Apar məni Zəngəzura - Alov İnannadan yeni şeirlər

Apar məni Zəngəzura - Alov İnannadan yeni şeirlər
6 oktyabr 2022
# 13:20

Kulis.az Alov İnannanın yeni şeirlərini təqdim edir.

Balta sapı

Dinlə məni Balta Sapı,
bir vaxt sən də Budaq idin.
Doğmaların yaxınında
Özgələrə uzaq idin.

Bir gövdədən su içərdik,
O suları qurutdunmu?
Bizi göylərə yönəldən
arzuları unutdunmu¬?

Oduna dönəndən bəri
Ağac yanını danırsan.
Dəmiri güclümü gördün?
Özünü Balta sanırsan?!

Bülövlərə yalaqlanıb
Mişarlara qoşulmusan.
Bizə qalxan pis əllərə,
Dönüb tutalğac olmusan.

Nə kökümüz kəsiləcək,
Nə gücünüz çatar bizə.
Min budaq olub artmağa
Bir zoğumuz yetər bizə.


Zəngəzura gedən yolum

Yolum,
ilan kimi
qıvrılan yolum,
dağların başına
dolanan yolum,
sıldırım sal qayalara
söykənən yolum,
dərin dərələrlə
ürküdən yolum.

Böyrü bəzən bulaqlı,
bəzən çaylı-çaylaqlı,
bəzən daşlı-çınqıllı,
bəzən otlu-alaqlı –
Zəngəzura gedən yolum.

Üşənim tufanında,
islanım leysanında.
Qarışım buluduna
kor olum dumanında,
Zəngəzura gedən yolum.

Pozulmayan izli ol,
palçıqlı, ya tozlu ol,
tez olsun, ya gec olsun,
təki təkcə bizli ol,
Zəngəzura gedən yolum.

Qayaları yalçın yolum,
sim-sim deyim, açıl, yolum,
yenə sənin yolçun olum,
apar məni Zəngəzura.

Yenə balaca qız olum,
öz boyum boyda göz olum,
baxım, baxım doymaz olum,
apar məni Zəngəzura.

Anamın gəldiyi yerə,
gülünü dərdiyi yerə,
dərdindən öldüyü yerə –
apar məni Zəngəzura.

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

# # #