Məmməd Səfa: “Aktyorun protezi tamaşaçının əlində qaldı” - MÜSAHİBƏ

Bu gün tanınmış aktyor Məmməd Səfanın doğum günüdür. Kulis.az bu münasibətlə aktyoru təbrik edir və onun vaxtilə sayta verdiyi müsahibəni diqqətinizə çatdırır.

 

Əməkdar artist Məmməd Səfa ilə müsahibəyə tələsirəm. Yuğ Teatrının qarşısına düzülmüş zibil yeşikləri üfunət püskürür-teatra münasibəti neçə ildir ki, beləcə sözsüz-sualsız ifadə edir - yayda qarpız qabıqları, milçəklər, qışda mövsümə uyğun cari tullantılar... Bir aktyorla müsahibəyə belə girişlə başlamaq etik deyil. Amma nə etməli? Teatrın foyesinə daxil oldunmu, soyuq qonaqpərvərliklə adamı qucaqlayır-kondisionerlər köhnədir, işləmir. Qrim otağında baş tutan söhbətə teatrın keçmişini xatırlamaqla başlayırıq. Ona görə yox ki, teatrda yenilik yoxdu və o, keçmişlə yaşayır. Qətiyyən. Ona görə ki, müsahibimiz əvvəlinci Yuğçudur...

 

- Səfa müəllim, Yuğ Teatrı hər cəhətdən  o biri teatrlardan fərqlənib. Bu teatrın öz mifi olub. Bu mif haradan gəlirdi?

 

- Haqqımızda belə sözlər eşidəndə mənə həmişə qəribə gəlib. Heç vaxt özümüzdə bir mürəkkəblik və ya çətinlik görməmişəm. Bəlkə bu atmosferin içində olmuşam deyə belədir, bilmirəm. Bizim tamaşalar haqqında anlaşılmazdır deyəndə özümə demişəm ki, burada anlaşılmaz nə var axı? Biz Füzulinin “Həqiqətüs-Şühəda” əsəri əsasında tamaşa hazırlamışdıq. Əgər tamaşaçının əsər haqqında məlumatı yoxdursa, İmam Hüseyn haqqındakı tarixçəni bilmirsə, təbii ki, ona anlaşılmaz gələcək.

 

- Tamaşaçıya münasibət necə idi? “Yuğ”da tamaşaçını çaşdırmaq, kompleksə salmaq kimi vərdiş var idi...

 

- Ola bilər ki, nə vaxtsa olub. Buna pis baxmaq lazım deyil. Biz açıq sistemlə işləyirik. Asan məsələ deyil. Digər teatrlardan fərqli olaraq, Yuğ Teatrının məkanı elədir ki, səhnə ilə tamaşaçı arasında məsafə çox azdır. Tamamən tamaşaçı ilə əhatə olunursan - arxa plana keçmək, tamaşaçıdan yayınmaq mümkün deyil. Kinoda olduğu kimi, bizim teatrda aktyor həmişə iri plandadır. Hətta, elə tamaşalarımız var ki, orada tamaşaçılar da oyunçuya çevrilməlidir.

 

- Bu prosesdə yaddaqalan əhvalatlar baş verib yəqin ki. Xatırladığınız varmı?

 

- Ramiz Rövşənin şeirləri əsasında hazırlanan “Gəl gedək” adlı bir tamaşamız var idi. Həmin tamaşada protez əl taxmış Vaqif İbrahimoğlu tamaşaçılarla əl sıxıb görüşürdü. Tamaşaların birində guya təsadüfən protezi çıxıb tamaşaçının əlində qaldı. Bu seyrçi üçün gözlənilməz idi. Hətta şoka düşmüşdü. Tamaşalarımıza müxtəlif cür münasibət göstərənlər oldu.

 

Bəzən elə olurdu ki, tamaşaçı çıxıb gedir və ya mübahisə edirdi. Narazılığını, hətta nifrətini  bildirənlər də olub. Nə deyə bilərik ki? Anlayırsan otur bax, anlamırsansa get.

 

- “Tamaşaçıları axmaq yerinə qoyurlar” deyirdilər...

 

- Qətiyyən. Vaqif müəllim tamaşaçıya həmişə böyük dəyər verib.

 

- Yuğ Teatrında aktyor nə qədər yaradıcı personadır?

 

- 100 faiz yaradıcıdır. Müəllim elə bir qurğu təklif edirdi ki, aktyor özünü realizə etsin. Kimsə buna nail ola bilirdi, kimsə az nail olurdu - bu, başqa məsələdir. Bütün qurğu yaradıcı insanın - aktyorun ön plana çıxması üçün idi. Bizim teatrımız elə teatrdır ki, sırf tamaşaçı-aktyor münasibətləri üzərində qurulur. Mütləq o kontakt yaranmalıdır. Ola bilər pis alınsın, ola bilər yaxşı. Yaradıcı prosesin xassəsi belədir.

 

- Rəhmətlik Vaqif müəllim yuğçularla münasibəti necə qurmuşdu?

 

- Hərə ilə bir cür münasibəti var idi. Vaqif müəllim mənim üçün ata idi, qardaş idi, ən son məqamda rejissor idi, buranın rəhbəri idi. O, heç vaxt münasibətlərdə müəyyən süni baryerlər yaratmayıb. Biz, sadəcə, onu sevmişik və hörmət bəsləmişik. Yalnız böyük-kiçik münasibətləri olub.

 

- Bir mənəvi məkan olaraq “Yuğ”un ən ümdə prinsipi, şərti, şüarı nədir?

 

- Buranı bir məkan olaraq həmişə müqəddəs hesab etmişik. Vaqif müəllimin qoyduğu qaydaları hamı qorumağa borcludur. Vaqif müəllim burada bizi bizə tanıtdı. Mənim ən böyük qazancım özümü tanımağım, dərk etməyim oldu. Buna bütün ömrünü verməyə dəyər. Aktyor birinci növbədə şəxsiyyət olmalıdır, insan olmalıdır. Vaqif müəllim həmişə bizlərə onu təlqin edirdi ki, aktyorun şəxsiyyəti öndə olmalıdır və peşəsi ona söykənməlidi, nəinki o peşəsinə. Bizim aktyorların əksəriyyəti bunu əxz etmiş adamlardır.

 

Vaqif müəllim həmişə deyirdi ki, nəyə xidmət etdiyinizi bilin...

 

- Hər şeyin iqtisadiləşdiyi, ticariləşdiyi bir zamanda “Yuğ”u, bir mənəviyyat məkanı olaraq qorumaq nəyin bahasına başa gəlib, nələr lazım olub?

 

- Bizdən əvvəl də bunu ediblər, bizdən sonra da edəcəklər. Bütün zamanlarda çətinliklər olub. Özünütəsdiq həmişə çətin olub. Elə bu gün də asan deyil. Məncə insana, ilk növbədə, sağlamlıq lazımdı. Sağlamlığıma görə məsuliyyəti mən daşıyıram. Kimsə mənim sağlamlığımın qeydinə qalmağa borclu deyil. Fiziki cəhətdən özümüzü qorumalıyıq.

 

- Teatrdan əvvəlki yaradıcı həzzi indi də ala bilirsinizmi? Mən Vaqif müəllimin sağlığında teatrın vəziyyətini nəzərdə tuturam...

 

- Əlbəttə. Amma Vaqif müəllimin yerini heç kim verməyəcək. O, qeyri-adi insan idi. Yaradıcı atmosferi biz özümüz yaratmalıyıq. Buna da çalışırıq. Əsas odur ki yol var. Ata bir gün var, bir gün yoxdu. Amma ata gedəndən sonra atanın qoyduğu şərtlər, qanunlar dəyişmir, axı!

 

- Teatrda nə zamansa mistik bir məqam yaşamısınız?

 

- Əlbəttə olub. Tamaşalarda olub. Hər dəfə yeni bir qatı kəşf edirsən, sənə yeni bir qapı açılır. Kamal müəllimin (Kamal Abdulla – A.D.) “Dilçiliyə səyahət” əsərində bir məqam var: bizim dilimiz qədimdən qədimdir, amma həm də yeni dildir, hər dəfə də yenilənir. Biz danışdıqca o sözlər yenilənir. Axar çaya bir dəfə girisən. Çaysa həmin çaydı, amma həm də həmin çay deyil. Hər yenilənmədə bir mistika var. Bizim işimiz də belədir.

 

- Dindarsınız?

 

- Mən dinimizin tələb etdiyi şərtlərə əməl etməyi özümə borc bilirəm.

 

- Bəs, dində sənətinizlə bağlı ziddiyyətli məqamlarla rastlaşmırsınız ki?

 

- Mən birbaşa dinlə məşğul olmadığıma, onu araşdırmadığıma görə bu məqamlarla rastlaşmamışam.

 

 

-  Kino və teatr obrazlarınız arasında bütöv qəhrəman azdır. Adətən personajlar və tipajlar yaradırsınız. Özünüzü qəhrəman oynayacaq aktyor hesab edirsiniz?

 

- Yox. Bizim teatrda çox vaxt bir obraz eyni zamanda bir neçə aktyorun ifasında təqdim olunur. Mənsə hansısa rolu arzulamamışam. Rol məni tapıb, mən də onu oynamağa çalışmışam.

 

- Son oxuduğunuz ədəbiyyat?

 

- Ən son oxuduğum Yunus Oğuzun “Nadir şah” romanıdır. Bir də Kamal Abdullanın “Dilçliyə səyahət” kitabı mənim stolüstü kitabımdır. Məncə bütün aktyor-tələbələr onu oxumalıdır. Dil bizim dəyərimizdir, onu gələcəyə ötürmək bizim borcumuzdur.

 

- Sizi məyus edən problemlər...

 

- Bu gün açıq qapı prinsipidir də... Avropadan, dünyanın hər yerindən informasiya, sənət nümunəsi qəbul edirik. İnternet var - istədiyimizi bir anda əldə etmək imkanımız var. Gənclər dünyaya qapalı deyillər. Bu, o demək deyil ki, biz hər şeyi təqdim olunduğu kimi qəbul etməliyik. Çünki bizim öz adət-ənənəmiz var. Bunları nəzərə almalıyıq. Mən böyüyə hörmətsizliyin əleyhinəyəm... Bunlar yazılmamış qanunlardır.

 

- Kinoda və teatrda son işləriniz?

 

- Hələ ki, yeni işə başlamamışıq. Son tamaşam Yuğda Mövlanənin əsərləri əsasında hazırlanan “Eşq” tamaşası idi. Filmdə isə son işim “Dolu”dakı Komandir obrazıdır.

 

Hələ ki...

 

01.29.2014

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017