Günah təkcə məşqçidədirmi?

Günah təkcə məşqçidədirmi?
4 may 2023
# 15:10

Kulis.az Zamin Hacının "Orta statistik məşqçi" adlı yeni yazısını təqdim edir.

“Uşaq eldə böyüyər, balıq - göldə”

(Azərbaycan ata sözü)

Keçən yay Mehdiabad qəsəbəsinin içindən keçərkən dükandan su almaq istədim, marketə girərkən yandakı zirzəmidən səs-küy gəldiyini eşitdim. Marağımı çəkdi, bu yarıqaranlıq zirzəmiyə düşdüm. Sən demə, içəridə yarış varmış. Hansısa əlbəyaxa döyüş növü, güləş, ya da boks yarışı idi - indi xatırlamıram. Məni təəccübləndirən isə zirzəmidəki bürkü, havasızlıq, antisanitariya şəraiti idi. Həm də ən pisi o idi ki, yarış balaca uşaqlar, məktəblilər arasında keçirilirdi. Əksəriyyəti qadınlar olan valideynlər də zirzəmidən hərəsi bir balacanın əlindən tutub əlliqəpiklik diplom və medalla işıqlı dünyaya çıxırdılar. Əcaib mənzərə idi. Üfunətdən, tər, toz qoxusundan baş çatlayırdı, balacalar isə o durumda rinqə girib yarışırdılar. Məlikməmmədin divlərlə dalaşandan sonra Zümrüd quşunun belində qaranlıq quyudan çıxması Mehdiabaddakı o “idman salonundan” salamat çıxmaqdan bəlkə daha asan olmalıydı.

Tağıyev qəsəbəsindəki məktəbin idman salonunda məşqçinin balaca uşağı öldürməsi əhvalatı ortaya çıxanda dərhal o günkü təəssüratım yaddaşımda canlandı. Həmin manyak məşqçinin qarasıyca deyinməyə nə var ki? Hamı bu saat onu söyür. Ancaq verməli olduğumuz suallar var axı.

Məsələn, niyə məktəb rəhbərliyi yaxasını kənara çəkib, süddən çıxmış ağ qaşıq kimi davranır? Sanki “məşq dərsdən kənar olub” deməklə canlarını qurtarırlar. Bu tipə məktəbdə idman klubu açmağa icazəni siz vermisiniz. Nəzarəti də siz etməli deyildinizmi? Maşallah, hər məktəbin qapısında 3-4 nəzarətçi, 5-6 işverən, 7-8 güdükçü saxlamağa imkanınız çatır, bunun üzündən jurnalistlər məktəblərə yaxınlaşa bilmir (elə “Yeni Müsavat”ın müxbirlərinin həmin məktəbdən süjetində bu bağlı qapı siyasəti açıq göründü), ancaq məktəbin içində manyaklara salon vermək sərbəstdir. “Məni döyəcsən?” deyən “Əfruz” müəlliməniz hanı?

Uşağın məşqdə xəsarət alması, həkimə gec çatdırılması deyilir. Tanış gəlirmi? O hansı məktəb idi, direktor intihara cəhd etmiş uşağı uzun müddət təcili tibbi yardımdan məhrum etmişdi? Yadınıza salın. Mən yazmıram.

Məktəblərin elan lövhələrində dərs, kitab, görüş, teatr, sənət, mədəniyyət elanlarını haçan gördüyümü xatırlamıram. Əvəzində ancaq “filankəs karate kursu açıb, gəlin” görürük. Çünki tələbat adam döyməyədir. Pul bunda var. Valideyn uşağını hansı cəhənnəmdə, hansı gələcək üçün böyütdüyünü yaxşı qanır. Ona görə davakar xoruz böyütməyə çalışır. Ki, sabah dimdikləsin, dim-dik dayanmağa gücü olsun.

Spartada balaca uşaqlara belə təlim keçərmişlər. Kim sağ qalsa, dövlətə o lazımdır. “Ölən öldü, qalan sağlar bizimdir” - necə deyərlər. Bəlkə təsadüfən həmin məşqçinin hansısa yarışda erməniyə qalib gəlməsini vurğuladılar? Yox. Hər şey sistemə uyğundur.

Ölkədə hara baxsan bir əzikqulaq, manyak tip qapının üstündən “Avropa çempionu, qara kəmər ustası”-zad yazıb məşq zirzəmisi (salon yazmağa əlim gəlmir) aça bilir. Bunlara lisenziyanı, icazəni kim verir? Faktiki heç kim. Daha doğrusu, hər idarə gəlib rüşvətini alır, çıxır gedir. Ya da hansısa məmurun “krışalığı” ilə bu işləri görürlər.

Yeddi yaşlı uşağı döyə-döyə öldürüblər, cüdo və sambo federasiyaları görün nəyi dartışır: “məşq bizim idman növü üzrə olmayıb”. Guya çox fərqi varmış. Ölkənin gənclər və idman üzrə məsul şəxsləri öz işinin öhdəsindən gəlsəydi, heç o yaşda uşaqlara cüdo və sambo dərsi keçməyə qoymazdılar. Çünki bunlar əslində sağlamlığa təhlükəli idman növləridir. Xüsusilə rus-sovet ordusunun “kəşfi” olan saxta idman növü sambo. 2021-ci iləcən bunu heç olimpiya növlərinə də qatmırdılar. Döyüş sambosu deyə bir növü isə ümumiyyətlə uşaqlara öyrədilməsi qadağan olunan çox qorxulu “idmandır”.

Yuyunma yeri cəhənnəmə, adi tualeti olan neçə idman salonu var? Yüz minlərlə balaca uşaq daşın-asfaltın üstündə, yolların, maşınların arasında futbolla başını qatır. Lakin hər məhəllədə üstü damlı, şüşəbəndli, dəmir qapılı, “sanuzelli” yasxana var. Adını da dəbdəbəylə “xeyir-şər evi” qoymuşuq.

Çox az sayda süni örtüklü mini-futbol stadionları var, orda da oynamağın saatı 20-30 manatdan başlayır. Adı isə belə gedir ki, guya bələdiyyə və icra camaata stadion qayırıb. Təpənizə dəysin. O pulu uşaqlar haradan almalıdır?

Uşaqlarını - gələcəyini deyil, guya qocalığını - öləcəyi günü düşünən millətin ölümlə tez-tez rastlaşması, sizcə, təsadüfdürmü? Məncə, yox. O məşqçi orta statistik bizim obrazımızdır. Söyəndə yavaş söyün.

# 2446 dəfə oxunub

Müəllifin son yazıları

# # #