Tünzalə Ağayeva: “Şou-biznes terrordur” MÜSAHİBƏ

Tünzalə Ağayeva: “Şou-biznes terrordur” <span style="color:red;">MÜSAHİBƏ
26 avqust 2014
# 08:30

Kulis.Az Əməkdar artist Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir.

- Tünzalə Ağayeva dedikdə, bir çox sahədə sözünü demiş sənətçi göz önünə gəlir. Əgər başladığı nöqtəyə gəlsə və bir seçim şansı olsaydı, müğənni, bəstəkar, aparıcı, rəssam, müəllimə və s. Tünzalə xanımın seçimi necə olardı?

- Yəqin ki bəstəkar olardım. Çünki uşaqlıq, gənclik illərimdə xəyalımdan müğənni olmaq yox, bəstəkar olmaq keçərdi. Həmişə xoşlamışam musiqi yaratmağı, mahnı bəstələməyi, ümumiyyətlə, musiqinin digər janrlarında böyük əsərlər –simfonik əsərlər, gözəl instrumental əsərlər, prelüdiyalar, romanslar və s. arzulayırdım. Təhsil aldığım və musiqinin içinə daxil olduğum üçün o məni daha da özünə çəkirdi. Düşünürdüm ki, həyatımı bəstəkar olaraq davam edəcəyəm, amma tale başqa qapını açdı, heç də peşman olmadım. Ancaq seçim soruşursunuzsa, bu, bəstəkarlıq olardı.

- Pop, caz musiqi ifaçısı və bəstəkar kimi Tünzalə Ağayevanın ilk 3-lüyündə kimlər dayanır?

- İlk 3-lüyümdə Stiv Vander var. O, həm ifaçı, həm də mükəmməl bəstəkardır. Daha sonra sırf bəstəkar olaraq caz musiqisində və gözəl mahnı janrında ən mükəmməl işləyən Azərbaycanın görkəmli bəstəkarı Rafiq Babayevdir. Onun bir – iki səs yazısı var, təbii ki, o ifaçı deyildi. Necə ki mənim üçün dünyada Stiv Vander var, Azərbaycanda da dünya miqyasında Rafiq Babayev var, ondan örnək götürürəm. Növbəti 3-cü bəstəkar daha çox caz musiqiçilərlə işləyir, özü həm müəllif, həm də ifaçıdır, caz musiqiçisi deyil, amma mükəmməl bəstəkardır, o da Stinqdir. Onun qeyri-adi tərzi, fəlsəfəsi var. Adını çəkdiyim üç insan musiqidə fəlsəfəçidir. Bu üç ad dünya miqyasında çox böyük isimlərdir. İstər amerikalı, istər avropalı, istər uzaq Şərqli insan olsun Rafiq Babayevin əsərlərini eşidəndə o valeh olmaya bilməz və elə də var. Bu gün Rafiq Babayevi tanıyan millətlər, mədəniyyətlər, doğrudan da heyran olurlar ki, Azərbaycanın bir çox dahilərinin içərisində Rafiq Babayev də var. Onlar hamısı fəlsəfədir, orada həyat eşqi, yaradılış fəlsəfəsi var. Musiqi dediyimizdə dar bəstəçilik, dar mahnı janrları nəzərdə tutulmur, o mahnılar hər biri özü-özlüyündə bir kitabdır, bir böyük əsərdir, bir baletdir, operadır, nağıldır, həyatdır, canlı orqanizmdır, mən həmişə buna yönəlmişəm.

- “Avraviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın daimi münsiflərindənsiniz. Yarışma iştirakçılarımızın əksəriyyətini bu gün səhnədə görə bilmirik. Sizcə, səbəb nədir, niyə irəliləyə bilmirlər?

- Onun qlobal səbəbi var. “Avroviziya”nı bu günə kimi çox gözəl şəkildə təmsil edən gənclərimiz, istedadlılarımız nəyə görə bu gün yoxdur? Nə zaman ki bizdə çox böyük və lazımi olan prodüser mərkəzi olmayacaq, bu müğənnilər ortalıqda qalacaq. Kimin ki maddi imkanları və dəstəyi var, o, bir yolla ildə bir dəfə konsert, 3 ildə bir albom, hansısa klip, bəlli şəkildə addımlarla, fəaliyyətlə gündəmdə qalmağa çalışacaq. Amma böyük Üzeyir bəyimizin yaxşı bir sözü var, o söz mənim qulağımda sırğadır: “İstedadlılara kömək edin, istedadsızlar onsuz da özləri bir yolla ortaya çıxacaq”. Doğrudan da istedadlılara dəstək olmaq lazımdır. Əgər iş adamlarımız böyük sərmayələr qoysalar, prodüser mərkəzləri, şirkətləri qurulsa; baxın dünyada “Universal”, “Sony” music şirkəti, MTV özü böyük bir şirkətdir və onun dəstək olduğu nə qədər müğənni, albomlar, turnelər var, bunlar bu şəkildə işləyirlər. Bizdə də belə olmalıdır ki, həm prodüser mərkəzi özü qazansın, həm də müğənni. Yəni, burada heç nə batmır. Bu, sadə bir biznesdir, sadəcə şou-biznesdir. Ona görə biz bu gün onları səhnədə görə bilmirik. Görürük, deyirlər filankəslər mənə mahnı hazırlayır, filan bəstəkar mənə hədiyyə etdi. Əksər uşaqlar məndən mahnı istəyirlər, mən də bir azərbaycanlı kimi, onlara dəstək olmaq istəyən bir insan kimi onlara əl uzatmağa hazıram və söz də vermişəm, amma bu iş belə getmir ki. Mən hədiyyə verim, sən əlindən tut, bir az dost filan, həqiqətən şou-biznes olmalıdır ki, hər kəsin marağı olsun. Axı maraq üstündə qurulmasa, bu iş yürüməz...

- Son illər müsabiqə ölkəmizdə əvvəlki qədər maraqla qarşılanmır, səbəb nədir? Performans yetərsizliyi var, mahnı seçimində problem var yoxsa ifaçılarda?

- İfaçılarda da problem yoxdur, mahnılarda da. Bu gün “Avroviziya” təəssüf olsun ki, taktikasını çox pis yerə dəyişib. Ona görə də ölkələr nə edir? Ölkələr görür ki, əziyyət çəkdiyi, çıxartdığı istedad, səs, gözəl mahnı o qədər də diqqət cəlb etmir. Çünki fikir verin nəyə səs verirlər. Təəssüf olsun ki, bu gün açıq-saçıqlığa, əxlaq normativlərindən, insana yaraşacaq normativlərdən, etikadan, estetikadan uzaq hallara səs verirlər. Axırıncı “Avroviziya” ümumiyyətlə, hər şeyi vurdu, çıxdı. Çox eybəcərliklər baş verdi. Baxmayaraq ki, məni də bəlkə kimsə mühafizəkar hesab edər, amma mən hesab edirəm ki, hər bir işdə-istər beynəlxalq müsabiqə olsun, hər bir layihədə söhbət mədəniyyətdən, incəsənətdən gedirsə, orada dəyərlərdən söhbət getməlidir. Mən demirəm, o folklor, ya klassik müsabiqədir, o pop, şou tv istiqamətli müsabiqədir, orada hər şey əyləncə xarakteri daşıyır. Amma söhbət mahnı müsabiqəsindən gedirsə, bəli illər vardı, insanlar məhz mahnıları dinləyirdilər, gözəl mahnı, gözəl ifaçı, amma indi taktika dəyişib. Kimi cinsini dəyişməklə ortaya çıxır, kimi pornoqrafiya ilə, kimi əcayib, qəribə mesajlar, insanlara yaraşmayan və gənclərimizin beyinlərini xarab edəcək zəhər buraxır. Mən həmişə deyirəm, dünyada müxtəlif terrorlar var, bunlardan biri də şou-biznesdir. O səsi ki mən yaxşı şeylərə sərf etmədim, o, terror olur, gənclərdə şüuraltı terror baş verir, hamı ona oxşamaq, o adam kimi olmaq istəyir.

“Avroviziya”nın taktikası dəyişməyə başladığına görə, mən artıq arzulamaram ki, bizim ölkəmiz iştirak etsin. O “Avroviziya” ki artıq dəyərini itirib, mahnıdan uzaq düşüb, heç mahnını güdmür, bilmirsən ölkələr kim nəyə, niyə səs verir, artıq səs, mahnı, müğənni kənarda qalıb, bilmirsən orada nə axtarılır, nə araşdırılır, müsabiqə hara istiqamətlənir, hara gedir. Necə ki Türkiyə artıq ikinci ildir ki, deyir mən istəmirəm. Məncə, biz də o etirazı etsək, bəlkə onlara şapalaq olar, düşünərlər ki, ölkələr niyə yavaş-yavaş bizdən ayrılırlar. Bu, zarafat deyil, 57 yaşında müsabiqədir, bir ömürdür. Taktika və siyasət dəyişib. Siyasət də bilirsiniz qonşu-qonşuya səs verir, amma son illərdə ifrat dərəcəyə çıxıb.

- Azərbaycan sənətini və sənətçisini Türkiyədə tanıtmaq məqsədi ilə TRT Müzik kanalında “Bir səsin cazibəsi” layihəsini həyata keçirdiniz. Məqsədinizə çatdınızmı?

- Düzü, başqa ölkədə hansısa məqsəd güdmək ağlımda olmayıb. Bu bir qismət, gözəl, xoş bir təsadüf idi ki, Türkiyənin TRT Müzik kanalı mənə “Bir səsin cazibəsi” layihəsini təklif etdi. Mən də uzun-uzun düşündükdən sonra razılıq verdim və 6 ay həm aparıcı, həm də müğənni qismində çıxış etdim. Orada öz bəstələrimi oxuyurdum, Azərbaycanın Türkiyədə tanınan mahnılarını oxuyurdum, bəstəkarların, müəlliflərin adlarını çəkirdim.

Baxmayaraq ki, Türkiyə yaxın, qardaş ölkədir, amma bizim haqqımızda az bilirlər, eləcə də dünya əsərləri, Türkiyənin özünün sevdiyi nostalji əsərlər ifa edirdim. Ümumiyyətlə, orada istiqamətim nostalji idi, müasir pop musiqisi oxumurdum. Təklifi məmnuniyyətlə qəbul edib, getdim və gözəl də layihə alındı. Məqsədimiz o idi ki, layihə təklif ediləndə düşündüm ki, niyə də olmasın? Çıxım, əsərlərimiz səslənsin, bəstəkarlarımızın adı çəkilsin, özümüzdən danışaq. Düzdür, orda format elə idi ki, mən çox söhbət edə bilmirdim, baxmayaraq ki, qonaqlarım olurdu. Çox qısa dialoqlar və bol musiqi istəyirdilər, çünki kanal başdan-ayağa musiqi kanalı idi, daim canlı konsertlər, açıq hava, studio konsertləri və s. verilirdi. Türkiyənin böyük əksəriyyəti TRT Müzik kanalını izləyir.

Nəticə etibarı o olurdu ki, çöldə insanlar səni tanıyır. Ən xoş məqamlardan biri bu idi ki, deməli, insanlar sənin proqramını izləyirlər, çəkilişlərə gəlirdilər. Mənim verlişimin pavilyonu bir konsert zalı kimi 300 nəfərdən artıq tamaşaçı tuturdu.

- İzləyici coşğusu necə idi, Azərbaycan izləyicisi ilə fərqli cəhətləri hansılardır?

- Bilirsiniz, nədə fərq var? Mənim də uşaqlıq illərim Sovet rejimində keçib, belə deyək, bir az Sovet vaxtı görmüş nəsiləm, artıq bu günün, bu Azərbaycanın vətəndaşıyam. Bizim məndən də yaşlı nəslin tərbiyəsi, sənətçilərə münasibət, konsertlərdəki davranış bizdə fərqlidir. Mən səhnəyə çıxıram, gənclər özlərini başqa cür aparırlar, orta və yaşlı nəsil isə başqa. Biz hər zaman çəkinmişik, ehtiyatlanmışıq, hesab etmişik ki, hər şey yerində olsun, uzaqbaşı əl çalım. Amma Türkiyə elə həyat tərzi görməyib. Türkiyə ilk müğənnisindən bu günə kimi hər zaman kompleksiz, açıq, sıxıntısız olub, gərgin olmayıb, istəyib, durub zalda oynayıb. O vaxt belə şey yox idi. Kim ki o dövrü görüb, elə tərbiyə alıb, o konsertlərdə olub, istər-istəməz təsir edir. Amma indiki gənclər yox, artıq 15-25 yaş və s. bu kateqoriya elə deyil. Onu demək istəyirəm ki, Türkiyə tamaşaçısı həmişə necə olub, elədir, onlar çox coşğuludurlar. Amma bizdə artıq 2 yerə bölünür: bu günkü nəsil bəli, hardasa bənzərlik var, yaşlı nəsil isə hətta küçə ilə gedərkən də çox çəkinir, ehtiyatlanır, dərhal yaxınlaşmırlar. Xoşum gəlmir “fanat” sözündən, məncə, pərəstişkar dediyin tamaşaçı kompleksiz olmalıdır, öz sənətçisi üçün bütün coşqusunu göstərməlidir.

- Layihənin davamı olacaqmı?

- Layihə davam edir, amma bir neçə beynəlxalq layihə var ki orada iştirak edəcəyəm, amma TRT ilə yeni sezona başlamağım bir az uzun çəkəcək, yəqin ki tezliklə razılıq verməyəcəyəm.

- Bir neçə sənətçimiz Türkiyə şou-biznesinə üz tutdu. Ümumi götürsək, Azərbaycan sənətçiləri Türkiyədə nə dərəcədə tanınır?

- Mən həmişə deyirəm, heç kim - elə içi Tünzalə qarışıq, öz ölkəsindən qalxıb başqa ölkəyə gedib, birdən-birə məşhur ola bilməz. Ona illər lazımdır, görək hələ illər nə göstərəcək. Çox örnəklər var, söhbət böyük ölkələrdən gedir, baxırsan ki, məsələn, Rusiyada Valeriya neçə illər İngiltərədə tanınmağa çalışdı, amma bu gün çıxın, gedin ingilislərdən soruşun, Valeriyanı tanıyırlar? Həmçinin, də Dima Bilan. Onlar sırf həmin ölkənin tamaşaçısı üçün tanınmaq istədilər. İki örnək göstərim, bu gün bizim ustadımız Alim Qasımov Yaponiyada, Fransada tanınır. Söhbət həqiqi sənətdən, mədəniyyətdən gedirsə, xalqa məxsus olan irs, muğamlar, folklor, Üzeyir bəyin qurduğu məktəb, konservatoriya və yaratdığı, inkişaf etdirdiyi klassik musiqi ənənələrimiz, operalarımız, baletlərimiz, operettalarımız, əlbəttə, dünyada məşhurdur. Bu gün Azərbaycan tək nefti ilə yox, məhz mədəniyyəti ilə tanınır. “Arşın mal alan”, “Yeddi gözəl”, “Min bir gecə” ni tanıyırlar, eləcə də Alim Qasımovu, digər muğam ustalarımızı, klassik musiqimizi, ifaçılarımızı tanıyırlar. Məsələn, Samir Cəfərov gözəl vokal solistimizdir, o, İtaliyada, La Skalada çıxış edib və s. bu kimi istiqamətlər dünyanın marağındadır. Amma şou-biznes çox spesifik, kommersiya xarakteri daşıyır. Məsələn, bir müğənni var, imkanlıdır, prodakşn ona pul yatırır və ya özü-özünə pul yatırır, düşünürlər ki, Türkiyədə və ya bir az yaxın, qonşu ölkədə tanına bilərik. Heç kim o haqqı onların əlindən almır, gedib yoxlaya, o yolu keçə bilərlər. Amma ortada bir kreativlik, təqdim olunan məmulat nədirsə, müğənni, səs, repertuar, mahnı o ölkənin damarına girməlidir, bu çox vacib məsələdir. O da əgər söhbət 75 milyonluq Türkiyədən gedirsə, çox istedadlısansa, Türkiyənin 100 fərqli KİV-in 10-u belə yazarsa, bu, artıq sənin uğurundur. Səni bir neçə kanal göstərərsə, haqqında danışarlarsa o da bir uğurdur, amma o demək deyil ki, hazırda səni bütün ölkə gördü. Bu, zaman məsələsidir. Sən doğurdan da istedadlı, kreativsənsə, müğənni, bəstəkar kimi o ölkədə olmayan şeyi oxuyub, təqdim edəcəksənsə, imic, səs, repertuar barəsində həmin ölkədə 100 müğənni var, sən o 100 müğənni içində batmayacaqsansa, sıraya girə bilirsənsə, bax o zaman sənin işin uğurlu sayılır. Yenə də zaman, əzmkarlıq və ortada istedad olmalıdır.

Mütləq istedad olmalıdır, fundament yoxdursa, istəyirsən dünyanın pulunu tök, istəyirsən dünyanın ən yaxşı prodüseri ilə işlə, necə ki “Gangnam Style”. Mən o koreyalı oğlan haqqında oxudum, o musiqini mən heç qəbul edə bilmərəm, ona musiqi deyə bilmərəm, o bir terrordur. Amma mən eşidəndə ki, bu adam neçə universitet bitirib, elmi işçidir, dəhşətə gəlmişdim. Baxın, görün özünü necə məşhur etdi, amma baxın, o istedaddırmı? O bir kommersiya idi, bunun davamı yoxdur.

Alim Qasımovu həmişə istəyəcəklər, Yaponiya da onu çağıracaq, Fransada, İngiltərədə, Amerikada. O, İngiltərənin ən məşhur salonunda konsert verib: Stinqin, Beyonsun çıxış etdiyi səhnələrdə olub. Bu, çox böyük nailiyyətdir. 1 il yarım əvvəl mən Yunanıstanda 2 böyük şəhərdə - Saloniki və Ksantiçdə konsert verdim. Mənim tamaşaçılarım yunanlılar idi, orada elə bir piar getmişdi ki, Azərbaycan sənətçisi gələcək. Azərbaycanda orada bəlli bir şəkildə tanınır, bəlli bir şəkildə tanınmır. Mən getdim və yunanlılar bizi səhnədən buraxmırdılar, avtoqraf alırdılar, şəkil çəkdirirdilər, artıq məni internetdə izləyirlər. Mən demirəm ki, yüzlərlə, bilirəm ki, artıq Yunanıstan da 3-5 tamaşaçım varsa, o mənim üçün uğurdur. Məsələni belə qoymaq ki, niyə müğənni getdi, Türkiyədə məşhur olmadı. Nəticəni zaman göstərəcək.

Müğənni tək başına fəaliyyətdə ola bilməz, onun qlobal səbəbləri var ki, bu gün müğənni belə addım ata bilər, amma niyə atmır, ona mane olan nədir? Məsələn, Azərbaycanda “Universal” şirkəti, MTV marağı olsa ki bu ölkənin müğənnilərini təbliğ edim, sizi inandırım ki, bir günün içində Tünzaləni və kimlərisə dünya tanıyar. Çünki “Universal”ın əli ilə olacaq. Bizim hələ o körpümüz yoxdur. Tünzalə burdan bar-bar bağırsın, onu uzaqbaşı qonşu eşidəcək, o tərəf eşitməyək axı, amma “Universal”ın bir zəngi, xəbəri ilə, bütün dünyada onun 50-i ofisi, kanalı eşidəcək. Məsələ düzgün əllərə düşməkdir. Türkiyənin o şansı var, məsələn, Sertap Erener, Tarkan.

- Tarkan televiziya proqramlarına çıxmır, ola bilərmi ona görə çox sevilir...

- Tarkan formatı bunu sübut etdi ki, istənilən ölkədə, istənilən müğənni tanına bilər. Çünki onun yaşadığı ölkə bu sistemi artıq illərdir qurub. Türkiyədə Tarkan təkbaşına çıxış etmədi, onu da şirkət tanıtdı. Televiziya proqramlarına çıxmaması onun strategiyasıdır. Onun götürdüyü masştab bilirsiniz nəyə oxşayır? Onun masştabı Maykl Cekson fonunda çox kiçikdir, amma o strategiya ilə gedir. Mayklın vaxtilə Amerika televiziyasının hansısa bir kanalında məşhur, ölkənin tanıdığı gecə şousunda çıxması belə sanki bir şou, konsert, ölkənin qlobal hadisəsi idi. Bilirsiniz, Tarkan özünü o yerə çıxartmaq istəyir. Onun hər bir çıxışı flaşdır. Şou-biznesin əsas qanunları da budur ki, ulduz parlamalıdır və dərhal itməlidir, onu axtarmalıdırlar, onun üçün o, ulduz həyatı yaşamalıdır. Dünyada elə müğənnilər var ki, məsələn, Şadenin evini tanıya bilməzsən. Hamı deyir ki, o, Londonda yaşayır, amma heç kim onun olduğu nə küçəni, nə yeri bilmirlər. Məsələn, Fransada Milen Farmer var, o, Şadenin dırnağı da deyil, imkanları o qədər bəsit, sadə, primitivdir, amma bir prodakşnın, prodüsserin qurduğu bir imicdir. Bir balaca, “ciyilti”li səsi var, amma o, səhnəyə çıxanda insanlar dəli olurlar. Milen Farmer mütləq göydən uçmalıdır, səhnəyə sadə çıxa bilməz. Bunların hamısı bir-birinə bağlı, imic yaradan detallardır ki, səhnəyə necə çıxsın. Görmüsünüz ki, Tarkan səhnəyə mikrofonla çıxsın? Mütləq bir hadisə olmalıdır. Bİz hələ gəlib, o yerə çıxmamışıq. Tarkan özünü Türkiyədə heç bir müğənni ilə müqayisə etmək istəmir, skandallara getmir, çünki ehtiyacı yoxdur. Onun karyerası elə qurulub ki, Tarkan sözü artıq bütün diqqəti özünə yığmalıdır. Bəlkə də o strategiyanı tutmasaydı, Demet Akalın və ya başqa müğənni olsaydı, o məcbur idi televiziyaya çıxmağa, yoxsa itib-batardı. Tarkan Türkiyənin Maykl formatını özündə reallaşdırmağa çalışır. Üstəlik də niyə buna iddialıdır, çünki vaxtilə onun piarı elə getdi ki, onu Latın Amerikası tanıyır, Braziliyada dəhşət sevilir, Avropada, İspaniyada, Portuqaliya, Argentinada sevirlər, sadəcə baxmaq lazımdır ölkənin hansı toplumu çox, hansı az.

- Azərbaycan sənətçilərindən izlədiyiniz, təqdir edərək dinlədiyiniz, sənətinin haqqını verdiyini düşündüyünüz kimlər var?

- Oooo, ad çəkməkdən elə qorxuram ki, kimlərsə yaddan çıxar. İnanın ki, Azərbaycan sənətində sevdiyim insanların sayı az deyil. Məsələn, muğamda ayrıca sevdiklərim var, klassik musiqidə ayrı, pop musiqidə ayrı. Muğam mənim üçün daha çoxluq təşkil edir, klassik musiqidə yetərincə sevdiklərim var həm yaşlı nəsil, həm də bu günün nümayəndələrindən, pop musiqidə isə bəlli sayda, ən az dinlədiyim, amma təqdir etdiyim, istedadlı, kreativ saydığım, yeniliklər gətirdiyini düşündüyüm bəlli sayda kişi və qadın müğənnilər var ki, onların uğuruna sevinirəm, fəaliyyətlərini çox maraqla izləyirəm. Bütün həmkarlarım məni ad çəkmədiyim üçün bağışlasın, çünki müsahibə elə şeydir ki, bunu cəmiyyət oxuyur, həmkarlarım oxuyur, sadəcə ona görə ehtiyatlanıram ki, bir sevdiyimin adını çəkərəm, digərini avtomatik şəkildə unudaram, o xətanı etmək istəmirəm. Onun tərəfdarı deyiləm ki, bizdə heç nə alınmır, biz oxuya bilmirik. Gəlin, özümüzü qiymətləndirək, bir-birimizi qınamayaq, əvvəla, hamımız insanıq. Hamını buna çağırıram, tamaşaçılarımızı da, həmkarlarımızı da.

Guya bu gün Freddi Merkyurinin, Maykl Ceksonun, Beyonsun, Ledi Qaqanın, bəyəm bu gün təqdir edilən, milyonlarla pərəstiş edilən ulduzların xətası yoxdurmu? Onlar insan deyillərmi? Onlar xətalarını elə açıq-açıqda çıxarır, təbliğ edirlər. Bu gün Snup Doq ilə Ceysın duet oxuyurlar, duetlərinin məğzi başdan-ayağa söyüşdür. O, dəb halına çevrilir, dəb sayılır, o tendensiya trend sayılır, onu heç kim qınamır, bizim hansısa ifaçımız bədbəxt nəsə deyəndə millət yığışır onun üstünə. Belə olmaz, gəlin insanlara belə yanaşmayaq, əksinə mətbuat da istedadlının yanında olsun, həmkarlar da, tamaşaçısı da. Bilirsiniz, bu gün prodüsser mərkəzlərinin olmaması nəyə imkan yaradır? İstedadsızlar ortadadır, meydan oxuyurlar, at oynadırlar, amma istedadlılar qalır, çünki onların dəstəyi yoxdur. Prodüsser mərkəzləri olsa, o səsi xalq da eşidər, dövlətimiz də bilər. Dünyaya baxaq, sevək, amma özümüzdən başlayaq.

Mən iş adamlarımıza üz tuturam ki, sənətkarlarımıza, sənət adamlarımıza, istedadlılarımıza dəstək olmaq lazımdır. Prodüsser mərkəzləri nə vaxtsa olmalıdır, buna ehtiyac var. Telekanallarımız çoxalsın, televiziya akademiyamız olsun, aparıcılığımız inkişaf etsin, operator mərkəzlərimiz inkişaf etsin, işıqçılarımız olsun, səs operatorlarımız olsun. Mən Tünzalə Ağayeva bundan əziyyət çəkən müğənniyəm. Mən burdan səslənirəm, konsertlərimdə yaxşı işıq, səs istəyirəm. Bəli bu gün mən canımdan, qanımdan keçir, o adamları nə çətinliklə tapır, yanıma gətizdirirəm, amma bu, belə olmalı deyil. Günorta şam işığı ilə adam axtarmamalıyam, bu, hazır sahələrdir. Bunlar olmadan müğənnidən yüksək keyfiyyət, dünyada tanınmağını gözləmək doğru deyil. Orkestrımız olmalıdır, caz, pop, estrada orkestrımız yoxdur. Sağ olsun dostlar, uzun illərdir tanıdığımız musiqiçilərimiz ki, dostluq atmosferində çalışırıq, layihələrimizi reallaşdıra bilirik, amma orkestrimız yoxdur.

- Son dövrlərdə cəbhə xəttində atəşkəsin pozulması və ordumuzun şəhid verməsi məsələsinə siz də biganə qalmadınız. “Qarabağın səsi” layihəsi necə ərsəyə gəldi?

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir tərəfdən deyirik ki, “Vətən, başın sağ olun”, çünki ortada övladlar getdi, qan töküldü, gələcəyini qura bilməyən gənclərin həyatı yarımçıq qaldı. Amma bir tərəfdən, hətta Çanaqqala türküsünün sözləri yadıma düşdü ki, “Ölmədən məni məzara gömdülər, nişanlıydım, nişanlımı görmədən məni məzara gömdülər”. Çanaqqala türküsünü bütün türk dünyası bilir. Əlbəttə, o taleyi bizim xalq da yaşadı, yaşayır və təəssüflər olsun ki yaşamaqdadır.

Bir tərəfdən də başımız qürurludur, çünki torpaq uğrunda ölən varsa vətəndir! Bir gözümüz ağlayanda, bir gözümüz də qürurlanır. Xalqımız fədakar övladlar yetişdirir, torpaq uğrunda canından keçəcək xalqdır. Maraqlıdır ki, bu hadisələrdən bir az öncə şair dostumuz Cəlal Qurbanov belə bir təklif etdi ki, “Asan xidmət” in könüllüləri tərəfindən bir təşəbbüs var, bu şeirə sənin mahnı yazmağını və oxumağını istəyirlər, necə baxırsan. Bilirsiniz, bəli bu məsələlər hamısı bir-birinin üstünə gəldi.

Ümumilikdə fikirləşəndə biz Qarabağı bir gün də olsun unutmuşuqmu? Bu məsələ bizim hansısa ikinci plana keçə bilərmi? 20 ildən çoxdur ki, bizim istəyimiz, arzumuz bu problemin həll olunması, savaşın dayandırılması, qan tökülməməsidir, insanlarımızın öz torpaqlarına qaytarılmasıdır, torpaqlarımızın işğaldan azad olunmasıdır. Hər hansı bir bəstəkar, şair, yazıçı, rəssam, ifaçının yaradıcılığında bu mövzu aktual olmalıdır. Baxmayaraq ki, mənim vətənpərvər mahnım çoxdur – “Mən Azərbaycanlıyam”, milli qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyimiz “Şəhidim”, “Biz gəlirik”, vaxtilə oxuduğum “İgidlər”, “Bizim zaman”, “Vətən” bayatıları, “Şuşa” hansı ki, mənim yaradıcılığımda “Qarabağ” mövzusu “Şuşa”dan başlayıb, o mahnını bu gün də məndən istəyirlər, çünki insanlar sanki bu mahnılarla o həsrəti doldururlar. Bu belə olmamalıdır, bizim həsrət illərlə davam edə bilməz, bunun bir sonu olmalıdır, amma musiqidə təbliğ olunmalıdır.

Bu məni təəccübləndirmədi ki, bu layihə hansısa mövzu ilə gəlib üst-üstə düşdü. Sadəcə mən də bir musiqiçi, bir vətəndaş kimi yenidən mövqe göstərmiş oldum. Cəlal Qurbanov başda olmaqla, “Asan xidmət” könüllülərinə təşəkkür edirəm ki, bəstəkar və ifaçı kimi məni seçdilər. Yəni mən hesab edirəm ki, bu, normal, təbii bir şeydir və mən bunu etməliydim. Sadəcə doğurdan da bu hadisələrlə üst-üstə gəldi və həmin an mən Bakıda deyildim, bilirdim ki, radiostansiyalar verir, insanlar eşidir. Mən bir mahnı ilə bir daha insanları düşündürə bilirəmsə, döyüşə çağıra bilirəmsə və mesajların içində xırda bir mesaj varsa ki o da Tünzalənin mahnısıdır, bu məni bir vətəndaş kimi çox rahat edir, sevindirir, az da olsa mənəvi borcumu yerinə yetirmiş oluram.

Sevinc Xanqızı

Ardı var...

# 6337 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #