Ramiz Mehdiyevin 130 dollara üzv olduğu Akademiya

Ramiz Mehdiyevin 130 dollara üzv olduğu Akademiya
17 fevral 2022
# 09:00

Kulis.az Zamin Hacının “Cimi, Cimi...” adlı yazısını təqdim edir.

Elə bu möhtəşəm cızmaqaraya başlamaq istəyirdim ki, kədərli bir xəbər aldım: Bappi Lahiri rəhmətə getmiş, ömrünün yerdə qalan hissəsini Krişna həzrətlərinə bağışlamışdır.

İndiki uşaqlar bilməz, Lahiri hind filmlərinin ölməz musiqilərini yazanlardan biri, Bollivudun ünlü bəstəkarlarından sayılırdı. (Təxminən “hindistanlı Firudin Allahverdi” demək olar, gitarasının simləri qədər yaşasın).

Hindistanda o qədər populyar şəxsiyyətdir ki, dünən onun rəhmətə getməsi münasibətiylə hətta baş nazir Narendra Modi başsağlığı veribdir, deyir onu Qanq çayının ən fəxri sularında yandıracağıq.

Doğrudur, geopolitik dəyərlər baxımından mənim indi Bappi Lahirini yad eləməyim bəlkə yanlış hərəkətdir. (“Doğrudur, yanlış hərəkətdir” – etiraf edin, belə fantastik cümlə oxumamışdınız). Çünki Pakistanla Hindistan müharibə vəziyyətindədir, Pakistan isə bizim dostumuzdur. Bu dəfə keçin, təkrar eləmərəm.

Lahiri 1980-ci illərdə Azərbaycanın da kino həyatında silinməz izlər buraxmış “Disko rəqqası”, “Oyna, oyna” (bizim prokatda “Disko rəqqası-2”) filmlərinin musiqisini yazmışdı. Söhbət xalqımızın “Cimi, Cimi, Acay, Acay” kimi tanıdığı, sevərək oxuduğu mahnılardan gedir.

O zamanlar filmdə baş rolu oynayan Mitxun Çakroborti xalq arasında o qədər sevilirdi ki, AYB tənqid şöbəsinin müdiri, “Musa Urud və İliada” traktatının müəllifi, tənqidçi Əsəd müəllim indinin özünəcən saçını Cimi kimi darayır.

O zamanlar hər bir orta statistik azərbaycanlı gənc Cimiyə oxşamağa çalışırdı, məsələn, mənim bibim oğlum (qarabağlılar demiş, mamoğlu) Rahil eynən saçlarını o cür uzatmışdı, buna görə riyaziyyat müəllimimiz rəhmətlik Məqsəd müəllim Rahili odunla döyərdi, halbuki bizə həmin odunları sobada yandırmaq üçün verirdilər.
Sonra Rahil Almaniya Demokratik Respublikasına əsgərliyə getdi, qayıdanda ordan işlənmiş “BMV” gətirmişdi, sağlığına qismət. (Yazının axırında Rahili yenidən xatırlayacağıq).

Yeri gəlmişkən, çox adam Ciminin filmlərindəki mahnıların mənasını bilmir, mən indi bu tarixi ədalətsizliyi aradan qaldırmaq istəyirəm. “Jimmi, Jimmi, aajay” ifadəsi “Cimi, gəl gedək” deməkdir. “Goron ki na kalon ki, Duniya ha in dilvalo ki” isə “Dünya nə ağ adamların, nə qaralarındır, dünya sevənlərindir” mənasını verir.

Şəxsən mən bunu alqışlayıram, doğrudan da adam sevəndə gözü ayağının altını görmür. Üzümü burdan gənclərə tutub demək istəyirəm ki, sevin, sevilin, dünyada adama qalan budur, qalan hamısı boş-boş şeylərdir.

İndi keçək möhtəşəm cızmaqaramızın temasına. Bu dəqiqə Azərbaycanda moda yaranıbdır, hərə özünə saxta bir ad, medal-zad verir. Məsələn, hazırda istefa ilə iş arasında qalan AMEA şefinin idarənin saytındakı tərcümeyi-halında belə bir gülünc qeyd yazılıbdır: “2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib”. İndi əlinin altında internet olan burnu fırtıqlı uşaqlara da məlumdur ki, “Nyu York Elmlər Akademiyası” heç bir elmi əhəmiyyəti olmayan, bir qrup beynəlxalq lotunun diplom alveri elədiyi virtual təşkilatdır. Hər bir kəs ona üzv ola bilər, yeganə şərt illik 130 dollar üzvlük haqqı ödəməkdir. İstəsən sənə diplomu da kağıza çıxarıb göndərirlər, ancaq bunun üçün əlavə 40 dollar verirsən. Qızılı çərçivədə diplom 100 dollardır.

Düzü, inanmıram hörmətli şefimiz 2001-dən sonra ora hər il 130 dollar ödəsin, adam xanımının Novxanıdakı üzümlüyünə Kənd Təsərrüfatı Nazirliyindən 4 min manat dotasiya almış şəxsdir. Yəni, böyük ehtimalla şef artıq oranın üzvü deyil. Nyu York EA-nın ömürlük diplomu da var, ancaq bir az baha olmalıdır, kimə lazımsa təşkil eləyirəm. (Əlaqə nömrəm redaksiyadadır, onlar da qazanca şərikdir).

“Narxoz”da dissertasiya işlərinə qiymət verən başqa bir hörmətli yoldaş vardır, onun tərcümeyi-halında isə yazılmışdır ki, 22 aprel 1993-cü ildə SSRİ Nazirlər Sovetinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 34) iqtisad elmləri namizədi (Ph. D) alimlik dərəcəsinə layiq görülmüşdür. Biz də fikirləşirik, Qorbaçov SSRİ-nin başını 1991-ci ildə buraxmışdır.

Alimlərimiz arasında çox populyar olan “elm məbədlərindən” biri isə Avstriya Akademiyasıdır. Guya beynəlxalq idarədir, İnsbruk şəhərindədir və sairə. Xeyli alimi-biəməlimizin bioqrafiyasında bu idarənin adı fəxarətlə yazılmışdır. Ən məşhurlarından biri Səfər Əbiyevin pulyığanlardan (ya da pulverənlərindən – vəziyyətdən asılıydı) olan Elçin Xəlilov adlı yoldaş idi, o bu idarənin hətta Azərbaycan şöbəsini qayırmışdı, sonralar dələduzluğa görə tutdular, səsi kəsildi.
Elçin müəllim məşhur zəlzələşünasımız idi, ən yadda qalan elmi çıxışını isə hansısa deputatxana seçkisində eləmişdi. Yasamal sakinlərinə böylə söyləmişdi: “Əgər mənə səs verməsəniz, zəlzələ olanda sizə qabaqcadan deməyəcəyəm”.

BMT adından medal alverini bilənlər bilir, bilməyənlərə salam olsun.

Bir də son zamanlar Şuşa şəhərinin adıyla bağlı çoxlu saxta mükafatlar düzəldilir, bu isə ayrı mövzudur, yerimiz bitmək üzrədir. (Saytın da yeri olur, biləsiniz. Məsələn, mənə burda sanuzellə birgə maksimum 12 kvadrat ayrılmışdır, buna görə saytın rəhbərliyinə dərin təşəkkürümü çatdırıram, arzu edirəm mənə medal və maşın da alsınlar).

Bibim oğlu Almaniyadan gətirdiyi maşını satdı. Sonralar özünə Qazel almışdı, Bakıdan Füzuliyə şirniyyat, bulka-mulka aparırdı. Axırıncı dəfə bəlkə 10 il qabaq görmüşəm – saçları tökülmüşdü.

Amma bir az əl gəzdirsən yenə Cimiyə oxşatmaq olardı.


# 5703 dəfə oxunub

Müəllifin son yazıları

# # #