Rəsm müəllimi qulağını niyə kəsdi? - Zamin Hacı yazır...

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

15 sentyabr 2022
# 09:00

Kulis.az Zamin Hacının “Rəsm dərsi üçün plastilin” adlı yeni yazısını təqdim edir.

Növbəti dərs ili başlanır, valideynlər məktəb bazarlığını etmişlər. Burada cürbəcür dəftər-qələm, paltar, çanta ilə yanaşı mütləq plastilin də olmalıdır. Bizim məktəblilərin aldığı plastilinlə yalan olmasın, bəlkə, bütün dünyanın heykəllərini düzəltmək mümkün idi. Lakin o plastilinlər adətən heç zada yaramayaraq tezliklə zibil qabına atılır. Bir növ plastilin bizim məktəblərin səmənisidir. Bunu da bir müddət masaya qoyub, sonra atırlar. İsrafçılıqdır.

Təklif edirəm biz hər il plastilinə verdiyimiz pulları yığıb Afrikada artezian qazaq, adını da hansısa görkəmli heykəltəraşımızın adıyla qoyaq. Savab olar. Məsələn, Tokay müəllimin, ya da Ömər müəllimin adıyla. Daha çox Ömər müəllim layiqdir, çünki bizdə heykəltəraşlığın monopoliyasına Ömər müəllim baxır.

Bəlkə də, bizim uşaqların plastilin üzərində təcrübələrinin nakam bitməsinin kökündə elə bu durur: “Onsuz da, əlləşməyin mənası yoxdur, heykəli axırda Ömər müəllim düzəldəcəkdir”.

Doğrudan da, çətin işdir. Əlbəttə, Ömər müəllimə uzun ömür, can sağlığı diləyirəm, onun sənətkarlığına hər hansı şübhəm yoxdur. Biz özümüz də vaxtilə, hardasa köşə inhisarçısı olmuşuq, bu işin əziyyətini və qiymətini bilirik. Qiymət deyəndə ki, qiymət “vozduxdur”, el dilində yazsaq. Ya da yonqar – heykəltəraş terminiylə.

Əslində, rəssamlıq dərsi – bizdə bunun adı rəsmən (“rəsmən” sözünü bu qədər dəqiq yerində yazdığımı xatırlamıram) “Təsviri incəsənət” dərsidir, – az qala bütün siniflərdə keçilir. Axırıncı dəfə 9-cu sinfin cədvəlində görmüşəm, ondan yuxarıdan xəbərsizəm. Prinsipcə, rəsm və musiqi dərslərinin orta məktəbdə keçilməsi yaxşıdır, ancaq niyə incəsənətin bu iki növündə dayanırıq? Buyurun, teatr və kino dərsləri də keçin. Məncə, ən azı teatr dərsi uşaqların inkişafında rəsm dərsindən on dəfə artıq effekt verər. Ünsiyyət, kütlə qarşısında özünü itirmədən çıxış etmək bacarıqları, lap elə hər dona girmək üsulları... Gör nə qədər lazımlı keyfiyyətlərdir.

Orta məktəbdə oxuyanda, rəsm dərsini bizə məktəbin direktoru şəxsən keçirdi. Özü ixtisasca riyaziyyat müəllimi olsa da. Görünür dərs saatını özünə yazmışdı. Əlavə gəlir mənbəyi kimi. O vaxtlar belə şeylər aid hal idi. Axırda da SSRİ yıxıldı. (Bunu zarafat üçün yazıram, SSRİ biz məktəbi qurtarandan iki il sonrayacan hələ dururdu). Direktorumuzun həmin rəsm dərslərindən mənim yadımda bircə armud rəsmi qalıb. Qara yazı taxtasına ağ tabaşirlə yekə bir armuda oxşar həndəsi fiqur çəkmişdi, bizə də demişdi bunu albomunuzda təkrar edin. Vəssalam.

Deyəsən, bizim bütün rəsm dərslərimiz elə o armudu çəkməklə keçdi. Paralel sinfimizə əmək təlimi müəllimi rəsm dərsi keçirdi və onlar nədənsə damından tüstü çıxan ev şəkli çəkirdi, biz isə onlara paxıllıq edərdik.

Bunun gənc nəslin təlim-tərbiyəsinə hansısa müsbət təsiri varmı? Əlbəttə, var. Məsələn, mən indi armudu meyvə olaraq çox sevirəm.

Haşiyə çıxaraq qeyd edim ki, (sanki bayaqdan futbol oynayırdıq – bu “qeyd edim” ifadəsini yazıda işlədəndə həmişə qıdığım gəlir, lakin yenə bunu yazmaqdan özümü saxlaya bilmirəm) Mədəniyyət və İncəsənət Universitetimiz son illərdə təsviri incəsənət ixtisası üzrə xeyli müəllim hazırlamışdır. Ümumiyyətlə, bizdə rəsm müəllimi istehsal edən azı 7 universitet vardır. Bəs burda keçid balı nə qədərdir? Hazır olun, tragikomik tablo var: 129 bal. “APİ”də ondan da aşağıdır: 125 bal. Üstəlik, buranı oxuyub bitirənlərə ilk 3 ildə 450 manat maaş, sonra isə 475 manat vəd edilir.

Yazıq rəssam, gəl indi bu pulla fırça al, xalqın burnufırtıqlı uşaqlarına Van Qoqu tədris elə... Mixaylo demişkən, rəssamı hamı incidər. Bu maaşla evə gələn rəsm müəlliminin qulağını özü də kəsməsə, arvad-uşağı mütləq kəsər.

Ta mövzu açılıb, boya dağılıb hər yana, birini də yazaq. Bizim orta məktəbin yanılmıramsa 8-ci sinfə aid “Təsviri incəsənət” dərsliyində Salvador Dali haqda yazmışdılar: “Onun rəsmlərini anlamaq çətindir, bəzən mümkün deyil”. Elə o səhifədə də rəssamın bir əsərindən reproduksiya verib sual qoyublar: “Rəssam sizcə burada nə demək istəmişdir?”

Necə deyərlər, canına azar, ürəyinə boğma...

İranlı rejissor Məcid Məcidinin “Cənnətin uşaqları” adlı filmi var. Filmdə çox kasıb qardaş və bacı məktəbə getmək üçün bir ayaqqabını geyinir. Növbə ilə. Qardaş dərsdən qaça-qaça gəlir, ayaqqabını soyunur, bu dəfə bacı geyib gedir. Ardını yazmıram, maraqlı filmdir, baxmayanlar baxsın. Mənim bir dostum var, universiteti rejissorluq ixtisası üzrə bitirib, indi yarmarkada ayaqqabı satır. Hər dəfə onu görəndə Məcidinin filmini düşünürəm. Düşünürəm ki, görəsən, dostum qarşısında masaya düzdüyü ayaqqabılar haqda neçə və necə kino çəkərdi, lakin o doğulmamış filmlər hansı alıcıların torbasında dünyanın faniliyinə yuvarlanmışdır?

Əlbəttə, bunun rəsm dərsimizə dəxli yox idi, əlavə vəsait kimi yazdım.

# 3016 dəfə oxunub

Müəllifin son yazıları

# # #