Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb
28 aprel 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Paolo və Vittorio Tavianinin “Sezar ölməlidir” (2012) və Vim Vendersin “Aranhuesdə gözəl günlər” (2016) filmlərini təqdim edir.

İtalyan rejissorları Taviani qardaşlarının ekranlaşdırdığı bu film 62-ci Berlin kinofestivalında “Qızıl Ayı” mükafatına layiq görülüb və eyni zamanda ekumenik jürinin mükafatını qazanıb.

Süjet: Hadisələr Romanın “Rebibbiya” həbsxanasında cərəyan edir. Burda fəaliyyət göstərən teatr studiyasının rejissoru Fabio Kavalli (rejissor və aktyor Kavalli özünü oynayır)yeni mövsümdə Şekspirin “Yuli Sezar” faciəsinə quruluş vermək istəyir.

Rejissor ifaçı seçmək üçün məhbuslara sınaq tapşırıqları verir. Rol bölgüsündən sonra məşq prosesi başlanır. Sezarın öncəgörücü ilə qarşılaşması, Brut və Kassinin dialoqu, sui-qəsdçilərin toplantısı, diktatorun ölümü və başqa səhnələr məşq olunur.

“Sezar ölməlidir” dramı yarısənədlidir və maraqlı kinoeksperimentdir.

Baş rollarda doğrudan da məhbuslar çəkilib. Film teatr səhnəsində Brutun qətl epizodu ilə başlayır. Daha sonra isə məhbus aktyorların rola necə hazırlaşması, məşq prosesi təsvir olunur. Şekspirin faciəsi tamaşaçıya bütünlüklə teatr səhnəsində yox, məhz məşq prosesində göstərilir.

Aktyor heyəti həbsxananın müxtəlif yerlərində məşq edir: yataqda, dəhlizdə, gəzintidə, hamamda yır-yığış edəndə... Rejissor onlara sərbəst yozuma imkan verir, təklif edir ki, onların hər biri öz rolunu doğulduğu şəhərin, əyalətin dialektində canlandırsın. Məhbusların özü də işə yaradıcı yanaşır, obrazlarını plastikasını, bədən dilini hiss edə bildikləri kimi, həyat təcrübələrinə əsaslanaraq oynayır.

“Sezar ölməlidir” filmi Şekspirin əsərinin sadəcə, quruluşu deyil. Taviani qardaşları hazırlıq prosesi vasitəsiylə məhbusların həyatını, gözləntisini, düşüncələrini mərkəzə gətirir. Onlar oynayarkən obrazları öz şəxsi təcrübəsindən keçirir, keçmişini, peşmançılıqlarını xatırlayır. Nəticədə obrazla onların gerçək məni bir-biri ilə dialoqa və hətta konfliktə girir. Bəzən pyesdə konfliktdə olan obrazlar məşq zamanı öz aralarındakı gerçək konfliktə keçid edir.

Ekspozisiyada müəlliflər öz qəhrəmanlarını kastinqlə tanıdır. Rola seçilmək istəyən məhbuslar özləri haqda qısa bioqrafik bilgini rejissorun verdiyi tapşırığın içində əridir.

Taviani qardaşları bütün həbsxananı teatr səhnəsinə çevirir. Məkanın soyuq rəng həlli, monotonluğu, dəmir barmaqlıqlar, interyerdəki minimalizm və ya çılpaqlıq faciəni daha dolğun çatdırır.

Qəhrəmanlar tamaşanı ürəkdən oynayır. Bu zaman kəsiyində proses onlar üçün nəfəsliyə dönür, keçmişdən, günahlardan təmizləyir.

Brut rolunun ifaçısı, neapollu Salvatore Striano mafiyadakı fəaliyyətinə görə 11 il həbs həyatı yaşayıb. Həbsdə olanda o, teatrla maraqlanır və özəlliklə də Şekspirin yaradıcılığı ona təsir edir. O, keçmişi ilə vidalaşmağı və aktyor olmağı qərara alır. “Sezar ölməlidir” filminə çəkilməzdən xeyli öncə Striano həbsdən azad olunub. Taviani qardaşları aktyorluq təcrübəsinə görə onu bu filmə dəvət ediblər. Bu filmə kimi isə o, Matteo Garronenin “Qomorra” və Abel Ferraranın “Neapol, Neapol, Neapol!” filmlərində çəkilib. Hazırda o, teatrda da oynayır.

***

Müasir kinonun klassiklərindən biri, alman rejissoru Vim Vendersin “Aranhuesdə gözəl günlər” filmi Fransa və Almaniyanın birgə istehsalıdır.

Film 73-cü Venesiya festivalında nümayiş olunub.

Süjet: Gözəl yay günlərindən birində, cənnəti xatırladan məkanda-təbiət qoynunda iki nəfər- gənc kişi (Reda Kateb) və qadın (Sofi Semen) söhbətləşir. Onlar ən müxtəlif mövzularda dini, kişi-qadın münasibətləri və s. barədə müzakirə edir, təcrübələrini paylaşır, xatirələrini bölüşürlər.

Onların söhbətləşdiyi bağçanın həyətindən xudmani ev görünür. Bu evdə yazıçı (Yens Harçer) əsər yazır. Anlaşılır ki, kişi və qadın onun əsərinin qəhrəmanlarıdır. Və qəhrəmanlar yazıçının təxəyyülünün məhsuludur...

Film Peter Handkenin eyni adlı pyesi əsasında çəkilib. Venders adətən yol filmləri çəkir. Bu mənada “Aranhuesdə gözəl günlər” rejissorun yaradıcılığı üçün tipik deyil. Amma Venders o rejissorlardandır ki, cəsarətli eksperimentlər edir. Bu hərəkətsiz, kamera filmində dramaturgiya əsasən dialoqlar üzərində qurulur. Melanxolik hava, məkan, xəfif kamera hərəkəti, yumşaq montaj, sakit, mediativ ritm, arada qəhrəmanlardan yayınaraq, masadakı almaya, əşyalara, fokuslanan natürmort kadrlar, arxa fonda sanki təsadüfən görünən it və bağban mükəmməl peyzaj yaradır.

Qəhrəmanlar yekunda dünyada harmoniyanın mümkünsüzlüyü qənaətinə gəlir. “Aranahuesdə gözəl günlər” cənnətdən qovulmuş, yer üzündə yaşayıb, doymuş, daim polemikada olan Adəm və Həvvanın əhvalatıdır.

Bağban rolunu yazıçı Peter Handke oynayıb.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #