“Dağ tülküsü”nün sonu - Alpay Azər

“Dağ tülküsü”nün sonu - Alpay Azər
8 noyabr 2023
# 12:00

Kulis.az Alpay Azərin “Dağ tülküsü”nün sonu" adlı yazısını təqdim edir.


1992-ci ilin unutduğum hansısa ayında “Azadlıq” qəzetində “Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində “Dağ tülküsü” ləqəbli erməni generalı Arkadi Ter-Tadevosyan məhv edildi” başlıqlı xəbəri təkrar-təkrar oxumuşdum. Az müddət sonra daxili işlər nazirimiz İsgəndər Həmidov televizorda xəbəri təsdiqləmişdi. Tələbə ağlımla düşmən generalının məhvinin ordumuzçün hansı əhəmiyyət daşıdığını anladığımdan hədsiz sevinmişdim.


1992-ci il mayın 8-dir, dostlarımla BDU-nun tarix fakültəsinin 2-ci kurs tələbəsi Sahil bağındayıq. Adamlar arasında ermənilərin Şuşaya hücum xəbəri dolaşmaqdadır, bəziləri şəhərin işğal olunduğunu, bəzilərisə şəhərin girəcəyində şiddətli döyüşlərin getdiyini deyir. Səsgücləndiriciylə “Şuşa uğrunda döyüşmək istəyənlər sol tərəfdə dayanan sarı avtobusa minsinlər” elanı verilir. Arada həmin avtobusa yaxınlaşıb içəri boylanıram, tam dolmayıb, özümünsə ora girməyə cəsarətim çatmır, üstəlik, salondakı kişilərin sifətlərində döyüş ruhu görmürəm. (Bu yaxınlarda avtobusla gedənlərin çoxunun Qobustana çatmadan düşüb dağılışdıqlarını biləndə o dövrə qayıtdım, ətim ürpəşdi). Çarəsiz, üzgün o həndəvərdə gəzişirəm, hamı gərgin vəziyyətdə dəqiq xəbərə təşnədir. Bizdən yuxarı kursda oxuyan Paşa ağır addımlarla bizə tərəf gəlir, onu saxlayıb soruşuram: “Bilmirsən, Şuşa bizdədi?” Qalın səsiylə, əminliklə “Narahat olma, bizdədi” deyib əliylə bir neçə dəfə çiynimə vurur, qalın səsi ona inamımı gücləndirir, rahatlanıram, sevinirəm. Dörd gün sonra Şuşanın işğalı rəsmən televiziya ilə elan edilir.


Sonra məlum olacaq ki, Ter-Tadevosyan sağ imiş, üstəlik, Şuşanın işğalıyla bağlı “Dağlarda toy” əməliyyatına rəhbərlik edibmiş. Yutubda həmin əməliyyatla bağlı kadrlara baxıram. Hücumdan öncə o, binoklla mövqelərimizə baxır, yanındakı hərbçilərə ilk atəş əmrini verir, qrad mərmiləri Şuşaya doğru uçur. Sonralar jurnalistin “Siz Şuşanı ala biləcəyinizə əmin idiniz?” sualına o, “Yox. Amma əməliyyatda hər kəs öz işini görürdü” cavab verir. Başqa bir müsahibəsindəsə deyir: “Biz üç-dörd günə Şuşanı götürməyi planlaşdırırdıq, əməliyyatsa cəmi iki gün çəkdi”.


Məğlubiyyət dövrü Azərbaycan mətbuatında tez-tez belə fikrə rast gəlinir. Ermənistanın 90-cı illər müharibəsindəki qələbəsinin əsas səbəblərindən biri onların bizlə müqayisədə zabit-general sayı baxımdan irəlidə olmaları idi. Hərçənd, həmin dövrdə Sovetin məşhur ali hərbi məktəblərini bitirmiş, o dövrdə general rütbəsi almış Valeh Bərşadlı, Tacəddin Mehdiyev kimi hərbçilərimiz milli ordunun yaranması işinə rəhbərlik edirdilər. Məğlubiyyətin kökündə iki faktor dururdu: müstəqilliyin ilk illərindəki məlum siyasi durum, 1993-cü ilin fevralından başlayaraq Rusiyanın Ermənistana birtərəfli hərbi dəstək göstərməsi.

1994-cü ilin mayında atəşkəs imzalanandan sonra, Azərbaycan ordu quruculuğuna xüsusi diqqət ayırmağa başladı, bunun ilk nəticəsini 2016-cı ilin aprel döyüşlərində gördük. Döyüşlərin ilkin təhlillərini edən hərbçilərdən biri də Ter-Tadevosyan idi. Mən onun “Azərbaycan faktiki olaraq döyüşqabağı kəşfiyyat əməliyyatı həyata keçirdi” deyərkən ekranda diqqətlə sifətinə baxmışdım. Təlaş və təlaşı gizlətmək, soyuqqanlı görünmək cəhdi varıydı sifətində. Özünü elə aparırdı, sanki o, erməni yox, uzaq bir ölkəni təmsil edən istefada olan generaldır.

Nəhayət, 2020-ci ilin noyabrın əvvəlləri Şuşa uğrunda döyüşlərlə bağlı xəbərlər sosial şəbəkələrdə sürətlə yayılmağa, qondarma DQR-in Şuşaya gəlmiş keçmiş başçılarının kədərli, ümidsiz sifətləri ekranlarda görünməyə başladı. 90-cı illər Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbçinin zəif səslə erməni xalqına “Şuşidə vəziyyət ağırdı, onu qorumaq lazımdır” müraciəti feysbukda yayımlandı.

Şuşanın 8 noyabrda 28 illik işğaldan azad edilməsindən sonra Ter-Tadevosyanın döyüş yoldaşlarından biri, 44 günlük müharibəni onunla bir yerdə izləmiş Ara Muradyan deyir: “O, hər şeyi təsəvvürünə gətirə bilərdi, amma Şuşinin verilməsini yox. Şuşidəki vəziyyət ona böyük zərbə oldu”. Qarabağ müharibəsinin iştirakçısı Anait Martirosyana görə, Ter-Tadevosyanın uzun düşüncələrdən sonra gəldiyi nəticə bu imiş: “Azərbaycanlılar şəhəri götürməyib, onu azərbaycanlılara təhvil veriblər”.

“Dağ tülküsü”nün 2021-ci il martın 31-i ürəktutmadan ölməsi xəbərinə reaksiyam “Yaxşı ki, bu günləri gördü” pıçıltısından o tərəfə keçmədi. Aprel müharibəsi zamanı təmkinli görünməyə çalışan general çox güman, 2020-ci ilin noyabrın əvvəllərində anlamışdı ki, nə onun Əfqanıstan, Qarabağ müharibələrindəki təcrübəsi, nə Ohanyan səddi, nə də erməni siyasətçilərin, zabitlərin “Arsağı qoruyaq” çağırışlarının heç bir nəticəsi olmayacaq. Sonda onlarçün “Dağlarda yas” sayıla biləcək əməliyyatı sinirə bilməmişdi. Tutaq ki, bizim XTQ-nin yaralı-yaralı qayalara dırmaşıb Şuşaya daxil olmasından xəbəri yoxuydu, qələbəmizdə bizim yox, Türkiyənin əsas rol oynadığına doğrudan inanırdı. Amma işğal dövründəki müsahibələrdən birində döyüşdə komandirə yox, vuruşan əsgərə önəm verən Ter-Tadevosyanın Şuşa-Xankəndi dəhlizi boyu səpələnmiş yüzlərlə erməni silahlısının meyitindən xəbəri olmaya bilməzdi axı. Onlar şəhəri Azərbaycan ordusuna döyüşsüz təhvil vermişdi, yoxsa kütləvi şəkildə intihar etmişdilər? Erməni general bu sualları özünə verməmiş olmazdı.

Psixologiyada “həqiqətdən qaçma” anlayışı var, insan həqiqəti bilir, amma onun acı olduğunu dərk etdiyindən yaxınına buraxmır, barışmır, qovur onu özündən. Bu adam bir vaxtlar işğalına rəhbərlik etdiyi şəhərin məhz Azərbaycan ordusunun azad etdiyini həzm edə bilmədiyi üçün həqiqəti özündən qovmaq istəmişdi, “şəhəri təhvil veriblər” deyərkən belə, cümlənin mübtədası olan “ermənilər” sözündən qaçmışdı. Sonda bəlkə də həqiqəti heç kəsə etiraf etmədən onunla barışıb ölümə təslim olmuşdu.

# 2247 dəfə oxunub

Müəllifin son yazıları

# # #