"Xalq düşməni"nin qızı: "Cərrah əməliyyat bıçağını atamın bədənində unutmuşdu..." - Müsahibə

"Xalq düşməni"nin qızı:  "Cərrah əməliyyat bıçağını atamın bədənində unutmuşdu..." - Müsahibə
8 aprel 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın yazıçı, repressiya qurbanı Ənvər Yusifoğlunun qızı Nərgiz Fətiyeva ilə müsahibəsini təqdim edir.

- Əvvəlcə Ənvər müəllimin ailəsindən danışaq...

- Atam - Ənvər Yusifoğlu çox ziyalı bir ailədə dünyaya gəlib. 1914-cü il yanvarın 14-də Yevlaxda doğulub. Bu il atamın anadan olmasının 110 illiyidir. 10 il bundan əvvəl 100 illik yubileyini keçirmişik, bu il imkan olmadı. O vaxt babam Azərbaycan üzrə poçt idarələrinin rəisi işləyib. Fərqli zamanlarda Bakıda, Şuşada, Yevlaxda çalışıb. Ənvər Yusifoğlunun ata evi Naxçıvanın "Əlixan" məhəlləsində yerləşib və həmin adda məhəllə Naxçıvanda indi də var. Bildiyim qədərilə, Hüseyn Cavidin evi də ora yaxın olub. Atamgil ailədə 4 uşaq olublar. Nənəm Xanım Nəcəfova görkəmli mollanəsrəddinçi Əliqulu Qəmküsarın doğma bacısı idi. Atam çox gözəl, firavan bir ailənin uşağı olub. 37-ci ilin dalğası, burulğanı onun bütün arzularını puç edib.

- Harada təhsil almışdı?

- İbtidai təhsilini Şuşada alıb. Sonra Tiflisdə oxuyub. Təəssüf ki, tarix və s. dəqiq deyə bilmirəm, çünki atamın sənədlərini Ədəbiyyat arxivinə təhvil vermişəm. Atam da hələ sağlığında öz sənədlərinin çoxunu həmin arxivin direktoru olmuş Maarif müəllimə təhvil verib. Həmin arxivdə atamın vinetkaları da var. Yazıçı Rza Şahvələd müəllimi olıb. Sonra təhsilini davam etdirərək Moskva Kinematoqrafiya İnstitutuna daxil olub. Çox təəssüf ki, təhsili yarımçıq qalıb, çünki onu Bakıya qayıdanda tutublar. İlk dəfə uzun müddət həbsdə qalıb və təqsiri sübuta yetirilməyib.

- Hansı ittihamla həbs edilibmiş?

- Pantürkist, panislamist, hökumət əleyhinə fəaliyyət göstərən... Bir də ona görə ki, yasaq olunmuş əsərləri oxuyurmuş və gənclər arasında təbliğ edirmiş. Sonralar qırmızı terrorun dəhşətlərinə dözə bilməyib və ona qarşı irəli sürülən ittihamları boynuna alıb.

Biz heç vaxt repressiya ilə bağlı söhbət etməmişik. Atam repressiya illərinin üstündən xətt çəkmişdi. Qorxub. O illər barədə bizə heç nə danışmayıb. Arxiv sənədləri üzə çıxarılandan sonra haqqında çox maraqlanmışam, xeyli sənəd oxumuşam, amma atam yenə də heç nə danışmayıb. Çox qürur duyuram ki, Ənvər Yusifoğlunun qızıyam.

- İlk dəfə həbs ediləndə Hüseyn Cavidlə eyni kamerada saxlanılıbmış.

- Bəli. Bayıl həbsxanasında. 59 №-li kamerada. Bu adda əsər də yazıb atam. Nəriman Həsənzadəyə həmin əsəri təqdim edib, sonradan qorxub, həmin əsəri cırıb atıb zibil yeşiyinə. Atam sonra zibil yeşiyindən əsəri götürmək üçün anamı göndərib. Nəriman Həsənzadə həmin əsərin yazıldığı vərəqləri restavrasiya etdirib.

- Həmin əsər indi sizdədir?

- “Ədəbiyyat” qəzetində çap olunub, deyəsən.

- Hüseyn Cavidlə atanız necə tanış olublar?

- Atamın çox gözəl səsi olub. Mahnı oxuyurmuş həbsxanada. Cavid də gözləyirmiş ki, gəlib onu aparsınlar. Maraqlanıb ki, oxuyan kimdir? Deyiblər, cavan bir oğlandır. Atamı Cavidin yanına gətiriblər. Məlum məsələdir ki, Cavid atamı tanıya bilməz, atam çox gəncdir. Amma soruşub ki, sən kimsən? Atam deyib, Qəmküsarın bacısı oğluyam. Qəmküsarı da ki, hamı tanıyır, hörmətli adam olub. Atam onda bir az nasaz olub, Hüseyn Cavid ona çarpayısında yer verib. Çarpayının ayaq tərəfində atam yatıb. Sonra gəlib Hüseyn Cavidi aparıblar, atamın isə təqsiri sübuta yetirilməyib. Sonralar 2-ci dəfə həbs ediblər. Onda atam İncəsənət Muzeyində işləyirmiş. Muzeyin də direktoru Xalq rəssamı Salam Salamzadə olub - Qəmküsarın qızının əri. Atam İncənəsət Muzeyinin Azərbaycan şöbəsindəcə həbs olunub. Qazaxıstana sürgün edilib. Qazaxıstanda Meşə təsərrüfatı sahəsində çalışıb.

Ümumiyyətlə, atam təbiəti sevən adam olub.Yəqin ki, onun “Düşmənimin düşməni” əsərinin ilkin variantları ordaca yazılıb: Sibir meşələri, tayqa, Qazaxıstan çölləri. Sağalmaz xəstəliyə tutulub orda. Səhv eləmirəmsə, sinqa xəstəliyinə. Tayqada olan bir xəstəlik olub. Sürgündən qayıdanda Bakıda yaşamağına icazə verməyiblər. Balakəndə taxta emalı zavodunda çalışmağa başlayıb. Anamla da orda tanış olub. Anamgil də 1905-ci ildə Ordubaddan gələn ailələrdən olublar. Qardaşım da Balakəndə dünyaya gəlib. Mən 1957-ci ildə doğulanda İmam Mustafayev ona bəraət kağızını verib. Atam da gəlib Bakıya və Yazıçılar İttifaqında onu işə götürüblər, birotaqlı evlə təmin ediblər. Atam üçün həyat başlayıb, amma çox gec ailə qurub.

- Atanız millətçi və ya hər hansı siyasi cəmiyyətin üzvü olubmu?

- Məncə, yox. Mən bunu bilərdim. Təkcə övlad kimi yox, ədəbiyyatçı kimi də. Özü də, mən ədəbiyyatı təkcə sevmirəm, qəlbən ədəbiyyata bağlıyam. Bütün ədəbiyyatçıların həyatını özümə doğma sayıram.

- Atanız xatirələrini yazıb?

- Heç vaxt. Çəkinib. Söhbət açmayıb. Hətta bizim çox vəzifəli qohumlarımızın bizə gəliş-gedişindən qorxub. Repressiya xofu... Suyu da imkanı olsa, üfürüb sonra içərdi.

- 2-ci dəfə həbs olunanda tək sürgün olunub...

- Tək, amma ailəsini incidiblər. Bibimin yoldaşı Əməkdar artist, Musiqili Komediya Teatrının aktyoru İmamverdi Bağırov olub. Bibim deyib, mən təzə ailə qurmuşdum ki, yoldaşımı işdən çıxartdılar. Əmim görüb çox incidirlər, 17 yaşında gedib müharibəyə. Qayıtmayıb. Atam sürgündən gələndən sonra Yazıçılar İttifaqında, ”Ədəbiyyat”qəzetində işləyib. Çox savadlı adam olub. Füzulini bilirsiniz, necə bilib? Füzulini bəlkə, füzulişünaslardan qat-qat yüksək səviyyədə bilib. Mən fikirləşirəm ki, yazıçı olmasa, füzulişünas olarmış. Bəxtiyar Vahabzadənin ona yazdığı məktublar var. O qeyd edir ki, mən heyranam sizin Füzulini bu qədər dərindən bilməyinizə. Elmi nöqteyi-nəzərdən bilib atam Füzulini. Füzulidə hellosentrik, geosentrik dünyagörüş var. Atam bunların hamısını açıb. Bəxtiyar Vahabzadə özü də Füzulini çox yaxşı bilib. “Şəbi-hicran” poemasını yazıb. O vaxtlar bizim qədər evində klassik musiqi plastinkası olan çətin tapılaydı. Şubert, Şopen, Bethoven plastinkaları. Qonşumuz Əlfi Qasımovun qızı Gülnar konservatoriyaya daxil olanda atam hamısını ona bağışladı. Dedi, musiqi yoluna gedirsən, məndən sənə hədiyyə. Bizim pulumuz ancaq dəftər-kitaba gedib.

- 2-ci dəfə həbs olunanda atanızı Hitlerin “ Mənim mübarizəm”əsərini oxuduğuna görə ittiham ediblər.

- Bəli.

- Demək olar ki, atanız yaradıcılığa, əsasən, Balakən və ondan sonrakı dövrdə başlayıb?

- Eynilə. Onun gözəl povesti var: “Alazan sahillərində”. İlkin variantını yəqin, Zaqatala meşələrində işləyib elə. Təbiəti çox gözəl duyub atam. Bütün yazıçılar ondan soruşublar ki, filan sözün mənası nədir? Rusca çox gözəl bilib. Farsca da. Əski əlifba ilə yazıb yazılarını. Mən ona deyirdim ki, ata, sən ensiklopediyasan? Eynəyinin altından baxıb qımışırdı. Novruz Gəncəli ona tez-tez zəng vurub soruşurdu ki, bu sözün mənası nədir?

- Atanızın çap olunmayan əsəri var?

- Demək olar ki, yoxdur. Latın qrafikası ilə atamın hekayələrini çap etdirmişəm. "Cərrahlar" romanını çapa hazırlamışıq. Bu əsər Mustafa Topçubaşova həsr olunub. 70-ci illərdə biz məktəbli olanda atama xərçəng diaqnozu qoyulub. Mustafa Topçubaşovun oğlu atamı əməliyyat edib, amma atamın vəziyyəti daha da pisləşib. 2-ci əməliyyatı Mustafa Topçubaşov özü edib. Sən demə, xərçəng diaqnozu yanlış imiş, üstəlik, cərrah əməliyyat bıçağını atamın bədənində unutmuşdu.

- Atanızın yaradıcılığının daha az tanınmasında repressiyanın rolu varmı?

- Əlbəttə. Atam dəvət olunduğu yerlərin çoxuna getməyib. Çox adamlarla ünsiyyət yaratmaqdan çəkinib. Qorxa-qorxa yaşayıb ömrünü. Bilirsiniz, həyatı qorxa-qorxa yaşamaq çox çətindir. Mən atamın üz cizgilərində görmüşəm o əzabı. Sovet dövrü idi, bəlkə, indiki dövrdə yaşasa, qorxmazdı. Başına gələnləri danışardı.

- Ən çox hansı hadisədən qorxub?

- Bizə Sovet dövründə hökumət əleyhinə nəsə deməyə icazə verməyib. İmtahanda bizim tapşırılmağımıza qəti qarşı olub.

- Ata kimi necə olub?

- Çox sakit. Əl qaldırmayıb, qəlb incitməyib. 190 nömrəli məktəbdə oxuyurduq. Biz Hüsü Hacıyev küçəsində yerləşən şairlərin binasında qalırdıq, məktəbə yaxın olmuşuq. Atamı tez-tez məktəbə görüşlərə çağırıblar. Baba kimi də atam çox yaxşı baba olub. Dostluqda da möhkəm. Səttar Bəhlulzadə ilə çox yaxşı dost olublar. Koridorumuzdakı şəkilləri Səttar bağışlayıb. Səttarla şəklim də var. Uşaqlarım onun şəkillərini cıranda bərk əsəbiləşirdim. Atam da deyirdi ki, onlara hər şey olar. Balaca idi onda uşaqlarım. Böyük qızım Leylanı atam bulvara gəzməyə aparırdı. Ümumiyyətlə, həlim adam olub. Atamla anam arasında yaş fərqi çox idi. Anam cəmi 4 sinif bitirib. Dünyagörüş fərqləri çox olub. Mənə qəribə gəlir ki, bu qədər dünyagörüş fərqi ilə necə maraqlı həyat yaşayıblar? Qohumdan da yaxın qonşularımız olub - Nəriman Həsənzadə, Əlfi Qasımov, Seyfəddin Dağlı, İslam Səfərli.

- Atanızın dostluq etdiyi şairlər kimlər olub?

- Zeynal Xəlil, Qasım Qasımzadə. Atama sağalmaz xəstəlik diaqnozu qoyulmuşdu. Ayağının altına 3-4 dənə quzu kəsdirib qurban eləyib Qasım əmi. Keçən dəfə oğlu Nərimana da demişəm. Məmməd Əkbərlə, Əkbər Ağayevlə, ”Azərbaycan” jurnalının baş redaktoru olmuş Cəlal Məmmədovla dost olublar. Biz sonralar yazıçıların binasına köçmüşük. Atam son illərində təqaüd alıb, işləməyib və bu, daim çalışan adam üçün boşluq idi.

- Atanız yerli və xarici ədəbiyyatdan kimlərin əsərlərini oxuyurdu?

- Füzulini, Mirzə Cəlili əzbər bilirdi. “Avrora” siqaretinin qutusuna qeydlərini edib. Nə oxuyubsa, onu qeyd edib həmişə. Şərq ədəbiyyatını gözəl bilib, mütaliəsi geniş olub.

- Yazı prosesi necə idi?

- Əski əlifba ilə yazıb. Biz yuxudan oyananda atam yatmağa gedib. Böyük kitabxanamız olub. Stendalın, Balzakın, Hüqonun, Tvenin kitabları. Gecələr yazıb.

- Atanızın özündən əvvəlki nəslin şairlərinə - Səməd Vurğuna, Süleyman Rüstəmə, Məmməd Rahimə münasibəti necə olub?

- Sevməyib. Səbəbini bilmirəm. Mehdi Hüseyni çox istəyirdi.

- Gənclərdən bəs?

- Əli Əmirlini atam yaradıcılığa gətirib. Bunu özü də qeyd edir. Atamın 100 illik yubileyində Anar dedi ki, ”Ağ liman” əsərim ilk dəfə Ənvər müəllimin əlinə düşüb və başlayıb qırmızılayıb düzəltməyə. Əli Kərimlə qonşu olmuşuq, onu çox istəyib. Əli Kərim dünyasını dəyişəndə atam çox mütəəssir olub. Onun şeirlərini çox bəyənib. Tələt Əyyubovla yaxın id. O da, deyəsən, repressiya qurbanı olub. İlqar Qasımovun “Dalğa” verilişinin Müşfiqə həsr olunmuş verilişinin diski hələ də İlqarda qalır. Atam dizinə vurub ki, kaş mənə qıyaydılar, Müşfiqə yox. Ənvər Məmmədxanlı da atam kimi sakit idi. Mənə deyiblər ki, Ənvər Məmmədxanlının qızısan? Demişəm, yox, Ənvər Yusifoğlunun. Qəribə insan olub Ənvər Məmmədxanlı.

Mən "Ulduz"da işə başlayanda baş redaktor Əhməd Cəmil olub. Sonra Yusif Səmədoğlu. Əhməd Cəmil özü məni işə götürüb. Atamla dost idi. Atam Gəncədə “Kirovabad bolşeviki” qəzetində işləyib. Zeynal Xəlil, Əhməd Cəmil - iki gəncəli. Atam onlarla burda tanış olub və möhkəm dostluqlarının təməli qoyulub. “Çinarın şikayəti” şeiri var Səməd Vurğunun. O şeirin yazılmasının əsas səbəbkarı atamdır. Səməd Vurğun günlərin birində Yazıçılar İttifaqının Gəncə filialına qonaq gəlib. Şairə şəhəri gəzdirmək üçün atam təhkim edilib. Atam da təbiəti sevir axı. Şairə göstərir ki, Gəncənin qocaman çinar ağaclarını kəsib tramvay yolu çəkirlər. Şair də elə buna görə həmin şeiri yazıb. Gəncə icraiyyə komitəsində məşhur bir inqilabçı olub - səhv eləmirəmsə, Atamoğlanov idi soyadı, məhz onun yanına atamgil gedəndən sonra tramvay yollarını başqa yerdən çəkiblər. Atam hey fəxrlə deyirdi ki, Gəncə çinarlarını xilas etmişəm. 70-ci illərdə Aqşin müəllim atama deyib ki, hekayəni Türkiyədə çap ediblər, nə edim? O illərdə Aqşin müəllim xarici radionun türk-ərəb dilləri üzrə şöbəsinin baş redaktoru olub. Atam da deyib ki, onu yox elə. Nə Türkiyə, nə İran, nə hekayə. Aqşin müəllim bunu mənə həmişə danışıb və gülüb. Aqşin müəllimin həyat yoldaşı ilə sonradan birgə işləmişik.

- Atanızda antisovet meyli olub?

- Yox. Qəmküsarı qaragüruhçular arxadan vurublar. Atamın o biri dayılarını da Nevada batırıblar. Bir dayısı “Yeni fikir” qəzetinin redaktoru Rzaqulu Nəcəfov olub. Qəmküsar da, Rzaqulu Nəcəfov da hümmətçi idilər. Mənim atam onlar qədər mübariz olmayıb. Beşikdəcə boğublar onun çılğınlığını. Atamgilin Tiflisdə evləri olub. Qəmküsarın ata-anasıgil tacir olublar. Nənəm xəstələnəndə babam tərəzinin bir gözünə qızıl, o biri gözünə daş-qaş qoyub. O vaxtlar vərəm çox çətin sağaldıla bilən xəstəlik idi. Qəmküsarın anasının adı Bilqeyis olub. Atam Tiflis xatirələrindən danışıb mənə. Hər axşam Hüseyn Cavid gəlirmiş onlara. Çay süfrəsi salınırmış. 10-12 yaşında olan atam stolun altına girər və söhbətləri dinləyərmiş. Ömər Faiqin yerində heç kim oturmaz, onun da yanında həmişə Cavid əfəndi oturarmış. Nənəmin qəşəng plov bişirməyi varmış. Şuşada da evləri olub atamgilin. Vaxtilə evlərinin qarovulçusu olan şəxs sonra həmin evin sahibi olur. Atam bir gün Şuşaya gedəndə evlərinə baş çəkir. Həmin adam elə bilir, atam evi əlindən alacaq. Atam da deyir ki, bağışlayıram sənə, ata evimi görməyə gəlmişəm elə. Mən heç getməmişəm ora və getsəm də, tanımaram. Poçt idarəsi aşağıda olub, həmin ev bir az yuxarıda. Qəmküsarın qızı Qəmər Salamzadə Azərbaycanın ilk rejissor qadını olub..

“Qaranlıqdan görünən işıq” əsərində atamla bağlı da yazıb. Çox orijinal qadın olub. DTK sədri Sviqunun kitabını atam 1972-ci ildə tərcümə edib. Ordakı kapitan Əliyev obrazı Ulu Öndər Heydər Əliyevdir. Çox gözəl tərcüməçi idi. Farsca, ərəbcə də çox yaxşı bilib. Sviqun atama bağışlanan həmin kitabından bir nüsxəni özü imzalayıb. Yüksək tirajla çap olunub o kitab. Mötəbər zənglər gəlməyə başladı o kitabın tərcüməsindən sonra. Atam öz atasının adına qardaşımın adını Yusif qoyub. Mən instituta özüm daxil olacaqdım, qardaşıma görə də atama deyirdim ki, mötəbər zənglər bizə kömək edə bilər. Deyirdi yox, özü daxil olacaqsa, olacaq, olmayacaqsa, olmayacaq. Atamla qardaşımın ölümləri arasında ay fərqi olub. Anam onların ölümündən sonra 15 il yaşayıb. Şeyx Kərimin nəslindən olub atamgil. Dayısı Qəmküsar öldürüləndə Haqverdiyev yazıb ki, Qəmküsara atılan güllə “ Molla Nəsrəddin”in ürəyinə dəydi.

- Vəfat xəbərini harada eşitdiniz?

- Evdə. Ağır xəstəlik diaqnozu qoyulub ona. Ürəyi 2-3 dəfə infarkt olub. Mən, uşaqlarım, bacıları evdə olub. Son sözü olmayıb. Yaxın qohumu onun yanına gələndə atam dünyasını dəyişib. Mənə ölməzdən əvvəl bircə onu deyib ki, qızını rus bölməsindən Azərbaycan bölməsinə dəyiş, yoxsa çörəyim sənə haram olsun. Mən də dediyini etdim. 134№-li məktəbdən 132№-li məktəbə keçirdim uşaqları. Bu məktəbdə Azərbaycan bölməsi var idi və hər 3-ü Azərbaycan bölməsini bitirib.

- Atanızın yaradıcılığını bir ədəbiyyatşünas kimi necə qiymətləndirirsiniz?

- Çox maraqlı obrazlar qalereyası var. İstər “Cərrahlar”da, istər “Düşmənimin düşməni”ndə. “Hamballar” əsəri var. Öz dövrünün şəklini çox gözəl çəkib o əsərdə. Anar film çəkmək istəyir həmin əsərdən, hələ ki, alınmayıb.

- Atanız həm də sənətşünas olub.

- Rəssamlar İttifaqının üzvü olub. Səttar Bəhlulzadə ilə yaxın dost idi. Bizə qonaq gələndə Səttar deyirdi ki, Nabat xanım, mənə sulu yemək. Mədəsi xəstə olub axı onun. Səttarın qəribə siması var idi. Qorxurdum ondan.

- Atanız “ Müşfiqli günlərim”in redaktoru olub.

- Dilbər xanım bizim evə tez-tez gəlib. "Müşfiqli günlərim"ə atam həm rəy verib, həm də redaktoru olub. "Müşfiqli günlərim" Dilbər xanımla atamın əməyinin birgə məhsuludur. Atam ilk qadın Xalq rəssamımız Maral Rəhmanzadə haqqında kitab yazıb. SSRİ Rəssamlar İttifaqı üzvü olan yeganə azərbaycanlı yazıçı olub.

- Hobbiləri nələr idi?

- Klassik musiqi, muğam. Hacıbaba Hüseynova qulaq asıb. Yaxşı şahmat oynayıb. Şahmata həvəsləndirib daima bizi. İdmanın və musiqinin bütün sahələrində olmuşuq. Atam təhrik edib, anam da aparıb.

- Ancaq atanızın əsərləri haqqında az yazılıb.

- Yəqin, özü də belə istəyib. Belə olmalı imiş.

Hüseyn Cavidin fəlsəfi lirikası mövzusunu götürmüşdüm dissertasiya müdafiəm üçün. Bir neçə məqaləm də olub bu mövzuda. Mənim alimliyin ardınca getməməyim də bir növ atama zərbə olub.

- Repressiya qurbanlarının ailələri "xalq düşmənləri"nin övladları adlandırılıb və cəmiyyətin özü də onlara ögey, hətta düşmən münasibət bəsləyib. Sizdə necə olub?

- Bizdə heç vaxt. Mənim çox fenomenal yaddaşım var. 16 yaşım olub, nə qohumlar, nə müəllimlərim bizə mənfi münasibət bəsləyib. Mir Cəlal mənim müəllimim olub və zaçotda ilk 5-i mənə o yazıb. Deyirdi, bilirsən, sən kimin qızısan? Ənvər Yusifoğlunun. Fəxr etmişəm ki, Ənvər Yusifoğlunun qızıyam. İsmayıl Şıxlı da Mir Cəlal müəllim kimi mənə deyirdi bunları. Atamın 100 illik yubileyini Yazıçılar Birliyi özü keçirib. Qızım təhsil sahəsində çalışır və o da babasını öz övladlarına, cəmiyyətə tanıtmağa çalışır.

- Varislər var - Qasım Qasımzadənin oğlu Nəriman bəy, Əzizə Cəfərzadənin oğlu Turan bəy və s. Valideynlərinin yaradıcılıq irsini təbliğ edirlər. Sizdə necə?

- Hekayələrini latın qrafikası ilə çap etdirmişəm. Kitabın üz qabığında da Səttarın şəkli əks olunub. 'Cərrahlar" romanını da çapa hazırlayırıq.

- Atanızın yola getmədiyi ədib olubmu?

- Hamı ilə tıxsız balıq olub. Əlfi Qasımov, İslam Səfərli, Nəriman Həsənzadə ilə çox yaxın idi. Şüvəlanda yaradıcılıq evində Əli Vəliyevlə, Süleyman Rəhimovla məclislərdə çox birgə olub. Xəlil Rza o məclislərdə iştirak edəndə hələ gənc idi. “Şamo”nun redaktəsi atama tapşırılıb. Atam da Süleyman Rəhimova deyirdi ki, nə uzun yazmısan, ay Süleyman. Süleyman Rəhimovun oğlanları Ariflə Oqtay atamı çox istəyib. Atam da onları. O, Yasamal qəbristanlığında dəfn edilib. Özü də çox təmtəraqla. Yazıçılar İttifaqı özü təşkil edib o dəfn mərasimini.

- Atanız dünyasını dəyişəndə SSRİ-nin dağılan dövrü idi.

- Biz hələ də Sovet aurasında idik. Atam həbs olunanda istəyiblər ki, İlyas Əfəndiyevin əleyhinə danışsın, atam bir kəlmə də danışmayıb.

- Mehdi Hüseynin qəfil ölümünü xatırlayırsınızmı?

- Yox. Biz istəyirdik, təzə ev alaq. Bizim qonşumuz Hüseyn Abbaszadə olub. Əliağa Kürçaylı ilə İsmayıl Şıxlı qonşu olub, Məmməd Əkbərlə Əkbər Ağayev. Atam xəstə olan vaxt idi. Mehdi əmi gəlib bizim evə. Əynində boz palto, başında şlyapa. Mənim başımı sığallayıb, anama da deyib, narahat olmayın. Bir ay sonra bizə ev veriblər. Seyfəddin Dağlının oğlu Bəhlulun, Əlfi Qasımovun övladının universitetə daxil olan ili idi. Qardaşım da həmin il daxil ola bilməyib. Seyfəddin Dağlı kinostudiyada çalışırdı. Dedi, gəl Yusifi dövlət xətti ilə göndərək VGİK-ə oxumağa. Rejissor olsun. Atam istəməyib ki, oğlu artist olsun. Atam Həsən Seyidbəyli ilə də yaxın olub. Bizlə üzbəüz binada yaşayıb Həsən müəllim. Atam onunla “ Uzaq sahillərdə” romanını redaktə edib.

# 11996 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #