Küləkli havalarda, yağışlı havalarda - Pərvanə Bayramqızı

Küləkli havalarda, yağışlı havalarda - Pərvanə Bayramqızı
7 may 2024
# 18:00

Kulis.az Pərvanə Bayramqızının "Küləkli havalarda, yağışlı havalarda" yazısını təqdim edir.

İnsan təbiətə tabedir. Qeyri-adi fikir söyləməyə çalışmadım, gerçəyi bir daha dərk edib heyrətləndim. Torpaqla təmas, ölümə məhkum olmaq bir yana havanın havasındanca təbiətə təslim olduğumuzdan ovqatımız tez-tez dəyişir, özümüzü hər dəfə fərqli hiss edirik.

Azca duman çöksə qəribsəyir, yağış çiləsə duyğulanır, günəş çıxsa sevinirik.

Həmişə sevdiklərimizlə birgə olmaq istədiyimiz halda, qəribsəyəndə nədənsə tək olmaq istəyirik. Təbiət sanki bizi özümüzlə baş-başa qoymaq istədiyindən fəsillərə bölünüb. Qışda istiyə ehtiyacımız olduğunu, yayda sərin istədiyimizi mövsümlərdə təyin edirik.

Bu qaş-qabaqlı havada daxilinizə boylanın. Nə istədiyinizi, kimi arzuladığınızı biləcəksiniz. İl boyu qəlbimizdən keçənlərin səbr kasasını belə havalar daşırır.

Dumanlı, çiskinli havada, adətən, adam qəribsəyir, özünü tənha hiss edir. Mənən güclü olanlar birtəhər dözür, emosional, həssas adamlara duman da qəm gətirir.

Qabilin şeiri dəvətsiz-filansın gələn adamlar kimi öz-özünə yerləşir mətnə:

Külək əsir, közərir odum, yanıram.
Yağış yağır, gözümdən yağır sanıram,
Səni, səni axtarır, səni gəzirəm.
Başqa vaxtı hicrinə bir cür dözürəm.
Ancaq dözə bilmirəm
Küləkli havalarda, yağışlı havalarda.

Yağışdan ilk dəfə zövq alıb, duyğulandığım günü xatırladım.

Qonşuluqda atamın qohumu yaşayırdı. Qədimdən qalmış evlərini sökməmişdilər. Bura xoşuma gəlirdi. Cizgi filmlərindəki taxta evlərə bənzəyirdi. Elə qohum özü də qədimdənqalma idi. Xeyli yaşı vardı. Üz-gözü bacarıqsız adamın ütülədiyi qırış köynəyə bənzəyirdi. Amma hər işi özü görürdü.

Yorulmadan...

Yanında idim. (Mənasız bir söz var ha – "indi olmayım", o ifadəni deməyin) Elə gözəl yağış yağırdı... Damlalar iri və dumduru idi, içində özündən xırda başqa damlalar da görünürdü. Gözəl səslə tökülürdülər. Mənə elə gəlirdi ki, damlalar bir-biri ilə zarafatlaşır, gülüşür, yerə düşdükcə sağollaşıb ayrılırdılar. Qapının ağzında dayanıb tamaşa edirdim. Qarı da nehrə çalxayırdı. Yağış necə gurlaşdısa evin alt tərəfindəki çay yağışın ucundan tutub Göyə çıxmağa çalışdı. Çayın kənarındakı bağdakı ağaclar o ki var çimdilər. Tozu yuyulduğundan yaşıllıq kəndə gözəllik verdi.

Yağış kəsəndən sonra həyətdəki otluqda sarı çiçəklər sanki özlərini Günəşə bənzədərək "forslu-forslu" boylanmağa başladılar. Yarpaqlarda qalan damcılar süzüldükcə elə bil yerə muncuq dağılırdı. Qəlbimə xoş hisslər doldu. Təbiəti sevdim, dünyanı qucaqlamaq istədim.

Yağışlı havada pəncərə önündə kitab oxumaq adamı duyğulandırır. Sanki göydən kəlmələr tökülür. Gərək oxuduqlarından insani keyfiyyətlər mənimsəyəsən. Ədəbiyyat sayını artırmaq üçün oxumağın nə şəxsin özünə xeyri var, nə də cəmiyyətə.

Oxuduğu kitablarla öyünüb ədalətsizlik edənlərin mütaliəsi divin xəlbirlə su götürməsi kimidir. Bu siçanın mütaliə etdikdən sonra gedib hansısa kitab rəfindəki kitabları çeynəyib korlayacağına bənzəyir. Nəticə eynidir. Səmərəsiz mütaliə.

İndi o cür yağış yağmır. Yağırsa da, o vaxtkı kimi görə bilmirəm.

Elə xoşuma gəlir, narın-narın yağış yağa, çətirə dəydikcə damcını səsiylə sayasan.

Elə xoşuma gəlmir ki yağış göy gurultusuna, şimşəyə qoşulub səs-küylə yağa.

Elə xoşuma gəlir, damlalar yarpaqdan süzülə, mən də tamaşa edəm.

Elə xoşuma gəlmir, yağış yağa, küçələr gölməçə ola, sürücü kobudcasına maşını suyun içinə sala, üst-başın bata. Evə gələndə də anan danlaya ki, cavan qızsan, niyə ehtiyatla yerimirsən ki, paltarın bu günə düşməyə.

# 2177 dəfə oxunub

Oxşar xəbərlər

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

“Naxışların dili – ortaq mirasın səsi” silsilə tədbirləri keçirilir

12:00 25 aprel 2026
“İlin fotosu”  seçildi

“İlin fotosu” seçildi

11:00 25 aprel 2026
Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

10:45 25 aprel 2026
Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

Nuhun gəmisinə aid olduğu iddia edilən yeni tapıntılar aşkarlandı

10:30 25 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər