#

Yeni mərhələnin başlanğıcı

Yeni mərhələnin başlanğıcı
6 mart 2023
# 17:00

Kulis.az Sevda Sultanovanın ""Əqrəb mövsümü": yeni mərhələnin başlanğıcı" adlı yazısını təqdim edir.

Kriminal motiv rejissor Emil Quliyevin "Pərdə" ("Pərdə", "İkinci Pərdə" və "Sonuncu Pərdə") trilogiyasının da əsas xətlərindən biri idi. Ümumiyyətlə, Emil Quliyevin filmlərində bir qayda olaraq, cinayət hadisələri ailə, qonşu-qohum çevrəsinin münasibətləri çərçivəsində baş verir. Və rejissorun kino dünyasında kriminal motiv problemin miqyasını, dərinliyini göstərməkdən ötrü sadəcə vasitə rolunu oynayır. Ona görə "Pərdə" trilogiyasını janr etibarilə, sosial, ailə dramı adlandırmaq daha doğru olardı, nəinki detektiv, kriminal filmi. İctimai Televiziyanın efirində yayımlanan və tamaşaçı rəğbəti qazanan "Əqrəb mövsümü" serialında da cinayət hadisələri bir ailənin mürəkkəb vəziyyəti fonunda baş verir. Ümumiyyətlə, Emil Quliyevin yaradıcılığında ailə obrazı xüsusi yer tutur, qırmızı xətt kimi gözə dəyir və rejissora görə, cəmiyyətin problemləri əslində, elə ailə institutundakı gözardı etdiyimiz qüsurlarla birbaşa əlaqəlidir.


Sosial dram, ailə dramı, detektiv və triller janrlarının xüsusiyyətləri "Əqrəb mövsümü"ndə bir-biri ilə savadlı şəkildə uyğunlaşdırılır. Adətən, detektiv janrda çəkilən filmlərdə, artıq baş vermis müəmmalı qətl hadisəsi, onun gerçəkləşdiyi şərait, qatilin kimliyi araşdırılır. Triller janrında lentə alınmış ekran işlərində isə baş vermiş cinayətdən əlavə, yeni qətllərin daha amansız şəkildə olacağı gözlənilir, qurbanların sayının çoxalacağı ehtimalı artır və müstəntiq faciənin qarşısını almaqdan ötrü qatilin kimliyini müəyyənləşdirərək onu dərhal tapmalıdır. Bundan başqa, triller janrına tamaşaçıya daha dərin, emosional gərilmə ilə, saspenslə təsir göstərmək, onu gərginlikdə saxlamaq kimi nüanslar da xasdır.

Dünya kinosunda bu iki janrın sintezi üzərində qurulmuş çoxsaylı film və seriallar çəkilir. "Əqrəb mövsümü" də bu janrların klassik ənənələrini daşımağı bacarır. Süjetin əsas xətti cəmiyyətdə nüfuzlu iş adamı Qurban Amanovun (Abbas Qəhrəmanov) ailəsinin başına gələn faciədir. Onun kiçik oğlu Nurlan (Elsevər Rəhimov) müəmmalı şəkildə qətlə yetirilir, prokurorluğun müstəntiqləri Rauf (Azər Aydəmir) və Kənan (Hikmət Rəhimov) cinayəti araşdırmaqla yanaşı, həm də iş adamının ailəsinin digər üzvlərini qatildən qorumalıdırlar...

Emil Quliyev "Əqrəb mövsümü"ylə sözün müsbət mənasında, müəllif intonasiyasına, estetik bədii keyfiyyətə iddia edir və demək olar ki, buna nail olur. Bu, özünü ən çox əvvəldən təyin edilmiş atmosferi və ritmi sonadək saxlamasında, vizual baxışında və stilistikasında, situasiyalara uyğun rakurs (xüsusən, kameranın gizli müşahidə pozisiyasından, güzgü və qapıdan çəkilişlərlə məzmuna uyğun klaustrofobik effekt yaratması (operator Muhəmməd Osman), rəng seçimində, təbii səhnə mizanlarında və keyfiyyətli aktyor oyununda, məzmunu dəqiq ifadə edən, təsvirdən önə çıxmayan musiqi həllində (bəstəkar İsfar Sarabski) özünü göstərir. Bəzən film və seriallarımızda yerli-yersiz dron çəkilişlərindən istifadə olunur. Lakin "Əqrəb mövsümü"ndəki dron çəkilişləri ovqata, atmosferə xələl gətirmədiyinə, əksinə, epizodlararası tamamlayıcı detal rolu oynadığına görə əhvalatın ümumi kompozisiyasına daxil ola bilir. Xüsusən, ayrı-ayrı epizodlar bədii kinonun gücünü daşıyır: Səkinənin (Güşvər Şərif) nigarançılıq içərisində oğlunu gözləməsi, Kərimin (Natiq Muxtarov) ölmüş qardaşının ayaqqabılarının bağını affekt vəziyyətində bağlaması, Kənanla Elnarənin (Zülfiyyə Qurbanova) ilk görüşü, ad günü səhnəsi və s.

Yaddaşımda təsirli iz buraxan ad günü epizodunu xüsusi qeyd etməliyəm. Həmin səhnədə arvadının xəyanətindən xəbərdar olan, üstəlik, qətldə şübhəli bilinən Vaqifin (Manaf Dadaşov) ailəsi anasının ad gününə toplaşır. Gözdən əlil atası (Mirzə Ağabəyli) oğlunu uğursuz evliliyinə görə danlayır. Məclisdə yaranmış pərt vəziyyəti, Vaqifin arvadıyla gərgin münasibətini, sevgisini, məyusluğunu, tərəddüdünü, əclaflığını, əzabını Manaf Dadaşov rəqsində dəqiq plastikayla ifa edir. Manaf Dadaşovun bu mürəkkəb vəziyyətdə məharətli ifası mənə "Balaca uşaqlar kimi" filmində anasının ölümündən sarsılan pedofil kimi çətin bir obraz yaradan Ceki Erl Heylinin oyununu xatırlatdı. Əlbəttə ki, bu güclü səhnənin alınması həm də konfliktin dərinləşməsini, əsəblərin gərilməsini mətndən çox, mənalı pauza və baxışlarla oynayan digər tərəf müqabillərin, xüsusən Zülfiyyə Qurbanovanın, Könül Qasımovanın adekvat reaksiyaları və uyğun montaj vurğuları nəticəsində baş tutur. Sonrakı epizodlarda Vaqif arvadını özüylə bərabər pəncərədən atır: cəsədlərin asfalt üzərində, quş uçuşu səviyyəsindən yuxarıdan çəkildiyi bu kadr - ölüm tanqosu mizanı estetikasında qurulur. Beləliklə, mehriban ailə əhvalında başlayan səhnə kadrbakadr absruda, tragizmə çevrilir.

İki fərqli xarakterə malik müstəntiqin, yaxud detektivin bir cinayəti araşdırmaq üçün əməkdaşlığı, süjetboyu münaqişəsi, sonda dil tapması və s. - bunlar artıq kinoda çoxdan qəbul olunmuş dramaturji şablondur. Hər halda Emil Quliyev dəfələrlə istifadə olunmuş şablonu olduğu kimi köçürmür, onu özünəməxsus toxunuşlarla zənginləşdirir, müstəntiqlər nə çox müsbət, nə çox mənfi təsvir olunur, onların zəif və güclü tərəfləri psixoloji aspektərdən, ailə mühitində göstərilir və bu zaman mübaliğəyə yol verilmir. Dediyim kimi, Emil Quliyev üçün ailə mühüm faktor, cəmiyyətin məhək daşıdır. Ona görə müstəntiqlərin iş prosesi ilə yanaşı, ailələrindəki kimliyini, mövqeyini də araşdırır. Cinayətin baş verdiyi məkanlarda, morqda Raufun sinizmi, etinasızlığı alsheymer xəstəsi olan anasına münasibətdə göstərdiyi qayğıkeşliyi, həssaslığı ilə ziddiyyətdədir. Tamaşaçı yəqin ki, onunla daha çox bu nöqtədə doğmalaşa, sinizmini bağışlaya bilir və bölümdən bölümə insan ölümlərinə etinasız yanaşan Raufun proses boyu dəyişdiyi, baş verənlərə öz dərdi kimi yanaşdığı görünür. Azər Aydəmir qəhrəmanın mənəvi dünyasındakı dəyişikliyi görünən sıçrayışlarla yox, sezilmədən büruzə verir, situasiyaları aktyor kimi dəqiq qiymətləndirir və özünü təkrarlamır. Onun tərəfdaşı, əvvəllər prokurorluqdan getmiş Kənanın həyat yoldaşı Nuridə (İlahə Həsənova) ilə münasibəti azyaşlı oğullarını itirdikdən (uşaq Kənanın peşə fəaliyyəti nəticəsində qətlə yetirilir) sonra bitmə nöqtəsinə dayanıb. Qadın itkidən sonra təzadlı duyğular içində çırpınır, ərini həm sevir, həm də bağışlaya bilmir. Faciənin qarabasmaları Kənanı izləyir və o, özünü günahkar bildiyi üçün qadının tənələrinə, soyuqluğuna dözür. Lakin Kənanla Nuridənin münasibətində zəruri dramaturji dönüş baş vermir. Çünki faciə səbəbindən kommunikasiyanı itirən ər-arvad arasında nəsə haqq-hesab çürütmək, emosional partlayış səhnəsi olmalıydı ki, final seriyasında cütlüyün qucaqlaşmasını, qadının ona minnətdarlıq duyğusunu əsaslandırsın. Başqa cür desək, istiləşməni, bağışlamanı şərtləndirən şərait və katarsis anına aparan xətt demək olar ki, işlənilməyib.

Haqqında danışdığım problem təkcə ssenaridən (ssenari müəllifi Azər Aydəmirdir, amma rejissor ssenarisi faktorunu da nəzərdən qaçırmayaq) rejissordan yox, eyni zamanda, aktrisanın öz obrazının xəttini sonadək apara bilməməsindən qaynaqlanır. İlahə Həsənova çox istedadlı aktrisadır, amma son seriyaya kimi onun oyun tərzi monoton qalır. Hətta əriylə barışma səhnəsində belə o, monoton tempdən çıxa bilmir. Eyni problem iki oğlunu itirən Güşvər Şərifin oyununda da müşahidə edilir. Nurlanın qəfil itkisinə hazır olmayan ana kədərini, ağrısını daha çox daxili emosiyalarından keçirərək, vay-şivən qoparmadan təsirli oynayır. Lakin birdən-birə iki oğlunu itirən, ərini günahlandıran qadının daxili hayqırtısını bu qədər ört-basdır etməsinin (hətta üzündə bu hayqırtının əlamətləri də görünmür) səbəbi anlaşılan deyil və onun emosional müvazinətinin sabitliyi inandırmır. Halbuki təklif olunmuş vəziyyət onun üsyanını qaçılmaz edir. Yenə təkrarlayım ki, burada məsuliyyət rejissorun da üzərinə düşür. Hərçənd, müəyyən maraqlı detallar vardı və əgər rejissor onu məntiqi sonluğa çatdırsaydı, Səkinənin dəyişməməsinə haqq qazandırmaq olardı. Nurlanın ölümündən başını itirən ana qonaqlara qeyri-ixtiyari çay gətrir. Sonrakı səhnələrdə mətbəxdə nahar eləyən ailə üzvləri danışır və kamera yemək çəkən susqun ananı təqib eləyir. Bu halda dərddən başını itirmiş ananın qeyri-adekvat, normallıqdan kənar davranışı olsaydı və sonrakı seriyalarda davamlılığını qorusaydı, emosional partlayış zərurətinə ehtiyac qalmazdı. Ancaq dediyim məqamlar gözdən qaçırılır.

Məlumdur ki, Emil Quliyev aktyorlardan yaxşı nəticə ala bilən az rejissorlardandır. O, pafoslu oyundan, hisslərin lazımsız nümayişkaranəliyindən imtina edir, falşa imkan vermir. Ola bilsin ki, serialda rejissorun kişi obrazlarına lazım olduğundan artıq aludəçiliyi səbəbindən, qadın obrazları, necə deyərlər, rejissor qayğısından kənarda qalıb. Ümumilikdə isə serialın uğurlu kastinqi var. Həmçinin, əvvəldə güclü bir şəxsiyyət kimi göstərilən Qurban Amanovun tədrici çöküşü, itkiyə reaksiyaları, üzə çıxan günahlarına sirli, çoxmənalı münasibəti Abbas Qəhrəmanovun ifasında təbii, uğurlu həllini tapır. Ən mürəkkəb obraz, yəqin ki, məhz Qurbandır, çünki bu personaj daim fərqli, çətin vəziyyətlərin dinamikasında yaşayır və həmin vəziyyətlərin traktovkası yüksək peşəkarlıq tələb edir ki, Abbas Qəhrəmanov əksər məqamlarda peşəkarlıqla rolunun öhdəsindən gəlir.

Detektiv janrının əsas xüsusiyyətlərindən biri də şübhəni müxtəlif adamların üzərinə salaraq, tamaşaçını aldatmaqdır. Ayrı-ayrı səhnələrdə şübhənin fokusu gah bağbana, gah Qurbanın yaxın qohumlarına, gah ailənin sevilməyən oğlu Kamrana (Nicat Muxtarov), gah da onun rəqiblərinə tuşlanır. Yenə də müəlliflər klassik qaydaya sadiq qalırlar- əslində, qatilin ailənin lap yaxınında yaşayan, serialda gözə girməyən, nəzərə çarpmayan birinin - ailənin yaxın dostu Elnurun (Əli Əlizadə) olması aydınlaşır. Əli Əlizadənin üzərinə bir aktyor kimi fiziki, mənəvi, psixoloji mənada ağır yük düşür. İlk bölümlərdən ortalaradək sadiq dostu oynayan, sakit, mərhəmətli göstərilən personajın sonradan monstra çevrilməsi prosesini, uşaqlıq travmalarından dolayı psixopat səviyyəsinə çatmasını göstərə bilmək əlbəttə ki, Əli Əlizadənin aktyor imkanları, potensialı, təcrübəsi hesabına alınır.

Serialda əsas süjetdən savayı, intriqanı gücləndirən, dərin konfliktlər yaradan yan xətlərdən də istifadə olunur. Rejissor süjet çoxluğundan başını itirmir, onları nizamlaya bilir.

Serialla bağlı qeyd etmək istədiyim daha bir məqam var. Epizodların xronometrajındakı bəzən kəskin uyğunsuzluğu - səhnələrin çox qısa və ya nisbətən uzun olmasını, bəzi səhnələrin davamlılığındakı qırılmaları nəzərdə tuturam. Dindirmə səhnələrinin natamamlığı və qayçılanması nəticəsində fikir, arada temp qırıqılığı ortaya çıxırdı. Halbuki müəyyən səhnələrin bir az daha detallı işlənməsinə ehtiyac vardı. Yaxud Kərimin nişanlısından imtinası yetərincə əsaslandırılmır. Qurban Amanovun bacısının öldürülməsi səhnəsini də işləmək mümkün idi. Bu kimi detallar serialı daha maraqlı, gərgin edə bilərdi.

Bundan başqa, rus kəlmələrindən həddən artıq istifadə qəbul olunan deyil. Çünki yerinə düşməyən rus sözləri daha çox idi, nəinki düşənlər.

Bununla belə, cəmiyyətdəki aktual məsələlərə toxuna bilən "Əqrəb mövsümü" keyfiyyətli işdir, serial sahəsində bəlkə də, yeni bir mərhələnin başlanğıcıdır.

P.S. "Əqrəb mövsümü" müstəqillik illərinin Azərbaycan kinosənayesində, yanılmıramsa, ilk dəfə bir təcrübə yaratdı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanının motivləri əsasında ekranlaşdırılıb. Və serialın uğurundan sonra "Əqrəb" əsəri yenidən çap olundu. Bu məqam bir daha kino ilə ədəbiyyatın, həmçinin, incəsənətin digər sahələri arasındakı sıx əməkdaşlığı zəruri edir.

525-ci qəzet

# 3264 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #