Şair və rəssamın savaşı: “İosif Stalin və Adolf Hitler” ARAŞDIRMA

Şair və rəssamın savaşı: “İosif Stalin və Adolf Hitler”  ARAŞDIRMA
21 may 2014
# 11:01

Kulis.Az professor Asif Hacılının “Şair və rəssamın savaşı: “İosif Stalin və Adolf Hitler”” məqaləsini təqdim edir.

Tarixdə şəxsiyyətlərin rolu böyükdür – fitri keyfiyyətləri ilə seçilən fərdlər hadisələrin gedişatını dəyişir, millətin və bəzən bəşəriyyətin taleyinə köklü təsir göstərirlər. İosif Stalin və Adolf Hitler XX əsrin tarixində dərin şırımlar açmış belə şəxslərdəndir. Tarixin yaddaşında diktator, despot, milyonların qətlinə səbəb olmuş əzazil hökmdar kimi qalmış bu iki şəxsin fərqli və oxşar cəhətləri, psixoloji, intellektual xüsusiyyətləri haqqında çox yazılıb, çox deyilib. Onların bəşəri cinayətləri faş olunub, bəzilərinin nəticələri aradan qaldırılıb, bəziləri isə hələ də qalmaqdadır.

Lakin acınacaqlı hal budur ki, insanlığa qarşı müdhiş cinayətlərinə, törətdikləri soyqırımlarına baxmayaraq, müxtəlif ölkələrdə onların pərəstişkarları bu gün də var. Hətta totalitarizm və faşizmin əsas hədəflərindən olmuş, milyonlarla insan qurbanı vermiş bəzi ölkələrdə belə Stalinin və Hitlerin ideyalarını öz məramları kimi qəbul edən nasional-sosialist və neofaşist qrupları mövcuddur.

Bu təzad göstərir ki, faşizmin yenidən təkrarlanması təhlükəsi və onun önlənməsi zərurəti hələ də qalmaqdadır. Bu baxımdan, keçən yüzildə nəhəng impeiralist rejimlər qurmuş, daim rəqabətdə və mücadilədə olmuş iki məşum diktatorun – İosif Stalin və Adolf Hitler şəxsiyyətinin müxtəlif aspektlərinin aydınlaşdırılması aktual olaraq qalır.

Maraqlıdır ki, bir-birilə ölüm-dirim savaşı aparmış bu diktatorları bir çox oxşar məfkurəvi, siyasi, psixoloji cizgilərlə bərabər sənətə – Stalinin poeziyaya, Hitlerin rəssamlığa bağlılıqları birləşdirir.

Stalin də, Hitler də hələ yeniyetməlik dövründən bədii yaradıcılığa meyl göstərmişlər. İosif Cuqaşvilinin ilk mətbu əsərləri Tiflis ruhani seminariyasında oxuduğu dövrdə meydana çıxmışdır. On altı yaşlı bu gəncin şeirləri məşhur gürcü şairi və ictimai xadimi İlya Çavçavadzenin diqqətini cəlb etmiş, şeirlərin beşi Çavçavadzenin naşiri olduğu “İveriya” qəzetinin 1895-ci il iyun-dekabr saylarında, biri isə 1896-cı ildə “Kvali” qəzetində dərc olunmuşdur. Bu şeirlər gürcü ədəbi-mədəni mühitində maraq doğurmuşdur – R.Eristaviyə həsr etdiyi şeir 1899-cu ildə Eristavinin yubiley məcmuəsinə, 1895-ci ildə “İveriya” qəzetində çıxmış “Səhər” (“Dila”) adlı ilk mətbu şeiri (Soselo imzasıyla) isə 1901 və 1907-ci illərdə maarifçi M.Kelenceridzenin dərc etdiyi gürcü ədəbiyyatının ən yaxşı nümunələrindən ibarət müntəxəbatlara daxil edilmişdir. Stalinin şeirlərini Yakob Qoqebaşvili 1912-ci ildə ibtidai siniflər üçün ”Ana dili” (“Deda ena”) dərsliyinə salmışdır.

Gənc İosifinin vətən, həyat haqqında düşüncələrini, şairin cəmiyyətdə yeri, həmvətənlərinin iztirabları və xalqa xeyir gətirən insanların faciəsi, qədirbilməzlik, qocalıq və həyat eşqi barədə duyğu və fikirlərini əks etdirən romantik ruhlu şeirləri klassik Şərq ənənələrinə əsaslanan gürcü poeziyasının milli xüsusiyyətlərinə uyğundur. Bu əsərlərdə rəmzlər, romantik duyğular, mistika elementləri üstünlük təşkil edir. Müəllifin fərdiliyi isə ləngərlik, obrazların bütövlüyü, nitqin ahəngi, lirik qəhrəmanın fikirlərinin qətiliyi kimi xüsusiyyətlərdə aşkarlanır. Bütün bunları Stalində artıq gənc yaşlarından formalaşmaqda olan qətiyyət və özünəinamın bəlirtiləri kimi anlamaq olar. Bu kimi cəhətlərin əks olunduğu “Səhər” (“Dila”) şeiri orijinalda, yəni gürcü dilində belə səslənir:

Dila

Vards qaepurçxna kokori,

Qadaxveoda iasa,

Zambaxsats qaqvidzeboda

Da tavs uxrida niavsa.

Torola maqla qrubelşi

Skrial-skrialit qalobda,

Bulbulis qaxarebuli

Nazis xmit amas ambobda:

“Axkvavdi, turpa kvekanav,

İlxine, ivert mxareo,

Da şents, kartvelo, stsavlita

Samşoblo qaaxareo”.

Sətri tərcüməsi: Səhər. Qızılgül açılıb bənövşəni qucub, zambaq da oyanıb və boynunu mehə əyib. Buludlarda torağay ucadan oxuyur, bülbül sevinclə zərif səslə deyir: “çiçəklən, əziz yurdum, sevin-nəşələn, İver diyarı, sənsə, gürcü, təhsilinlə sevindir vətəni”.

Şərq üslubunda yazılmış bu şeirin dərc olunduğu Yakob Qoqebaşvilinin ”Ana dili” dərsliyindən aşağıdakı səhifə də oriental biçimdədir.


Uzun illər dünyanın ən nəhəng imperiyalarından birini idarə etmş Stalinin daxili aləmini anlamaq baxımından onun 15-16 yaşı olarkən yazdığı, 1895-ci ildə dərc olunmuş “Peyğəmbər” şeiri xüsusi maraq kəsb edir. Romantizm ənənələrinə uyğun məzmun – insanlara haqq-ədalət gətirmək istəyən, lakin onlar tərəfindən rədd edilmiş peyğəmbər mövzusunu ifadə edən bu şeir milli koloriti və müəllif mövqeyinin fərdiliyi ilə seçilir. Peyğəmbər ev-ev gəzir, pandurisində çalaraq nəğmə oxuyur, nəğmələrindən günəş işığı tək ali həqiqət, ülvi arzular yayılır, daş qəlbləri oyatmağa, zülmətə qərq olmuş şüurları ayıltmağa çalışır. Ancaq şöhrət əvəzinə yurddaşları ona zəhər dolu badə verib – “iç, məlun, axıradək iç, sənin nəğmən də bizə yaddır, həqiqətin də bizə gərək deyil” söyləyirlər. Bu şeirdə müəllifin mövqeyi peyğəmbər və kütlə arasında təzadı xüsusi vurğulayaraq mütləqləşdirməsində ifadə olunur. Bu mövqe – sonralar “xalqların atası”na çevrilmiş Stalinin bütün həyatı boyu yaxın ətrafına və topluma şübhə ilə yanaşmasında təzahür etmişdir (Stalinə aid edilən aforizm bu mövqeyi yaxşı ifadə edir: “Sağlam inamsızlıq – müştərək iş üçün yaxşı zəmindir”).

Stalinin şeirlərini, müəyyən bədii qüsurlarına baxmayaraq, bir çox tədqiqatçılar məzmunca maraqlı, bədiiyyatına görə dəyərli mətnlər kimi qiymətləndirir və onun belə gənc yaşlarında “Peyğəmbər”, “Knyaz Rafael Eristaviyə”, “Aya”, “Səhər” və sair kimi şeirlər yazmasını bədii istedadı və savadı ilə izah edirlər. Bir çoxları Stalinin poeziyadan uzaqlaşmasaydı, əsl şair olacağını söyləyir. Stalinin sonralar şeir yazıb-yazmaması barədə dəqiq məlumat olmasa da, daim poeziyaya maraq göstərməsi və ədəbi prosesi izləməsi məlumdur. Belə bir maraqlı fakt da qeyd olunur ki, Stalin “Pələng dərisi geymiş pəhləvan”ın tərcüməçisi, əvvəl həbs etdirdiyi, sonra isə məhz bu tərcüməni tamamlamaqdan ötəri qazamatdan çıxartdırdığı akademik Şalva Nutsubidzeyə müəyyən təkliflər verib və bəzi bəndlər onun tərcüməsində dərc olunub.

Obyektivlik naminə deyilməlidir ki, Stalin təhsildə də fərqlənib. 1889-cu ildə birinci sinfinə getdiyi Qori ruhani seminariyasında altı il oxuyaraq 1894-cü ildə əla qiymətlərlə bitirib. Burada dini, dünyəvi elmləri və dilləri öyrənib. Qoridə təhsil alarkən kilsə xorunda oxuyub, həvəskar tamaşalarda aktyor kimi iştirak edib. Sonradan təhsilini Tiflis ruhani seminariyasında davam etdirən Stalin tədricən formalaşmaqda olan inqilabi dünyagörüşünə uyğun qiraətə başlayır, “qadağan olunmuş” bədii və siyasi ədəbiyyatı mütaliə edir. Deyilənə görə, bu mütaliəsinə görə Stalin dəfələrlə cəzalandırılır, təhsilə marağı itir, 1899-cu ildə seminariyadan xaric olunur və həyatını inqilabi işə həsr edir.

Tiflis seminariyasında təhsilinə dair bu deyilənlərin həqiqətə nə qədər uyğun olduğunu demək çətindir. Lakin istənilən halda onun gəncliyində yazılmış, sonradan Pasternak, Tarkovski kimi şairlərin tərcümə etdiyi, ancaq kitab kimi dərcinə razılıq vermədiyi əsərləri bu mütləq diktatorun dünyagörüşünü anlamaqda bir mənbədir. Bu şeirlər müəyyən ədəbi istedadı izlənən Stalinin gəncliyindən romantik mücərrədliyə meylli olduğunu, şairlikdən imtinası isə öz qarşısına daha ambisiyalı məqsədlər qoyduğunu, rəhbərin fövqəlliyi, toplumun naşükürlüyü ideyasının (onun “mən öləndə məzarıma çox zibil tökəcəklər...” deyimini yada salaq) hələ gəncliyindən ona sirayət etdiyini və gələcək diktatorluğunun şüuraltı əsaslarından biri kimi düşüncələrinə, qərarlarına və fəaliyyətinə təsir etdiyini göstərir. Maniakal bir duyumun təsirilə o bütün həyatı boyu təqib, qorxu, xof, inamsızlıq hissləri ilə yaşamış, azacıq şübhələndiyi adamları tərəddüd etmədən məhv etmişdir. Bəlkə də ədəbi karyerasının baş tutmaması onun “insan ruhunun mühəndisləri” hesab etdiyi bir çox görkəmli ədiblərin, istedadlı şair, yazıçı, tənqidçilərin qətlinə fərman verməsinin də xəstəhal şüuraltı səbəblərindən olub.

Stalinlə uzun illər hegemonluq mücadiləsində olmuş digər qanlı müstəbidin – Adolf Hitlerin sovet diktatoru ilə hələ gəncliyindən ortaq intellektual-psixoloji xüsusiyyətləri, o cümlədən təhsil və sənətə oxşar münasibəti aşkarlanır. Maraqlıdır ki, onların artıq uşaqlıq dövründə və təhsilində xeyli heyrətamiz analogiyalar var.

İki diktatorun uşaqlıq illərində, ailə mühitlərindəki oxşar cəhətlər onların eyni tipologiyada formalaşmasına təsir edib. Stalinin daxili durumuna təsir edən amillərdən biri kimi onun kiçik yaşlarında aldığı psixoloji travma göstərilir. Onun içkiyə meylli, zalım adam olan atası sərxoş halda arvadını və oğlu İosifi qəddarcasına döyürmüş. İosif çox sevdiyi anasına bir dəfə kömək etmək istəyib, atasına bıçaq ataraq qaçıb. Deyilənə görə, atasının belə davranışı Stalinn psixologiyasında dərin iz qoyub, – psixoloqlar onun aqressivliyini, sonsuz diktatorluq ehtirasını, rəqib hesab etdiklərini amansızlıqla məhv etməsini məhz uşaqlıqda aldığı bu psixoloji travma, təhtəlşüur qorxu və özünüqoruma hissi ilə izah edirlər. Qeyd edək ki, Stalinin təhtəlşüur qorxusunun təzahürlərindən biri kimi müharibənin əvvəlində Samarada tikdirdiyi 37 metr dərinliyi, tam muxtar təminatı olan bunkeri də hesab etmək olar (Hitlerin bunkerinin dərinliyi bir qədər az – 16 metr olub).

Hitler anadan olanda əlli yaşı olan atası – keçəl, acıqlı, şişgin sifətli Alois da ailədə tiran olub. Yaşca ərindən xeyli cavan, dindar, mədəni və mülayim insan olan anasını çox sevən Adolf atası ilə daim kəskin mübahisə edib, atasının təkidinə baxmayaraq onun yolunu seçib məmurluğa getməyib, sənətlə məşğul olmağa başlayıb. Stalin kimi, Hitler də bir müddət Lambaxda benediktlərin katolik monastrı nəzdindəki məktəbə gedib, burada yaxşı qiymətlər alıb, məktəb xorunda oxuyub, ibadət zamanı rahibin köməkçisi olub, ruhani xidmətinə hazırlaşıb. Bir qədər sonra o da məktəbini dəyişib və eynilə Stalin kimi, Hitler də Real məktəbdə oxuduğu dövrdə akademik təhsilə marağını itirib, yalnız sevdiyi fənlərə – tarix, coğrafiya və rəsmə diqqət yetirib, hətta sinifdə qalıb, məktəbi dəyişməyə məcbur olub və təhsil aldığı dövrdə o da şeir, eləcə də novella, pyes, libretto yazıb. Sonradan Stalin kimi özü müstəqil savad qazanmağa başlayıb.

Lakin bədii yaradıcılığa marağını artıq məktəb dövründən itirən Stalindən fərqli olaraq, gəncliyindən rəsmlər çəkmiş Hitler məktəbi bitirdikdən sonra rəssam olmaq istəmiş və sənədlərini Vyana Sənət Akademiyasına vermişdir. Rəsmləri dəyərli hesab edilmədiyindən onu Akademiyaya qəbul etməmişlər. Binaları, tikililəri əks etdirən rəsmləri təriflənmiş və memarlığa getməyi tövsiyə olunmuşdur. Vyana Akademiyasına qəbul üçün iki uğursuz cəhddən sonra Hitler 1908-ci ildən “akademik rəssam”, 1909-cu ildən isə “yazıçı” kimi işləyir. Vyanada yaşadığı bu dövrdə çəkdiyi rəsmlərin, açıqcaların satışı, reklam elanlarından qazancı ona əməlli gəlir gətirir və buna görə də yetimliyinə görə ona kəsilmiş təqaüddən bacısının xeyrinə imtina edir. Eyni zamanda tədricən nasional-sosializm ideyalarına yiyələnir və inqilabi fəaliyyətə başlayır.

Hitlerin rəsmlərinin böyük hissəsi hazırda Amerika ordusu hərbi tarix mərkəzində məxfi şəkildə saxlanır, müəyyən qismi isə şəxsi kolleksiyalardadır. Deyilənə görə 3400-ə qədər rəsmi var. Qəribəsi budur ki, bəşəriyyətin böyük faciələrinin, İkinci dünya müharibəsinin baiskarı olmuş Hitlerin Birinci dünya müharibəsi dövrünə aid rəsmlərində müharibənin törətdiyi dağıntılar, yaralılar və sairə təsvir olunur. Peyzaj və natürmortlarında isə idillik atmosfer ifadə edilir.

Maraqlıdır ki, müxtəlif janrlı rəsmlər çəkmiş Hitler portret şəkilləri, insanların rəsmini çəkməyə müyəssər olmayıb və məhz portretlərinin keyfiyyətsizliyinə görə də Vyana Sənət Akademiyasına qəbul edilməyib.

Onun çəkdiyi heyvan şəkilləri isə, əsasən, itlərin təsvirindən ibarətdir və bunlardakı vahiməli ifadə təbiət mənzərələrindəki idilliya ilə kəskin təzad təşkil edir. Bu təzadın özü də Hitlerin daxili aləminin, psixoloji durumunun normal olmadığını göstərir.

Ümumiyyətlə, Hitlerin rəsmləri, eləcə də Stalinin şeirləri, ilk növbədə, onların fəaliyyətində aşkarlanan psixi patologiyalarını aydınlaşdırmağa imkan verən mənbə kimi əhəmiyyətlidir. Belə ki, sənətlə məşğul olan şəxslərin, o cümlədən, bu iki diktatorun – İosif Stalin və Adolf Hitlerin yaradıcılığı onların psixoloji portretləri haqqında müəyyən qənaətə gəlməyə imkan verir.

Məşhur italyan nevropatoloqu Çezare Lombrozo sənətdə “sırf patoloji əlamət” kimi “işlənilənin ifrat dəqiqliyinə, simvollardan, epiqraflardan və aksessuarlardan sui-istifadəyə, hansısa boyanın üstünlüyünə... gurultulu ibarələrə” diqqət yetirir. Hitlerin peyzaj və natürmortları, binaların, meydanların, tikililərin rəsmi müəyyən rəmzilik, boyaların üstünlüyü, detalların dəqiqliyi, cizgilərin qabarıqlığı ilə seçilir, insan obrazları onun fırçasına yatmır.

Stalinin şeirlərndə cizgilərin qabarıqlığı, rəmzlər, incilvari dil, vurğulama, ibarəçilik, bəlağət və şüuraltı motivlər geniş yer tutur. Deyildiyi kimi, Stalinin “Peyğəmbər” şeirindəki motiv – insanlara yeni həqiqət gətirmək istəyən peyğəmbərə həmvətənlərinin şərab badəsində zəhər verməsi motivi onu bütün həyatı boyu izləmiş və ətrafındakı bir çox insanın qətlinə səbəb olmuşdur.

Hitlerin siyasi fəaliyyətində də onun yaradıcılığında aşkarlanan xüsusiyyətlər təzahür etmişdir. Deyidiyi kimi, Vyana Akademiyasından Hitlerə memarlıqla məşğul olmaq təklif edilib, bu təklifi qəbul etməsə də o “fürer” olduğu dövrdə ölkədəki, demək olar, bütün əsas memarlıq layihələrinə şəxsən baxıb, əlavə və qeydlərini edib. Şəkillərində ekspressiyası ilə seçilən Hitlerin fəaliyyətində və davranışında da plastik artistizm izlənib – qurduğu dövlət sisteminə, müharibəyə maddi bir anlayış kimi yanaşıb – ad günündə ona hazırlanan, cəbhə meydanı təsvir olunan və Bakının təsvirinin şəxsi qənimət kimi kəsilib ona verildiyi tort, kəskin jestləri, mimikası, emosional natiqliyi bunun əlamətləridir. Ömrünün axırınadək ekspressionizm ruhunda şəkil çəkən və həyatı boyu tanınmamış dahi kompleksi daşıyan Hitler məhz zahiri pozası, rəmzi jestləri, ritorikası və çılğın hərəkətləri ilə iradəsini beyinlərə yeritməyə çalışıb.

Gəncliyində romantik ruhlu bəlağətli şeirlər yazmış və sözün gücünə idealistcəsinə önəm vermiş Stalin isə, əksinə, dinləycilərinin şüuruna plastik jestlərlə yox, aramlı və koloritli nitqi (gürcü ləhcəsi də onun nitqini seçdirən elementlərdən idi), sözlə sirayət edirdi. Sözün mistik gücünə bəlkə də dini təhsilindən və şairliyindən gələn bu inama görə də bütün nitqlərini özü yazır, kəlamlarla danışır, refrenlərdən və obrazlardan bol istifadə edir, mütaliəyə dəyər verir və hər gün yüzlərlə səhifə oxuduğunu deyirdi (oxuyub-oxumamasından asılı olmayaraq, bunun özü də Stalinin qiraətin əhəmiyyətini və öz imicinə müsbət təsirini anlamasını göstərir). Almaniya ilə müharibə başlayanda onun xalqa müraciəti də Stalinin sözün magik gücünə olan inamı üzərində qurulmuş və bu təsirli çıxış xalqın səfərbər olmasında öz rolunu oynamışdı (“Qardaşlar və bacılar, qələbə bizimdir, biz düşməni əzəcəyik!..”)...

Sözün mistik gücünə inanan və bu gücdən uğurla istifadə edən Stalindən fərqli olaraq, öz çılğın hərəkətləri, sakral jestləri ilə xalqda ruh yüksəkliyi yaradan Hitler isə sözə olan irrasional nifrətinə görə bir çox söz ustalarını, o cümlədən vətənpərvər ruhlu yazılar müəllifi İlya Erenburqu, istedadlı diktor Yuri Levitanı bir nömrəli şəxsi düşmənlərindən (hətta Stalin 2-ci saylı düşməni idi) elan etmişdi.

Ümumiyyətlə, Stalin və Hitleri həm yaradıcılıqda, həm davranış və fəaliyyətlərində birləşdirən mühüm cəhətlərdən biri onların mistikaya, ezoteriyaya, sakrallığa dərin maraq və inamları olub. Cavanlığında din xadimi olmağa hazırlaşan Stalin Tiflis Seminariyasında məşhur okkultist Georgi Gürciyevlə birlikdə oxuyub və onunla sıx münasibətdə olub. Hakimiyətdə olduğu dövrdə dəfələrlə ekstrasens Volf Messinqə, Natalya Lvova adlı cadugərə müraciət etdiyi, hətta şər qüvvələrdən qorunmaq üçün Natalyanın məsləhəti ilə təvəllüd tarixini dəyişdiyi (bunu Gürciyevin məsləhəti ilə etdiyi də deyilir), rəsmən qadağan olunmuş ezoterik ədəbiyyat oxuduğu deyilir. Sovet məxfi orqanları Tibetlə maraqlanıb, Şambalaya ekspedisiyalar təşkil edilib. Hətta Stalinin inqilabi psevdonimi olan “Koba” sözünün də qədim slavyan dilində “hatif”, “volxv” mənalarını verdiyi söylənilir.

Hitlerin isə hətta jestlərinin belə müəyyən sakral işarələri bildirdiyi, hələ məktəbdən başlayaraq müxtəlif dini rituallara, okkultizmə, mistikaya böyük marağı olduğu söylənilir. Bir qədər sonra isə ezoteriyanı, mistikanı qurmağa çalışdığı dünya imperiyasının mənəvi təməlinə çevirir. Hitlerin yaratmağa çalışdığı “minillik 3-cü reyx” anlayışı özü məhz dini-mistik zəminlidir – Əhdi-Ətiqdən gələn Ata-Tanrının şahlığı, Əhdi-Cədiddən gələn Oğul-Tanrının şahlığı və əhd olunmuş üçüncü, – Müqəddəs Ruhun şahlığı, – Hitler məhz bu mistik dövləti gerçəkdə yaratmaq niyyətində idi. Hələ dini məktəbdə oxuduğu uşaqlıq dövründən dərs aldığı rahiblərin təsirilə mistikaya meyl edən, svastikanı ilk dəfə burada görən, gizli dini ordenlərə qoşulan, bir qədər sonra isə bu ordenləri ümumi German ordenində birləşdirən Hitler mistik cərəyanların nümayəndəsi Listin təbliğ etdiyi pangermanizm ideyalarına yiyələnir, onun tövsiyəsi ilə hətta Reyx rəhbərliyində alman okkultizmi “vienay”ın yayılmasına başlanılır. Ruhsal-mənəvi dəyərlərin yeganə daşıyıcısı ari irqi elan olunur, bu irqin aliliyinin təsdiqi kimi təqdim olunan mistik runik yazılar Reyx simvolikasının əsasını təşkil edir. German irqçiliyini gücləndirmək üçün həm də nordik və hondvanik irqlər ideyası ortaya atılır.

Hitlerin irrasional dövlətçilik ideyasının mühüm əsaslarından biri də Hans Horbigerin “Vel” – “Əbədi buz” doktrinası olur: milyon illər əvvəl insan-tanrılar olub və germanlardan bioloji mutasyalarla yarımtanrılardan ibarət yeni irq yaratmaq lazımdır. Bu məqsədlə hətta SS-in nəzdində xüsusi bölmə kimi 50 institutun tabe olduğu “Anenerbe” (“Qədim german tarixinin və əcdadların irsinin araşdırılması üzrə alman cəmiyyəti”) yaradılır. Hitlerin Tibetə marağı, mistik şambala axtarışları dalınca alman alimlərinin Tibetə dəfələrlə səfərləri də məhz bu mərkəzin araşdırmalarından qaynaqlanır. Qeyd edək ki, SS-in Tibetdən əldə etdiyi materiallar Almaniyada indiyədək məxfi saxlanılır.

Bütün bunlar mistikanın, sakral anlayışların hər iki diktatorun təxəyyülündə və fəaliyyətində nə qədər mühüm yer tutduğunu göstərir. Stalinin düşüncələrində və fəaliyyətində gizli şəkildə geniş yer tutan mistikanın aşkar və geniş görünməməsi isə Sovetlər Birliyində rəsmi ideologiyanın ateizmə əsaslanması ilə izah edilə bilər.

Bütün bu cəhətləri, fikrimizcə, hər iki diktatora xas ortaq psixoloji təməlin, ilk növbədə, psixi patologiyanın təzahürü kimi izah etmək olar. Ümumən, iki diktatorun sənət cəhdləri və bu natamam yaradıcılıq təşəbbüslərinin onların psixikasındakı izləri siyasi fəaliyyətlərinə, davranışlarına dərindən sirayət etmişdir. Şair və rəssam ruhlarının siyasi xadimə transformasiyası özünü bir çox cəhətlərdə, eləcə də onların onilliklərlə davam edən siyasi rəqabətində aşkarlamışdır.

İki diktator, əslində, bir-birinə şüuraltı rəğbətlə yanaşıb – öz dövrünün bütün siyasi liderlərinə həqarət edən Hitler hətta Stalinqrad məğlubiyyətindən sonra belə Stalin haqqında heyranlıqla danışmış, Stalin də müharibəyə qədər Hitlerə böyük dəyər vermişdir. Lakin bu rəğbət, təbii ki, məhəbbət yox, iki eyni tipli şəxsin şüuraltı münasibəti idi. Mütləq hökmranlığa can atan bu iki diktatorun toqquşması isə labüd idi və onlar arasında psixoloji gərginlik və kəskin rəqabət bütün həyatları boyu, hətta Hitler öldükdən sonra belə izlənmişdir. 1935-ci il aprelin birində Stalinin dəvəti ilə SSRİ-yə səfər edən Hitler iki ay yarıma qədər burada qalmış, müxtəlif şəhərlərdə, müəssisələrdə olmuş, hərbi paradlarda iştirak etmişdir. Kapitalist imperializminə qarşı dostluq və əməkdaşlıq haqqında anlaşmaya gələn iki liderin bütün təmasları, çıxışları zahiri “qardaşlıq” atmosferində keçsə də, rəqabət daim duyulmuş, hətta Hitler sovetlərin 1 may paradından sonra yaxınlarına “bu lovğa adama göstərməliyik ki, bizim pilotlar daha yaxşıdır” deyərək, Stalinə pilotların birgə təlimini keçirməyi təklif etmişdir. Stalin gülümsəyərək razılıq vermiş, 5 mayda Kuybışevdə keçirilən təlimlərdə V.Çkalov kimi usta pilotun da təmsil olunduğu sovet təyyarəçiləri üstün olmuşlar, lakin Stalin qonaqpərvərliklə alman pilotlarını tərifləmişdir (qeyd edək ki, sonralar Hitlerin bu səfəri barədə sənədli materiallar Stalinin əmri ilə məhv edilmişdir).

Lakin olduqca ayıq, şəkkak, məntiqli və avantüradan uzaq adam olan Stalin gerçək faktlara baxmayaraq, sanki onları birləşdirən şüuraltı hisslərə uyaraq öz əkizinin – Hitlerin xarakterinin nüanslarını tam anlamamış, onun avantüraya meylini duymamış və SSRİ-yə hücum etməyəcəyini düşünmüşdür. 1939-cu ilin 23 avqustunda Berlin və Moskva arasında qarşılıqlı hücum etməmək barədə müqavilə, 1940-cı ilin fevralında ticarət müqaviləsi imzalanmış (Çörçil isə 1940-cı ilin iyulunda Hitlerin müqavilə təklifini qəti rədd etmişdir), sovet ordusu 1939-cu ildə almanlarla birgə Polşanı bölüşdürmüş, Moskva Bolqarıstanın almanlar tərəfindən işğalına yox, sovetlərdən xəbərsiz işğalına gileylənmişdir. Hətta 1941-ci ilin 21 iyun axşamı keçirilən xüsusi müşarivədə də Stalin hərbçilərin təkidinə baxmayaraq, sərhədboyu tam hərbi vəziyyətə keçməyə ehtiyac olmadığını, məsələlərin sülh yolu ilə həll olunacağına ümid bəslədiyini bildirmişdir. Bu gözləntilərindən məyus olan Stalin müharibə dövründə Hitlerun psixoloj portretini yaratmağı tapşırır. Onların hər ikisi opponentləri, o cümlədən bir-birləri ilə münasibətdə psixoloji təsir və manipulyasiyadan geniş istifadə edir. Müharibənin sonunda isə sanki Hitlerlə psixoloji rəqabətə daxili təltəlşüur ehtiyacından gələn hisslə Stalin onun əslində ölmədiyi, Cənubi Amerikaya qaçdığı barədə şayiə yayır.

Göründüyü kimi, iki diktatorun həyatının, siyasi fəaliyyətinin və rəqabətinin mühüm bir mənbəyi onların şəxsiyyətində izlənən mahiyyətcə oxşarlıqdır – həm psixoloji, həm ideoloji. Hər ikisi dini məktəbdə oxuyub, ataları ilə konfliktdə olub, təhsili buraxaraq inqilabçılığa başlayıb, sosializm ideyasına və fəhlə sinfinə əsaslanıb, Qərb imperializmini hədəf seçib, eyni təbliğat mexanizmi işlədib, tədbirlərdə və tikililərdə nəhəngliyi sevib, asketik həyat keçirib, hərbi forma geyinib, dəmir çarpayıda əsgər odeyalı örtərək yatıb, rəqiblərini amansızlıqla məhv edib, xalqların taleyilə oynayıb, azman repressiya sistemi yaradıb, sevdikləri qadınlar onların tapançaları ilə intihar edib, həyatlarını sirr pərdəsinə bürüyüb, yaradıcılıqla məşğul olaraq “qəbul edilməmiş sənətkar (peyğəmbər)” kompleksi qazanıb və sairə və ilaxır.

Beləliklə, Stalin və Hitlerin bədii yaradıcılığı, bir tərəfdən, onların fərdi psixoloji cizgilərini, digər tərəfdən, siyasi fəaliyyətlərinin şüuraltı amillərini aşkarlamağa imkan verən mənbələrdən biri kimi maraq kəsb edir. Ümumən, tarixdə fərqli rollar oynamış nəhəng hökmdarların sənətə olan bağlılığının (Şah İsmayıl Xətayi şair-hökmdarın klassik örnəklərindəndir; Stalin və Hitlerdən başqa, Napoleon Bonapart novellalar, Benito Mussolini, Mao Sze-Dun, Xo Şi Min, Yuri Andropov və bir çox başqa dövlət xadimləri şeir yazmışdır; V.İ.Lenin isə əsərlərinin tam külliyyatının 55-ci cildində dərc edilmiş cəmi bir şeir sətrinin müəllifidir: “В Шуше, у подножия Саяна...”) tədqiqi sənətkar-hökmdar şəxsiyyətini, bununla da tarixi proseslərin və bədii yaradıcılığın müəyyən gizlinlərini anlamaq baxımından diqqətəlayiq fenomendir. Və belə bir nəticə hasil etmək olar ki, Stalin və Hitlerin uzun müddət davam etmiş siyasi mücadiləsi iki totalitar rejimin toqquşması olmaqdan əlavə, həm də bu rejimləri yaratmış və mütləq hökmranı olmuş iki psixoloji tipin – baş tutmamış şairin və baş tutmamış rəssamın təhtəlşüur psixoloji savaşı idi.

# 7700 dəfə oxunub

Oxşar xəbərlər

Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

15:00 24 dekabr 2024
Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

09:00 24 dekabr 2024
Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
# # #