Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – Müsahibə

Xalq yazıçısı Elçin: “O xəbəri atamdan ölənəcən gizlədim” – Müsahibə
26 may 2020
# 12:41

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən Xalq yazıçısı Elçinlə müsahibəni yenidən təqdim edir.

- İlk sualımız ənənəvidir: İlyas müəllim necə ata idi?

- Mən insan İlyas Əfəndiyevi yazıçı İlyas Əfəndiyevdən ayırmaq istəmirəm. Floberin məlum sözü var, deyir, Madam Bovari mənəm. Yəni bütün yazıçılar həmişə özlərini yazırlar. İlyas Əfəndiyevin kim olduğunu hər şeydən əvvəl onun əsərləri deyir. 2002-ci ildə onun böyük formatda 7 cildliyini çapa hzırladım. Oxuduğum əsərləri çap ərəfəsi bir daha oxudum. Özüm də hiss etmədən onun bütün varlığını ifadə edən sifəti gəlib durdu gözlərimin qabağında. Onun necə bir insan olması ilə bağlı ki, mənim nə hisslərim, düşüncələrim vardı, hamısı yığışdı o əsərlərin içinə. İlk hekayələrindən tutmuş romanlarına, pyeslərinə qədər o özünü ifadə edib. İlyas Əfəndiyevi yaşadan da bu səmimiyyətdir. İndi əsərləri oynanılır teatrlarda. Bu əsərlərin 90 faizi sovet dövründə yazılıb. Quruluş dəyişsə də, bu əsərlər dəyərini itirmir. Misal üçün, başqa əsərlərini demirəm, elə “Bahar suları”nı götürək. Bu pyes 1948-ci ildə yazılıb, hadisələr kolxoz fonunda baş verir. Epoxa dəyişib, hətta bir-birinə zidd qütblərdə yaşayırıq indi. Amma əsər dəyərini itirməyib. Nə üçün? “Bahar suları” niyə bu gün də tamaşaya qoyulur? Çünki ordakı insanlar şüarlardan, plakatlardan gəlməyib, canlı insanlardır. Onların talelərindən söhbət gedir, psixologiyalarında, arzularından söhbət gedir.

- Bəzən deyirlər, o əsərlər Elçinin nüfuzuna görə səhnəyə qoyulur.

- Bir çox yazıçılar istedadlı olsalar da, sosrealizmə xidmət etdilər. Zaman keçdikcə məlum oldu ki, sosrealizmə xidmət etmək, ədəbiyyata xidmət deyil. Onların istedadları məhv oldu. Quruluş dağılmaqla onlar da getdilər. Təkcə Azərbaycanda yox, bütün postsovet ölkələrində belə oldu. Bir sıra istedadsızlar da vardı ki, mövzu arxasında gizlənirdi, orden alırdı, medal alırdı, həyatını qururdu, sistem dağıldı, onlar da getdi. Bir qisim yazıçılar da vardı, faktiki olaraq ədəbiyyata xidmət edirdi. Buna görə də yaşayırlar. O ki qaldı Elçinin nüfuzuna, bu, tamamilə absurd bir iddiadır. “Obıvatel” söhbətidir. Mənim özüm haqqında demirdilər ki, Elçin baş nazirin müavini olduğu üçün teatrları monopoliyaya götürüb? Mən belə şeylərə cavab vermirəm. Amma bir dəfə, deyəsən, elə sizin saytda dedim ki, əgər mənim pyeslərim Londonda tamaşaya qoyulursa, İngiltərənin kraliçasına zəng etmişəm? Yaxud, “Şekspir” pyesim Brodveydə tamaşaya qoyulub, ona görə ki, mən Baş nazirin müavini idim? Yaxud da “Cəhənnəm sakinləri”nə İngiltərə bəstəkarinın bəstələdiyi müzikl Londonda, sonra da Seul Opera Teatrında tamaşaya qoyulub, mən hədə-qorxu gəlmişəm, ona görə? O cümlədən də İlyas Əfəndiyev. Elçin vəzifədə olmayanda bəyəm İlyas Əfəndiyevin əsərlərini tamaşaya qoymurdular? Yaxud, indi Elçin vəzifədən çıxıb, qoymayacaqlar? Əksinə, indi daha çox müraciət edirlər.

- Ata söhbətində qaldıq...

- Unikal şəxsiyyət idi. Ata kimi də o cür idi. İllər keçdikcə, o, mənim atam yox, dostum idi. Timuçinlə də elə idi.

- Deyirlər, sərt xasiyyətli imiş. Ondan çəkindiyiniz olub?

- Sərt olduğu qədər də, həssas idi. Çəkinəsi bir şey yox idi. Ortada böyük hörmət və səmimiyyət vardı. Rəhmətə gedəndə mənim 53 yaşım vardı, yanında siqaret çəkmirdim. Halbuki bərk çəkən idim. Çəkingənlik deyildi, ehtiram idi.

- Səhv elədiyinizi düşünsə reaksiyası necə olurdu?

- Narazılığını bildirərdi.

- Acıqlanmaq, sərt təpki göstərmək...

- Nəyəsə acıqlanıb, ancaq sərt təpki? Yox... Belə şey olmayıb aramızda.

Image result for İlyas Əfəndiyev

- Enerjili gənc olmuşusunuz. 60-cılar dövrü... Zaman xeyli fərqli... Heç mübahisəniz düşməyib?

- Düşüb (gülür). 9-cu sinifi bitirəndən sonra çox böyük bir mübahisəmiz düşdü. “Bəşər övladı Həsən” adlı roman yazırdım (gülür). Skandinaviyalı bir yazıçı var, Andersen-Nikse, onun povesti var idi: “Ditte – ditya çeloveçtskoe”. Yəni “Bəşər övladı Ditte”. Məni çox tutmuşdu. Mən də “Bəşər övladı Həsən” adlı roman yazmağa başladım. Bütün günü bununla məşğul idim. Məsələ qaldırdım ki, gecə məktəbinə gedəcəm, gündüzlər romanı yazacam. Böyük mübahisəmiz oldu, axırda razılaşdı.

- Demədimi, 9-cu sinifdə oxuyan uşaq üçün roman bir az ağır olar?

- Yox. Görürdü ki, yazıram. İlk hekayəm 16 yaşımda çap olunmuşdu.

- Romanı yazdınız?

- (Gülür.) Romanı yazdım, indi yəqin arxivimdə durur. 40 nömrəli gecə fəhlə-gənclər məktəbini bitirdim, Moskvada oxumaq istəyirdim, ancaq o, bunu heç istəmirdi, mən də axırda razılaşdım və bizim universitetə qəbul olundum.

- İxtisas seçmək, ali məktəb seçmək... Buda da sərbəstlik vermişdi?

- Burda problem yox idi. Bilirdi ki, filologiyada oxuyacam. Bilirsən, mənim ikili həyatım vardı. Biri məhəllədə uşaqlarla, biri də evdə kitablarla. Ən çox ehtiyat etdiyim şey, məhəllə uşaqlarının kitab oxumağımı bilməsiydi.

- Pis baxırdılar?

- O vaxtlar məhəllə uşaqları üçün kitab oxumaq, bir az gurultulu səslənsə də deyim ki, gündəlik bir tələbat deyildi (gülür). Uşaqlıqdı də... Gecələr də oxuyurdum. Bəzən elə olurdu ki, atam əsəbiləşirdi, gəlib kitabı əlimdən alırdı, deyirdi, oxuma daha, bəsdir, yat. Özü də çox mütaliəli adam idi. Klassik və müasir dünya ədəbiyyatıni dərindən bilirdi. Uşaq vaxtı tez-tez birlikdə kitab mağazalarına gedirdik. Baxırdı, alırdı, mən də özüm üçün kitab seçirdim.

- Kitabxanası böyük idi?

- Böyük idi.

- Sizdə olar indi.

- Məndə də olanı var, Timuçində də.

- Əlinin altında ən çox hansı kitablar olurdu?

- Çox sevdiyi yazıçılar vardı. Bu mövzuda da mübahisələrimiz olurdu. Balzakı çox yüksək qiymətləndirirdi. Əvvəldən axıracan bir neçə dəfə oxumuşdu. Eləcə də Şekspiri və Lev Tolstoyu. Ən çox 19-cu əsr fransız ədəbiyyatı üstündə mübahisəmiz düşürdü. O, Stendalı çox sevirdi, mən isə yox. Mənim çox bəyəndiyim Emil Zolyanı da o qəbul eləmirdi. Bu o demək deyil ki, həmişə kitabdan, ədəbiyyatdan danışırdıq. Ədəbi söhbətlərimiz, hətta ədəbi mübahisələrimiz məqamı gələndə olurdu. Qurtum-qurtum konyak içməyi sevirdi. Oturub bir yerdə eləcə söhbətləşirdik. Onda artıq mən tələbə, aspirant idim.

- Çox ağır həyatı olub. Bu barədə özü də yazıb, başqaları da yazıblar. Amma mənə maraqlıdır, məxsusi sizin üçün nələr danışırdı?

- İlyas Əfəndiyevin xatirələri var. Olduqca maraqlıdır. 80-lərin axırı, 90-ların əvvəllərində yazmışdı. Onu xatirələrini yazmağa mən də həvəsləndirməyə çalışırdım.

- Yaddaşı yaxşı qalmışdı.

- Çox güclü yaddaşı vardı. Vəfat edəndə stolunun üstündə yarımçıq yazısı vardı. Əski əlifbada yazırdı. Yazıçılar İttifaqında usta bir makinaçı vardı, rəhmətlik Sona Sadıqova, üzünü krillə köçürürdü, redaktəni isə atam özü kirillə edirdi. Uzun düzəliş olanda, ya da hansısa hissə əlavə etmək lazım gələndə yenə keçirdi əski əlifbaya. O mürəkkəbli qələmlə yazırdı, mən makinada. Bir dəfə makinanın səsinə işarə edib dedi ki, bu səslə necə yazırsan? Mən də dedim, bəs sən bu səs olmayanda necə yazırsan? (Gülür.) Məndən fərqli olaraq onun ən böyük kabineti evdəki iş otağı idi. Bilirsən ki, partiyanın üzvü deyildi. Axıracan da olmadı. Rəsmi iclasları, idarələri xoşlamazdı. Ən böyük ictimai işi Yazıçılar İttifaqında olub. Onda orda bir sədr vardı, bir də məsul katib. Mehdi Hüseyn sədr seçiləndə, o da, məsul katib seçilmuşdu. 8 ay işlədi, sonra nə illah elədilər işə çıxmadı. Dedi, mənlik deyil. Bundan sonra ümumiyyətlə işləmədi. Evdə oturub yazı-pozu ilə məşğul olurdu. Onun rəsmiyyətlə bağlı işlərini mən görürdüm. Arxiv-zad da saxlayan deyildi. Ağlım kəsməyə başlayandan nələrisə mən topladım və 7 cildliyini çap eləyəndə xeyli köməyimə çatdı.

- Sizin “Ölüm hökmü” romanında 30-cu illərin xofu güclü hiss olunur. Burda uşaqlığı, gəncliyi təqib və təhdid altında keçən İlyas müəllimin danışdıqlarının nə dərəcədə rolu vardı?

- Əlbəttə, nəsil şəcərəmizin tarixinin yəqin ki, təsiri olub. Yeddi uşaq olublar. Dörd qardaş, üç bacı. Böyüyü İlyas Əfəndiyev olub. İkinci qardaşı Mustafa Əfəndiyev məşhur naşir və tərcüməçi idi. “Hacı Murad”, “Mauqli”, “Alisa möcüzələr diyarında” və bir çox başqa əsərləri o, tərcümə edib. Həm də “Azərnəşr”in direktoru idi. İlk azərbaycanlı idi ki, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Ondan sonrakı qardaş yazıçı Tofiq Əfəndiyevdir. “Prokuror” adlı romanı da var, bu yaxınlarda yenidən çap olundu. Yaxşı oçerklər yazırdı. Axıracan yazı-pozu ilə məşğul oldu. Dördüncü qardaşları Arif partiya işçisi idi. Tovuz rayonunun birinci katibi olmuşdu. Böyük bacıları Məhbub müəllimə idi. Ortancıl bacısı Məhluqə xanım şair Çingiz Əlioğlunun anasıdır, 0 da müəllimə idi. Hamısı rəhmətə gedib. Yalnız ən kiçik bacıları Nəzihə xanım indi yaşayır. Məşhur ginekoloqdur.

- Bütün çətinliklərə baxmayaraq, hamısı təhsil alıb. Anaları qoçaq qadın olub...

- İlyas Əfəndiyevin ata tərəfi nəsillikcə ruhani olub. Bizim ən ulu babamız Xoca Əhməd Əfəndi mənim hesablamama görə 17-ci əsrin ortalarında Türkiyədən, İqdır tərəflərdən gəlib. Əfəndiyev familiyası da ordan gəlir, Əfəndi sözündən. Gəlib Qarabağda, indiki Füzulidə – Saracıqda yurd salıb. İlyas Əfəndiyevin atası Məhəmməd nəsilin yeganə nümayəndəsi idi ki, oxuyub ruhani yox, tacir olmuşdu. Böyük uğurlar qazanmışdı. Vaxtı ilə mədəniyyət naziri işləmiş Zakir Bağırovun atası Nəriman bəylə və Cəmil Əlibəyovun atası Ədil bəylə şərik olublar. İranda, Türkiyədə, Rusiyada da parça dükanları var idi. Füzulidə ilk böyük ikimərtəbəli daş evi tacir Məhəmməd tikdirib. Bibim Nəzihə xanım 1933 təvəllüddür. Onun 1 yaşı olanda Məhəmməd rəhmətə gedib. Uşaqların hamısını anaları Bilqeyis xanım saxlayıb. Bəy nəslindən idi. Qarabağda məşhur olan Bayram bəyin qızı idi. Savadlı qadın idi. Həm əski əlifbada, həm latında, həm də kirildə oxuyub-yazırdı. Mənim kitab oxumağımda onun böyük rolu olub.

- İlyas müəllimi atasına görə Pedrqoji İnstitutdan çıxmağa məcbur ediblər. Atam xəstədir adı ilə ərizə yazıb gedib.

- Atası doğrudan xəstə idi. Elə o ərəfələrdə rəhmətə gedib.

- Xiffətdən ölüb?

- Hökumət onun səsini almışdı. Səsi alınan vətəndaşlıq hüququnu itirirdi, yəni qanundan kənar hesab olunurdu. Səni vurub öldürsələr, heç kimi tutmazdılar. Füzulidəki bolşeviklərdən qaçıb Ağdama gəlib. Ailəsi tez-tez yanına gedirmiş. Orda dedilər, guya, zəhərlənib. Amma İlyas Əfəndiyev tam əmin idi ki, atasını zəhərləyiblər. Deyir, gəldim, gördüm, bütün ailəmizi evimizin həyətinə töküblər, anam xırda uşaqlarla çadırın altında qalıb. O illərlə bağlı bir xatirə də danışırdı. Deyirdi, orta məktəbdə Məhəmməd adlı çox yaxın bir dostum vardı, məndən bir sinif qabaqda oxuyurdu. Onunla sözləşdik ki, sovet hökumətindən qaçaq, sübh tezdən Arazı keçib, İrana gedək. Sübh vaxtı vədə yerinə gələndə yenə anam, balaca bacı-qardaşlarım fikrimdən keçdi ki, onları kimə qoyub gedirəm? Dedim, mən getmirəm. Məhəmməd nə qədər elədi, olmadı, axırda özu tək Arazı keçib getdi və bir daha ondan xəbər çıxmadı. Atam həmişə o Məhəmmədi xatırlayırdı. Deyirdi, görəsən başına nə gəldi? Diribaş, savadlı bir gənc idi, yəqin özünə bir gün ağlayıb. Ankarada Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılmış Milli Şura və Azərbaycan Dərnəyi fəaliyyət göstərirdi. Mən “Vətən” Cəmiyyətinin sədri kimi işə başlayanda, 1988-ci ildə, o zaman Ali Sovetin də deputatı idim, Cəmiyyətin nümayəndəliyi kimi Bəxtiyar Vahabzadə və Nurəddin Rzayevlə Türkiyəyə getdik. Mən Milli Şuranın və Dərnəyin rəhbərləri ilə - Məhəmməd Gəngərli, Əhməd Qaraca, Cəmil Ünal və b. - əlaqə yaratdım, onlarla gizlin görüşlər keçirtdik, ilk dəfəAnkarada Rəsulzadənin qəbrini ziyarət elədik, bir sözlə, çox səmimi və etibarlı münasibətimiz yarandı. Sağlıq olsun, bu barədə ətraflı yazacağam. 1989-cu ildə yenidənqurmanın yaratdığı qarışıqlıqdan istifadə edib, M.Gəngərlini, sonra Ə.Qaracanı, C.Ünalı, Y.Daşdələni “Vətən” cəmiyyətinin xətti ilə Azərbaycana dəvət elədim. “KQB” ilə gərgin problemlər yaşasam da səfərlər baş tutdu. Onlardan Məhəmməd haqqında soruşdum. Dedilər, Rəsulzadənin məşhur bir silahdaşı var, Məmməd Aran, qarabağlıdır, 30-cu illərin əvvəllərində qarabağdan İrana, İrandan da Türkiyəyə gəlib. Çox tanınmış həkimdir. İndi xəstəhaldır, amma yaşayır, bəlkə elə odur? Sənə danışdığım əhvalatı olduğu kimi onlara da danışdım. Türkiyəyə gedəndən sonra M.Gəngərli mənə zəng elədi, dedi, elə həmin adamdır, İlyas Əfəndiyevin adını eşidən kimi tanıdı. Mən bu əhvalatı atama danışdım. Götürüb ona bir məktub yazdı. Məktubu növbəti səfərlərin birində özümlə Ankaraya apardım. Amma Məhəmməd Aranla görüşə bilmədim. İstanbulda xəstəxanada yatırdı. Məktubu Əhməd Qaracaya – Dərnəyin nəşr etdiyi “Azərbaycan” dərgisinin redaktoru idi - verdim, xahiş etdim, çatdırsın. Sonralar Əhməd bəy mənə zəng etdi ki, Məmməd Aran məktubu oxuyub, ağlayıb, ancaq cavab verməyə imkanı olmayıb. Danışmağa, yazmağa halı yox imiş. Bir az sonra rəhmətə gedib. Mən bu xəbəri İlyas Əfəndiyevdən gizlətdim. Hər dəfə soruşanda, bir bəhanə gətirirdim: Amerikaya gedib, hələ qayıdıb gəlməyib və s. Sonra deyəsən başa düşmüşdü...

- İlyas Əfəndiyevin xarakterik cizgilərindən biri də həyat yoldaşı rəhmətə gedəndən sonra düz 50 il ailə qurmamasıdır. Ananız necə qadın idi? Kim idi? Harda tanış olmuşdular?

- Bəli, anam çox cavan vəfat edib. Adı Tövsiyyə idi. Ondan sonra İlyas Əfəndiyev evlənmədi. Baxmayaraq ki, çox simpatik adam idi. Çox gözəl də geyinirdi. Müasir zövqü var idi.

- Hə, rəsmiyyəti sevməsə də yaxşı geyinib-kecinən olub...

- Yazıçılar arasında ən yaxşı geyinənlərdən biri, bəlkə də birincisi idi. Ən son dəblə geyinirdi. Özünün xüsusi dərzisi vardı. Əvvəllər Sadıqov idi. Sovtt İttifaqında yeganə dərzi idi ki, Lenin ordeni almışdı. Sonralar Əhməd adlı çox abır-həyalı bir dərzi onun kastyumlarını tikirdii. Oğlu məktəb direktorudur.

- Siz ailə quranda necə, seçiminizə müdaxilə etmədi ki?

- Heç vaxt. Onun prinsipi belə olub: özünüz seçib, evlənməlisiniz. O cür də oldu. Mənim qayınatam da şairdir: Teymur Elçin.

- Eşitdiyim qədər, nəvələrinə çox bağlı olub...

- Hə, çox bağlı idi.

- Bircə oğul nəvəsi vardı: Timuçinin oğlu Yalçın...

- Hə, o vaxt elə idi. O, çox cavan rəhmətə getdi. 29 yaşında.

- Allah rəhmət eləsin. Bilməyənlər üçün deyim ki, Yalçın “Üzeyir ömrü” filmində Üzeyir bəyin uşaqlığına çəkilib.

- Bəli. Yalçının oğlu Cavid indi Londonda magistraturanı bitirdi. Yalçın çox yaraşıqlı, istedadlı uşaq idi, çox perespektli bir rəssam idi. İstanbulda ürək çatışmazlığından dünyasını dəyişdi. Dəhşətli faciə oldu. Yaxşı ki, İlyas Əfəndiyev yox idi onda.

- Balaca İlyas varmı?

- İlyas da var, yanında Əfəndiyevi də (gülür). Bilirsən də, mənim üç qızım var. Günay, Humay, Aysu. Humayın oğlu olanda adını İlyas qoyduq. Ümumi qərara gəldik ki, familini də Əfəndiyev yazdıraq. İndi İngiltərədə York məktəbinin 12-ci sinifində oxuyur.

- Yazmağa münasibəti necədir?

- Dəqiq elmlərə marağı daha çoxdur.

- Qayıdaq İlyas müəllimin yarımçıq qalan əlyazmasına...

- Hə, rəhmətlik Qəndab Quliyeva haqqında idi. Görünür, hansısa redaksiyadansa xahiş etmişdilər. Qəndabın ifasını çox bəyənirdi. Ümumiyyətlə musiqini çox xoşlayırdı, xüsusən də bizim xalq mahnılarımızı. Həmin yarımçıq yazının səhəri günü rəhmətə getdi. O, hər gün tezdən dururdu, üzünü qırxırdı, səhər yeməyini yeyirdi, səliqəli şəkildə geyinib iş stolunun arxasına keçirdi. Səhər yeməyini özü hazırlayırdı. Qurman idi, hətta istəyirdik ki, birlikdə “Əyləncəli kulinariya” kitabı yazaq, hayıf qismət olmadı.

- Yaxın dostları kim idi?

- Ən yaxın dostlarından biri, görkəmli riyaziyyatçı, professor Əmir Həbibzadə idi. 97 yaşında rəhmətə getdi.

- Maraqlıdır, bu layihədə çox övladlardan eyni sualı soruşmuşam, məlum olub ki, yazıçıların ən yaxın dostu yazıçı olmayıb.

- İlyas Əfəndiyev, misal üçün, Mehdi Hüseynlə çox yaxın dost idi. Xüsusi dostluqları Əmir Həbibzadəylə, Soltan Hacıbəyovla, Fikrət Əmirovla olub. Mən ailə qurandan sonra Fikrət müəllimlə daha yaxın olduq, çünki Teymur Elçinlə Fikrət Əmirov dayıoğlu-bibioğlu idilər. Tez-tez gəlib-gedirdilər. Sabirabadlı bir həkim vardı, eyni zamanda yazıçı idi – Əli Ağabəyli, onunla da yaxın dost idilər. Qəribə, maraqjı və savadlı bir adam idi. Əla mütailəsi var idi, əla da şahmat oynayırdı. Azərbaycanda ən gözəl kitabxananı onda görmüşdüm. Yaşlı nəsildən Əli Vəliyevlə də yaxşı münasibətləri vardı.

- Əli Vəliyev həm də onu işə düzəldib...

- Bəli, Bakıya təzə gələndə. Zarafatları da vardı. İmran Qasımovla yaxın idi. Süleyman Rəhimovla, Mir Cəlalla, Məmməd Cəfərlə, Balaş Azəroğlu ilə münasibətləri vardı, hərdən zəngləşirdilər. Bəstəkar Səid Rüztəmovla, Rəsul Rzayla, Məmməd Ariflə, Mikayıl Rzaquluzadəylə, Əziz Mirəhmədovla, Kamal Talıbzadəylə, rəssam Böyükağa Mirzəzadəylə qarşılıqlı hörmətə söykənən münasibətləri var idi. Özündən cavanlardan rəhmətlik Əliağa Kürçaylı, Hüseyin Abbaszadə, İslam Səfərli, Qabil, Salam Qədirzadə ilə yaxşı münasibəti vardı. Çox səmimi olaraq hörmətini saxlayıdılar. Zarafatları var idi. Salam Qədirzadə Hüsü Hacıyevdəki yazıçılar binasının ikinci mərtəbəsində yaşayırdı, İlyas Əfəndiyev üçüncüdə. Bir şənbə atam eyvana çıxır, görür Salam aşağıdadır. Deyir: “Salam, salam.” “Salam, İlyas müəllim.” Atam soruşur: “Ədəbiyyat qəzeti”ndə hekayəm çıxıb, oxumusan?” Salam deyir: “Bəli, İlyas müəllim.” İlyas Əfəndiyev deyir: “Bəs, səhərdən niyə tərifləmirsən?” Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, İsa Hüseynov, Aslan Aslanovla, rejissorlardan Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədovla isti münsibətləri var idi. Mir Mehdi Seyidzadə ilə gözəl münasibətləri var idi. Ona Ağa deyirdilər. Bədahətən şeirlər deyirdi. Bu məşhur deyim də onundur:

Otururam hər cümə,
Eyləyirəm tərcümə.
Bəlkə köməklik edə
Xırda-xuruş xərcimə.

50-60-cı illərdə onlardan sonrakı nəsil hərəsi özünə dəstək üçün simvolik bir “atalıq” seçmişdi. İslam Səfərli də Ağanı özünə “ata” seçmişdi. Deyirdi, atamdı mənim! Ağa da qonaqlığa, restorana onunla gedirdi. Bir dəfə Ağa bizə tək gəldi. Atam zarafatla dedi ki, Ağa, bəs, İslam Səfərli hanı? Ağa (mən ona Ağa əmi deyirdim) gülə-gülə dedi:

İslam Səfərli
Çıxmadı fərli...

Ancaq İslamın xətrini çox istəyirdi. Ağa çox koloritli və pozitiv insan idi.

- Yaşlandıqca üzdən atanıza daha çox oxşayırsınız.

- Gəncliyimdə də oxşadırdılar. İndi hərdən qəfil güzgünün qarşısından keçəndə bir anlıq mənə elə gəlir, İlyas Əfəndiyev baxdı. Baxışının bir dalğası keçir. Bu hissi sözlə ifadə etmək çətindir.

- Son anlarını necə xatırlayırsınız?

- Hələ 1979-cu ildə ciddi narahatlıq keçirmişdi. Qəfil arıqlamışdı, həm də sol tərəfində ağrı hiss edirdi. Bakıda müayinədən keçirdik, birdən-birə xərçəng diaqnozu qoydular. Çox sarsıldıq. Özünə heç nə demədən müayinəni davam etdirdik, hamı eyni sözü dedi. Moskvada məşhur tibb arademiki var idi, Malinovski Nikolay Nikodimoviç, o vaxtdan adları yaddaşıma həkk olunub, onu bir günlük Bakıya gətirdik, müayinə etdi və məsləhət gördü ki, Moskvaya, özü də Kreml xəstəxanasına aparın, tam dəqiqini ancaq orda hərtərəfli yoxlayıb deyə bilərlər. Kreml xəstəxanasına düşmək üçün gərək Mərkəzi Komitənin katibi, aşağısı nazir olaydın. İlyas Əfəndiyev isə nəinki heç yerdə işləmirdi, heç partiyanın üzvü də deyildi. O vaxt Yazıçılar İttifaqının gənc bir katibi idim. İmran Qasımovun hökumət telefonu ilə Heydər Əliyevə zəng vurdum. Köməkçisi Rəfail Allahverdiyevlə danışdım, vəziyyəti dedim. Dedi, bəlkə qəbula gələsən? Getdim. Heydər Əliyevin yanında iclas vardı. Elə qəbul otağındaca oturub ona qısa bir məktub yazdım. Heydər Əliyevin qəbulunda ilk dəfə Yazıçılar İttifaqına katib gedəndə olmuşdum. Ondan sonra müşavirələrdə, tədbirlərdə rastlaşırdıq. Mənə, ümumiyyətlə “60-cılar” nəslinə çox diqqətli idi. Demək istəyirəm ki, ona inanıb getmişdim. Məktubu yazıb qoydum, getdim. İşə çatan kimi dedilər, səni axtarırlar. Yazıçılar İttifaqında gözlədim. Bir müddətdən sonra Heydər Əliyev zəng elədi və ilk sözü də bu oldu: “İlyas Əfəndiyevə nə olub?” Baş verənləri, Malinovskinin məsləhətini telefonda söylədim. Sabahkı gün rəhmətlik Rəfail evə zəng elədi ki, səninlə danışacaq, yerində ol. Bir azdan Heydər Əliyevlə birləşdirdi. Heydər Əliyev dedi ki, Petrovski ilə danışmışam, Çazov gözləyir, İlyas Əfəndiyevi aparın Kreml xəstəxanasına. Akademik Boris Vasilyeviç Petrovski SSRİ Səhiyyə naziri və olduqca nüfuzlu bir dövlət xadimi idi. Heydər Əluyev onunla danışıb, məsələni həll etmişdi. Başa düşürsən də, Şərif, bu, bizim ailə üçün heç vaxt yaddan şçıxmayacaq bir xatirədir. Çazov isə Xüsusi Müalicə Komissiyasının rəisi idi. Atamı Kreml xəstəxanasına apardıq, orda geniş, işıqlı, bütün şəraiti olan bir otaq ayırdılar. Məlum oldu ki, xərçəng deyil, bağırsaqda dolaşıqdır. Üç ay Moskvada qaldıq. Əməliyyatla hər şey düzəldi, amma ömrünün sonunacan pəhriz saxlamalı oldu. Ondan sonra 17 il yaşadı. 1996-cı ilin 1 oktyabrında özünü pis hiss elədi. Ürəyimə heç nə gəlmirdi. Yaşlanmışdı, 82 yaşı vardı, ancaq canlı, təşəbbüskar, həvəsli idi. Ayın 2-si səhər tezdən durub o yazını yazmağa başlamışdı, qələm də mizin üstündə qalmışdı. 2-si axşam yaxşı deyildi. 3-ü səhər tezdən halı lap pisləşdi. Gördük, bizə reaksiya vermir. Şəxsi həkimi Talıbov yenə gəldi. Talıbov hərbi polkovnik idi. Berlində sovet qoşunlarının hərbi qərargahında baş terapevt işləmişdi. İstefaya çıxandan sonra Bakıya gəlmişdi. Talıbov baxdı, çox pis oldu. Onun üzünə baxanda bildim ki, hər şey bitib. Bibim, dedim də, həkimdir, o da ordaydı...

- Nəsə vəsiyyət elədi?

- Heç nə.

- Əvvəldən də nəsə deməmişdi?

- Yox. O, belə şeyləri sevməzdi.

08.04.2019

# 19751 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #