Erotikanı pornoqrafiyadan necə ayırmalı?

Erotikanı pornoqrafiyadan necə ayırmalı?
3 dekabr 2013
# 08:30

Erotika və pornoqrafiya janrları arasında fərq adətən belə izah edilir: “Pornoqrafiyadan fərqli olaraq erotikya naturalizm və diqqəti cinsiyyət orqanlarına yönəltmək xas deyil”.

Yaddaşımı araşdırıram, intim səhnələrin yer aldığı “art house” filmlərini xatırlamağa çalışıram. Yadıma Lars von Trierin “Dalğaları yararkən” dramı düşür.

Əhvalatın əvvəlində Bessin və Yanın evləndiyi səhnə yer alır. Sevişmə səhnəsində Yanın cinsiyyət orqanı yaxın planda göstərilir.

Cinsiyyət orqanı göstərildiyi üçün bunu “porno səhnə” adlandırmaq yanlışdır.

Əvvəla, filmin ideyası, xarakteri və konkret bu səhnənin təbiəti porno anlayışına tamamilə ziddir.

Həmin hissədə Besslə Yanın sevgisi, toxunuşları, dialoqu, qadının məsumluğu, sevişmədən sonra ərinə sarılıb kövrəkcəsinə “çox saq ol” deməsi və bu cür incə nüanslar bolluğu ilə Trier natural çılpaq təsvirləri porno anlayışından, bayağılıqdan xilas edir.

Bu, filmin ən təsirli, Bessin dünyasını açan səhnələrindən biridir.

Trier maqikcəsinə fiziki təması tamamilə arxa plana atır, çılpaq təsvirlərə nəsə toxunulmaz, sakral atmosfer qatır.

Rejissorun yozumunda o, pornonun da, erotikanın da, hətta sevginin də sərhədlərini aşır...

“Art house” filmlərində açıq-saçıq təsvirlər mahiyyətcə nə porno, nə erotika anlayışına sığmır. Çünki məqsəd tamaşaçıda seksual istək yaratmaq yox, vücud dilindən istifadə edərək vacib mətləbləri qabartmaqdır. Hər nə qədər təfərrüatlı intim kadrlar olsa da, bu, seyrçidə seksual hisslərin oyanmasına, fantaziyalara yer qoymur.

Başqa cür desək, cinsi akt sənət filmlərində özünün ilkin anlayışından kənara çıxır və müəllif üçün onun niyyətinə gedən yolda vasitə, ifadə formasına çevrilir.

Dünya kinosunda onlarla açıq səhnələrin yer aldığı belə ekran əsərinin adını sadalamaq olar: Pazolininin “Sodomun 120 günü” dramından tutmuş Stiv Makkuinin “Utanc” filminədək.

Yaxud, tayvanlı rejissor Tsai Ming Lyang “İnadkar bulud” ekran əsərində natural çılpaq səhnələr vasitəsilə çox məsələlərə toxunur və təsviri elə həll edir ki, seyrçinin cinsi istəyini, həvəsini qapayır, instinktini susdurur. Alman mətbuatı filmə daha dəqiq qiymət verib: “Dramatik, radikal təsvirlərin, fikirlərin bol olduğu film ekzistensial boşluğu və fərdin dərin təkliyinə, ünsiyyət böhranına aksent edir”.

1963-cü ildə italyan prodüserləri J.L.Qodara Alberto Moravianın “Nifrət” romanı əsasında eyni adlı film çəkməyi təklif edir. Əsas şərtlərdən biri o dövrün seks simvollarından sayılan, fransız aktrisası Bricit Bardonu da baş rollardan birini oynaması idi. Film hazır olandan sonra prodüserlər Bardonun bir çılpaq səhnəsinə belə rast gəlmirlər. Onların təkidi ilə rejissor Bardonu bir neçə kadrda çılpaq çəkir. Amma Qodar həmin çılpaqlığı soyuq, minimal erotizm, ironiya ilə təsvir edir və qadın bədəninin cəmiyyətdə əmtəə olduğunu göstərir.

Deməli, əsas məsələ müəllifin onu hansı kontekstə yerləşdirməsində, verdiyi anlamdadır.

İki janr arasındakı fərqə gəlincə, bunu daha dəqiq Umberto Eko izah edir: “Elmi cəhətdən filmin pornoqrafik olub-olmadığını müəyyənləşdirmək olarmı? Əxlaq nəzarətçisi bu suala belə cavab verər ki, açıq seksual xarakterli səhnələrin olduğu film porno janrına aiddir. Amma pornoqrafiyaya görə ittiham olunanlar üzərindəki çoxsaylı məhkəmələr göstərdi ki, bəzi əsərlərdə belə səhnələr realist effektə nail olmaq, həyatı olduğu kimi təsvir etmək, əxlaq məsələsini həll etmək məqsədilə (əxlaqsızlığı damğalamaq üçün) daxil edilir və olur ki, əsərin estetik məziyyətləri bütövlükdə ayrı-ayrı fraqmentlərin əxlaqsızlığına haqq qazandırır. Müəllifin doğrudan da realizmə haqq verməsini, əxlaqi prinsipləri müdafiə etməsini və ya bununla da inandırıcı estetik nəticələr əldə etməsini müəyyənləşdirmək kifayət qədər çətindir, amma mən belə nəticəyə gəlmişəm ki, bir pozulmaz qayda mövcuddur.

Açıq seksual səhnələri olan filmi qiymətləndirərkən bunu hesablamaq zəruridir: personaj liftə və ya maşına minəndə zaman diskursu fabulanın diskursu ilə üst-ütə düşürmü? Flober bir cümlədə Frederikin uzun müddət səyahət etdiyini bildirir, adi filmlərdə isə Bostonun Loqan aeroportundakı təyyarəyə minən qəhrəman növbəti səhnədə artıq San-Fransiskoda yerə enir. Pornoqrafik filmlərdə də əgər qəhrəman maşına oturub on kvartalı keçirsə, maşın bu məsafəni reallıqda tələb olunan zaman qədər gedəcək. Əgər qəhrəman soyuducunu açıb, içmək üçün stəkana sprayt süzürsə, televizoru qoşub kresloya oturursa, ekranda bu, sizin evdə bunları edəcəyiniz vaxt qədər aparacaq. Səbəb yetərincə sadədir. Pornoqrafik film elə ona görə də çəkilir ki, tamaşaçıya açıq səhnələri göstərsin, amma o, fasiləsiz olaraq bir saat yarım seksdən ibarət ola bilməz, çünki bu, aktyoru əldən salardı və nəticədə tamaşaçını da darıxdırardı.

Uyğun olaraq, yataq səhnələri nəyləsə qarışdırılmış olmalıdır. Bununla belə heç kəsdə zərrə qədər belə bir arzu yoxdur ki, ən azı, düzgün, rəvan bir süjet yaratmağa zaman və pul xərcləsin. Həm də tamaşaçıları da süjet maraqlandırmır, çünki onlar buna diqqət yeritmir, şəhvətli epizodlar gözləyirlər. Beləliklə də süjet az əhəmiyyətli məişət, gündəlik hərəkətlərin yığımına çevrilir: harasa getmək, viski içmək, palto geymək, hər cürə xırdalıqlar haqda çərənləmək. Beləcə, seksə bir başa aidiyyatı olmayan hər şey eynilə gündəlik həyatda olduğu qədər davam etməlidir, yataq səhnələri isə reallıqdan daha uzun çəkməlidir.

Bu da mənim sizə qaydam: A nöqtəsindən B nöqtəsinə getmək üçün, iki qəhrəmana reallıqda olduğu qədər vaxt lazımdır, biz tamamilə əminliklə deyə bilərik ki, bu, pornoqrafiyadır. Əlbəttə ki, bununla yanaşı filmdə açıq seks səhnələri də olmalıdır, əks halda, Vim Vendersin iki adamın maşınla 4 saat getməsini göstərən “Zamanın axışında” filmini o zaman pornoqrafiya elan etmək lazım gələrdi”.

Kəsəsi, porno filmlərdə əsas qayə cinsi akta, yataq təsvirlərinə fokuslanır və hansısa əhəmiyyətsiz hərəkətlər intim səhnələrə keçid üçün körpü rolunu oynayır.

Erotika ilə porno arasındakı fərqi bilmək üçün bu sözlərin mənbəyinə də diqqət yetirmək lazımdır.

“Poronoqrafiya” yunan sözüdür, “porne” fahişə, “graphein” yazmaq deməkdir və “fahişələrlə bağlı yazılar” anlamına gəlir. Eyni zamanda “porne” sözü “satmaq” felinin kökündən alınıb.

“Erotika” isə yunan mifologiyasında eşq allahı Erosun adı ilə bağlıdır.

...Təxminən bir neçə həftə ərzində erotika janrında xeyli film izlədim. Daha doğrusu, sırf erotikanı yox, onun müxtəlif janrlarla, məsələn triller, detektiv, psixoloji dramlarla və s. qarışığını nəzərdə tuturam.

Bir qayda olaraq, bu cür filmlərdə təkcə erotik amil dominant olmur, o, eyni zamanda digər, məsələn, psixoloji, cinayət xətləri ilə birləşir, yataq səhnələri isə instinktiv deyil, səliqəli, estetik, yarımqapalı işlənir.

Hollivudun çəkdiyi erotik dramlar, trillerlər, erotik filmlər rejissoru kimi ad çıxarmış italyan Tinto Brassın filmlərindən daha estetik, keyfiyyətlidir.

Brassın süjetlərindəki ironiya, ara-sıra eşidilən intellektual söhbətlər vulqar intim səhnələrin basqısı altında əhəmiyyətini itirir.

İstənilən halda intim səhnələrə yanaşmalar individualdır. Məsələn, dünyanın ən yaxşı kinematoqrafçıları filmlərində açıq kadrları tamamilə fərqli anlamlarda təsvir həllini versə belə, çoxu onu birbaşa mənada anlayacaq və iddia edəcək ki, biz ekranda cinsiyyət orqanından başqa heç nə görmədik.

# 9519 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #