Əli Əmirli: “Obrazını yaratdığım adam məni hədələdi”

Əli Əmirli: “Obrazını yaratdığım adam məni hədələdi”
23 iyul 2013
# 14:32

Müasir Azərbaycan teatrı üçün onun qədər pyes yazan, prosesə mövzu, tərz, dinamika gətirən peşəkar dramaturq hətta barmaqla sayılmayacaq qədər azdır. Əli Əmirlinin “Varlı qadın”, “Köhnə ev”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Kişi və qadın”, “M.S.S”, “Yeddi məhbusə anası”, “Mesenat”, “Səhnədə məhəbbət”, “Onun iki qabırğası” pyesləri müxtəlif vaxtlarda teatrın ən baxılan tamaşalarına çevrilib. “Bala başa bəla” teletamaşasında isə ictimai-sosial vəziyyət qəlpələri hər kəsə toxunacaq partlayış-komediya kimi açılır. Bir giriş üçün məncə yalnız bu teletamaşanı xatırlatmaq da kifayət edər. Və “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında bu günlərdə hazırlanan “Şah Qacar” tamaşası...

- Əli müəllim, teatrın böhran keçirdiyi illərdə dramaturgiyaya gəldiniz. Halbuki oxunaqlı nəsriniz vardı.

- Teatrın vurğunu idim. Ağdamda yaşayırdıq, uşaq idim, akademik teatrın bütün qastrollarında iştirak edirdim. 1990-cı ildə ilk pyesim tamaşaya qoyuldu. Təsəvvür edin: komendant saatı, 20 yanvar faciəsi, ittifaq təzəcə dağılmışdı. Tamaşa uğurla getdi və 7 il də repertuarda qaldı. Baxmayaraq ki, zallar soyuq idi, amma qətiyyən ruh düşkünlüyü yaşamadım. Tamaşaçı alqışlarını görürdüm. Dram əsəri yazmaqdan həzz alırdım.

- Bu ay “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesinin premyerası keçirildi. Tamaşadan bir dramaturq kimi razı qaldınızmı?

- Əlbəttə. Pyesi ötən ilin iyununda rejissora vermişdim. Heç soruşmurdum da, elə bil belə pyes yazmamışam, ona verməmişəm. Azər Paşanın qəribə bir oxumaq tərzi var: əlinə keçən yerdən açıb oxuyur - əvvəlindən, ortasından, axırından. Əsərlə o vaxta qədər oynayır ki, onu daxilinə hopdura bilir. Bir gün zəng elədi ki, bu səhnə üçün əla materialdı, o bunu səhnədə görür.

- Pyesi yazarkən Qacar roluna Fuad Poladovu nəzərdə tuturdunuzmu?

- Hardasa hə. Həm də bilirdim ki, Azər Paşanın tamaşalarında Fuad qəhrəmandı. Amma belə olmaya da bilərdi.

- Pyes Azadlıq radiosunun saytında dərc olunmuşdu. Oxumuşdum. Bir para dəyişikliklər var. Ümumiyyətlə rejissor müdaxilələrinə, ixtisarlara ağrılı yanaşmırsınız ki?

- Yox, çoxdan immunitet yaranıb. Tamaşa başqa, fərqli olmalıdır. Məsələn Məmməd Səfanın oynadığı Kərim xan Zəndlə mənim yazdığım Kərim xan arasında böyük fərq var.

Mənim Zəndim başqa oyun tərzi tələb edir. Amma o cür də maraqlı idi. Mən bəyəndim. Rejissor istəyirdi ki, onun Qacarı aşağılamağını göstərsin. Axı Zəndin sümüklərini ayağı altında basdırması üçün səbəb, böyük nifrət olmalıdı.

Azər Paşa dramatizm istəyirdi. Ora bəzi səhnələr əlavə etməyimi təklif etdi. Sui-qəsdçilər və Qacarın uşaqlığından olan səhnələri əlavə etdim. Bu əlavələrdən sonra dinamika daha da artdı. Mənim rejissorlarla bir şərtim olur: nəyisə çıxara bilərsiz, amma nəsə əlavə etmək lazımdısa bunu özüm edəcəyəm. Bu, mənim üçün çox vacibdir.

Əlbəttə, tamaşadan razı qaldım. Məncə alınıb. Yeni ifa tərzi idi, yeni rejissor yozumu vardı, rejissorun dramaturji materiala müdaxilələr etməsi ilə nəticələnən işdi. Tamaşaçı yaxşı qəbul etdi. Ən vacibi budur. Belə banal ifadə var: “Tamaşaçı həmişə haqlıdır”. «Ağa Məhəmməd şah Qacar” pyesində iki mim personaj da var idi. Tamaşada lazım olmadı. Mən sözlə deyə bilmədiklərimi onların vasitəsilə vermək istəyirdim. Ümumiyyətlə, son vaxtlar yaradıcılığımda söz çoxluğundan qaçmağa çalışıram. Bu mənim üçün çox çətindir. Bilirəm ki, Ostrovski də qırx ilik yaradıcılıqdan sonra sözdən qaçmaq istəyib.

- Qacar bir az həssas mövzudur-xüsusən tarixçilər üçün. Premyeradan sonra sizə hansısa iradlar gəlmədi ki?

- Sizinlə razıyam. Bu mövzu hələ də danışılır. Amma bu sınaq premyera idi. Çox az adam baxdı. Yəqin əsas fikirlər premyeradan sonra olacaq. Amma bir şey var, burda mənim üçün tarixi xronologiya, tarixi yanaşma vacib deyildi. Mən xarakteri verməyə çalışmışam. Qacarın taleyinin onun faciəsinə, psixoloji durumuna təsirini vermək istəmişəm. Məncə burda heç bir təhrifdən söhbət gedə bilməz.

- Ümumiyyətlə necə düşünürsüz, müəllif tarixi göstərməyə borcludur? Onu istədiyi kimi verə bilməzmi?

- Yazıçı azaddır, istədiyi tarixi hadisəni istədiyi şəklə sala bilər. Amma bir məqam var - yaxşını pis kimi qələmə vermək ədalətdən deyil. Axı Qacarın şəxsiyyəti “Vaqif” pyesindəki kimi aşağılanmağa layiq deyildi. Bu, insafsız yanaşmadı. Müəyyən ədalət prinsipi olmalıdır. Həddini aşmaq, insafı əldən vermək olmaz. Mən Qacarı sevib, taleyinə acıyıb yaratmışam.

- “Şah Qacar” tamaşasında Qacarın nəşinin yuxarı qaldırılması pyesdə yox idi. Siz necə düşünürsüz, bu final nə qədər alınmışdı?

- Bu rejissorun fikri idi. Tamaşaya açar kimi məhz bu finaldan başlamışdı. Mənə elə gəldi ki, uyğun deyil. Amma Azər Paşa bu məsələdə inad etdi. Əslində Qacarın nəşini göyə qaldıran yaylıq gəncliyində əlinin içindəki tale xətlərini xəncərlə kəsərkən sevgilisinin yaraya bağladığı dəsmal idi. Tale yaylığı deyək. Tamaşaçılar onu fərqli yozmuşdu. Hərə bir şey düşünmüşdü. Kimi Qacarın öldürüləndən sonra asıldığını düşünmüşdü, kimi guya kəfən bilmişdi o yaylığı...

- Çox maraqlıdır, sizin ölüm ani haqda təsəvvürləriniz necədir? Dinə baxışınızı bildiyim üçün bunu soruşuram. Doğmaların çağırıb aparmağı sizin versiyanızdır?

- Mən çox realist adamam. Pyesdə Qacarın anası Ceyran deyir: “Nə yaxşı ki, əzablardan qurtarmaq üçün ölüm var”. Onda şeyx Cəfər deyir: “O da Allahın mərhəmətidir”. Qacar da əlavə edir ki, o mərhəmətdən hamı dadır. Mən düşünürəm ki, ölümlə insan həyatı bitir. Ola bilər ki, mən məsələyə bəsit, çox realistcəsinə və ya elmi yanaşıram. Dindarlar üçün ləzzətli olan bir inam var-əbədi həyat. Bu, çox gözəldir. Onlar xoşbəxt adamlardır. Mənim həyat yoldaşım Solmaz xanım kimi. Amma mənim kimi düşünənlər ölümü daha ağrılı qəbul edənlərdir. Mənim pyesdə işlədiyim bir səhnə var: Qacarın yuxusu. Qacar yuxuda, duman içində yuxarı qalxır və orada qardaşlarını, anasını görür. Orda bir dialoq var-Qacar tərəfdən bu, emosional dialoqdur, onlar tərəfdən isə soyuq, rasional bir dialoqdur. Çünki onlar ölüb, bu dünyanın ehtiraslarından əllərini üzüblər.

O yerdə mən yazıçı kimi əbədi həyata inananların tərəfindəyəm. Ümumiyyətlə mən əsərimdə inanıb qəbul etmədiyim fikirləri işləyirəm. Fərqli düşüncə tərzi dramaturgiyada çox vacibdir. Çox fikirlilik olmasa nə gərginlik, nə konflikt olmayacaq. Dialoqlarda, düşüncədə hərəkət olmalıdı.

- Əli müəllim, personajları necə yaradırsınız, canlı alınmaq üçün onların konkret prototiplərini müəyyənləşdirirsiniz? Yoxsa onlar təxəyyüldə mücərrəd bir obrazdır?

- Konkret prototip olanda yazmaq asandı və obraz daha canlı alınır. Çünki uydurmursan, gözünün qabağında olan adamdan istifadə edirsən. “Hasarın o üzü” pyesində mənim öz prototipim var. Yəni o personajın arxasında mənim fikirlərim, dinə münasibətim dayanır. Onu yaratmaq mənim üçün xeyli asandır. Amma orada mənim iki uydurma personajım da var. Onlar da təsirlidirlər, amma mən onları yaxşı görmürəm. Onları mən səhnədə görəcəyəm.

“Köhnə ev” pyesində əsərin baş qəhrəmanı Zaranı görmürdüm. Sözləri vardı, danışırdı və sairə. Amma görmürdüm. Şükufə Yusupova onu mənə çox fərqli təqdim etdi.

Ümumiyyətlə, personajın kağız üzərində olması və səhnədə canlanması qəribə bir şeydir. Multfilmlərdə rəsmlərin canlanması-başını çevirməsi, danışması, qaçması necə qəribə hisslər yaradırsa, səhnədə xarakterin danışması, hərəkətləri, necə deyərlər, ətə-qana gəlməsi də eynən elədir. “Şah Qacar”ın bütün məşqlərində oldum-onun necə yaranmasını gördüm. Doğrudan da boş bir yerdən bir adam ortaya çıxarırsan-Fuadın simasında danışan, düşünən, kədərlənən, dərdi olan bir insan yaranır. Fuad çox gözəl, peşəkarca oynadı.

- Olubmu ki, yaratdığınız obrazların prototipləri ilə əsərin çapından sonra problem yaşayasınız?

- Bir vaxt elmi tədqiqat institutunda işləyirdim. 25 yaşım vardı, bir şöbənin müdiri idim. Povestimdə institutun içində baş verən ədalətsizlikləri təsvir etmişdim. İnstitutun direktorunun prototipini yaratmışdım. O qədər sadəlövh idim ki, eynən o görkəmdə də təsvir etmişdim. Direktor ağıllı adam idi. Hətta yalan da danışsan üzünə vurmazdı. Özünü o yerə qoymadı - sadəcə olaraq, yavaş-yavaş, mədəni şəkildə məni ordan uzaqlaşdırdı. Sonra o institutun simasında cəmiyyətin modelini təsvir etdiyim “Axirətdən qabaq gəzinti” romanını yazdım.

Bir də “Tapança” adlı povestdə bir kənd adamının surətini yaratmışdım, heç pis adam kimi də yox. Əhvalatı yas məclisində eşitmişdim və yazıb “Ulduz”da çap etdirmişdim. Adam mənə bərk qəzəbli idi. Təhdidli xəbərlər göndərirdi (gülür).

- Hadisə və ya ideya ilə rastlaşmaq üçün xəbərləri, mətbuatı izləyirsinizmi? Axı indi elə qəribə xəbərlər oxuyuruq ki, işləsən, bəlkə də bir hekayədir...

- İzləyirəm əlbəttə. Hətta qeybətləri də izləyirəm. Saytların xəbər başlıqlarını oxuyub maraqlandığımı açıb oxuyuram. Yaradıcılıqda informasiyadan təkan almaq və ya bir xarakteri görmək olar.

Dramaturgiyada ən çətini süjeti tapmaqdı. Mövzu da, ideya da çoxdur. Süjet tapılsa, qalanı müəllifin peşəkarlığından asılıdır.

Mən bir rus aktrisanın taleyi barədə oxumuşdum. O qadın Çexovun “Qağayı” pyesində Nina Zareçnayanı dəhşətli dərəcədə oynamaq istəyirdi. Elə alınır ki, o hansısa teatrda o rolu oynayır da, uğur da qazanır. Amma xasiyyəti çətin qadın imiş. İşlədiyi teatrdan çıxmalı olur. Sonra işləmir və pulunu toplayıb bir kinokamera alır. O zaman video-filan yox imiş və bu aparatlar hədsiz baha imiş. Və bu tamaşanı təkbaşına kameranın qarşısında oynayır. Özü oynayır və özü çəkir. Bu lentlərə də baxmışdım. O kadrlarda Nina Zareçnayanı Qağayıya çevirirdi. Bu məni daim düşündürürdü. Aktyorun peşəsini fanatikcəsinə sevməsi. Bu dəhşətli istək onun bədbəxtliyinə gətirib çıxarmışdı. Burada qəribə bir məqam var idi- o aktrisa məhz qağayı kimi ölmək istəyirdi- guya o uçur və uçanda onu vururlar. 20 il qabaq oxuduğum əhvalat bir pyes üçün mövzu oldu. Bəhram Osmanovun sifarişi ilə yazdığım “Premyera” pyesində o aktrisanın xarakterini yaratdım. Nəzərimdə o aktrisa var. Əlbəttə kim olduğunu deməyəcəyəm. Rejissorlar rol bölgüsünə başqa rakursdan yanaşa bilər.

- Rol bölgüsünə təsir edə bilirsinizmi?

- Əlbəttə, təsir olur. Rejissorlara təkliflər verirəm.

- Konfliktlər yaşanmır ki?

- Çox korrekt dramaturqam. Heç vaxt da kimlərinsə yanında rejissora irad və ya fikir bildirmirəm. Fikrim yaranarsa onu təklikdə deyirəm. Həm də baxır rejissora. Rejissor var ki, yalnız işə görə bir yerdəyik, rejissor var ki, münasibətlərimiz var. Eləsi də var ki, əsəri verəndən sonra bir də premyerasına gedirəm. Çalışıram ki, necə gördüyümü rejissora deyim. Ağıllı və dözümlü rejissor dinləyib qəbul edir. Dinləməsə inad etmirəm, çəkilib kənarda dururam. Bu məni narahat etməməlidir. Belə də olmalıdır. Bəyəm əsərinin tamaşaya necə qoyulması neçə yüz il əvvəl ölmüş Şekspiri narahat edə bilər?

- Əlinizdə yazdığınız, işləmək istədiyiniz əhvalat varmı?

- Bir jurnalist yazdıqlarını oxuyub fikir demək üçün mənə göndərmişdi. Onun başına gələn əhvalat mənə çox təsir etdi. Qaçqınıq dövründə yaşanmış acı bir əhvalatdır. O qədər ki, onu işləməyə belə qorxuram. Çünki o əhvalatı mütləq yaxşı işləmək lazımdır. Onu necə olursa olsun işləməliyəm. Pyeslərimi əsasən yayda yazıram. Bir pyesi təzə bitirmişəm. Sentyabrda Bəhram Osmanov “Hasarın o üzü” adlı pyesimi tamaşaya hazırlayacaq. Dövlət sifarişi əsasında hazırlanacaq. Artıq təsdiq olunub.

- Pyesləriniz burda uğur qazanmaqla yanaşı, başqa ölkələrdə də tamaşaya qoyulub...

- Tacikistanda, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Krımda, Dağıstanda əsərim oynanılıb. “Varlı qadın” bu altı ölkənin 8 teatrında öz dillərində və rus dilində tamaşaya qoyulub. Çoxunu heç görməmişəm. O tamaşaların bəziləri festivallarda mükafatlar alıb. Amma bizdən mənim heç bir əsərim festivala getməyib. Kalmıkların tamaşası “Tuğanlık” festivalında iki nominasiyada qalib oldu, bir də taciklərin tamaşası “Alma-ata” festivalında iki qızıl medal almışdı. Bu festivallarda pyeslə tanış olan başqa ölkə teatrları da onu tamaşaya hazırlamışdı. Satılan tamaşalardır. Hətta Bişkək teatrı imkansızlıqdan heç bir tamaşa hazırlamasa da risk edib bunu hazırlamışdı və uğur qazandı.

- Əli müəllim, naxışı gətirmək, şanslı olmaq məsələsinə inanırsız?

- İnanıram. Şansın gətirməyi lazım olan zaman lazım olan yerdə olmaqdı. Bu, çox vacibdir. Hərçənd, məndə bu çox az olur. Yəqin burada bir xarakter məsələsi də var. Mənim belə bir həyat prinsipim var: Şikayətlənmə! İstəmə! Azad adam olmaq, daxilən özünü sərbəst hiss etmək istəyirsənsə, şikayətlənmə və heç nə istəmə. Tutalım, fəxri adlar, böyük qazanclar dalınca qaçmaq istəyən onunla-bununla salamlaşmalı, vurnuxub, əziyyət çəkməli, gözə girməlidir. Amma bütün bunlardan azad olmaq... Bilirsiniz bu necə böyük xoşbəxtlikdir? Mən uzun ömrümdə bunu özümdə tərbiyə etməyə çalışmışam. Və deyəsən 90 faiz nail olmuşam. Bəzi məqamlarda görürsən ki, nəfs güclü çıxır-istəmədiyin halda istəyirsən. Sonra da bunun ağrısını çəkirsən. Şikayətlənməməyə yüz faiz nail olmuşam. Heç vaxt gileylənmərəm. Mən hesab edirəm ki, kim necə yaşayırsa o, buna layiqdir. İstənilən şəraitdə və istənilən cəmiyyətdə belədir.

- Sizin romanlarınız, povest və hekayələriniz var. Amma nədənsə indi yalnız dramaturgiya ilə məşğulsunuz. Səbəb nədir?

- 4-5 romanım, povestlərim çap olunub. Maraqla qarşılanmışdı. 20 ildən çoxdu nəsr yazmıram. Məncə nəsr yeni olmalıdı. Köhnə yazdıqlarım kimi yazmaq mənə maraqlı deyil.

- “Bala başa bəla” çox məşhur teletamaşadır. Bəs niyə ardı olmadı? Teleseriallar üçün ssenarilər işləmirsinizmi?

- “Bala başa bəla”ya çox baxıldı. İlk dəfə o teletamaşa gecə 12-nin yarısında göstərilmişdi, səhər univermaqda idim, gördüm ki, satışda olan bütün televizorlar onu göstərir. Böyük uğur qazandı.

İndi efirdəki seriallara 3-5 dəqiqədən sonra baxa bilmirəm. Mətn yoxdu, aktyorlar oynaya bilmir, yəni oynamağa heç nə tapmır. Adama elə gəlir ki bu seriallar ən pis ssenari müsabiqəsində qalib gəlmiş mətn əsasında çəkilib. Teleseriala gəlincə... Mənə belə təklif olmayıb.

- Bəlkə özünüz yazıb təqdim edəsiniz?

- Yazmışam. “Varlı qadın” adlı 25 seriyalı serial ssenarisi yazmışam. Televiziyalar onu çəkmək istəyiblər. Müqavilə də bağlanıb, amma çəkmədilər. Bir gənc rejissor bu yaxınlarda bu ssenarini oxuyub dedi ki, yaxşı aktyorlar çəkmək, onlara yüksək qonorar vermək, çoxlu məşqlər etmək lazımdır. Yaxşı material yaxşı xərc istəyir.

- Son zamanlar teatrın dramaturgiya problemi olduğunu deyirlər. Gənclər arasında yaxşı dramaturqlar varmı?

- Mən bunu problem kimi şişirtməzdim. Şərt deyil, teatr üçün yerli yazan olsun. Hansı rejissor deyirsə ki, mən tamaşaya qoymağa pyes tapmıram o oxumur. Bu yaxınlarda adlı-sanlı rejissorun müsahibəsini oxumuşam. Soruşurlar ki, son zamanlar nə oxuyursunuz? O deyir ki, mən latın qrafikası ilə oxuya bilmirəm, internetdən də başım çıxmır.

- Hə, bizim sorğumuz idi.

- Ay sağ ol. Daha mən ona nə deyim?

Məncə bədii əsər o zaman yüksək səviyyəyə çatır ki, onu həm azsavadlı təbəqə, həm də böyük intellekt sahibləri anlasın, hiss etsin. Məsələn, Üzeyir Hacıbəyovun komediyaları kimi.

Yoxsa mürəkkəb zövqlü insanlar üçün yazıram, onlar qəbul edir, amma aşağı təbəqə qəbul etmir, anlamır. Daha bu nə oldu?

# 4497 dəfə oxunub

Müəllifin son yazıları

# # #