Kasıb pinəçi şah sarayına necə düşdü? - TAMAŞA

 

Musiqili Teatrda nə baş verir?

 

Elə teatrlar var ki, iki-üç tamaşasını görəndən sonra düşünürsən, görəsən neçə nəsil dəyişməlidir, nə qədər tamaşalar qoyulmalıdır, nə qədər əziyyət çəkilməlidir ki, bu teatrın “ənənələri” dağılsın, aktyor oyun prinsipləri dəyişsin, müəllifləri təzələnsin, ümumiyyətlə məzmunu, sənət meyarları yenilənsin? Nə qədər insan ölməli, nə qədəri doğulmalıdır, nə qədər kitab yazılmalı, nə qədəri oxunmalıdır, nə qədər məmur vəzifəsini tərk etməlidir (bunun üçün neçəsi həm də dünyadan getməlidir), neçə gecə, neçə gündüz keçməlidir?

 

...Ki, gəlib bu teatrda tamaşaya baxıb güləsən, zövq alasan...

 

Pah! Elə bircə buna görə? Olan şey deyil. Bir adamın işi deyil. Məsələn, elə...

 

Məsələn, elə Musiqili teatrda (keçmiş Muzkomediyada) bir tamaşa ilə nə etmək olar? Tələsməyək.

 

 

Sən demə, Musiqili teatrda “Min bir gecə” nağıllarından birinin əsasında Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovanın yenicə hazırladığı “999-cu gecə” musiqili tamaşası bu suala cavab verə bilir. Və nəinki bu suala. Son bir ayda baş rejissorların hazırladığı tamaşalarda təəssüf ki, görmədiyimiz teatr –tamaşa deyilənin əsas minimal tələblərinə də həmçinin.

 

Əvvəl ondan başlayaq ki, Musiqili teatrda nə var ki, onu bir tamaşaya dağıtmaq çətin imiş?

 

Birincisi, Musiqili teatrda ilk yada düşən tamaşalarda aktyorların məlum leksikonu (vulqar məişət atmacaları), intonasiyasıdır ki, əsasını qoyanlardan biri elə Xalq artisti Afaq Bəşirqızıdır. Bilə bilmirəm, onlar ya hadisədən, vəziyyətdən, yəni dərindən gəlməyən gülüşü bu leksikon hesabına qazanmaq istəyirlər, yoxsa bu teatr heyətinin öz leksikonu, intonasiyasıdır. Hər halda çıxışlarda “Bizim teatrın ənənələri var” deyəndə bu leksikonu, intonasiyaları da nəzərdə tuturlar, sanıram.

 

İradənin tamaşasında bu leksikon tam da olmasa, nisbətən aradan qalxıb. Tamaşa boyu “necədür?”ləri çıxsaq, demək olar ki, yoxdur. Bu leksion məsələsi bir tamaşaçı kimi məni qıcıqlandıran itələyici bir məsələdir.

 

İkincisi, “999-cu gecə” tamaşasında ifalar canlıdır (Fikrət Əmirovun “Min bir gecə” baletinin musiqilərindən istifadə olunub), orkestr tam gücü ilə işləyir (tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, xormeystri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər), aktyorlar canlı oxuyurlar. Əslində bu Musiqili teatr üçün adi bir məsələ olmalıdır. Amma bizim Musiqili teatra bələdliyi olanlar üçün bu, nə deməkdir, nə görünməyən bayramdır, bilməzsiniz. Özü də, ifalar canlıdır, amma bərbad deyil (vərdiş etdiyimiz kimi).

 

Bu ifaların hesabına “999-cu gecə”də əhvalatın atmosferi, tamaşanın temporitmi qurulur.

 

 

Üçüncüsü, tamaşanın Musiqili teatrda və ümumiyyətlə, teatrlarda görmədiyimiz çoxqatlılıq kimi vacib bir keyfiyyəti var. Komik eşq əhvalatında psixoloji, sosial, ictimai qatlar aşkarlanır və bu plastlar hamısı tamaşa boyunca müxtəlif vasitələrlə işləyir.

 

Dördüncüsü, ilk baxışda adi bir sevgi nağılı sosial düzən haqda, ədalət və yüksək dəyərlər haqda ciddi mesajlar verir; Pulun gücü böyükdür, onun hesabına hamını alıb-satmaq, adını, dinini dəyişmək olur, (pul çox olanda belə hakimiyyət arzuları şiddətlənir), padşah belə varlanan kimi rəqqasənin adını dəyişir. Amma puldan böyük güc var, o sevgidir-tanrıdır. Pulun da ol dediyi şeylər olar, amma pul tanrı deyil. Çünki, pula sitayiş etmək insanı deqradasiyaya, məhvə aparır. Bu gün bu cəmiyyətdə bundan da aktual nə var?  

 

Beşincisi, tərtibat (quruluşçu rəssamı Nabat Səmədova) nəfis, zövqlü və həm də funksionaldır. Orta əsr miniatürlərindən biri səhnənin əsas hissəsini tutub. Bu aşiq-məşuq rəsmi tamaşaçını əhvalatın ekzotikliyinə, nağılvariliyinə, rəngarəngliyinə hazırlayır, yalnız ayaqlarını gördüyümüz zənginlərin dünyasını gizləyir həm də. Şah sarayı həm minimal, həm də təmtəraqlıdır. Şərqə xas rəngarənglik burada da var.

 

Üstəlik, tərtibat sosial təbəqələşməni də göstərə bilir. Bu sosial-siyasi iyerarxiyada xoşbəxtliyə layiq olan seçilməlidir. Cəhənnəmin dibi kasıbların dünyasıdır, cin hər dəfə kimisə cəhənnəmə göndərəndə məhz ora atır.

 

Bütün şərq nağıllarında, bir çox hind filmlərində olduğu kimi, yalnız sevgi ilə xoşbəxtlik tamamlanmır, gərək var-dövlət quşu da adamın başına qonsun. Düzdür, belə süjet həlli əsərin ali ideyasına (məs. mənəvi zənginliyin təntənəsi kimi) ikili standart gətirir, amma nə etməli, xalqın nağıldan başqa kütləvi şəkildə xoşbəxt olacağı bir yer yoxdur. İradə süjeti dəyişməsə də ali ideyanı qoruya bilir.

 

 

Altıncısı, “999-cu gecə”də tamaşaçı yaddaşına, genetik kodlarına xitab edən üsullar, bloklar tapılıb. Məsələn, məşhur foksçu Elçin İmanovun (Elcino) cin kimi təqdimi tamaşaçı yaddaşı ilə işləməkdir və ya meyxananın yerində və məqamında, şərh verərcəsinə (pulun gücü və ya ilahi ədalət haqda tamaşada səslənən meyxanalar) tamaşaya daxil olması elə orqanikdir ki, bəlkə lap Brextin epik teatrındakı zonqları kölgədə qoyar.

 

Yeddincisi, və nəhayət, bir tamaşa üçün minimal tələblər (bizim teatr mühiti üçün bəlkə də bu maksimumdur) təmin olunub. Həm də harda? Musiqili teatrda.

 

Bunları görmədən tamaşadan danışmaq doğru olmazdı. İndən belə rahat şəkildə tamaşada darıxdığımı da yaza bilərəm. Məsələn, 1-ci sinif uşaqlarının yaş səviyyəsində zarafatlar, güldürməyən, klişe atmacalar (güldürmürsə, darıxdırıcıdır). Təkrarlanan məqamlar. (Padşahın qızı Reyhanı muğamatla çağıran eşikağasının hər dəfə bunu təkrarlaması nəyə lazım idi? Və ya Tutuquşunun təkrarlanan küsmə səhnəsi? Axı komik təkrir deyə bir şey yoxdu. Üstəlik belə uzunçuluqlar tamaşaçını yorur). Dialoqlar bəzən konflikti dərinləşdirmədən, heç nəyə xidmət etmədən yorucu şəkildə uzanır. Gözləyirsən və darıxırsan...

 

“999-cu gecə” Maruf adlı kasıb pinəçidən danışır. Arvadı Fatma zənginlərin ayağını yuyur, bu əziyyətin heyfinisə ərindən çıxır-onu söyür döyür, incidir. Maruf əlini Allaha qaldırıb onu bu zülmdən qurtarmasını istəyir və qəfil şah sarayına düşür. Məlum olur ki, cəmi kasıbların var-dövlət arzusu o boyda padşahın arzusu ilə üst-üstə düşür. İradə tamaşanı “Hayıf belə arzudan ki...” deməyə qədər gətirir və finalda sevgini var-dövlətdən bir taxça yuxarı qoyur, ikitirəlik qoymadan, mənfi-müsbət obraz demədən, həyatın şərtlər içində oyun olduğuna eyham vurur. Yəni, Xeyir və Şər personajın mövcudluq çərçivəsinə çevrilmir, əməl xətti kimi təqdim olunur. Bu, bir tamaşa finalı üçün olduqca vacib məqamdır. Sonda “İfritə Fatma”nın da sevimli tanrı bəndəsi olduğunu yada salır. Yalnız bundan sonra tamaşaçını zaldan buraxır. Belə bir prinsipiallıq... Rejissor üçün, ümumiyyətlə, bütün peşə sahibləri üçün olduqca vacib olan keyfiyyət...

 

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017