Teatrımızın günümüzlə səsləşməyən tamaşaları – TƏNQİD

Teatrımızın günümüzlə səsləşməyən tamaşaları – <span style="color:red;">TƏNQİD
23 may 2017
# 14:00

Kulis.az İradə Musayevanın “XXI əsr. Azərbaycanda “teatr siyasəti”...” yazısını təqdim edir.

(Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından reportaj...)

Ədəbi növlər içərisində həyatı daha yaxından və daha əyani şəkildə əks etdirən sahə dramaturgiyadır. Aristoteldən üzü bu yana dram nəzəriyyəçilərinin qənaəti də o olub ki, dram, əslində həyatı təqlid sənətində ən uğurlu seçimdir. Bu gün təəssüf ki, çox, bəlkə də bütün hallarda bu 3 ədəbi növdən ikisi (epik, lirik) haqqında danışılır. Ədəbi mətbuatda müzakirələr də, çap olunan mətnlər də, ədəbiyyatşünaslıq məqalələri də çox vaxt dramaturgiyadan yan keçir. Sanki dramaturgiya ədəbiyyat sahəsindən, ədəbiyyatşünaslıq yanaşmasından təcrid olunmuş xüsusi bir yaradıcılıq ərazisidir. Bu problemin obyektiv və subyektiv səbəblərini çözmək lazım deyilmi?

Azərbaycanda ilk dram əsərini M.F.Axundov yazdı, ilk teatr binasını H.Z.Tağıyev tikdirdi. (Baxmayaraq ki, XIX əsrin 40-cı illərində Şuşada teatr tamaşaları nümayiş olunan məkanlar var idi və 50-ci illərdə “Kavkaz” qəzetinin də yazdığı kimi, ilk teatr binası Şamaxıda tikilib, dövrün ziyalılarının təşəbbüsü ilə burada bir neçə tamaşa nümayiş olunub və s.) Bu fədakarlıqlarda bircə məqsəd vardı - cəmiyyəti ayna qarşısına dəvət etmək. Ən yaxşı, məqsədəuyğun forma bu idi, insanın yaşadığı cəmiyyətlə tanışlığının ən asan yolu-teatr! Zalda oturursan və səni əhatə edən dünyanın kiçildilmiş modelini, “mini” formasını səhnədə görürsən... Əgər səhnə səni müxtəlif “bəhanələrlə” (hər problemi tarixə atmaq və s.) aldatmır, həqiqətən zamanın əks-sədası kimi qarşında canlana bilirsə, deməli, dövrün, gedişatın, mövcud durumun tarixi anları aktual, zəruri, əhəmiyyətli mədəniyyət, sənət faktına çevrilə bilir.

“Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri 1873-cü il martın 10-da “Nəciblər klubu”nda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasını tamaşaya hazırladılar. Bununla da professional milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər pərakəndə, sonra isə müxtəlif birliklər və truppalar şəklində (“Müsəlman Dram Artistləri İttifaqı”, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətləri, “Hacıbəyov qardaşları müdiriyyəti” və s.) tamaşalar verən teatr 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır”.

Nə zaman ki, maarifpərvər ziyalılar, intellektual düşüncə adamları mədəni, ictimai-sosial, siyasi baxımdan cəmiyyətin, millətin inkişafını sürətləndirmək istəyib, onda mütləq teatr və mətbuat vasitələrinin gücündən məqsədəuyğun şəkildə istifadə edib. XX əsrin əvvəllərində olduğu kimi... Teatr truppaları, dəstələri adlarından da göründüyü kimi (“Nicat”, “Qeyrət” və s.) milli düşüncəni işıqlandırmaq yolundakı mücadiləsində teatrı bir nicat, xilas, qeyrət, milli mənafe işi kimi qəbul edib... Teatr cəmiyyətə praktik mədəni xidmətin nümunəsidir və daha təsirli, daha tez, operativ reaksiya doğuran fəaliyyət sahəsidir.

İndi XXI əsrin əvvəlləridir, müstəqilik... Amma millət olaraq dərdlərimiz, cəmiyyət obrazlı rolumuz səhnəyə qalxa bilmir... Günümüzün insanı, bu insanın sarsıntıları, həyəcanı, ictimailəşmiş faciəsi, bədbəxtliyi və ya xoşbəxtliyi hələ ki “rol” almır. Səhnədə, teatrlarda həqiqətən oyunlar gedir. Sözün hər iki mənasında. 1) Oyunlar gedir, yəni tamaşalar göstərilir. Teatr yaşayır, işləyir. Aktyorlar cani-dildən səhnədə “çırpınır”, çox hallarda seyrək-seyrək də olsa zala səpələnmiş tamaşaçılarını itirməmək üçün özlərini yeri gəldi gəlmədi yerdən-yerə vurur, fədakarlıq göstərirlər. 2) Oyunlar gedir, o mənada ki, repertuar mənzərəsində gah klassikaya, gah da dünya ədəbiyyatı nümunələrinə ( o variantda da müasir olmayan) müraciət etməklə səhnəni boş qoymamaq, diqqəti günün dramatizmindən, ictimai-siyasi, sosial problemlərindən yayındırmaq “oyunu” ...

“Müasir dramaturqlar kimlərdir və hansı mövzu, ideya siqləti ilə qarşımıza çıxırlar?” sualına cavab isə artıq silsilə məqalələr mövzusudur...

Klassik “zaman-məkan-hərəkət” düsturu ilə yanaşsaq məsələyə, zaman ölçüsünün itdiyini müşahidə edəcəyik. XXI əsrin tempi, sürəti, xaotik mənzərələri, qlobal ictimai-siyasi problemləri bizim donuq, dünyadan təcrid olunmuş teatr binasına dəxilsiz bir gedişat kimi yaddır. Teatr səhnəsində gördüklərimiz o qədər uzaq, günümüzlə səsləşməyən problemlərdir ki, adam bu binaya daxil olanda özünü muzeydəki kimi hiss edir. Akademik Milli Teatrın aprel və may repertuarına diqqət yetirsək görəcəyik ki, bu günün səhnəsi bizdən danışmır. Hər tamaşa zamanın ritmini, cəmiyyət həyatında baş verən proseslərin canlı obrazını əks etdirməkdənsə, sağa-sola, naməlum istiqamətlərə atılan güllələr kimi hədəfdən kənar “oyun” təsiri bağışlayır. Zamanımız-günümüz və bu günün insanı səhnədə yoxdur. Olsa da onu yüngül, əyləncə xarakterli məişət, məhəbbət ampluasında görəcəksiniz. Teatr sanki bu gün daha ciddi sənət axtarışları tendensiyasını unudub. Məzhəkə, məsxərə, vodevil forma və janrlarının çəkisi həddində özünüifadə bu günün, internet əsrinin informasiyalı tamaşaçısı üçün, əlbəttə, primitiv oyun, əyləncə mahiyyətində görünür. Əyləndirmək, bir az kədərləndirmək və bir az da güldürmək istəyi ilə fəaliyyətini qənaətbəxş hesab edən teatr günün sözü olmaq missiyasından çox uzaqlaşıb. Belə “oyun”ların ən böyük qurbanları isə daha çox aktyorlar olur. Ömürlərini sənət, teatr fədakarlığı yolunda xərcləyən ən istedadlı aktyorlar belə səhnədən-səhnəyə, tamaşadan-tamaşaya böyüməkdənsə, get-gedə kiçilir, adiləşir... Bu məsələdə dram seçimi tək səbəb ola bilməz. Rejissor istedadı, əlaqədar rəhbərliklərin, sənətşünasların teatr tənqidçilərinin sənətə konseptual və qlobal meyarlarla yanaşma potensialının olmaması və ya bu yanaşmaları prinsipial şəkildə ortaya qoymaq istəməməsi və s. onlarla şərtlər var ki, günümüzün korifey aktyorlarını yetişdirmək işinə mane olur.

“Teatr siyasəti” deyilən bir anlayışın mahiyyətində konsepsiya, ali məqsəd, inkişaf tendensiyası tezisləri yox dərəcəsindədir. Azərbaycan teatrının siması, obrazı və statusu, təyinatı hansı istiqamətdə dəyişir, formalaşır? Baxmayaraq ki, prezident 18 may 2009-cu ildə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb, ölkədə 30-a qədər dövlət teatrı fəaliyyət göstərir, teatr sahəsindəki inkişaf tempi qənaətbəxş görünmür. Dövlət qayğısı yaradıcılıqda böyük uğur hərəkatı üçün stimul ola bilirmi? Suallar çoxdur... Lakin həmin “Dövlət proqramı”ndakı 1.2 maddəsinə aid “məqsəd və vəzifələr”ə diqqəti cəlb etmək istərdim. Çünki proqramın bitməsinə cəmi 2 il qalıb. Vəziyyət isə ürəkaçan deyil.

“1.2. Məqsəd və vəzifələr:

Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcəkdir.

Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

- yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması;

- ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı;

- teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;

- kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi;

- teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi;

- teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;

- teatr mədəniyyətinin təbliğ olunması”.

Gördüyümüz kimi, sərəncamda icrası mühüm olan, həlli vacib məsələlər diqqətə çatdırılır. “Dünya mədəniyyətinə inteqrasiya”, “repertuarın günün tələbinə uyğun formalaşması”, “yeni teatr siyasəti”, “teatr sahəsində islahatlar aparılması”, “teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi”, “teatr mədənioyyətinin təbliğ olunması” və s. bu kimi məsələlər, əslində teatrın bu gün də aktual olan problemləridir.

Mənim tənqidi yanaşmama irad olaraq çoxlu statistik hesabatlar ortaya tökülə bilər. Filan ölkədə filan tamaşa göstərildi, filan gənc aktyora, rejissora filan qayğı, festivallarda iştirak və s. Amma çox sadə, aydın görünən bir həqiqət var. Teatrın səhnəsi və afişası, repertuar cədvəli...

“Günün dramaturqu”, “günün rejissoru”, “günün aktyoru” və s. bu kimi istilahlar, deyim və ya dramaturji terminlər öz işləkliyini itirməkdədir. XX əsrin əvvəllərində H.Cavid, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, C.Cabbarlı dramaturgiyası Azərbaycan teatrına həm rejissor, həm aktyor, həm də yüksək ədəbi-estetik zövqlü tamaşaçı nəslini bəxş etdi. Bəs bu gün? Onların hər dramı zamanın, cəmiyyətin nəfəsi ilə canlanır, səhnəyə ayaq açırdı...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bugünkü repertuarı əsasında məsələyə yanaşanda problemlərin hansı səviyyədə olmasını görəcəyik. Bu gün Qoqolun “Müfəttiş” əsəridir səhnədə. 100 ildir bu əsəri zamanın aktual tamaşası kimi təqdim edirik. “Nicat” teatr truppası 1906-cı ilin noyabrından Tağıyev teatrında bu əsəri səhnələşdirib. Əlbəttə, ölməz Qoqol “Müfəttş”i həmişə diri, canlıdır. Söhbət bundan getmir. Söhbət 150 ilə yaxın yaşı olan teatrımızın səhnə tribunasında bu mövzuya adekvat milli əsərin olmamasından gedir. Ən cəsarətli fikirlər, problemə müasir yöndən yanaşmalar nə vaxta qədər xarici ədəbiyyatın dilindən veriləcək? O da çox zaman senzorun qayçısında “ütülənəndən” sonra... İdeoloji basqı yaradıcılıq mühitinə mənfi təsir göstərirsə, inkişafla bağlı ümidlər boşluğa dirənəcək...

Qəribədir ki, durğunluq illərində dramaturgiyamız və onun səhnə ifadəsi daha aktual mövzulu, daha təsirli və cəsarətli idi. Teatr axtarışda idi. Mehdi Məmmədov və Tofiq Kazımov yenilikçi rejissor kimi tanınırdılar, onların teatr fəaliyyətləri yeni bir sənət məktəbi formalaşdırmaqda idi.

İ.Əfəndiyevin, Anarın, M. İbrahimbəyov, R.İbrahimbəyovun dram əsərlərində tamaşaçı özünü görə bilirdi. Daha sonrakı illərdə H.Atakişiyev dəsti-xətti, özünəməxsus yaradıcılıq üslubu teatr mədəniyyəti və sənəti nüfuzunu bir az da artırdı. Xüsusən V.Səmədoğlu dramaturgiyası ilə bağlı tamaşaları misal göstərə bilərik. “İntihar”, “Bəxt üzüyü”, “Mamoy kişinin yuxuları”, “Generalın son əmri”, “Uca dağ başında” və s.

Hazırda isə günün ictimai-sosial problemləri, məsələn, məmur bürokratizmi, rüşvətxorluq və s. bu kimi narahatlıq doğuran situasiyalara teatr Qoqolun “Müfəttiş”, B.Nuşiçin “Nazir xanımı” kimi xarici və bir az da klassik formatda olan əsərlərlə reaksiya verir. Modern sənət nəzəriyyəsi haqqında isə söhbət gedə bilməz. 60 ildir “Akademik teatr” statusunda fəaliyyət göstərən bir mədəni qurumun bu qədər qeyri-fəal ampluada qalması təəccüb doğurur. Teatrın senzura bəlasının da yaşı çoxdur. Elə teatrın tarixi qədər. “Həsən bəy Zərdabi tamaşaların hazırlanıb oynanılması barədə Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadəyə 1873-cü il iyunun 13-də məktub yazıb. Zərdabi öz məktubunda bildirib ki, Azərbaycan dilində teatr tamaşaları oynanılmasından müəyyən təşvişə düşən senzor Mirzə Fətəli Axundzadənin pyeslərini daha “diqqətlə” oxumağa başlayıb”. (İ.Rəhimli.Azərbaycan teatr tarixi. B, 2005.) 150 il əvvəlki Azərbaycan teatrı ilə müasir Azərbaycan teatrı arasında fərq yoxdurmu?

Azərbaycan teatrının inkişafı Azərbaycan ədəbiyyatının inkişaf tendensiyası ilə üst-üstə düşmür. Akademik Milli Dram teatrında oynanılan müasir tamaşalar hazırkı dünya ədəbiyyatının ədəbi-estetik meyarlarından xəbərsizdir. Modern təfəkkür və ifadə tərzi bizim “müasir” dediyimiz 70-75 yaşlı dramaturqların (söhbət ADMDT-də oynanılan tamaşa müəlliflərindən gedir) səhnəyə təqdim etdiyi mətnlərdən çox uzaqdır... Ədəbiyyatla teatrın ünsiyyətində ortaq sənət meyarları yoxdur. “İzm”lər, cərəyanlar, yeni üslub, metod və s. yaradıcılıq eksperimentləri, yeni ifadə tərzi, yeni intonasiya axtarışları diqqəti cəlb etmir...

Bu gün teatrın tamaşaçı auditoriyasında da problem var. Təklif olunan hər tamaşanı sözsüz qəbul etmək, düşüncə, təfəkkür, şüur analizləri ilə deyil, sadəcə hissi-emosional qavramlarla səhnəyə aludə olub göz zilləmək, sonda öz etik davranışını nümayiş etdirərək oyunlara əl çalmaq ciddi yanaşma hesab oluna bilməz...

Teatrın aprel və may aylarının repertuarını diqqətə çatdırmaqla ana teatrımızdakı mənzərəni təqdim etmək istəyirəm. Və bu qrafikdəki tamaşaları prinsipial olaraq 3 qrupa bölmək olar. 1).Klassik dramaturqların əsərləri. a)XX əsrin I yarısına aid dram nümunələri: C.Məmmədquluzadə- “Ölülər”; C.Məmmədquluzadə-“Anamın kitabı; C.Cabbarlı-“Almaz”; A.Şaiq-“Qaraca qız”; “Danışan gəlincik”; b) Ötən əsrin II yarısına aid dram nümunələri. İ.Əfəndiyev – “Boy çiçəyi”, “Qarabağnamə” (“Hökmdar və qızı” pyesi əsasında hazırlanıb); “Mənim günahım”;

2) Xarici dramaturqların əsərləri: N.V.Qoqol - ”Müfəttiş”; E.de Filippo - ”Silindr”; B.Nuşiç - “Nazirin xanımı”; A.Saqareli - “Xanuma”;

3) Günümüzün dramaturqlarının əsərləri. H.Həsənov - “Qürbətdən gələn məktublar”; Elçin - “Şekspir”; “Sənətkarın taleyi”; H.Mirələmov - “Xəcalət”; “Vəsiyyət”; A.Sasdıqov - “Buzlar ölkəsi” (nağıl-tamaşa);

Qayıdıram “Dövlət proqramı”na və bu proqramın gözləntilərinə... Xüsusilə sonuncu bənd haqqında düşünürəm: “Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar yaradılacaq”.

“1.4. Gözlənilən nəticələr

Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- milli teatr sənəti qorunub saxlanılacaq və inkişaf etdiriləcək;

- yüksək bədii dəyərli tamaşaların hazırlanması təmin ediləcək;

- teatr fəaliyyəti sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək;

- teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək;

- teatr şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra olan tələbatının ödənilməsi üçün şərait yaradılacaq;

- teatr sahəsinə gənc, istedadlı və peşəkar kadrlar cəlb ediləcək;

- teatr sahəsində regionlararası, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına nail olunacaq;

- Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar yaradılacaq”...

Teatr mədəniyyətdir, bir millətin düşüncə, ictimai təfəkkür formasının əyani güzgüsüdür. Real mənzərə isə bunu demir...

22 may 2017

# 1719 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #