Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?
21 aprel 2024
# 12:00

Bu gün görkəmli ABŞ yazıçısı Mark Tvenin anım günüdür.

Kulis.az onun "Çarın monoloqu" adlı essesini təqdim edir.

"Adətən Çar səhərlər vannada çiməndən sonra əynini geyinməmiş tək-tənha düşüncələrə qərq olur".

(Londonda çıxan “Tayms” qəzetindən)

ÇAR (bədənnüma güzgüdə özünə baxa-baxa danışır): Lümlütəm, gör nəyə oxşayıram? Arıq, cılız, əyriayaq, lap karikaturalıq bir obrazam, adi bir məxluq! Gör e, başım mumdan düzəldilmiş kukla başıdı, üzümdəki ifadə lap yemiş kimi görünür, qulaqlarım da dimdik qalxıb, dirsəklərimin sümükləri çıxıb, sinəm çöküb, ayaqlarım sanki yonqardı, pəncələrim isə lap rentgendən çıxmış şəkildi; oynaqlarıma bir bax, hə yonqar kimidilər, sümüklərim də ki xırda-xırda şaxələniblər! Heç bir çarlıq əlaməti yox, heç bir əzəmət, nüfuz yox, heyranlıq və itaət yaratmaq üçün heç bir füsunkarlıq yox! Görəsən bu mənəm? Yəni, doğrudanmı yüz qırx milyon rus milləti mənim qarşımda əyilir, mənim tozumu öpüb itaət edirlər? Əlbəttə, yox! Belə bir qorxulu məxluqa itaət etmək ağlasığmaz haldı! Onda bəs, onlar kimə və nəyə itaət edirlər belə? Düzü, dərindən düşünsəm, bunu çox gözəl bilirəm: onlar mənim paltarıma, libasıma itaət edirlər! Hər bir çılpaq insan kimi mən də paltarsız heç bir hakimiyyətə malik olmazdım. Heç kim məni hansısa keşişdən, dəlləkdən ya da sadəcə bir avaradan seçməzdi. Bəs onda, kimdi ümumrusiya İmperatoru? Mənim libasım! Bəli, bəli, imperator - mənim əynimdəki paltardı, paltar!

Doğrudan da Teufelsdrockh haqlıdı: ümumiyyətlə, insan (hər bir adam) paltarısız nəyə bənzəyərdi? Dərindən düşünsək, mütləq bu qənaətə gələrik: paltarsız insan heç nədir, heç nə! Paltar insana təkcə yaraşıq vermir, paltar elə insan deməkdi! Paltarsız o heç kimdi, heç nədi, mənasız bir məxluqdu, vəssalam! Bəs titullar? Bu bərbəzəkli əşyalar da paltarın bir hissəsidi! Zərxara və məxmərlə yanaşı bu əşyalar da onları taxan adamın nöqsanlarını, əyər-əskiklərini ört-basdır edir; bunlar ona məzmun və məna verir, əzəmət verir, adamın heç bir gözəlliyi və əhəmiyyəti olmasa belə, ona təşəxxüs bəxş edir. Bu əşyalar bütöv bir milləti imperatora diz çöküb səcdə qılmağa məcbur edə bilər; İmperator isə pal-paltarsız və titulsuz kütlə içinə düşərsə, heç çəkməçidən belə seçilməz, elə sadə adamlar arasındaca dərhal itib batar. Paltarsız İmperator çılpaq adamların arasınada heç kimi özünə cəlb etməz, heç ona hörmət əlaməti olaraq ləyaqətli bir söz də deməzlər; küçədə-bayırda, basabasda onu da yoldan ötən naməlum adam kimi itələyərlər, ya da ona hambal kimi baxıb qəpik-quruş verər, yüklərini daşıtdırarlar; o yalnız bu süni titul və paltarlara görə, necə olsa da, İmperatordur! Təbəələri ona baş əyir, onu Allah sayır, o isə heç bir məsuliyyət hiss etmədən onları taleyin hökmünə buraxır, ya da sürgün eedir, təqibə məruz qoyur, zəhərləyir, onları siçovul kimi məhv edir; imperator taleyin şıltaq hökmüylə taxt-taca irsən yiyələnməsəydi, başqa bir peşəylə məşğul olardı, yəni bacardığı bir işin qulpundan yapışardı. Bax, belə, bu İmperator paltarında və titulunda böyük bir güc var! Onlar əhalinin canına vəlvələ salır, onu İmperatora ehtiram göstərməyə məcbur edir; hərçənd o bilir ki, hər bir dinastiya, hakimiyyəti xalqın gücüylə qəsb edir, xalqın dəstəyi ilə qanunsuz ələ keçirir, xalqın isə hakimiyyəti idarə etmək üçün heç bir hüququ olmur. Axı monarxları hər zaman cəmiyyətin kübar təbəqəsi seçib, taxt-tacda oturdub; heç bir monarxı heç vaxt xalq seçməyib.

Paltarsız hakimiyyət yoxdur! Paltar hakimiyyəti insanları itaətdə saxlayır. Bütün rəisləri lümlüt soyundurun, heç bir dövləti bu cür idarə etmək mümkün olmayacaq! Çılpaq məmurlar haranı idarə edəcəklər axı?! Çılpaq məmurlar görkəmlərinə, həm də elə məzmunlarına görə də ən adi adama bənzəyəcəklər, heç kimin diqqətini çəkməyəcəklər. Polis adi geyimdədirsə, sadəcə adamdır, lakin əgər o mundir geyinibsə, deməli dəyəri var. Paltar və titullar nüfuz və təsiretmənin ən güclü vasitəsidir, ondan güclüsü yoxdu dünyada. Onlar insana hakimə, generala, admirala, yepiskopa, səfirə, qrafa və ya yelbeyin hersoqa, sultana, krala, imperatora qeyd-şərtsiz və kor-koranə ehtiram göstərməyi təlqin edir. Ən yüksək titul belə paltarsız təəssürat yaratmır.

Lüt gəzən vəhşi tayfaların kralı adətən kral hakimiyyətinin müqəddəs simvolu sayılan hansısa cındır əski geyinir ya da çax-çaxlı oyuncaq əşya taxır, bu əşyaları da kraldan savayı heç kim gəzdirə bilməz. Afrikanın böyük Fənq tayfasının kralı boynundan öz monarxiya hakimiyyətinin rəmzi sayılan bəbir dərisi sallayır, bədəninin qalan yerləri isə tamam çılpaq olur. Bəbir dərisinin parçası olmadan o bu vəzifədə qala bilməz, heyvan dərisi təbəələrini qorxu və itaətdə saxlayır.

(Bir qədər fasilədən sonra)

İnsan necə də qəribə, anlaşılmaz varlıqdır! Milyonlarla rus yüz illərdir ki, məzlumcasına və itaətkarcasına bizim ailəyə onları talamağa, təhqir etməyə, onların hüquq və həyatlarını əlindən almağa icazə verib; onlar əzab-əziyyət çəkiblər, ölüblər, təkcə bundan ötrü ki, bizim ailəmiz firavan yaşasın, kef eləsin! Bunlar adam deyillər, bunlar Allahın dilsiz heyvanlarıdır, yük atlarıdır! Amma baxın, onlar da paltar geyiniblər, hələ bir kilsəyə də gedirlər! Atın gücü insanınkından yüz dəfə çoxdur, lakin heyvan insana icazə verir ki, onu döysün, onu çapıb qovsun, onu ac saxlayıb öldürsün! Milyonlarla rus da bir dəstə əsgərə imkan verir ki, onları qul kimi saxlasın, hərçənd bu əsgərlərin özləri də onların oğulları və qardaşlarıdır!

Bir şeyi də başa düşmürəm: xaricdə çara və mütləqiyyət hakimiyyətinə sivil ölkələrdə qəbul edilmiş əxlaq meyarlarıyla yanaşırlar. Oralarda tiranı qanuni yollarla devirirlər, lakin kiminsə ağlına girib ki, bu üsulu Rusiyaya da tətbiq etmək mümkündür; Rusiyada məgər qanun var? Ümumiyyətlə, qanun yoxdur Rusiyada, yalnız Çarın hökmü var. Qanunlar məhdudiyyət qoymalıdır - onların yeganə funksiyası budur! Sivil ölkələrdə qanunlar bütün vətəndaşların hüquqlarını eyni dərəcədə məhdudlaşdırır, bu da düzgün və ədalətlidir; mənim dövlətimdə isə qanunlar mövcud olsa da, bizim ailəmizə aid deyil. Biz nə istəyirik onu da edirik. Əsrlər boyu nə istəmişik onu da etmişik. Bizim üçün cinayət adi əməl sayılır, öldürmək adi məşğuliyyətdir, xalqın qanı – adi içkidir. Bizim vicdanımıza milyonlarla qətl yazılıb. Əxlaqdan dəm vuran möminlər isə deyirlər ki, bizi öldürmək günahdır. Mən və mənim əcdadlarım yüz qırx milyon dovşanın başı üstündə duran gözlüklü zəhərli ilan ailəsidir; biz bütün ömrümüz boyu onlara zillət vermişik, onları məhv etmişik, onların hesabına gəmirmişik, piylənmişik, lakin əxlaq moizəçiləri hələ də deyirlər ki, bizi öldürmək cinayətdir, öhdəlik deyil!

Bu mövzunu uzatmaq mənim işim deyil; axı həyatı mənim kimi sirlərlə dolu insan anlayır ki, bunlar gülünc şeylərdi, mahiyyətinə görə məntiqsiz görünür. Bizim ailəmiz üçün qanun yoxdu! Heç bir qanunun bizə aidiyyəti yoxdu, qanun-manun tanımırıq, bizim üçün məhdudiyyət də yoxdu, qanun xalqa özünü bizdən qorumağa da imkan vermir! Burdan belə bir nəticə çıxır: biz qanundankənarıq! Lakin qanundankənar olanlara hər adamın güllə atmağa haqqı çatır! Aman Allah, görəsən əxlaq moizəçiləri olmasaydı, bizim ailəmizin başına nələr gələrdi?! Əxlaq mozəçisi daim bizim dayağımız olub, bizi müdafiə edib, dostumuz olub, elə indi də bizim yeganə dostumuzdur! Öldürmək barədə qorxunc söhbətlər çıxan kimi əxlaq mozəçisi dərhal meydanda görünür, öz təsirli və ibrətamiz nəsihətiylə deyir:”Əl saxlayın! Zorakılıq heç vaxt dəyərli siyasi nəticələr verməyib!” Və bu sözlərlə bizi xilas edir. Bilirəm ki, o özü də buna inanır. Ddaha çox buna görə inanır ki, onun əlində ümumdünya tarixi barədə dərslik yoxdur, olsaydı, ona sübut edərdi ki, onun ibrətli sözləri heç bir faktla təsdiqlənmir. Hələ indiyə kimi heç bir tiran zorakılıq olmadan devrilməyib; bütün taxt-taclar zorakılıq yoluyla qurulub; mənim əcdadlarım da zorakılıqla hakimiyyətdə qalıblar; qətl vasitəsilə, satqınlıqla, andı pozmaqla, işgəncəylə, türmə və katorqalar vasitəsilə yüz illərdir ki, taxt-tac sahibidirlər, öz hakimiyyətlərini qoruyublar; bu gün mən də eyni üsulla taxt-tacı qoruyuram. Romanovların hər birinin həyat təcrübəsi olub, bu yolu keçib; bəlkə o əxlaq moizəçisinin misalını başqa formada ifadə edək: “Zorakılıq, yalnız zorakılıq dəyərli siyasi nəticələr gətirir”. Əxlaq moizəçisinə indi gün kimi aydındır ki, tarixdə ilk dəfə olaraq mənim taxt-tacım həqiqətən təhlükədədir: millət uzun zamanlardan bəri davam edən qul yuxusundan oyanıb. Lakin onun heç ağlına belə gəlmir ki, buna səbəb dörd zorakılıq aktı olub: Finlandiya Konstitusiyasının mənim göstərişimlə məhv edilməsi, Bobrikovun öldürülməsi, Plevenin inqilabçılar tərəfindən qətli və bir neçə gün bundan öncə mənim göstərişimlə günahsız insanların kütləvi şəkildə gülləbaran edilməsi. Lakin mənim damarlarımdan axan qan təlim görmüş, fəhmli qandır! Kədərli irsi təcrübə görmüş bu qan irsən ehtiyatlıdır, axı bu qan yüz illərdir peşəkar qatillərin damarlarında axır! Bu qan fəhmlə hər şeyi duyur, anlayır!

Həmin dörd hadisə millətin qəlbində cənk basmış gölü elə dalğalandırıb ki, onu heç bir nəsihət-filan sakitləşdirə bilməz; çoxdan qurumuş milli ruhda nifrət və ümid oyanıb, indi onlar yavaş-yavaş, lakin dəqiqliklə hər bir ürəyə girəcək, bütün ürəkləri fəth edəcək! Getdikcə nifrət və ümid hissləri əsgərlərin də qəlbinə dolacaq, beləliklə, aqibətimizin sonu gələcək, bizim ailənin ölüm günü! Bunlar getdikcə nəticə verəcək! Ah, bu kabinetdə oturan əxlaq moizəçisi anlamır ki, qisas və qətllərin mənəvi təsirləri necə də böyük olur! Bəli, artıq bəladan qaçmaq olmaz! Millət ağrıdan qıvrılır, nəhəng bir duyğu – VƏTƏNPƏRVƏRLİK doğulmaqdadır! Açıq və kəskin deyəcəm: əsl vətənpərvərlik saxta olmur, daha doğrusu, bu, Ailəyə və Yalana sədaqət hissi deyil, bu – millətə sədaqətdir!

...Rusiyada iyirmi beş milyon ailə yaşayır. Hər ananın qucağında bir körpə, südəmər oğlan uşağı var. Əgər bu iyirmi beş milyon ananın hamısı vətənpərvər olsaydı, onlar hər gün öz övladlarına bunları öyrədərdilər: ”Bir həqiqəti yadda saxla, onu qəlbində bəslə, onunla yaşa və əgər lazım gələrsə, onun uğrunda öl: bizim vətənpərvərlik köhnəlib, əsl vətənpərvərlik, əsl ağıllı vətənpərvərlik qeyd-şərtsiz millətə sadiq olmaqdır, əgər layiqdirsə, hakimiyyətə də sadiq olmaqdır.” Bu iyirmi beş milyonluq şüurlu vətənpərvərlər böyüyəndə məndən sonra gələn adam çox düşünməli olacaq, minlərlə silahsız bədbəxt nümayişçilərin, onu ədalətə və insanlığa çağıran adamların qətlinə fərman verməmişdən qabaq oturub düşünəcək, çox düşünəcək; (dalğındır, bir qədər susur). Hə, deyəsən balışımın altından tapdığım bu qəzet kəsiklərindəki pis xəbərlər mənə təsir etdi, qoy onları bir də oxuyum, bu barədə yenə düşünərəm... (Oxuyur)

POLYAK QADINLARININ DÖYÜLMƏSİ

Ehtiyatda olan əsgər arvadlarıyla amansızcasına rəftar. Bir qadın öldürüldü.

(“Nyu-York Tayms”ın teleqraf lentindən)

Berlin, 27 noyabr

Polşa sərhədində yerləşən Kutno rayonunda öz arvad-uşağını tərk etmək istəməyən polyak əsgərlərinə görə quduzlaşmış rus hökuməti ağlasığmaz amansızlıq edib. Bir qadın vəhşicəsinə döyülərək öldürülüb, çoxlu yaralı var. 50 nəfər həbs edilib. Bir çox məhbusa o qədər işgəncə verilib ki, huşunu itirib.

Vəhşiliyin təfərrüatları məlum deyil, lakin məlumat var ki, kazaklar ehtiyatda olan əsgərləri arvad-uşaqlarından zorla ayırmış, sonra ərlərinin dalınça küçələrə çıxan arvadları qırmanclamışlar.

Əsgəri tapa bilməyəndə onun arvadının saçlarından tutub küçəyə dartaraq kötəkləmişlər. Məlumata görə, bu hadisələr rayondakı hökumət nümayəndəsinin və alay komandirinin gözləri qarşısında baş vermişdir.

Sosilaist vərəqələrinin yayılmasına köməklik göstərmiş bir qızı vəhşicəsinə döymüşlər.

ÇAR – İLAHİ PADŞAHDIR

Onun Novqoroda gəlişi ərəfəsində adamlar bütün gecəni oyaq qalıb dualar etmişlər.

(“Tayms”, London; “Tayms”, Nyu York)

27 iyul 1904-cü il

Londonda çıxan “Tayms” qəzetinin Rusiyadakı müxbirləri “Petersburqer Zeytunq” qəzetinin məlumatına istinad edərək xəbər verirlər ki, Çar bu yaxınlarda Novqorod şəhərinə səfərə gəlib; qəzetdə Çara sədaqət nümayiş etdirən təbəələrin hisslərinin ifadəsi kimi illüstrasiya da verilib və ruslar belə hesab edirlər ki, padşaha olan ehtiramı göstərmək vacibdir.”Ən həyəcanlı səhnə əsgərlərin Zat Alilərinin qarşısında mömincəsinə diz çöküb baş əyməsiydi. Zat Aliləri ikonanı başı üzərinə qaldırıb öz adından və İmperatriçə adından əsgərlərə xeyir-dua verdi.”

Qəlbi ehtirasla dolmuş minlərlə adam göz yaşlarını saxlaya bilmədi, inildədi. Qız məktəbinin şagirdləri monarxın yollarına qızılgül dəstələri səpdilər.

Camaat Çarın əyləşdiyi minik arabasının başına toplaşaraq basabas salmışdı, hamı Əlahəzrət Padşahın heyranedici simasını görməyə çan atırdı, bu görüşü əbədi yaddaşında saxlamaq istəyirdi.

Yaşlı adamların çoxu gecə səhərədək yatmamışdılar, kilsələrdə durub dualar edirdilər ki, səhər öz padşahlarının üzünü ləkəsiz vicdanla və paklanmış halda görməyə layiq ola bilsinlər. Öz Çarının üzünə baxmağa layiq görülmüş xalq hələ də şadyanalıq edir”.

ÇAR (həyəcanla). Bu rüsvayçılıqdır! Necə də ikrah doğurur! Gör necə cəfəng sözlərdir! Elə düşünürlər ki, bütün amansızlıqları mən eləmişəm!..Əlbəttə, şəxsi məsuliyyət hissindən qaçıb gizlənmək olmaz! Günahkar mənəm! Axı bu camaat məni Allah kimi qarşıladı, onlar mənə itaət elədilər! (Güzgüyə baxır). Mənə səcdə etdilər, mənə - mənim kimi oyunbaz məxluqa, yerköküyə bənzəyən belə bir müqəvvaya! Təkcə bir əlimi qaldırmaqla günahsız qadınları ölüncəyə kimi döydürürəm, məhbuslara işgəncələr verdirirəm! O biri əlimi isə göyə tutub bütümü, göylərdəki həmkarımı çağırıram ki, mənə səcdə qılan qoyun təbəələrimə xeyir-dua versin; mən və əcdadlarım neçə əsrdir ki, bu camaata Tanrının müqəddəs razılığıyla cəhənnəm əzabı yaşatmışıq. Mənzərə budur! Gör bu güzgüdəki oyunbaz məxluqa, yerköküyə böyük bir xalq, saysız-hesabsız kütlə necə səcdə edir!? Heç kim də gülmür! Lakin bu riyakar oyunbaza, həm də çox təcrübəli və peşəkar şeytana heç kim təəccüblənmir, onun ağlasığmaz hərəkətlərinə görə heç kim donquldanmır! Doğurdanmı bəşər övladı tamam dəyərsizləşib? Doğurdanmı onu elə belə, bekarçılıqdan düşünüb yaradıblar? Doğurdanmı insan özünə hörmət eləmir?

Deyəsən elə mən də ona hörmət eləmirəm, o mənim gözümdən düşür, elə mən də öz gözümdən düşürəm! Xilas yolu paltardadır, paltarda! Paltar insana hörmət-izzət gətirir, ona ruh verir, onun əhvalını qaldırır! Paltar göylərin insana bəxş elədiyi ən yaxşı hədiyyədir! Paltar insanı öz-özünü ifşadan qoruyan yeganə müdafiə vasitəsidir! Paltar insanı aldadır, bizdə olmayan nəciblikdən xəbər verir! Ah, paltar, paltar! Sən necə də mərhəmətlisən! Sən necə də əzəmətlisən! Sən necə də xeyirxah və sevimlisən! Misal üçün, elə mənimkini götürək- o, heç kim olan adamcığazı belə, bir anın içində azmana, nəhəng məxluqa döndərə bilər! Paltar bütün dünyanı mənə ehtiram bəsləməyə vadar edə bilər, paltar mənə itirməyə başladığım heysiyyətimi, özünəhörməti qaytara bilər! Qoy gedim paltarımı geyinim!

İngiliscədən çevirdi: Kamran Nəzirli

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #