II Dünya Müharibəsinə görə Rusiyadakı təhsilini yarımçıq qoyan Xalq rəssamı

II Dünya Müharibəsinə görə Rusiyadakı təhsilini yarımçıq qoyan Xalq rəssamı
21 fevral 2018
# 15:23

Bu gün Azərbaycan Xalq rəssamı Böyükağa Mirzəzadənin doğum günüdür. Kulis.az bu münasibətlə Türkan Abdullayevanın "Azərbaycan rəssamlığının ağası" yazısını təqdim edir.

Hər kəs dünyanı fərqli formada qavrayır və özünəməxsus şəkildə onu ifadə edir. Bu əksetdirmə yaradıcı insanlarda, xüsusilə də rənglərlə işləyən rəssamlarda daha çox seçilir.

Rəssamlar haqqında deyirlər ki, əsl rəssam rənglər dünyasının elə sakinidir ki, məhz ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir.

Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır.

Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır söyləmişlər.

Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanmış, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk etmişdir.

Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açmışdır. O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olmuşdur.

Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuşdur. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır.

Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilmişdir. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Rəssamın yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olmuşdur. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaratmışdır. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmaq olar.

Kompozisiya aydınlığını, işıq-kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meylliyi rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir.

Rəssam süjetli tabloların gözəl nümunələrini yaratmışdır. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar.

“Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya almışdır. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunmuşdur.

B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbətinin olması ilə izah etmək olar.

“Səhnə arxasında” adlı əsərini rəssamın yaddaqalan əsərlərindən hesab etmək olar. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilmişdir. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hissləri, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı boyaların dili ilə bədiiləşdirilmişdir. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng çalarları ilə işlənilmiş və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında rənglərin keçidləri ustalıqla əlaqələndirilmişdir.

Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutmuş, onun bu sahədəki fəaliyyəti diqqət xüsusilə cəlb etmişdir. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləmişdir. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaratmışdır.

Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar.

“Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir etmişdir. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilmişdir.

“Şəmsi Bədəlbəylinin portreti” əsərində rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirmişdir. Əsərin kolorit həlli ustalıqla işlənilmişdir.

“Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə etmiş, onun yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilmişdir.

Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunmuşdur.

Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapmışdır.

Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

B.Mirzəzadə həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat vermişdir.

Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyətlə də göstərmişdir. Uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə əməyi olmuşdur. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışmışdır. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır.

B.Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında vəfat etmişdir.

# 1044 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #