“Teatrımız keçmişin xoşuna gəlməyə çalışır”-SORĞU

“Teatrımız keçmişin xoşuna gəlməyə çalışır”-SORĞU
15 mart 2013
# 08:45

Milli teatrın 140 illik yubileyi keçirilir. Ad günündə haqqında xoş sözlər deyilərkən, belə bir sual qoymaq şair demişkən, heç ədəb deyil. Amma sual da cavablardan asılıdır.

Maraqlıdır, 140 yaşlı teatrımızın ictimai-mədəni həyatımızda yeri varmı? Ümumiyyətlə, bu gün teatrın başlıca problemi nədir? Teatr adamlarına elə bu sualla da müraciət edirik.

Mehriban Ələkbərzadə (rejissor):

Teatrın mədəni, ictimai yeri daha çox olmalıdır. Çox məşhur olan bir fikir vardı ki, teatr xalq üçündür. Yox, belə deyil, teatr, sənət Allah üçündür. İnsanın ideala, ilahi qata yaxınlaşdıran vasitədir. İnsan üçün bu məsələlərin əhəmiyyəti yoxdursa, bu, çox pisdir. Amma reallıq budur ki, bizdə gündəlik qayğıların, yaşam və s. kimi problemlərin içində teatrın yeri qalmır.

Teatrın probleminə gəlincə, mən bunu müstəqil ola bilməməkdə görürəm. Repertuar seçimində də problemlər var. Teatr tamaşaçını nəzərə almağa, kassaya işləməyə çalışır və sənət zövqü formalaşdırmaq kimi missiyasını azır. Teatr repertuar seçimində tamaşaçının ardınca getməməlidir.

Abbas Qəhrəmanov (aktyor):

Çox təəssüf ki heç bir rol oynamır. Yəqin teatrın belə vəziyyətdə qalmasını istəyirlər. Əsas problem isə lazımi reformaların aparılmamağıdır. Bilirlər ki, əsl reformalar teatrlara sərbəstlik verəcək, yaradıcılıq baxımdan nəzarət çətinləşəcək.

Aydın Talıbzadə (Teatrşünas):

Azərbaycan teatrı ola-ola, işləyə-işləyə, tamaşalar hazırlaya-hazırlaya sanki özünə qaranmış bir adadır. Tamaşalar oynanılır, bir ovuc teatrsevər, bir ovuc şünas, bir ovuc qəzet-jurnal əhli, bir ovuc da telexəbərçi gedib onlara baxır, konteksti nəzərə alıb məqalələr yazır, reportyorlar da çəkir; amma tamaşalar ictimai həyatda, mədəniyyət aləmində partlayışa çevrilmir. Bunun bir xeyli səbəbləri mövcuddur: hamısından danışmaq mümkünsüzdü. Elə hesab eləyirəm ki, bu səbəblərin birincisi və ən mühümü bizim teatr düşüncəmizin özüdür, bizim teatr düşüncəmizin konfliktidir... Azərbaycan teatrı isə sanki həmişə keçmiş üçün, keçmişin xoşuna gəlmək, keçmişə özünü bəyəndirmək üçün yaşayıb. Ona görə də zaman-zaman Azərbaycanda müasir teatrı özünü tapıb təsdiqləyə bilməyib.

Vidadi Qafarov (Teatrşünas)

Sözsüz ki, teatrımızın ictimai-mədəni həyatımızda yeri var - ən azından ona görə ki, bu teatr 140 ildi bizimlədir. Sualın ikinci hissəsinə gəldikdə isə - elə problem də buradadır. Daha dəqiq, teatrımızın başlıca problemi də elə onun ictimai-mədəni həyatımızda yerinin qeyri-müəyyənliyindədir. Bunun isə çoxlu səbəbləri var-inzibatidən tutmuş, sosial-mənəvi problemlərə qədər. Fikrimcə, ən başlıcası odur ki, Azərbaycan cəmiyyəti hər zaman məxsus olduğu, içində yaşadığı teatrallığı, karnavallığı demək olar ki itirib. Bir sözlə, teatrın cəmiyyətdə yerinin konkretləşməsi üçün onun özünün mövqeyinin dəqiqləşməsi və inteqrasiya olunmuş, vahid milli teatr məkanının yaranması lazımdır.

Elçin Cəfərov (teatrşünas):

Bu gün nə qədər gəlişigözəl sözlər desək, nəlbəkidə fırtına yaradaraq, teatrımızdan razı olduğumuzu iddia eləsək də, kor-kor, gör-gör Azərbaycanda teatr gərəksizlik sindromu yaşayır.

“Men bir ceviz agacıyım
Gulhane parkında
Ne sən bunun farkındasın

Ne də polis farkında”.


Azərbaycan teatrının bu günkü durumu haqqında düşünəndə biixtiyar bu misralar yadıma düşür.

Ağac bar verməlidi, ya da heç olmasa kölgə salmalıdır. İndi parklarda əkilən dekorativ ağaclardan olmamalıdır...

# 2863 dəfə oxunub

Müəllifin son yazıları

# # #