Kafka və Mirzə Cəlili birləşdirən yuxu-ARAŞDIRMA

Kafka və Mirzə Cəlili birləşdirən yuxu-ARAŞDIRMA
22 fevral 2014
# 08:30

22 fevral böyük Azərbaycan yazıçısı və mütəfəkkiri Cəlil Məmmədquluzadənin doğum günüdür. Kulis.az bu münasibətlə tənqidçi Rüstəm Kamalın “Yuxudan oyanma qorxusu: Frans Kafka və Mirzə Cəlil” məqaləsini təqdim edir.

İkisi də təxminən eyni dövrdə yaşayıb: Mirzə Cəlil 1932-ci ildə, Frans Kafka 1924-cü ildə rəhmətə gedib. Biri Azərbaycan türküdür, digəri Şərqi Avropa ( Praqa) yəhudisi.

İkisi də dünyanın ən çox “yuxu görən” yazıçısı.

Belə söyləyirlər ki, bir dəfə Tomas Mann Frans Kafkanın kitabını A.Eynşteynə göndərir. Dahi fizik kitabı ona qaytaranda deyir: “Oxuya bilmədim. Bəşər övladı buna hələ tam hazır deyil.”

Kafka əsərlərində qara-qura yuxulardan geniş istifadə edirdi, təqib, qaçış, fiziki işgəncələr, atasının despotluğu ilə dolu yuxularını gündəliyinə yazırdı. Yuxu obrazlarını və situasiyalarını, yuxu prinsiplərini romanlarının toxumasına daxil edirdi. Kafkanın roman poetikası daha çox özünün yuxularına əsaslanırdı. Yuxuların obrazlı - emosional dinamikası “Məhkəmə” romanının konstruksiyasında daha qabarıq görünür. İnsanı absurd qanunlarla və prosedurlarla ittiham edirlər, o isə sonacan günahının nədən ibarət olduğunu anlamır.

“Məhkəmə” Kafkanın ən ümidsiz romanıdır - birinci dünya müharibəsi illərində yazılmışdır. Roman tamamlansa da, sonu nə qədər qaranlıqdır. Bank işçisi Yozef K.-ya (onun otuz yaşı var) həbs olunduğunu bildirirlər. Nə qədər müdafiə olunmağa cəhd göstərsə də, axırda sirli bir qüvvənin əlində məhv olur. Kafka “günahsız” Karl Rossmandan fərqli olaraq, Yozef K.-nı “günahkar” adlandırır. Qəhrəmanın metafizik günahı ondadır ki, özünü “azad” hesab edir. Otaqlarda naməlum adamlar istədiklərini yapanda, imtiyazlardan məhrum olanda etirazını bildirir, protest edir. İnanır ki, dövlət onun hüquqlarını qoruyacaq. Amma əbəs yerə... O, absurdluğun və mistikanın qurbanı olur.

Anna Axmatovanın məhz bu romanla bağlı söylədiklərini Lidiya Çukovskaya gündəliyində (31 dekabr 1959-cu il ) belə xatırlayır: “Anna Axmatova bizə əvvəldən axıracan bütün “Məhkəmə” romanını danışdı. Roman haqqında rəyini isə belə bildirdi – oxuyuram, sanki kimsə əlimdən tutub məni dəhşətli yuxulara çəkib aparır. Elə oradaca bizə Kafkanın tərcümeyi-halını danışdı” [1,363].

Kafkanın personajları üçün ən məsuliyyətli, ən qorxulu məqam yuxudan oyanma məqamıdır. Kafka düşünürdü ki, yuxudan ayılma kritik və riskli durumdur. Kim bu məqamı ötürsə, gün boyu rahat ola bilər. Yuxudan ayılanda sayıqlığı itirməyəsən, ehtiyatı əldən verməyəsən gərək, əks halda, səni xoşagəlməz hadısələr gözləyər, hər oyanışda çevrilmə baş verə bilər.

“Çevrilmə”də olduğu kimi – Qreqor Zamza yuxudan ayılanda böyük həşərata çevrildiyini görür. Nə otaqdakı əşyaları yerində tapır, nə də öz bədənini.

“Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca nəsə əcaib bir həşərata çevrildiyini hiss etdi.

Bağa çanağı kimi qartımış kürəyi üstə uzanıqlı halda, başını ehmalca dikəldən kimi yarısı sürüşüb yerə düşən yorğanın qırağından qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını, başqa əzalarından xeyli cılız olan və mümküncəsinə qaynaşan saysız-hesabsız xırda ayaqlarını gördü.” [2,312]

“Məhkəmə” səhər tezdən qəhrəmanın tamamilə yad, tanımadığı bir gerçəkliyə qəfil qayıdışından başlayır. O, yuxudan oyanır, ancaq tam ayıla bilmir. Yozef K. yuxuya bənzər həmin gerçəklikdən heyrətə gəlir.

Bütün anlaşılmaz hadisələr Yozef K. -nın yuxudan oyanmasından sonra baş verir. Onun alt paltarını müsadirə edirlər. Aşpaz ona səhər yeməyini gətirmir. Onun zənginə kimsə cavab verir, elə həmin şəxs də onun rahatlığını pozur, tanımadığı insanlar ona gətirilmiş səhər yeməyini yeyirlər. Yozef K. həbs olunmasını kiminsə axmaq bir zarafatı kimi qəbul edir.

Yozef K. günahsız insan kimi yuxuya getmişdi, amma ayılanda suçlu olur.

Onun başına gələnlər həmin riskli, kritik məqamın - yuxudan oyanma məqamının nəticəsidir. Yuxudan oyanandan sonra həyatı məşəqqətə, işgəncəyə çevrilir. Yuxu ilə yuxusuzluq arasında çabalayır. Yuxusuzluq onu elə əldən salır ki, heç heyi qalmır.

“Qəsr” romanının ilk səhifəsi də K.-nın yuxudan oyanması ilə başlayır:

“Beş-altı kəndli oturub pivə içirdi, lakin heç kəslə söhbətə girişmək istəmədi, özü saman kisəsini damdan endirib sobanın yanında yerə uzandı. Yeri istiydi, kəndlilər də dinib danışmırdılar, yorğun gözləri ilə bunları azacıq süzəndən sonra K. yuxuya getdi.

Amma bir azdan onu oyatdılar. Şəhərlisayağı geyinmiş, üz-gözündən artistə oxşayan qıyıqgöz, qalınqaş cavan bir oğlan yanındakı meyxanaçıyla başının üstündə dayanmışdı” [2, 16]

Yerölçən K. Qəsrin ətəyindəki bir kəndə gəlir, orda gecələmək üçün icazə istəyir. “Qəsr”in qəhrəmanı burada elə dolaşıq durumlara düşür ki, oradan çıxış yolu tapa bilmir. Bir qədər ehtiyatlı davranışı işləri daha da qəlizləşdirir, çünki bu dünyanın qanunları ilə hərəkət edir.

K. cəsarətlə özünü dəvət olunmuş yerölçən kimi təqdim edir. Bunu Qəsrdən gələn xəbər də təsdiq edir, amma Qəsrə nə vaxt girə biləcəyini soruşanda ona imtina cavabı gəlir və K. məmnunluq hissi ilə mehmanxanaya qayıdır. Hərdən özü də şübhələnir: bəlkə heç yerölçən deyil. Klamm məktubunda K-nın. yerölçən vəzifəsinə təyin olunduğunu bildirir. Starıssa isə onlara yerölçənin gərək olmadığını deyir, sonra isə rəhmi gəlir, onu məktəb gözətçisi təyin edir. Klammdan ikinci məktub gəlir, məktubda K.-ya yerölçmə işlərinə uğurla başa çatdırdığı üçün təşəkkür edilir. Halbuki K. heç işə başlamamışdır.

Beləcə, K. yuxu prinsipləri ilə qurulmuş situasiya içinə düşür. Maks Brod yazır ki, bu roman Qəsrin K-nı ölüm ərəfəsində qəbul etməsi səhnəsiylə bitməliydi. Yəni “o dünyaya giriş yalnız ölüm ərəfasində mümkün olur”.

Kafkanın “Yuva” adlı qeyri-adi bir hekayəsi var. Bir heyvanın (porsuğun ) yeraltı qəsrə bənzəyən yuvasından bəhs edir. Heç cürə alışa bilmədiyi zəhlətökən bir səs porsuğun yuxusunun davamı olur, nə baş verirsə, yuxu ilə oyaqlıq arasında baş verir:

“Deyəsən, çox yatmışam. Yuxudan doyana yaxın nəsə məni ayıldır. Ola bilsin, bərk yatmışam, çünki güclə eşidilən bir xışıltıya oyanıram”.

Yozef K. kimi, yerölçən K.da ayıq-sayıq olmaq üçün, “yuxuya məğlub olmamaq” üçün çox çalışır. Yorğunluq, üzgünlük onu əldən salsa da, yuxuya tabe olmur. Romanın sonunda, gecə saat dörddə K. Qəsrin katiblərindən biri olan Bürqelin otağına girir. Bürqelin səhərəcən mənasız söhbətini dinləməli olur. K. əvvəlcə oturur, sonra Bürqelin çarpayısına uzanıb yuxulamağa cəhd edir:

“K. yuxulamağa başladı. Əslində isə bu heç yuxu da deyildi. Bürqelin dediklərini, bəlkə də bayaqkı yorğun ayıqlığından daha yaxşı eşidirdi, qulağı hər kəlməsini sözbəsöz alırdı, lakin ağırlaşmış şüuru itmişdi, sərbəst hiss edirdi, onu saxlayan daha Bürqel deyildi, özü hərdən dəvdənib Bürqeli tapırdı, hələlik dərin yuxuya getməmişdi, lakin asta-asta getməkdəydi. Daha heç kəs bunu qoparıb ala bilməzdi. Ona elə gəldi ki, özünün ən böyük qələbəsini çaldı.” [2,251]

Fransız psixoanalitiki Jak Lakan seminarların birində Freydin “Yuxu görmələrinin şərhi” əsərindən bir yuxunu misal çəkir: “Ata gecə yuxudan ayılır - şamlarla işıqlandırılmış qonşu otaqda oğlunun meytini və onun yanında dua oxuyan bir qocanı görür.

Ata yuxusunda görür ki, uşaq onun yatağına yaxınlaşır, onun əlindən tutur və məzəmmətlə deyir: “Ata, bəyəm görmürsən mən yanıram?” O, yuxudan ayılır, qonşu otaqda gur işığı görüb ora qaçır və görür ki, qoca yuxuya gedib, mərhumun paltarı və bir əli üstünə düşmüş şamdan alışıb yanır”. [3,445]

Kafkanın qəhrəmanları bir imperativə tabedirlər: yuxuya uduzmamaq! Çünki yuxuya getmək mənalar dünyasına nəzarəti itirmək deməkdir. Yozef K. və yerölçən K. şüuraltı anlayırlar ki, yuxuya getsələr, başqa dünyaya düşəcəklər, yad gerçəkliyə qayıdacaqlar.

Kafka yuxularla özünü, Mirzə Cəlil isə toplumu, milləti anlamağa çalışır.

Mirzə Cəlildə yuxudan oyanma aktı ontoloji müstəvidən sosial-metaforik müstəviyə keçir. Mirzə Cəlil güclü ironik təfəkkürə malik olduğundan yuxudan oyanma motivi sosial mahiyyət kəsb edir.

“Gürcülərin hökumətə qarşı tulladıqları bombaların gurultusu hərdən bir yatmışları, deyəsən, yuxudan dəbərdir. Amma yenə yatıblar, çünki yuxu çox şirindir. Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxular görürlər...

Amma hamısı yatmayıb: gərnəşənlər də vardır, oyanmaq istəyənlər də vardır” (“Xatiratım” )

Mirzə Cəlil qəhrəmanlarının həyatında hadisələrin süjeti yuxu ilə oyaqlıq arasında baş verir. Onlar yatmağı, yuxuya getməyi xoşlayırlar. Yalnız yad, kənar müdaxilələr onları yuxudan oyanmağa məcbur edir. Mirzə Cəlilin qəhrəmanlarının ömrü-günü sanki yuxu ilə oyanma arasında keçir. Onlar bu hüdudda yuxu ilə gerçəkliyi ayıra bilmirlər. “Haman gecənin səhəri elə bildim yuxuda mənə bu sözləri deyirlər: “Əmim Novruz ağanı atlı sultanı eləyiblər, qardaşım teleqraf naçalniki olub, Məşədi Qurbanəli gəlib diş qayirtdırmağa...

Gözlərimi açdım, gördüm hava təzə işıqlanır...” ( “Zırrama”)

Oyanma yuxu yozumu hüdududur, yəni nə baş verirsə, bu hüdudda gerçəkləşir. Yuxu ilə oyanmanın hüdudu səsdir.

Səs iki gerçəkliyin ayrıldığı sərhədi bildirir. Səslər yatanın bir gerçəklikdən o birisinə keçməyinə zəmin hazırlayır.

“Sübh tezdən yuxudan oyanan kimi eşidirik ki, rəiyyətin birinin evində qiylü-qal səsi gəlir” (“Xanın təsbehi”). “Üçüncü gecə də yuxuda idim, qulağıma tıqqltı gəldi. Ayıldım və gördüm ki, Molla Fəzləli durub pəncərənin qabağında”

“Səhər yuxudan bir az gec oyandım. Məşədi Qulam Hüseynin samovarı qabaqkı otaqda oxuyurdu”. (“Rus qızı”)

“Hər sübh vaxtı məni yuxudan oyadan atamın “Allahü Əkbər” səsi olardı”

(“Xatiratım”)

Mollanın azan səsi ilə uşağın ağlaması yalnız personajın yuxusunu pozmur, həm də ölülər dünyasının bizdən uzaqda olmadığını göstərir.

“Bir qədər sonra yavaş-yavaş yuxudan ayılmağa başladım və uşağın ağlaması ilə azan səsi eşitdim” (“Zəlzələ”).

Mirzə Cəlildə yuxudan oyanma bir zaman modallığından başqasına deyil, yəni işığa deyil, qaranlıqdan-qaranlığa keçiddir.

“Qoltuq cibimdən dəftərçəmi çıxartdım və uzatdım yeznəmə tərəf. O da, deyəsən, yuxuda idi, yuxudan ayılan kimi, guya xahi-nəxahi əlini uzatdı və dəftərçəni aldı və könülsüz, yavaşca açdı və istəyirdi oxusun, vaqon girdi qaranlıq lağıma”. (“Xatiratım”)

“Xatiratım” “ gözümü açmaq” ifadəsi ilə başlayır, ömrünün yuxu ilə oyaqlıq arasında məqamlarından danışır. Onu keçmişlə bu gündən ayıran səs və qaranlıqdır: “ Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq

gördüm. Bu qaranlıqda ilk dəfə eşitdiyim bunlardır: “ Allahü əkbər! Allahü əkbər!” (“Xatiratım”)

“Gecə yeyib-içdik və yatdıq. Mən özüm, doğrusu yuxuya heç o qədər oyanan deyiləm, amma o gecə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib. Səhər durdum ayağa, heç kəsə bir söz demədim, çay içib Məşədi Ələkbərlə çıxdım bazara. Bir istədim vaqiəmə heç məna verməyəm, qulaq asmayam, amma gördüm ki, dəxi heç bir iş tuta bilmirəm, hər nə eləyirəm, yuxum gəlib durur qabağımda”. (“Nigarançılıq”)

“Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. Bir az da o tərəf bu tərəfə baxdım və bildim ki, küçədə danışan var. Rəfiqim Qurbanqulu bəyin səsini haman saat tanıdım...” (“Zırrama”)

Bu səslər yuxu dünyası ilə real dünyanı bir-birindən ayırır. Yuxu dünyasının məntiqsizliyi ilə real dünyanın absurdluğunu əlaqələndirir.

Hər səs gözləntilərin, nigarançılığın ifadəsidir. Personajın səslərə yuxudan oyanması gözlənilməz xəbərlərin gəlməsi ilə tamamlanır. Yuxudan ayılan kimi, məntiqsizliyin içinə düşmüş olur.

Yuxudan oyanma sakral mənalı sözləri, anlayışları, zaman və məkanları profanlaşdırır, mənasızlaşdırır. Məsələn, hürriyyət sözünün mənasızlığı İranda hürriyyət hekayəsində

“Xeyr olsun, yuxuda gördüm ki, rəhmətlik Şərabanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin, rəhmətlik məni çox istərdi. Hə... eşşəyin üstündə yekə-yekə çuvallar çatılmışdı, elə yekə çuvallar idi ki, nə bilim, bu dam boyda”. ( “İranda hürriyyət”)

Yuxular da , yuxudan oyanma da son məqamda onların yuxusunu qoruyur. Yuxunun yaratdığı gerçəklik və gündəlik gerçəklik arasında elə hədd olur ki, biri o birisinə keçir.

Yuxu sanki gerçəkliyi ikiləşdirir. Acı absurd situasiyaları, yuxu aktlarını performativlikdən məhrum edir. Məhəmmədhəsən kişiyə yuxusunda müqəddəs yerləri ziyarət edəcəyi əyan olur. Ancaq Məhəmmədhəsən kişinin yuxusu çin olmur, həyatında acı üzüntülər keçirir. Xudayar bəy onun eşşəyini satır, ailəsini məhv edir (“Danabaş kəndinin əhvalatları”).

Yuxudan oyanma yuxuyozmanın hüdududur. Məhz bu iki dünyanın hüdudlarında elə hadisələr baş verir ki, nə o dünyaya, nə də bu dünyaya mənsubdur.

Frans Kafka və Mirzə Cəlil üçün yuxudan oyanma gerçəkliyin absurdluğun, sosial qanunların mənasızlığını bildirir. Bu dünyanın absurdluğu Kafka üçün insanın düşdüyü durumun çıxılmazlığını, Mirzə Cəlil üçün isə insanı gözləyən nigarançılığı və narahatçılığı bildirir.

Onların bu dünyada gördükləri bir qayda olaraq yuxularının davamı olur. Yuxudan oyanma, yeni mənanın yaranmasına gətirib çıxardır, tanınma, korluğun aydınlığa çıxması, ölünün dirilməsi prosesidir. Mirzə Cəlil üçün yuxudan ayılmamaq ölümə bərabərdir.

“Bir gecə Cəlil yuxuda ikən Həmidə xanım onun dərindən sızıltısına ayılır. Ona elə gəlir ki, Cəlil boğulur. Kişini tez yuxudan ayıldır:

- Sənə nə olmuşdu?

Cəlil özünə gəlib pis yuxu gördüyünü söyləyir:

-Yuxuda gördüm məni mühakimə edirlər. Məni müttəhim edib diri-diri zirzəmiyə saldılar, qapı-pəncərələri kərpiclə hördülər. Balaca bir baca qalmışdı, onu da hörməyə başladılar. Mən bunu gördükdə haray çəkdim, heç olmasa bircə bacanı hörməmələrini, məni havadan məhrum etməmələrini xahiş etməyə, yalvarmağa başladım. Çox sağ ol ki, bu yerdə məni yuxudan ayıltdın, yoxsa məhv olacaqdım” [4,131].

Əgər Həmidə xanım onu yuxudan oyatmasaydı, 37-ci ildə Allahsız imperiyanın qırmızı zülməti Mirzə Cəlili həbsdə , sürgündə çürüdəcəkdi. Yaxşı ki, yuxudan oyana bildi...

Ədəbiyyat

1.Чуковская Л .К. Записки об Анне Ахматовой. М.,1987.

2.Kafka F. Seçilmiş əsərləri. Bakı:”Şərq-Qərb” , 2010

3.Фрейд З. Толкование сновидений. Мн. Попурри,2003

4.Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı, Gənclik, 1979.

# 3515 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #