümü rahat qarşılamaq üçün insanın əlacsızlıqdan uydurduğu psixoloji gücdür. Ölümdən güclü nə varsa, o allahdır. O, allahla yanaşı sülhə də inanmır, deyir, sizin adına sülh dediyiniz səssizlik növbəti müharibələrə gizli hazırlıq dövrüdür. Müharibə öz əsgərinə həm də insanın öz həyatının əsl sahibi olmadığını, iradəsinin taleyi qarşısında nə qədər gücsüz olduğunu başa salır, onun qürurunu acı ot kimi çeynəyib, ayağının altına tüpürür və gözünün qabağında çəkməsinin pəncəsi ilə tapdalayır. Müharibədən sonra bizim əsgər öz taleyinin sahibinə yox, nökərinə çevrilib. Deyir, əsgərlik də, bir növ, insanın müharibəyə nökərlik etməsidir.

Gec evlənib və evləndiyi gündən boşanmaq haqqında düşünür. Deyir, evlilik həyatında da insan gec-tez tək qalır, bu dəfə sevməmək üçün peyda olan gözlənilməz səbəblərin qarşısında. Yaşca özündən iki yaş böyük olan arvadını ona adamayovuşmazlıq və yuxusuzluq kimi yaxasını buraxmayan müharibədənqalma stressi unutdurmaq üçün qohumları alıb, bütün sevgi qanunlarını pozaraq. Həm də bu yaşda sevgi kişini gözdən salır, qadınlar üçün sevməyən kişilər daha ciddi və maraqlı təsir bağışlayır. Sevgi uşaq-muşaq işidir. Ancaq o, yarızarafat, yarıciddi düşünür ki, ailə həyatı onu rus-əfqan müharibəsindən daha stressli bir müharibəyə cəlb edib. Bu dəfə, sadəcə, yerlər dəyişib; indi o, öz azadlığı uğrunda döyüşən əfqan mücahidi rolundadır, arvad isə onu əsarətdə saxlamaq üçün göndərilmiş sovet ordusudur. Bu ailədə sülhü təmin edən yalnız balaca Səməd və atanın otağındakı qalın tarixi romanlardır. O, övladını da zarafatla tanrının mələyi yox, Birləşmiş Millətlər Təşkilatının sülhməramlı elçisi adlandırır. Ailənin “mücahidi” vaxtını rəflərdə öz ağırlıqları müqabilində oxuculara faktların duyğusuz təsvirindən savayı bir şey verə bilməməyin xəcalətini çəkən tarixi romanlarla, “işğalçısı” isə qələbə günü göyə buraxmaq üçün sülh göyərçini kimi bəslədiyi balaca Səmədlə keçirir. Öz “işğalını” həyata keçirmək üçün bu balaca sülhməramlı elçi onun üçün göydəndüşmə bir vasitədir, bütün başqa müharibələrdə olduğu kimi. Evin yeganə gəliri müharibə əlillərinə ayda bir dəfə verilən xüsusi dövlət təqaüdüdür, bura qan pulu da daxildir. Müharibə indi evdə gedir və bu müharibənin yeganə generalı, gecə-gündüz mətbəxin qapısı ağzında “fərəqət” komandasında dayanıb ailənin rifahı uğrunda gedən döyüşlərə kənardan nəzarət edən ağ mundirli soyuducudur. O, həmişə qalibin tərəfindədir. Soyuducu bilir ki, başda sevgi olmaqla - əgər qalıbsa - ailədə hər şey ona tabedir, odur ki heç kimi vecinə almadan gəlib-keçənə şax bir saymazyanalıqla öz qəddini göstərir. Axırda evdə, yəni onun izlədiyi döyüş meydanında kim sağ qalacaqsa, o, qalibdir, onun əlini qaldıracaq. Soyuducuya bu əminliyi verən onun dəmir inancıdır - dünyanın ən son və ən güclü dini olan kapitalizmə acgöz və sarsılmaz inancı.

- Hanı, burda bit-zad yoxdu axı? Bayaqdan divanın bütün tikiş yerlərinə baxıram, tər-təmizdir! – Müharibə əsgəri olmaq ona öyrədib ki, bit ən çox pal-paltarın, yorğan-döşəyin tikiş yerlərində, mebeiln sərt kəsintilərində gizlənir.

İsi bu sözləri həm mətbəxdə uşağı bala vəhşi kimi yemləyən arvadına, həm də süpürgənin bayramdan-bayrama ziyarət etdiyi divanla divar arasındakı əlçatmaz küncdə, zərif ayaqları ilə arfa çalırmış kimi hördüyü tora toxunan kiçik hörümçəyə deyir. Yenə içindəki yad kişinin səsi eşidilir: “Hörümçəklər qadınları sevmirlər, ona görə həmişə kişilərin tək yaşadığı evlərdə tor qururlar. Bəzən özləri öldükdən sonra ovulub tökülsələr də tozlu torları, xatirələrin dumanlı ləkəsi kimi illərlə asılıb qalır künclərdə, ta o evə yalqızlığın qənimi olan qadın ayağı dəyənə qədər. Qadın yaşadığı evdə həmişə hörümçək axtarır”. İsi hörümçəyin qorxduğunu hiss edib, sanki, onun yalvarışını eşidir: “Yerimi arvadına demə, sənə uğur gətirəcəyəm” və qalxıb dizi ilə divanı küncə daha yaxın sıxır. Axtarış nəticəsində gözünə evdə daha bir canlı, çox güman ayaqyolundan çıxıb saysız-hesabsız ayaqları ilə harasa tələsən və elə ayaqlarının çoxluğu ucbatından həmişə getdiyi yerə yubanan qəhvəyi rəngli bir nehrəqurdu sataşır. Ona da nəzakətlə yol verib, mətbəxə: “heç yerdə bit yoxdur, sənin gördüyün bəlkə də, Səmədə aldığımız kökələrə qatılan xaş-xaş tumu imiş, yəqin, yeyəndə yenə əlini başına yaxıb” deyir və yenidən öz otağına, dünəndən oxuyub bitirə bilmədiyi jurnaldakı yazıya qayıdır.

“Tarixi iflicolma zamanı insanlar özlərinin mənəvi ideyalarının, iradə və xarakterlərinin məsuliyyətindən qorxduqları üçün bu qorxunun hamının arasında bərabər bölüşdürülüb birlikdə dəf edilməsindən ötrü ya hamının eynihüquqlu, eyniməqsədli olduğu kütlələr şəklində birləşirlər, ya da bu kütləvi məsuliyyətin ağırlığını könüllü şəkildə öz üzərinə götürə və ümumi istəkləri həyatda realizə edə bildiyi halda kütlənin gözündə müqəddəs xilaskar əlçatmazlığına qalxacaq, yaxud götürdüyü yükün altında pırtdanağı çıxarsa, ümumi günahkar kimi daş-qalaq hədəfi olacaq birinin axtarışına çıxırlar”.

Qadın tozsoranı arxasınca gəlmək istəməyən tənbəl ev tulası kimi sürüyə-sürüyə otağa daxil olur. Onun görünüşündə həmişə başı ağrıyan bir xəstə əzginliyi var. Aydındır ki, nifrət etdiyi sükutun acığna, yenə otağı təmizləyəcək. Ancaq öncə tozsoranın uda bilməyəcəyi şey-şüyləri yığışdırır.

- Demək, bit deyilmiş, xaş-xaş tumu imiş? Mənim gözüm seçmir, ayağının altındakı kağız-kuğuzu yığ, otağı tozsoranlayacağam.

“Ümumi ekzistensiya halında şüur pozğunluğuna uğramış xalq özü-özünü hansısa bir ideyaya inandıra, günahlandıra və bağışlaya, cəzalandıra və mükafatlandıra bilmir”

- Çöldə qar dizə çıxıb, bu havada bit olmaz!

“Xalq bu vəziyyətdə məşhur pritçada olduğu kimi, ocağa atılan çöpün yanan ucundan yanmayan ucuna qaçan, cığırı pozulduğundan əzəli müvazinətini itirib odun içinə tökülən qarışqalara bənzəyir”.

- Bəlkə, bağçada var, ordan düşüb uşağın başına, qonşulardan soruş, bəlkə, onların da uşaqlarında var. Çünki bit adamların ən çox ümumi nəzarət altında yaşadığı məskənləri sevir. Əfqanıstandan bilirəm. Ordular həmişə bitli olur. – İsi gözünü jurnaldan ayırmadan deyir və oxumağa davam edir.

“Xalqı bu qarışıq durumdan çıxarmaq üçün tarixi, mənəvi, psixi keyfiyyətindən asılı olmayaraq, onu hər hansı bir ideyaya inandıran, üzüyolalığına görə mükafatlandıran, özbaşınalığına görə cəzalandıran biri lazımdır”.

- Ya qonşularda yoxsa? Ayıb olmazmı, həm xalqın təmizkarlığından şübhələnmək, həm də öz evimizdəki natəmizliyi aləmə car çəkmək? El adama gülməzmi? Qonşular özləri bilər, sən öz günümüzə ağla...

“Kütlə özü-özlüyündə tez yorulur, ruhdan düşür, onun əzələ tənbəlliyini və ruhi keyliyini özünün cəlbedici ideyaları, ümidverici qoçaqlığı, yeri gəlsə, ata şapalağı və bütün şübhələrin pıçıltısını kəsə bilən heyranedici nitqi və ürəkçəkici susqunluğu ilə körükləyən “seçilmiş” birinə ehtiyacı var...”

- Onda gözləyək, evdə bit varsa, gec-tez hamımızla tanış olmağa cəhd göstərəcək. Onda başımızın çarəsinə baxarıq.

“və bu “seçilmiş” özünün fitri hissetmə istedadı ilə ondan imdad diləyən kütlənin gözünün içinə baxan kimi bu gözüyaşlı kütləni təşkil edən üzvlərin ümumi arzu və istəklərini, hər bir üzvü öz cazibəsində saxlaya biləcək ümumi ideyanı, kütlənin hər bir üzvünə xas olan ümumi irsi xarakterli xüsusiyyətləri və nəhayət, bu mağmın çoxluğun hipnoza, təlqinə reaksiya verən yönünü, onun altşüuruna xitab etməklə yönəldirilməsi lazım olan istiqaməti o saat dəqiqləşdirir”.

- Tərpənmə! – Yerdəki qəzet, jurnal səhifələrini toplayan qadın qəfildən asta və vahimə dolu bir pışıltıyla onun düz gözlərinin önündə səslənir. – Danışma! Tərpənmə! Alnındadır!

Qadın əlindəki qarışıq vərəqləri asta-asta masanın üstünə qoyur. İsi ehiyatla gözlərini qaldırır, o həm qadının üzündəki qorxunu, həm də mümkün olsa, alnındakı biti görmək istəyir. Qadının baxışlarının trayektoriyasından hiss edir ki, bit alnından aşağı, yanağına doğru enir. Amma onun yerişini hiss eləmir. Qadının fikrini gözlərindən oxuyur. O, bitin qanını ərinin üstünə tökməyə hazırlaşır. Qadın zərbə endirmək üçün əlini ehtiyatla yana açır. İsi bu fürsətdən istifadə edib qaldığı yerdən oxuyur, artıq onluq heç bir iş yoxdur.

“Kütlə və “seçilmiş” o zaman bir-birilərini eyni nöqtədə birləşən qayçının iki tiyəsi kimi tamamlayır ki, “seçilmiş” özünün idarəetmə bacarığı ilə idarə etdiyi kütləni başqa kütlələrdən, yad ideya və məqsədlərdən uzaqlaşdırıb tədric olunmuş halda qoruya bilsin. Başqaları həmişə və hər şeyi ilə düşməndir!”.

- Şapp! – şillə qulağının dibində şar kimi partlayır. Qadın dərhal: “Öldürdüm!” çığıraraq gözlərini binoklsayağı onun yanağına yaxınlaşdırır. Bit yoxdur. “Bəlkə, çiyninə, yaxana düşdü?” Ər-arvad bitin ölüsünü, dirisini axtarırlar. Bit yenə yoxdur.

- Biti bəhanə edib ara yerdə bir qapaz irəli düşdün! – İsi qadının həyəcanını yumşaltmaq istəyir və şillə dəyərkən əlindən saldığı jurnalı götürüb vərəqlərin arasında yenidən oxuduğu yeri axtarır.

“Başqaları həmişə və hər şeyi ilə düşməndir. Kütlədə başqalaşmaya yer yoxdur. Başqalaşma parçalanma deməkdir. Başqalaşma həm də kütlədaxili inamsızlıqdan, kütlə dəyərlərinin arxaik nənəmnehrəliyə uğramasından törəyir”.

- Vurdum axı, heç hara hoppanmadı! Qadının səsi xırda masanın altından eşidilir, o, indi seksin ən ibtidai pozasında diz çöküb əlini yerə sürtür.

İsi onun ehtiras mancanağı kimi masa ilə bir boyda hazır vəziyyətdə dayanmış arxasına baxır və düşünür ki, deyəsən, qadını qara basır, amma bu qara hələ balacadır, bit boyda görünür. Fikirləşir ki, son vaxtlar əsəbləri lap pozulub. Özünü günahlandırır. “Layiq olduğundan artıq həyat arzusu qadınların layiq olduğunu da məhv edir və onlar bunun qisasını başqalarından, çox vaxt sevdikləri doğmalarından alırlar”. – İçindəki yad kişi onu sakitləşdirir. İsi ayağa qalxıb döşəmədə iməkləyə-iməkləyə bit axtaran arvadına mane olmamaq üçün dünyadan küskün halıyla tək-tənha üzüdivara oturmuş stulun çiyninə saldığı pencəyin cibindən siqaretini götürür və gərəksiz əşyaların ilbəil zəbt etdiyi eyvana çıxır. .

Balkonun önündə müdrik bir mənzərə var, Hündür, ağappaq ağaclar qarın ağırlığından başlarını aşağı əyib göy üzündə fikrə gedib, balaca kollar isə soyuqdan domuşan sərçələri qartopu kimi bir-birilərinə atırlar. Şəhər ağ bir yuxuya qərq olub, hərdən bu yuxuya bir-iki anlaşılmaz qaraltı girir, dərhal da görünməz olur. Küçədə hər şey qocalıb. İri, qara bir it ağzına zorla yerləşdirdiyi hansısa qəssabın, bəlkə də, onu vaxtı çatanda cənnətə götürəcək yeganə qanlı mərhəmətinin sübut olan içalat yığınını aristokratcasına yemək üçün küçə boyu aşağı qaçır və yorğun gözləri ilə o asudə, şəriksiz məkanı axtarır. Ağ fon qara iti daha zəhmli göstərir, amma ağzındakı tikənin qazanılmış yox, qabağına atılmış olduğunu bildiyi üçün it baxışları ilə bu zəhmi yazıqlığa çevirmək istəyir. İtin görkəmindəki zəhmi və yazıqlığı özündə birləşdirən qara rəng, qarın fonunda nə qədər ziddiyyətli dərinliklərlə dolu olduğunu küçə boyunc nümayiş etdirir. Balalarını bu qarlı-şaxtalı dünyaya gətirməyə tələsməyən, onları həyat zorla almayınca isti ana bətnində saxlamaq istəyən ağ dişi bir pişik qarı ağ yorğan kimi başına çəkmiş avtomobilin başına hərlənir. Elektrik məftilinə qonub tüklərini qabartmış iki vəhşi göyərçin diqqətlə yuxarıdan-aşağı onu izləyir. Ona elə gəlir ki, pişiyin nigaranlıq yağan üzü dilənçi körpələrin sifətinə oxşayır. Və bu vaxt balkonun altından başsız, ağ bir toyuq qanadlarını çırparaq pişiyin üstünə cumur, toyuğun boğazından hər tərəfə qan sıçrayır. Pişik qorxub özünü avtomobilin altına dürtür, dürtməmişdən əvvəl bir anlıq ayaq saxlayıb vahimə içində üstünə gələn qanlı boğaza baxır, üstünə başsız gələn düşməninin kim olduğunu ayırd etməyə çalışır. Başsız toyuq bir neçə dəfə özünü ora-bura çırpıb, mayallaq aşır, hər tərəfi qana boyayır və avtomobilin önündə yıxılaraq qan içində çırpına-çırpına ölür. Pişik təkərin arxasından maraqla ona baxır. Onun ardınca qana boyanmış ağ səhnəyə ikinci bir başsız toyuq çıxır, bir anın içində balkonun önündəki qar qıpqırmızı olur. Toyuq qanlı boğazını qara soxub çırpınır. Pişik indi də onu diqqətlə izləyir. İsi əyilib aşağıda, balkonun altında günahkarları cəzalandıran naməlum cəlladı axtarır. Altda, birinci mərtəbədə yaşayan arvad əlində balta, növbəti toyuğu başını kəsmək üçün quruduğu üçün evlərin üstünə aşmasın deyə yayda mişarlanmış ağacın kötüyündə səliqəyə salır. Əlbəttə ki, arvad toyuqları bişirmək üçün kəsmir. Bişirmək üçün toyuğu kişi kəsməlidir, ya da arvad patriarxal dini inanca görə, ayaqlarının arasına kişinin ayaqlarının arasındakına bənzəyən bir şey qoymalıdır, allahın acığına getməsin deyə, çünki baş kəsmək allahın əmridir və bu əmr onun zövqünə uyğun icra olunmalıdır. Məsələn, onun rəhmətlik nənəsi ehtiyac yarandıqda oxlovla özünü kişiləşdirirdi. İkincisi, bədəni yemək üçün kəsilən baş mütləq üzüqibləyə, Məkkə şəhərinə doğru çevrilməlidir. Məkkəyə doğru kəsilməyən başın bədəni müsəlman inancına görə, haram sayılır. İsi düşündüyü müddətdə arvad üçüncü başı kəsir və bir tərəfini binaya bitişik tikdiyi, ziyil boyda dama, o biri toyuğun arxasınca yollanır.

İsi siqareti sümürüb söndürür, pişik asta-asta yaxınlaşıb qarşısındakı ölü toyuğun boğazını yalayır. Arvad qarın üstündəki qan izlərinin arxasınca gəzib ölü toyuqları ayaqlarından tutaraq bir-bir qara torbaya yığır və sürüyüb əl arabasının yanına gətirir. Başları pişiyə atır. Torbanın ağzını bərk-bərk bağlayıb hıqqana-hıqqana əl arabasına qoyur. Sonra arabanı qabağına qatıb qara bata-bata ağır addımlarla şəhərin ağ yuxusuna girir və görünməz olur. İsi əlindəki siqaret kötüyünü qardakı qanlı ayaq izinə atıb, ağlına gələn fikri götür-qoy etmək, qonşular tezliklə təsdiqləməsə, unutmaq üçün otağına qayıdır.

“İnamsız kütlə məhvə məhkumdur. “Seçilmişin” əsas üstünlüklərindən biri də budur ki, kütlənin içindəki başqalaşma əlamətlərini hamıdan tez hiss edir və bu əlamətlərin kökünü kəsməyin yollarını bilir. Necə ki, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər”.

“Demək, bit toyuqlardan düşüb uşağa. Yəqin, başqalarına da keçib, şikayət ediblər, arvad da toyuqları ona görə öldürüb apardı. Toyuqlar olmasa, bit də olmaz, bitlər təmiz yerdə yaşaya bilmir. Təmizlikdə yaradıcılıq üçün səbəb yoxdur” – İsi sətirlərin arasında düşünür.

“Başqalarından ibarət kütlə ola bilməz. Başqalaşma fərdləşmədir. kütlənin şüarı belədir: rədd olsun fərd! Fərd qaraçıdır, qulağı kəsilməlidir!”

İçindəki yad kişi onu oxuduğundan ayırır: “Yox, arvadın nə günahı var? Yazıq arvad ona görə toyuq saxlamır ki, camaatı bit-birə bassın, saxlayır ki, yumurtalarını satıb bir tikə çörək alsın. Sizin özünüzə nə qədər yumurta satıb. Yox, arvadın günahı yoxdur, bir iş idi oldu, üç-dörd bitə görə qonşuyla üz-göz olmaq ayıbdı”. İsi içindəki yad kişini arxayın etmək üçün ürəyində deyir: “Yaxşı ki, mən görəni bizim “Qənd-çay” görmədi, heç mən də deməyəcəyəm”. Arvadının adı Qəndabdır. Fars dilinə məxsus “qənd” və “ab” sözlərinin birləşməsindən yaranmış bir addır, mənası şəkərli su deməkdir. İsi bu adı qadının bütün bəşəriyyətin taleyinə mətbəxdən boylandığı və düşünməkdən ötrü yalnız neqativdən güc aldığı üçün ironik olaraq “Qənd-çay”la əvəz edib. O, qadının hər şeyi qara görməsinə heç vaxt əsəbiləşmir. Bunun üçün psixi immunitet olaraq, oxuduğu tarixi romanların köməkliyi ilə çoxdan öz məişət fəlsəfəsini də yaradıb. Deyir ki, düşünə bilmək üçün təkcə bizim “Qənd-çay” yox, bütün bəşər şərə möhtacdı. İradə, eşq və zəka xeyrin yox, şərin batini gücüdür. İradə ölüm, eşq ayrılıq xofundan törəyən səfərbərlikdir. Zəka başlanğıc gücünü şərdən alır. Təbiətdə mübarizə var, xeyirxahlıq yoxdur. Deməli, başlanğıcda xeyir yoxdu, özünü sancıb öldürən əqrəb var. Həyat şərin özünün özüylə təkbaşına mübarizəsidi. Şərə qarşı şərə çevrilməsən yarada bilməzsən. Zəhər özü-özlüyündə şərdir, amma o, şərə, öz şərinə qarşı çıxdıqda şəfaya çevrilir. Xeyir dediyimiz zəhərdəki sağaltmaq, şərdəki yaratmaq qüdrətidir. Şər təkdir, öldürmək onun zahiri, yaşatmaq batini niyyətidi. İsi qadını da zəhərlə müqayisə edir və deyir ki, analıq da qadının batinindəki şərdi, yaratmaq üçün öz qadınlığını, yəni öz şərini, daha doğrusu, şərikini öldürür. Ana öz içindəki qadını öldürmüş dişidir. Deyir, ərlərlə arvadlar arasındakı “soyuq müharibə”nin səbəbi də budur; o arvadlar ana olmaq üçün o kişilərin sevdikləri qadınları öldürüblər. İçindəki yad kişi bu mövzuda hələ ki, onunla mübahisə etmək istəmir.

Başı içindəki yad kişi ilə söhbətə qarışdığından diqqəti jurnaldan yayınır və oxuduğu cümləni yenidən təkrar edir.

“Elmdə hipnotik təsir yoxdur deyə zəka heç vaxt kütləviləşə bilmir, din, əksinə, kütlələri elə hipnotik təcavüzə məruz qoyur ki, bu psixi-travmatik təsir kütlənin şüuraltısına hopub uzun illər boyu nəsildən-nəslə ötürülür. Çünki, din insan fitrətindəki cahilliyin məlhəmidir”.

Fikrini yazıya cəmləyə bilmir. Jurnalı yenidən açıq halda üzü masaya qoyub siqaret üçün arxasını dünyaya çevirmiş stulun cibinə girir. Qutu boşdur. “Əla! Çıxıb həm də bir az qarda gəzərəm!”. Soyuqdan çox, küçədə insanlardan gizləndiyi qalın paltosunu geyinir, papağını gözünün üstünə basır, bayırda üşümək qorxusu hamı kimi onu da oğruya oxşadır.

Həyətdə sağa-sola tələsən bir-iki “oğrudan” başqa kimsə yoxdur. Önündə şala bürünmüş bir qadın gedir, oğurluqdan gələnə oxşayır, əlində içi dolu torba var. Yerişindən qara nifrət etdiyi aydın hiss olunur, çəkməsinə dolan qarı vecinə almamaqla, sanki, ondan acıq çıxır, ayaqlarına dolaşan qar yığınını ayaqlayıb arxasınca sürümək istəyir. İsi indi özünü oğru yox, polis kimi aparır, qadının arxasınca düşüb onu güdür, hər bir hərəkətinə göz qoyur. Qadının ayağı qəfildən qarın altındakı boşluğa düşüb burxulur. İsi qara bata-bata tez özünü ona çatdırır, qolundan tutub qaldırır, sonra torbasını götürüb ona kömək etmək istəyir, bu dəfə öz ayağı sürüşür və torbanın ağzı açılır. Ətrafa xeyli qara tük dağılır, tüklərin uzunluğundan və rəngbərəngliyindən onların qırxılmış saçlar, özü də bir adamın deyil, bir neçə adamın saçları olduğu aydın görünür. Bir anda qarın nurani, müdrik sifəti tükləşir, qorxunc barbar sifətinə çevrilir. Qadın əsəbi şəkildə təşəkkür edib torbanı onun əlindən alır və qarın üstünə səpələnən tükləri tüklü qartopular kimi ovuclayıb yenidən torbaya yığmağa başlayır. İsi geriyə baxmadan qadından uzaqlaşır. “Qışın bu soyuğunda bu qədər adam nədən saçını qırxdırıb ki? Bəlkə, bərbərxananın xadiməsidir? Ola bilər, bir tin aşağıda kişi bərbərxanası var, yüz faiz orda təmizlik işlərinə baxır. Gəzməli hava deyil, siqaret alıb birbaş evə! Özünə əsgərsayağı əmr verir”. Tində üç binanın mədəsinə göz tikən zibilxana qaralır, üç gündür qar yağmasına baxmayaraq, zibilxananın yan-yörəsi əvvəlki kimi qapqara hisin içindədir, hətta əvvəlkindən də qaradır. Dükan zibilxanadan əlli-altmış metr sağdadır. “Gərək evdəki zibili də götürərdim”. Tələsdiyinə heyfsilənir. Tindən tanış bir it çıxıb qısıla-qısıla zibilxanaya yaxınlaşır. İt küçə həyatının ənənələrinə görə, bilir ki, belə havalarda şəhər sakinləri milli mətbəxlərinə aid sümüklü ətdən bişirilmiş isti yeməkləri sevirlər. Odur ki, günorta yeməyinin bol və dadlı olacağına ümidlidir. İt ümidini sağa-sola yellədiyi quyruğu ilə ifadə edir. İtin arxasınca arıq canını içindəki qalın paltonun nəhəng cüssəsinə söykəyib ayaq üstə saxlamış, ayaqlarını iri, çırıq çəkmələrin dibinə əbədi gömmüş, başına yunu tökülmüş dəri papağın üstündən sellofan torba keçirmiş bir səfil də qara bata-bata zibilliyə addımlayır. Bu dəfə, deyəsən, it insanı arxasına salıb öz süfrəsinə gətirib. Görünür, indi it insana yaşamağın yolunu göstərməklə öz tarixi borcunu qaytarır, ona qarda, boranda öz canı ilə təkbaşına, köməksiz qaldıqda acından ölməməyi, üstəgəl, üşüməməyi öyrədir. Səfilin üzündə gah görünüb, gah itən yarımçıq təbəssüm isə onun soyuqdan deyil, yalqızlıqdan ehtiyat etdiyini, kimsəsizlikdən üşəndiyini göstərir. Bəlkə, it də bunu bilir. Hərə gözaltı etdiyi zibil qutusunda eşələnməyə başlayır. İt acgözlük etmir, ağzına keçən ilk sümüyü götürüb geri dönür, insan isə gələcəyini, bu günün sabahını fikirləşir, dişə dəyən, boğazdan keçən hər şeyi üstünün qarına sürtüb torbasına doldurur. İsi zibilxanaya çatıb diqqətlə baxır, gözlərinə inanmır, yaxına yeriyir, səfil onu başqa bir ac sanıb torbasını götürərək qaçmaq üçün dartınır . Qar onu ayaqlarından tutub saxlamağa çalışır. Zibilxana tük samanlığına oxşayır, hər tərəf qırxılmış rəngbərəng, uzun-güdə insan saçlarıdır. Sanki, bir həbsxana dolusu dustağın saçını qırxıb bura töküblər. Günahkarların saçlarını qırxmaq qədim adətdir, sanki, günaha batdığı üçün bütün şəhər sakinlərinin saçlarını qırxıblar. İsi kənarda dayanıb onun getməsini gözləyən, əlindəki toyuq budunun üstünə yapışmış tükləri əynindəki cır-cındıra silən səfilə baxır. Səfilin başındakı sellofan torbanın altından çıxmış uzun saçları yemək qırıqları ilişmiş kirli saqqalına yapışıb. “Şəhərin yeganə günahsız insanı!”- içindəki kişi dillənir. Səfil tez budu cibinə soxub gizləyir və iki acın ölüm-dirim müharibəsi başlamamış aradan çıxmağı lazım bilir. İsi səfilin qorxduğunu anlayıb, toxların onun üçün şəhərin ortasında səxavətlə açdıqları bu zəngin süfrənin başından çəkilir. İndi onun fikri ucdantutma qırxılmış naməlum başların yanındadır. “Bəlkə, Fazil dayıdan soruşum, o bilər, bu nə qırxımdır şəhərdə? (Fazil dayı məhlədəki yeganə dükanın həm sahibi, həm də satıcısıdır. Tin-tinə dayanmış üç binanın sakinləri erkəkli-dişili onu özlərinin dayısı hesab edir. Adı nisyə dəftərində olanlar üçün o, dayıdan da artıqdır, bəlkə, ata əvəzidir.) “Əşi, dindar adamdır, xətrinə dəyər, elə bilər dazına ilişirəm. Bir də Fazil dayı zibilliyə gələnlərin əlini güdmür ki, kimin nə apardığını bilsin, çox axmaq fikirdi, ağsaqqal kişidən soruş ki, zibillikdəki qırxılmış saçlar kimindir?” – yad kişi onu fikrindən daşındırmaq istəyir. – “Həm də indi elə zəmanədə yaşayırıq ki, soruşmaq öyrənmək kimi yox, şübhələnmək kimi başa düşülür”. Düzdür, olmaz, siqareti alıb lal-dinməz evə qayıtmaq və gözləmək! Əmri təkrarlayır.

Fazil dayının yay-qış açıq olan qapısı içəridən bağlıdır. Bir müştəriyə satdığı şam qutusunu həmişə qabağına içki şüşələri düzdüyü kiçik pəncərədən uzadır. “Yəqin, qara görə bağlayıb qapını, üç gündür yağır, bu boyda şəhər donub, qırx kiloluq kişi neynəsin?” Salamlaşırlar və özlərindən asılı olmayaraq bir-birilərinin saçına baxırlar. Fazil dayının saçları, daha doğrusu, qocalığın onun dazının paytaxtından başının sərhədlərinə, qulaqlarının diblərinə qovduğu cod sarı tüklər papağının altından görünür. Ancaq o, İsi ilə həmişəki “arağına, siqaretinə korluq vermə, canının qədrini bil” zarafatını etmir, hətta onunla bir az məsafəli davranır. İsi pulun qalığı ilə birlikdə aldığı qutudan siqaretin birini götürüb tüstülədə-tüstülədə geri qayıdır. Səfil küçənin o biri başında qara batıb önündəki ağ kimsəsizliyə baxır. Qarşıda qar altında bir-birinə qısılıb görünməz olan həyət evlərinin yastı düzəngahı uyuyur. Səfil çox güman harada gecələyəcəyini götür-qoy edir. Alçaq evlərdə yaşayanlar uca binalarda yaşayanlardan daha mərhəmətli olurlar, ancaq indi hər tərəf qardır. Səfil qərar verməkdə çətinlik çəkir. Ya sonunda mərhəmət olan uzaq və şaxtalı yol, ya da söyüş və təhqir dolu yaxın qapı ağzı. İnsan çox vaxt miskinliyi tənbəlliyi üzündən qəbul edir.

İsi yenə zibillikdən uçub qarın üstünə səpələnən qırxılmış saçlara baxır və qarı şumlaya-şumlaya evə qayıdır. Binanın girişində ayaqlarını yerində addımlayan əsgər kimi gücü çatdıqca yerə döyüb üst-başının qarını təmizləyir, papağını qoluna çırpır və qonşu binanın həyətində yerə düşən metal əşyanın səsinə diksinir. Bu, üzbəüz binanın komendantı, sakinlərin “Rembo” çağırdıqları, Qarabağ müharibəsində qolunun birini itirmiş çolaq kişidir. Yay-qış bütün günü balaca otağında araq içir, çörəyi yuxarı mərtəbələrdə yaşayan varlıların qapısından daşıdığı zibil torbalarından çıxır, varlılar zibillərini daşıdığı üçün ona qəpik-quruş verirlər. Danışırlar ki, bütün qohum-əqrəbalarını müharibədə itirib, nə o, kimisə axtarır, nə də onu axtaran var. Vampir kimi gecədən-gecəyə həyətdə görünür. Kiçik pəncərədən arxası sakinlərə baxan çörək kündəsi boyda ağ-qara televizorundan başqa həyatda heç bir qulaq yoldaşı qalmayıb. Bozarıb qalmış bu kündə ekranda isə nə vaxt baxsan dünya siyasətçiləri peşə vərdişləri ilə qazandıqları nazik təbəssümlə gözəl gələcək haqqında danışırlar, sanki, üzlərinə yumurta sarısı yaxıblar.

“Rembo” həyətdə əsgi-üsgüdən düzəltdiyi məşəli təkəlli tutub ayağı ilə qarın içində sağa-sola aşırdığı dəmir çarpayısını ütür. Əynindəki köhnə hərbçi kürkünün digər boş qolunu həmişəki kimi cibinə soxub, elə bil o, yox, kürk şikəstdir. Kənardan çox gülməli görünür; baxan deyər, əlinin birini cibinə qoyub, ağzında siqaret, tək əlində tutduğu məşəllə vaxtından əvvəl qış yuxusundan oyandırılmış ləng bir sürünəni qorxutmağa çalışan, məşəli onun ora-burasına uzadıb geri çəkən qədim bir nağıl qəhrəmanıdır həyətin ortasında.

Onlar da Əfqanıstanda belə edirdilər, ölkə isti və yoxsul olduğundan hər tərəf bit-birə, yoluxucu xəstəliklərlə dolu idi. Ehtiyat tədbirləri vərəqəsində əsgərlərə quyulardan su içmək Müdafiə Nazirliyinin əmri ilə qadağan olunmuşdu. Kazarmalara tez-tez bit düşürdü və bitdən yaxa qurtarmağın ən rahat yolu dəmir çarpayıları soyundurub kazarmanın həyətində ütmək idi. Ütülən çarpayılardan yanıq göbələk qoxusu çıxırdı. Amma “Rembo”nun çarpayısından o qoxu gəlmir, məhlə sidik və çaxır hopmuş döşək qoxuyur.

İsi yenə ağlına gələn fikirdən uzaqlaşmağın yolunu yubanmadan evə qalxmaqda görür, üstəgəl, barmaqlarını oynadanda çəkmədə corablarının da islandığını hiss edir. İçəri girəndə onu qadının narazı səsi qarşılayır:

“Aşağı düşürdün, zibili də götürərdin də... Xəbər eləmirsən ki, adama, deyəcəkdim kələm al, borş bişirim, bu qar kəsənə oxşamır!”

“Düşüb indi ataram!” - İsi mətbəxə keçib zibili götürür və küçədəki mənzərələrə fikir vermədən qarı təpikləyə-təpikləyə sürətlə gəldiyi yolu geri qayıdır. “Yazılmamış məişət qanunlarına görə, zibil atmaq kişi işidir. Zibil torbaları əl əməyi ilə yaradılmş qadın gözəlliyini təhrif etdiyi üçün qadınlar bu torbaları kişiyə yaraşdırırlar və kişi zibil atmağa da, onu vətəni qorumağa yollayan klassik kişilik eqosuyla gedir. Sülh şəraitində isə kişinin arvaddan üstün olduğunu çox vaxt yalnız əlindəki zibil torbası nişan verir. “Az, ordan zibili ver, atım” – bəzən bu sözə kişinin çox böyük ehtiyacı olur”. İsi içindəki kişinin dediklərinə cavab vermədən qarı yara-yara Fazil dayının dükanına, oradan da əlidolu evə qayıdır, getməyi ilə qayıtmağı bir olur.

“Nə tez gəldin?”

“Ənənəvi sualdır, cavab eşitmək məqsədi ilə verilməyib, odur ki cavab verməmək olar”. İsi əlindəkiləri mətbəxə qoyub, otağına keçir. Səməd yuxudan oyanıb. “Ya heç evlənməyəsən, ya da gec evlənməyəsən!” Ata ilə oğul arasında qırx altı il yaş fərqi var, fikrində həmişəki haqq-hesabı aparır və həmişəki kimi bu hesabdan ölü çıxır.

“Hər dinin öz hipnoz vasitələri var və bu vasitələrin cərlədici təbliğinin özü bəzən kütlədə başqalarının peyda olmasına səbəb olur. Məsələn, İsanın məsum əzabkeş obrazının təlqinedici hipnotik iniltilərindən təngə gələn xristian, ya yarandığı gündən özünütəsdiqə can atan döyüşkən islama, ya da çay kənarında sükunətə dalıb bitki həyatı yaşayan Buddaya üz tutur. Yaxud inancını sübut etməyin fanatik gərginliyindən əsəbləri pozulmuş müsəlman canını bu pisixi böhrandan qurtarmaq üçün, nəinki başqa bir dini inanca tapınır, ümumiyyətlə, Allahın özünə belə asi çıxır”.

Cümlənin sonundakı nöqtə qəfildən tərpənir. Bit jurnalın vərəqi üzərində səyyar nöqtə kimi cümlədən-cümləyə keçir.

“Sözsüz ki, xristianın və müsəlmanın simasında göstərdiyimiz bu başqalaşma hər iki din tərəfindən yolverilməzdir. Başqalaşma dində Tanrıya xəyanət hesab olunur, cəzası edamdır”.

Bit, sanki, cümləni anlayıb qorxur və kiçik bir cəhdlə növbəti cümləyə hoppanır.

“Tabe olmaq kütlənin mənəvi tələbatıdır. Kütlənin azadlıq yanğışı əgər bir qazan şorba bişirməyə yetmirsə, kütlə dərhal özü onu söndürür”.

Bit dayanır, yenidən cümlənin əvvəlinə qayıdır, sonra onu eninə ölçür və növbəti sətrin üstünə yeriyir.

“Kütlə üçün nəticədə nəcisə çevrilə bilməyən azadlıqdansa, zənbili dolu gələn əsarət əfzəldir. Azadlığa münasibətdə kütlə özünü həmişə varlı Asiya kişisinin çoxsaylı hərəmlərindən biri kimi aparır. Bağırsaqlarında nəcisə çevirə bildiyi xoşbəxtlikdən başqa heç bir dəyər tanımır”.

Bit növbəti cümləni hərf-hərf addımlayır. Sanki, mətnun ruhunu hiss edir və vahimələnir.

“Xoşbəxt olmaq istəyirsənsə, tabe ol”.

İsi müqəvva kimi oturub səhifənin üstündə hərf-hərf, cümlə-cümlə yazının sonuna yaxınlaşan biti, sadəcə, bir oxucu həyəcanı ilə müşayiət edir.

“Bu xoşbəxtlik tabe edənin ömrü qədərdir”.

Qapının zəngi... və bit zamandan kənara sıçrayıb yenə yox olur.

Qadın qapının ağzında, sanki, artıq içində saxlaya bilmədiyi sirrini açmağa gələn biri ilə söhbət edir, evə ancaq söhbətin həyəcanlı həniri yayılır. İsi jurnala baxa-baxa iki qadının hənirinə qulaq verir. Qonşu qadının arvadına dediyi yalnız son sözləri eşidir: “Sən allah, heç kimə demə”. Çöl qapı qorxulu bir sirri gizləyən müdhiş səssizlikdə örtülür.

“Qonşunun da uşağının başına bit düşüb”, - qadın indi onun otağının içəri açılan qapısına söykənib çarəsiz-carəsiz baxır və ərinin, yəqin ki, ona yox, bitə haqq verəcək cavabını gözləmədən mətbəxə keçir.

Və müharibə əlilinin onun arxasınca dediyi “deyəsən, bütün ölkəni bit basıb...” və sonra öz-özünə əlavə etdiyi “bəlkə də, bütün dünyanı...” pıçıltısını eşitmir. Kişi isə arvadının onu artıq “heç kim” hesab etməsini düşünüb acı-acı gülümsünür.

2017

# 10137 dəfə oxunub

Müəllifin son yazıları

# # #