Nazimin rəssam elədiyi kənd uşağı ANAR YAZIR...

Nazimin rəssam elədiyi kənd uşağı <span style="color:red;">ANAR YAZIR...
2 oktyabr 2014
# 11:50

Kulis.Az Anarın “Nazimin məhbəs arkadaşlari, yetirmələri” essesinin birinci hissəsini təqdim edir.

Nazım Hikmətin keşməkeşli taleyi haqqında düşünəndə ömrünün - xüsusi vurğulayaq ki, gəncliyinin - xeyli illəri Türkiyə həbsxanalarında keçmişdir. Həbsxana - həbsxanadır, amma qəribə səslənsə də, dustaqlıq illəri Nazımın şəxsiyyətini də, yaradıcılığını da müəyyən mənada zənginləşdirmişdir. Bir dəfə, özünün də qeyd etdiyi kimi kapitalist ölkələrində siyasi məhbuslar həbsxanalardan daha güclü olaraq çıxırlar. Nazımın məhbəslərdə yaratdıqları - şeirlərini, pyeslərini, irsinin ayrıca və mühüm hissəsini təşkil edən məktublarını nəzərə alanda bu sərvət bir çox sovet yazıçılarının uzun illər boyu çeşidli Yaradıcılıq evlərində, kurortlarda, sanatorilərdə yazıb yaratdıqlarından həcmcə çoxdur. Hələ keyfiyyətdən danışmıram. Ədəbi əsərlərindən başqa Nazım həbsxanalarda rəsmlər də çəkmiş, tətbiqi sənət nümunəsi olan gözəl əşyalar da düzəltmişdir. Əlbəttə, bu işləri icra edə bilməsi üçün şairə şərait də yaradılırdı. Nazım minnətdarlıqla xatırladığı həbsxana rəislərindən bəziləri onun qədr-qiymətini bilir, məhbəslərə tapşırıqla salınmış canilərdən qoruyur, şairə ailə üzvləriylə, başqa müsafirləriylə görüşməyə imkan verirdilər. Əgər Kann festivalının qalibi, kinorejissor Yılmaz Güney məhbəsdə yatan vaxt film çəkə bilibsə, elə bu fakt Türkiyə məhbəsləri haqqında təsəvvür yaradır. Müxtəlif məhbəslərdə Nazım həm də türk xalqının hər zümrəsindən olan insanlarla tanış olmuş, həbs olunmalarının səbəbləri haqqında, ümumən dustaqların həyatları haqqında söhbətlərini dinləmişdir. Nazım Hikmətin «İnsan mənzərələri» də məhz bu təmasların nəticəsidir.

İnsanlar adətən qonşuluqda, yaşadıqları məhəllələrdə, oxuduqları məktəblərdə, çalışdıqları iş yerlərində, ya məclislərdə, ziyafətlərdə, müxtəlif tədbirlərdə, yaxud birgə səfərlərdə, səyahətlərdə tanış olurlar. Nazımın bəxti elə gətirmişdi ki, xeyli adamla, o cümlədəın sonralar məşhurlaşmış bir sıra sənətçilərlə həbsxanalarda, ya da həbs ərəfəsində məhkəmə proseslərində tanış olmuşdu. Bu insanlardan bir çoxunun taleyində Nazım müstəsna rol oynamışdır, bəzilərinin isə ömür yolunun, peşəsinin dəyişməsində, əsl varlıqlarının müəyyənləşməsində həlledici xidmət göstərmişdir. Nazımın məhbəs arxadaşları arasında onun sənətkar kimi yetişdiriyi və sonralar çox məşhurlaşan üç şəxsin özəl yeri var. Bunlardan biri şair A.Qədir, biri nasir Orxan Kamal, biri də rəssam İbrahim Balabandır.

Rəssam İbrahim Balabanın adını ilk dəfə Nazım Hikmətin ona, daha doğrusu, onun tablolarına həsr etdiyi şeirlərindən öyrəndim. Sonralar atamla anam 1968-ci ildə Türkiyədə onunla tanış olmuşlar. Demə, Balabanın yaxşı qələmi də varmış. İki kitabını atamgilə bağışlamışdı. Bu kitabları maraqla oxudum. 1993-cü ildə İstanbulda işlədiyim zaman İbrahim Balabanla şəxsən tanış oduq. Telefon etdim, görüşdük, məni mənzilində böyük mehribanlıqla qarşıladı, atamgilin İstanbulda qonaq olduqlarını xatırladı. Şair babadan (Nazımı hələ də belə adlandırır) doyumsuz söhbətlər etdi. "Şair baba və damdakılar" adlı kitabını avtoqraflarla, habelə rəsmlər albomunu və bir neçə qrafik işini mənə bağışladı. İbrahim Balaban bu yaşında da və bir neçə il sonra onu Bakıda gördüyümdə də çox istiqanlı, yapışıqlı və qaynar həyat eşqiylə dolu adam təsiri bağışlayırdı. Özü özü haqqında söylədiyi kimi, "pırıl-pırıl", yəni şövqlü, parlaq bir insandır. İstanbul görüşündə səsini lentə aldım, gündəliyimdə qeydlər etdim. Sonra Bakıda kitabı oxuyanda gördüm ki, mənə nəql etdiyi hadisələrin bir çoxunu kitabında da yazıb. Kitabda öz surətini də yaradıb. Şair baba - dediyim kimi - Nazımdır. (Türkiyə türkcəsində "baba"-nın bizimcə "ata" demək olduğunu xatırlatmağa ehtiyac varmı?) Damdakıların - məhbusların xarakterləri, taleləri Nazım Hikmətin "İnsan mənzərələri" əsərində də əks olunub. Bu vaxt artıq Türkiyədə adından yasaq götürülmüşdüsə də Balaban həmin kitabında da Nazımın adını çəkmir, amma şairin onun rəsmlərinə aid şeirlərini "Nazım Hikmət" imzasıyla örnək gətirir. Kitabın ilk səhifələrində deyilir: "Şair babayla ikimiz buluşandan öncə əl yardımı ilə arayırdım öz-özümü qaranlıqda. İlkin Onu buldum əllərimlə. O da alıb qoydu məni öz yerimə. Bu kitabı Onun üçün yazıram".

Türkiyədə şairin adından yasaq tamamilə götürüləndən sonra 2003-cü ildə çap etdirdiyi kitabı isə «Nazım Hikmətlə yeddi il» adlanır. Bu kitabı mənə belə bir aftoqrafla bağışlayıb:

«Anar, ben Resul Rizayı gördüm, sen de benim Şair Babamı gördün. Ne mutlu sana ve bana. Salam. Balaban, 4 temmuz 2006 İstanbul.»

1940-cı ildə İbrahimin artıq üç ildən bəri yatdığı həbsxanada bir xəbər yayılır: Şair Nazım Hikməti bura gətirirlər. Məhbusun özündən əvvəl haqqındakı xəbərlər, şayiələr gəlir. Danışırlar ki, Nazımın bir xasiyyəti var. Məhbəs kamerasında qaldığı adama : - cibində nə qədər paran varsa, qoy ortalığa, - deyir və özü də cibindəki pulları çıxarırmış. Təbii ki, Nazımın məbləği yoldaşlarınınkından qat-qat çox imiş. - İndi tən yarı bölək, - deyirmiş Nazım, - yarısı sənin, yarısı mənim...

Kommunizm idealının əyani dərsi. Kiminlə danışır-danışsın, yarım saata onu təsiri altına alır və tərəfinə çəkirmiş. Prokuror telefonla məhbəs müdirinə göstəriş verirmiş: - Onu tək kamerada saxla, başqa məhbuslarla danışmağa imkan vermə, öz zəhəriylə zəhərlər dustaqları.

Balabanın dediyinə görə, məhbəs müdiri Təhsin bəy zindançıya uyğun olmayacaq dərəcədə ürəyiyumşaq və mülayim adam imiş. Bu məhbəs müdirini, onunla çox xoş rəftarını, xeyirxahlığını Nazım da xatırlayırdı Vera yazır ki, Nazım xəyallarında arvadını Türkiyəyə aparır, dostları Balabanla, Yaşar Kamalla tanış edirdi.

"Çankırı həbsxanasının da yanından keçərdim, içəri girməzdim, amma sadəcə, həbsxana müdiri Təhsin bəylə, o gözəl insanla minnətdarlıqla görüşmək istərdim."

Dustaqlardan bir qoluzorlu Nazımı öldürmək fikrinə düşür. Bunu duyan Təhsin bəy: - Sən kimə əl qaldırmaq istədiyini başa düşürsənmi? - deyə soruşduqda həmin adam: - Əlbəttə, - deyir, - Nazım Hikməti öldürüb tarixə düşmək istəyirəm.

Böyük insanları sözün hərfi mənasında da, məcazi mənasında da - yəni böhtanlarla zəhərləyib, iftiralarla çilədən çıxarıb öldürərək tarixə düşmək istəyənlər azmıdır?

Balabanın dediyi kimi, bu Təhsin bəy eyni zamanda hər şeydən şübhəli bir adammış.

"Mən özüm də Nazım Hikmətlə çox danışıram, - deyirmiş. - Adamı təsiri altına alır, öz tərəfinə çəkirmiş. Amma axı mən bir müdirəm, o isə bir məhbus... Cəzası da 28 il".

Təhsin bəy Nazıma həbsxanada ayrıca otaq ayırıb, özü də necə otaq? Balaban kitabında bu otağı belə təsvir edir: masa, çarpayı, divarda kitablar, fotolar və anasının yağlı boyayla çəkdiyi portreti. Qapının üstündə xəritələr.

Balaban Nazımı ilk dəfə gördüyünü də xatırlayırdı: Qaranlıqda qapıdan bir məhbus girdi. Dərhal qəzet, dərgilərdə gördüyümüz şəkillərindən tanıdıq onu - Nazımdı. Gözləri masmavi, bığlarının ucu aşağı sallanmışdı. Uzun boyluydu, önündə və arxasında qardianlar (jandarmlar) vardı. Nazım başqa həbsxanalardan tanıdığı məhbuslarla görüşüb öpüşdü. Sonra hamının əlini bir-bir sıxdı.

Prokurorun Təhsin bəyə göstərişinə rəğmən, Nazımın otağı (buna kamera demək çətindi) daima adamla dolu olarmış, məhbuslar yanına söhbətə gələrmişlər. Şair baba dustaqların başına gələnləri dinləməkdən doymurmuş. Özü də maraqlı söhbətlər edir, danışarkən qəlyanı tez-tez sönürmüş.

Nazıma hamıdan artıq maraq göstərən Rəşid adlı məhbusdu. O, siyasi suçla tutulubmuş. Onu şair sayırdılar, məhbəsdə də daima şeir yazırdı. Günlərin bir günü Nazım Rəşidin şeir yazdığını eşidir, oxumasını israrla təkid edir: "Naz etmə, utanma, oxu".

Axır ki, Rəşid həyəcanını boğaraq, titrəyən əlləriylə kağızlarını tutaraq şeir oxumağa başlayır. Nazım diqqətlə dinləyirmiş, birdən: - Yetər qardaşım, - deyib, - bir başqasını lütfən.

Rəşid yenə şeir oxumağa başlayıb. Nazım: - Bərbad, - deyir. Rəşid pərt olsa da, bir şeir daha oxuyub. Nazım: - Rəzalət, - deyir. Tamamilə ruhdan düşmüş Rəşid yenə oxumağa başlayanda Nazım şeiri ortasında kəsib, - Bitdi? - deyə soruşub. -Yox, bitmədi, ardı da var. - Gəl səninlə belə hesab edək ki, bitdi. - Rəşid mat qalıb. - Əfəndim, başa düşmürəm... - Nazım: - İndi məni dinlə, - deyib, - topla bütün kağızlarını, nə qədər varsa, hamısını at manqala.

Rəşid əvvəlcə Nazımın zarafat etdiyini sanıb, sonra əhvalı pozulub. - Hamısını? - deyə soruşub. - Bəli, hamısını. - İçində bir babatı yoxdurmu? - Yoxdur, hamısını at oda, - deyib Nazım. Özü də polis amiranəliyilə deyib. Rəşid yazıq iri manqalda yanan şeirlərinə, bir də Nazıma baxıb. Yəqin ki, hardan gəlib çıxdı bu adam, - deyə düşünürmüş. Manqalın tüstüsü otağı bürüdükcə ikisi də öskürməyə başladı. Otağın bacası yoxdu, pəncərəni açdılar.

Nazım və Rəşid üç il yarım bir yerdə bu həbsxanada qalıblar. Nazım Rəşidə şeirin, nəsrin, ədəbiyyatın nə demək olduğunu gündən-günə bir təcrübəli müəllim əzmiylə öyrədir, hansı kitabları oxumasının vacib olduğunu məsləhət görürdü, öz yeni şeirlərini oxuyurdu Rəşidə. Bu zəhmətlər əbəs keçmədi. Rəşid gələcəkdə böyük romançı və hekayəçi Orxan Kamal adıyla tanındı. Bu adı da Rəşidə Nazım vermişdi.

Bütün bu səhnələri Orxan Kamalın «Nazım Hikmətlə 3,5 yıl» kitabından və müəyyən dərəcədə İbrahim Balabanın söhbətləri əsasında qələmə alıram. Təəssüf ki, Orxan Kamalın şəxsən özüylə tanışlıq nəsib olmadı mənə. Amma yaxşı yadımdadır, Nazım çağdaş türk nəsrindən danışanda həmişə iftixarla ilk öncə Orxan Kamalla Yaşar Kamalın adlarını çəkərdi.

Orxan Kamal isə 43-cü ildə Nazım hələ də həbsdəykən ona şeir həsr edir:

Sən mənim mavi gözlü arxadaşım,

Qabil deyil unutmağım səni...

Dünyanı və insanları sevməyi səndən öyrəndim,

Hekayə, şeir yazmağı və erkək kimi qovğa etməyi

səndən öyrəndim...

* * *

Orxan Kamalı yazıçı kimi araya-ərsəyə gətirdiyi kimi, ancaq üç sinif təhsili olan köylü (kəndçi) balası İbrahim Balabanı da kamil bir rəssam kimi yetişdirdi. İbrahim bunu çox canlı detallarla danışırdı. Nazım Hikmətin, məlum olduğu kimi, böyük ədəbi istedadıyla yanaşı, rəssamlıq qabiliyyəti də vardı. Bir neçə il bundan qabaq İstanbulda "Yapı və kredi" bankının sərgi salonunda Nazımın rəsmləri və əl işlərindən təşkil olunmuş sərgini böyük təəccüb hissiylə seyr etdim. Məhbəsdə yağlı boyayla çəkdiyi və qrafik işlərindən başqa, taxtadan yonduğu xeyli maraqlı əşyalar da vardı - mücrülər, bəzək əşyaları, fiqurlar... Təsviri və tətbiqi sənət sahəsinə marağı və bu işdə səriştəsi ona irsən rəssam anasından keçmişdi, həbsdə yatdığı illərdə anası onun, o, anasının portretlərini də çəkmişdilər.

Həbsxanada başqa məhbusların portretlərini də çəkirmiş. Bəlkə də bu "İnsan mənzərələri"ndə yaratdığı personajların sifət cizgilərini hafizəsində saxlamaq üçün lazım imiş ona. Hər nəysə, günlərin bir günündə İbrahimin də şəklini çəkməyə başlayır. Balaban bunu belə xatırlayır:

Şair babanın şəkil çəkdiyini görən və bilən məhbus arxadaşlarımdan biri - İbrahimin rəsmini çəkərmisən, ustad? - deyə xəbər aldı. - Dərhal razılaşdı və bununçün heç para da istəmədi. Amma arxadaşım qabaqcadan hazırladığı məbləği Nazıma uzadanda: - Madam, para da gətirmisiniz, bu paraya filan-filan boyaları aldırın, - demiş.

İbrahim əvvəl-əvvəl boya tübiklərini dərman bilib, amma Nazım bunları fırçayla kətana keçirdikcə boya olduğunu anlayıb. Buna qədər İbrahim heç yerdə nə bir rəsm əsəri, nə bir rəssamın necə şəkil çəkdiyini görübmüş.

Nazım Balabana: - heç qımıldanmadan oturacaqsan, - deyib, - yorulanda dincələrsən.

Kəndli balası yenə təəccüb edib: - oturmaqdan da yorulmaq olarmı?

- Bir az sağa dön, olmadı, çox döndün, bir az sola, heç tərpənmə.

- Nəfəs ala bilərəmmi? - deyə soruşanda Şair baba güldü: - Əlbəttə, - dedi.

İbrahim bir şeyə diqqət edib: Nazım bir əlində tarım çəkilmiş kətan, o biri əlində fırça tutmuşdu, zümzümə edirdi. Rəsm çəkərkən arabir fırçanı İbrahimin üzü tərəfə tuturdu. Balaban: "yəqin üzümü ölçür”, - deyə düşünürdü, hər şeyin ölçüsü olur, rəsmin də var olsun gərək.

Sonra fırçanı üfüqi şəkildə saxlayanda İbrahim bundan da nəticə çıxarır: sifətimin uzununa ölçdü, indi də eninə ölçür.

Bir qədər sonra "bu günlük yetər, - dedi. - Sabah eyni saatda gələrsən, işi davam etdirərik."

İbrahim şirin yumorla bu səhnənin ardını da danışır. Öz kamerasına qayıdar-qayıtmaz başqa bir məhbus dostunu qarşısında oturdur və qələmiylə kağız üzərində eynilə Nazımın gördüyü işləri təkrar edir. Yəni qarşısında əmriylə hərəkətsiz donub qalmış dostunun sifətini uzaqdan-uzağa qələmiylə eninə-uzununa ölçür, ovçular sayağı bir gözünü qıyıb modelin sifətinə uzun-uzadı baxır və çəkməyə başlayır - bir az sağa dön, olmadı, sola dön, qımıldanma.

Əsl möcüzə ondadır ki, Nazımın hərəkətlərinin zahiri təkrarıyla deyil, içində bunacan gizli qalmış fitri rəssamlıq istedadıyla çəkdiyi portret heyrətamiz dərəcədə orijinalına bənzəyir - burnu burun yerində, qulağı, ağzı, gözləri öz yerində. Hamısı da oxşayır. Axırda da: - bugünlük bu qədər. Sabah eyni saatda davam edərik, - deyir. Özü isə səhərisi gün Nazımın seansına bir az gec gəlir. Nazım: - nədən gecikdin? - deyir, - yarım saat gecikdinmi, rənglər dəyişir.

Buna da təəccüb etdim. Günəşli havada, ya qarlı havada təbiətin rənglərinin dəyişdiyini yüz dəfə görmüşdüm, amma burada qapalı yerdə rənglər yarım saat ərzində necə dəyişə bilərmiş? Bunu heç cür anlaya bilmirdim, hər halda, öz kamerama qayıdanda "modelimə", - bax, gecikmə ha, - dedim, - yarım saat gecikirsən, rənglər dəyişər. Bu sözlərə o da ağzıaçıq qalmışdı".

Altı-yeddi seansdan sonra Nazım portreti bitirir və Balabana göstərir. "Eynən mən idim, amma şəkildə kravatım (qalstukum) yox idi. - Bəs kravatımı çəkməmisən, - dedim. Şair baba: - Sən hər gün kravat taxırsanmı? - deyə soruşdu. - Yox, amma indi taxmışdım axı... - Köylülər cüt sürərkən, əkib-becərərkən kravat taxarlarmı? - Taxmazlar, amma indi cüt sürmürəm ki... - Doğru deyirsən, amma mən sənin rəsmini bir köylü balası kimi çəkdim. - Köynəyimin yaxasını da çəkməmisən, pencəyim də şəkildə lap köhnədir. - Paltarlarını ütülü, təptəzə çəksəydim, sənə yaraşmazdı. - Bu sözlər lap çaşdırdı məni. Adətən, insanlar yaraşsın deyə təzə, ütülü paltarlar geyərlər. Bu isə tərsinə deyir. Ancaq çox illər sonra Şair babanın sözlərinin mənasını anladım.

Və o gündən İbrahim hər gün özü də şəkil çəkməyə başlayır. Şair babaya bu barədə bircə kəlmə də söyləmir. Balaban bir etapı da xatırlayır: İkinci dünya hərbində Türkiyənin də hava basqınına uğrayacağını düşünərək bundan qorunmaq tədbirləri görmüşlər, o cümlədən həbsxanalarda lampoçkaları mavi rəngə boyamışdılar. Kameralarda lampoçkalar boyananda məhbuslar da sanki yuxular, ruhlar, kabuslar aləmindən çıxmış kimi görünür, ölülərə bənzəməyə başlamışdılar. Bu da o illərin, Balabanın hələ peşəkar rəssam olmadığı vaxtın sırf rəssam gözüylə görülmüş təəssüratlarıdır.

Günlərin birində İbrahimin sirri açılır. Şair baba onun rəsmlər çəkdiyini öyrənir.

"Gətir baxım", - deyir, İbrahim gətirir.

"Baxdı, baxdı, sonra soruşdu: - Rəssamlıq təhsilin varmı?

Dedim ki, ümimiyyətlə, heç bir təhsilim yoxdur, köy məktəbində üçcə sinif oxumuşam. Pəncərəyə yanaşdı, dinib-danışmadan göyə, buludlara baxdı. Arxası mənə tərəfdi. Ona yanaşdığımda səssiz-səssiz ağlayırdı. Məni qucaqladı: - Evladım. - dedi, - Mənim də gözlərim yaşardı. Sonra: - Bəs sən şəkil çəkməyi kimdən öyrəndin? - dedi. - Səndən, - dedim, - sən mənim şəklimi çəkəndə. - Şair baba həm kədərlənir, həm sevinirdi. Sanki axtardığı bir şeyi tapmışdı, itirməkdən qorxurdu.

- Məni şagirdliyə götürərsənmi? - dedim.

- Sən də məni ustalığa?

- Əvət.

- Çəkdiyin şəkillərin hamısını mənə göstərəcəksən.

- Oldu.

Ardıcıl rəsm dərslərimiz belə başladı. Şair baba bu sahədə bildiklərinin, bacardıqlarının hamısını mənimlə paylaşdı bu gündən. Durub dayanmadan şəkillər çəkir, Şair babaya göstərirdim, amma nə çəkdiyimi özüm də bilmirdim. Nazım Rəşidə (Orxan Kamala), - bu qədər gözəl rəsmlər çəkir, - deyirdi, - amma neçin çəkdiyini özü də bilmir.

Rəşid:

- Öyrənər, - dedi, - mən nə yazdığımı bilirmiydim?

Get-gedə Şair babayla yaxınlığımız ustad-şagird münasibətlərindən dostluğa, arxadaşlığa çevrilirdi. Və bir gün Şair baba yeni çəkdiyim şəkillərdən birinə baxıb: - Bax, mən də gənckən belə şəkillər çəkmək istərdim, - dedi, - amma bu sənə qismət oldu. Rəssam olmağı çox arzu edirdim, səndən sonra bu işi də edə bilməyəcəyimi anladım. - Niyə ki, şəkillərin çəkdiyin adamlara çox bənzəyir. - Rəsmdə bu işin ancaq bir tərəfidir, gərək özündən də bir şey əlavə edəsən. Mən ağlımla bunu anlayıram, amma əlim bacarmır, sənin əlin bacarır, amma ağlınla hələ bunu dərk edə bilmirsən. Get-gedə bütün bunları daha yaxşı başa düşəcəksən, biliyin artacaq. Buna yavaş-yavaş, duyaraq, yaşayaraq çatacaqsan. Özün özündən, özünü taparaq öyrənəcəksən. - Amma mən ki səndən öyrəndim şəkil çəkməyi. - Mənim öyrətdiyim çox sadə şeylərdir. Mən ancaq səni ən mühüm qaynağa yönəltmək istədim. Öz qaynağına.

Onacan yalnız qarşımda oturtduğum adamların şəkillərini çəkirdim. Başıma bir fikir gəlmişdi, onu Şair babaya dedim: atamın şəklini çəkmək istəyirəm. -Hardan ağlına gəldi bu? - Güzgüyə baxdıqca atamı gördüm. Sifətlərimiz bir-birinə çox bənzəyir.

Şair baba bu fikrimi çox bəyəndi və bir gün məndən xəbər aldı:

- Həbsdən çıxanda köyünüzə qayıdacaqsan? - Əvət, -dedim. - Şəkillər də çəkəcəksənmi yenə? - Əlbəttə.

Sonra qəfilcə: - Atanı öldürənləri öldürəcəksənmi? - deyə soruşdu. Bu gözlənilməz suala cavab vermədim, susdum. Şair baba: - Mən sizin köylülərlə danışdım. Səni çox yaxşı tanıyırlar. İbrahim həbsdən çıxan kimi atasını öldürənləri öldürəcək, - dedilər.

Mən yenə də dinmədim. Şair baba davam etdi: - Atanı öldürənləri öldürsən, yenə tutulub həbsə atılacaqsan. Şəkillər də çəkə bilməyəcəksən daha. Amma atanın şəklini çəkərək onu yaşada bilərsən. Hamı - bu şəkli filankəsin oğlu çəkdi - deyər, o zaman atan da hər yerdə yaşar.

Yenə susdum.

- Mənə söz ver ki, bunu etməyəcəksən, heç kəsi öldürməyəcəksən.

O gün Şair babaya söz verməsəm də onun dediyi kimi etdim. Beləliklə, Nazım mənim həyatımı həm dəyişdirdi, həm xilas etdi. Peşəkar rəssam oldum. Hər ikimiz azadlığa çıxandan sonra İstanbulda Şair babaya qonaq getdim. Altı ay bu şəhərdə qaldım o zaman. Şəhəri Nazımla qarış-qarış dolaşdıq. Bizi kölgə kimi izləyən polislər də ardımızda.

Az sonra İbrahim Balaban Türkiyənin ən böyük rəssamlarından biri kimi tanındı, məmləkətdə və xaricdə - Amerikada, Avropa ölkələrində sərgiləri təşkil olundu, albomları, kitabları çıxdı, oğullarından birinin adını Nazım, birinin adını Hikmət qoydu.

Akademik rəssamlıq təhsili almadı ki, almadı.

Balabandan: - Ustad, yaradıcılığınızda primitivist rəssamların, məsələn, Teodor Russonun, Niko Pirosmaninin üsulları arasında bir yaxınlıq görürsünüzmü? - deyə soruşdum. Dərhal qəti şəkildə etiraz etdi: - Xeyr, xeyr, onlar amator (həvəskar), mən peşəkar rəssamam.

Dədə Qorqud yubileyinə başqa qonaqlarla birlikdə İbrahim Balabanı da dəvət etdik. Azərbaycana ilk gəlişi idi. Həyat yoldaşı ilə gəlmişdi. Həmişəki kimi mehriban, gülərüz, şövqlü, "pırıl-pırıldı". Yubiley tədbirlərində iştirak etdi. Akademiyada foyedə onu Prezidentimiz Heydər Əliyevə təqdim etdim. Rəssam bu tanışlıqdan çox məmnun oldu. "Azərbaycan" mehmanxanasının müdiri rəhmətlik Ağarəhim bizi - Balabanla arvadını, Tahir Salahovu, Fərhad Xəlilovu, məni qonaq elədi.

Son dərəcə xeyirxah insan olan Ağarəhim özü də rəssam idi, başqa sahədə çalışsa da rəssamlığını davam edirdi, şəkillər çəkirdi, tamaşalara tərtibatlar verirdi. Elbəy Rzaquliyev zarafatla: "Rəssamların içində qabağa çıxan bir Ağarəhim oldu, - deyirdi. Ağarəhim gülümsünür və rəssam dostlarıyla da, başqa ziyalılarla da dostluğunu davam etdirirdi. Xeyirdə də, şərdə də həmişə yardıma hazır olan bu gözəl insanı hamımız çox istəyirdik. O gün "Azərbaycan" mehmanxanasında naharda çox tez ünsiyyət yarada bilən İbrahim bəy dərhal ilk dəfə tanış olduğu Tahirlə, Fərhadla neçə ilin yaxın dostları kimi deyib-gülməyə, zarafatlaşmağa başladı.

Oradan bizə gəldik. Azərbaycan rəssamlarının evimin divarlarından asılmış şəkillərinə baxıb tərifli sözlər dedi. İnanıram ki, bunları sadəcə nəzakət xətrinə demirdi. Çox səmimi, açıqürəkli insan idi. Yadımdadır, İstanbulda onu bibim oğlu Oqtayın və Türkan xanımın rəssam qızları Vəfa Əfəndiyevanın sərgisinə dəvət etmişdim. Gəldi, şəkillərə diqqətli baxdı, bəyəndiklərini qeyd etdi və gənc rəssama dəyərli məsləhətlər verdi. 1998-ci ildə İstanbulda Zəfər Tarik Tunaya salonunda mənim 60 illik yubileyim və 2000-ci ildə həmin salonda Rəsul Rzanın 90 illiyi qeyd olunarkən də dəvətimi qəbul etdi, iştirak etdi, xoş sözlər dedi.

İştə seyr eylə gözüm hünərini Balabanın

İştə şəfəq vaxtı mayıs ayındayız

İştə aydınlıq:

ağıllı, cəsur, tazə, diri, insafsız

İştə bulud

qaymaq kimi lülə-lülə

İştə dağlar: həm mavi, həm də sərin

On il həbsdə yatdı,

Amma qeyb etmədi umudunu Balaban.

Nazım Hikmətin "Balabanın "Bahar” tablosu üstünə" adlı şeirindəndir bu sətirlər.

Nazımın həbsxanalarda istedadını aşkar etdiyi adamları yetişdirməkdən, son parasını belə başqalarıyla bölüşməkdən başqa bir mühüm missiyası da varmış - məhbusları bədbinlşməyə qoymamaq, onlara ümid aşılamaq.

Orxan Kamal kitabında Nazımın bir öyüdünü də gətirir:

«Kədərli, məhzun, acılı olmaq üçün səbəblər mövcuddur, fəqət ümidsuz olmaq üçün tək bir səbəb mövcüd deyildir. Aman evladım, kəndini bundan saqın, daha acı, daha məhzun ol, fəqət sevincin və ümidin pırıl-pırıl parlasın».

Ardı var...

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
# # #