#

"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız

"Bayatı Şiraz"ın pik nöqtəsi - Çingiz Müstafayevin dünyaya göstərdiyi o qız
8 may 2024
# 17:00

Kulis.az Gülyaz Əliyevanın ""Bayatı-Şiraz" və əziz Şuşa, sən azadsan!" yazısını təqdim edir.

Bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan bir video diqqətimi çəkdi. "Bayatı-Şiraz" oxunurdu. Məktəbli bir uşaq son dərəcə həssaslıqla dinləyir. "Bayatı-Şiraz" oxunur, o, qulaq asır. Uşağa baxıram: üz əzələləri səyriyir, kövrəlir, kövrəlsə də ağlamayan, qəhərini boğazında boğan bu uşağın da mı, görəsən, gözlərinin önündən mənim gözlərimin önündən keçənlər keçir? Düşüncələr məni çəkib apardı, məni məndən aldı o "Bayatı Şiraz"... Görəsən, bizdən başqa "Bayatı-Şiraz"ı bu qədər yanıqlı oxuyan bir xalq varmı? Görəsən, bizdən başqa "Bayatı-Şiraz" oxunanda uşağından tutmuş böyüyünəcən kövrələn bir xalq varmı? Görəsən, bizdən başqa Vətəni "könlünün sevgili-məhbubu" edən, onu ürəyinin başında saxlayan Vətənə "sən mənim köksümdə çarpan ürəksən" deyən bir xalq varmı? Görəsən, bizdən başqa otuz illik zilləti sinəsinə sıxıb, yumrulayıb-yumrulayıb yumruq edib 44 gündə düşmənin başına çırpan bir xalq varmı? Görəsən, bizdən başqa otuz ildə parçalana-parçalana, didilə-didilə, tikələnə-tikələnə hər yerə, hər tərəfə dağılıb bir Vətən eşqinə, Qarabağ sevdasına dağılmış civə damlaları kimi parçalansa da bir yerə toplaşıb birləşən, bütövləşən, yanıb-yanıb külündən yenidən törəyən bir xalq varmı?

Mənə elə gəlir ki, azərbaycanlı olub da, "Bayatı-Şiraz"dan həyəcana gəlib təsirlənməyən adam yoxdur. O sehrli musiqinin yüksələn və enən sədaları hər bir insanın həyat hekayəsini gözləri qarşısında yüksələn və enən xətlə canlandırır. Sevincli və kədərli günlər də bir-bir kino lenti kimi insanın gözlərinin qarşısından keçir. Doğulduğun, ilk qədəmlərini atdığın torpaq, əlindən tutub səni addım-addım gəzdirən ata-anan, bacı-qardaşın, sonra əlindən tutub sənə ilk dəfə "ana, vətən" kəlmələrini yazdıran müəllimindən tutmuş həyatdan aldığın ilk şillə, ilk uğur, ilk sevgi, ilk uğursuzluqlar, torpağının qara günləri, Topxana meşəsinin harayına toplanmış xalq, Ağdamda torpaq uğruna verilən ilk iki şəhid, iki gənc, qan-qadanın qabağını almağa çalışan, havadan asılı qalan o yaylıq bir-bir gəlib göz ünündən keçir. O yaylıq - qıraqları yelkənli o kəlağayı müharibənin qabağını kəsmək məqsədilə ayaqlar altına atılsa da, sanki yerə düşmür, elə havadaca qalır, sonradan bir ölüm mələyinə dönüb torpaq üzərində sürünür, süründükcə də bir-bir əzizlərimizi, uşaqlığımızı, gəncliyimizi, sevincimizi, torpaqlarımızı udur... Sonra yavaş-yavaş əldən çıxan xoşbəxtliyimiz, olub-bitən hər şeyin acı yanğısı, yanan evlər, dağıdılan qəbiristanlıqlar, Xocalı soyqırımı, Çingizin dünyaya harayı, Çingiz Mustafayevin Xocalıda qar üstə donub qaxaca dönmüş çığıra-çığıra qucağına qaldırıb dünyaya göstərdiyi o qız uşağı, qar üzərində donub qalmış o nurani baba və nənə, insanlığın ölmüş heykəli gözlərimiz qarşısında canlanır.
‒ Yar aman, ay yar, ey

Könlümün sevgili məhbubu mənim, ey, ey
Vətənimdir, vətənimdir, vətənim...

"Bayatı-Şiraz"ın səsi zilə qalxdıqca o xatirələr də zilə qalxır, səni olduğun məkandan və zamandan qoparıb özü ilə bərabər göylərin ənginliklərinə qaldırır. Göylərə qalxdıqca sən də o Yer şarını özünlə bərabər götürüb göyə qaldırmaq, od-alovun əlindən alıb-qurtarmaq istəyirsən...

Yar, ay aman, ey Aman, aman, aman eyyyyy!...
Yar aman, aman, aman ey...

"Bayatı-Şiraz" səslənir. Laçın, Kəlbəcər boşalır, dağ camaatı yük maşınlarında Arana köçür. Ömrü boyu yığdıqları sərvət, dədə-baba əmanəti torpaq, dağ-dərə, bulaqlar, meşələr mənfur düşmənə qalır.

Dağlar qəribsəyir...
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Yaşıl meşə, göy bulaq,
O da marala qaldı...

Üzlərdə kədər, qəm-qüssə, qucaqda, kürəkdə uşaq, ayaqyalın, başıaçıq çöllərə, çadırlara səpələnmiş qız-gəlin, didərgin əhali…

Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal...

Yox, çıxdılar ev-eşiklərindən, amma qayıdacaqlarına böyük inamla, ümidlə...

"Bayatı -Şiraz" səslənir... Bundan sonra fəlakət daha iri addımlarla irəliləyir, daha sürünmür.

Şuşa əldən çıxır, xəyanət xəyanətə calanır...
Şuşadan sonra Ağdam dağıdılır, ev-ev sökülür, maşın-maşın daşınır, külü göyə sovrulur, qorxunc ruhlar şəhərinə çevrilir. O ölü şəhərdə yeganə ümid, yeganə dik qalan tikili iki minarə ucalır, göylərə dərdini söyləyir...
Avropa Şurası, Minsk qrupu yurdumuza ayaq açır.

‒ Aman, aman aman eyyy...

Soyuq sifətlər, donuq gözlər, sarı ilanlar ayaq açır torpağımıza, talançılar əl-ayaqda, yalançılar iş başında, riyakar vədlər, soyuq baxışlar, qorxunc simalar... Biri gedir, biri gəlir. ...

‒ Aman, aman eyyy ....

Şuşanın işğalından sonra Qarabağın beli qlrılır. Əhali tamamilə fiaskoya uğrayıb. Bədbinlik artır, ruh düşkünlüyü ölkəni çənginə alır. Artlq bir gündə bir neçə rayon birdən düşmən caynağına keçir... Füzulu, Zəngilan, Cəbrayıl...

Dağları en piyada,
Yolu kəs tən piyada.
Gedirəm haqqa çatam,
O atlı, mən piyada.

Xalqı bir zərbə möhkəm silkələyib özünə gətirir: Şuşada ermənilərin yallı getməsi xalqın üzünə qəfil dəymiş şillə kimi onu bayğınlıqdan ayıldır. Müvəqqəti qələbədən ruhlanmış, özünü unutmuş namərd qonşunun biri açıq-açığına meydan sulayır, diğəri də hiyləgərcəsinə, goreşən kimi torpağı sökür, sərvətimizi daşıyır...
Əhali köçkün olur, qaçqın düşür, dağlara dərələrə səpələnir, Araza tökülür, meşələrdə donub qalır...

Aman ovçu, vurma məni
Mən bu dağın maralıyam...

"Bayatı-Şiraz yayılır, bəmə düşür...

Vətənim verdi mənə nanü-nəmək
Vətəni, məncə unutmaq nə demək?!.
..

"Bayatı-Şuraz" səslənir. Yol boyunca səpələnmiş çadır şəhərcikləri ürək dağlayır...

"Bayatı-Şuraz" səslənir, yavaş-yavaş zildən bəmə düşür. Göz önündəki sonsuz bir qaranlıq yavaş-yavaş aydınlanmağa başlayır. O sədanın içindən bir "Xudayar təsnifi" də çıxır, dumanlar içindən işığa, Günəşə boylanır:

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum ...

Müharibə yenidən alovlanır, yeni məcraya keçir. İndi hamının beynində öz gözəl yurdu, ümid, inam bu çətin günləri yaşayır, yurduna qovuşacağına olan ümidini itirmədən, inamını azaltmadan...
Qatı qaranlıqlardan bir qığılcım işarmaqdadır - Azərbaycan Əsgəri. Xalq gözünü o qığılcıma zilləyərək yol alır. Düşmən qarşısında bir Polad möhkəmliyində Ordu görür. Hər yerdən əli üzülən xalq son gücünü toplayıb bu düyünü ancaq özünün açacağına inanır. İnanır və belini dikəldir, ayağa durur. Birləşir, bütövləşir, tamlanır. Bu duruşdan, bu əzmdən Aprel döyüşləri doğur.
Lələtəpə və Çocuqmərcanlı xalqın ölən ruhunun dirilməsi üçün son damla olur. Xalq qorxunu yenir, dünyanın yaratdığı yalançı məğlubolmaz erməni ordusu mifini parçalayır. Yumruğa dönür. Hər axşam Komandandan alınan şad xəbərlər xalqı yenidən dirçəldir, özünə qaytarır. "Mücrü" mənsur şeirindəki kimi ağır günlərdə açılıb-açılıb boşalan mücrü yenidən açılmağa - dolmağa başlayır. Açıldı mücrü:
‒ Horadiz bizimdir!
‒ Füzuli azaddır!
‒ Zəngilan azaddır!
‒ Cəbrayıl azaddır!

Sevinc sevincə qarışır, enən bayraqlar ucalmağa başlayır.
Yaaaar aman aman ey ...
Adına, özünə vətən deyirəm
Çölünə, düzünə vətən deyirəm, ay, ay əman...

"Bayatı-Şiraz" yenidən zilə qalxır, dağ-dərələrə zəngulənin səsi yayılır, əks-səda verir.

Nəhayət, ən gözəl gün..."Bayatı-Şiraz"ın pik nöqtəsi:

‒ Əziz Şuşa, sən azadsan, əziz Şuşa, biz səni dirçəldəcəyik!

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə kiçik bir zərrə,
Mənə qanad verən...
Mənə qanad verən odlu diləksən
Adına, özünə vətən deyirəm
Çölünə, düzünə vətən deyirəm, ay, ay əman
Yar, ay aman, ey
Yar... Yar...
Yar... Yar...
Əman, Əman
Əman, əman
Əman, əman
Ay əman, əman
Yar, əman, əman
Yar...

# 872 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
#
#
# # #