Təhminə azərbaycanlıların alın yazısıdır – Zamin Hacı yazır...

Zamin Hacı

Zamin Hacı

2 dekabr 2021
# 09:00

Kulis.az Zamin Hacının “Təhminə təxminləri” yazısını təqdim edir.

(resenziya)

Hər xalqın öz kitabı vardır – müdriklərdən kimsə belə söyləmişdir. Doğrudan da bəşər tarixinə nəzər salsaq, dünya xalqlarının həyatına təsir edən çoxlu kitablarla qarşılaşarıq. Əgər yəhudilərdə bu “Tövrat”dırsa, ispanlarda Servantesin “Don Kixot”udur, ingilislərdə “Hamlet”dirsə, almanlarda yaxşı olar heç o bədnam kitabın adını çəkməyək.
Dostoyevski Seymur Baycanın ömrü boyu təsadüfən də rastlaşmadığı təvazökarlıqla “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” desə də, məncə şimal qonşumuzun əsl tale kitabı elə onun özünün yazdığı “Karamazov qardaşları” romanıdır.
Fransız xalqının kitabı “Səfillər”dir, çünki neçə yüz ildir o kitabdakı xətdən qırağa çıxa bilmirlər, haçan baxsan Parisdə barrikada üzərində öldürülən sarı jiletli Qavroş görürsən. ABŞ üçün Steynbekin “Qəzəb salxımları” romanını (dünyada bunlardan acıqlı, hər yerə nifrin tökməyə hazır başqa toplum yoxdur), yaponlar üçün Akutaqavanın “Rasömon” hekayəsini (yerimiz azdır, izah eləmirəm), farslar üçün Firdovsinin poemasını və sairə göstərmək olar.

Bu uzun girişdən sonra oxuculara xalqımızın müqəddəs kitabını təqdim etməkdən şərəf duyuram: Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı! Bəli, bu kitab azərbaycanlıların alın yazısı, keçmişi, indisi, gələcəyidir.

Təsadüfi deyildir ki, bu yaxınlarda hörmətli Anar müəllim oxucuların xahişiylə romanın açıq qalmış, bədii həllini tapmamış ümumbəşəri sualına (“Təhminə Spartakın bağında olarkən yatağa girmişdirmi”) cavab verməli oldu, bir hekayə daha yazdı. Nəticədə biz Təhminənin bağda Spartakla yatmadığını, əksinə, ictimai-siyasi prosesləri müzakirə etdiyini, sonucda isə ağac əkərək geri, şəhərə döndüyünü öyrənmiş olduq.

Nə qədər gənclərin, xüsusilə xanımların üzərindən ağır yük götürüldü, indi onlar hər hansı insanla Abşeron yarımadasındakı bağları, gözəl təbiət guşələrini, şaqraq çimərlikləri ziyarət edərlərsə, artıq adlarına söz qoşulmayacağına əmindirlər. Daha doğrusu, pis söz. Yaxşı söz qoşmaq üçün həmişə şərait vardır.

Sözgəlişi, əslində, Anarın romanındakı bağ ziyarəti ədəbiyyatımızdakı başqa önəmli bağ temasının davamı sayılmalıdır. Söhbət Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən gedir. Anar müəllim sanki “yenə o bağ olsa, mənə neylərdin” sualının bədii cavabını verdi.
Biz gördük ki, ədiblərimizin bağ dəvətləri yalnız ülvi, pak, bədii, ədəbi, əbədi məqsədlərə xidmət edir. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan dağ.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” rus ədəbiyyatının şah əsərlərindən “Anna Karenina” romanı ilə müqayisə edilə bilər. Təsadüfi deyil ki, Lev Tolstoy öz əsərini “Oblonskilərin evində hər şey qarışmışdı” cümləsiylə, Anar müəllim isə “Təhminə Spartakın bağında çarpayını yığışdırırdı” təsviriylə başlamışdır.
Əgər Tolstoyun qəhrəmanı axırda qatarın altına atılıb intihar edirsə, biz Təhminənin də Spartak adlı tipin “altında” həlak olduğunu uzun illər güman etmişdik.

Lakin bu il yazdığı əlavə ilə Anar müəllim nə qədər humanist insan olmasını göstərdi, Təhminəni diriltdi, həyata qaytardı! Bu da onun Tolstoydan müsbət mənada fərqini göstərir. Ədəbi ictimaiyyətimiz adından ona bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan ədəbiyyatı da Anarın qəlyanından pülənərək çıxmışdır.
Sözgəlişi, bizdə çoxları haqlı olaraq “Dədə Qorqud”u Anarın yazdığını zənn edir.

Qayıdaq mövzumuza. Romanda Təhminə-Zaur-milisioner üçbucağı, Spartak-Fəxrəddin Manafov-Zərnigar Ağakişiyeva-Təhminə dördbucağı, ən əsası, Təhminə dairəsi maraqlı süjet xətləridir. Anar bu romanında da dissident xarakterinə, Sovet rejimi əleyhinə mübarizəsinə sadiq qalaraq üsyançı motivlər seçmişdir.
Məsələn, elə roman qəhrəmanlarına qoyulan adlara baxın. Təhminə ərəbcə “təxmin” deməkdir, ona görə də oxucular uzun illər dəqiq bilmədilər ki, Təhminə Spartakla sevişib, ya yox. Yalnız təxminlər vardı.
Spartakın adı isə məşhur qul üsyanına allüziyadır. Burada yazıçı SSRİ-də xalqların qul vəziyyətində yaşadığını, arada imkan tapanda bağa gedə bildiyini göstərmişdir. Halbuki, normal cəmiyyətlərdə insanlar şəhərdəki evlərində də sevişirlər. Nəticədə Anarın Spartakı Rafaello Covanyolinin Spartakından heç də gücsüz alınmamışdır.

Məndəki məlumata görə 1990-cı illərdə “Təhminə” filmini çəkərkən Spartak rolunu amerikalı aktyor Kirk Duqlasa təklif ediblər, lakin maliyyə çatmayıb.

Özü-özüylə nərd oynayan Məmmədnəsir obrazı isə həmin dövrdə erməni şahmatçı Harri Kasparova süni dövlət qayğısına etirazdır. Yazıçı bununla demək istəyir ki, biz nərd oynamağa adam tapmırıq, lakin Kasparov orda bütün il boyu Karpovla şahmat çırpır. Nə üçün, niyə, nədən? Bunlar, əlbəttə, ədəbiyyatın daimi suallarıdır.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” təkcə xalqımızın mənəvi arxitekturasına deyil, şəhər quruculuğuna da təsir etmiş, silinməz izlər buraxmışdır. Hazırda Bakının mərkəzində bütün 5 qatlı binaların 6-cı qatı da vardır. Xalq bununla ədəbiyyata sevgisini nümayiş etdirir.
Hacıbala müəllimin müavini, hazırda məhkəməsi gedən Rasim müəllim iclasların birində prokurorun sualına elə bu cür cavab verdi: “Biz şəhərdə binalara qanunsuz sərəncam verəndə Anarın romanına əsaslanırdıq. Fikirləşirdik ki, əgər beşin altısı varsa, niyə tarixi binanın yerində göydələn tikməyək, yaxud, balkonu uzatmayaq?”.

Sonda ümid edək Anar müəllim romanı nəhayət bitirsin. Məsələn, növbəti hekayətdə Zaurla Spartak ölsə, o dünyada Təhminədən üzr istəsələr yaxşı olardı.

Mən isə yazıya nöqtə qoyuram. Atalar demişkən, resenziyanın yarısından qayıtmaq da xeyirdir.


# 4080 dəfə oxunub

Müəllifin son yazıları

# # #