Əzizim Mark, məni lap bezdirdin

Əzizim Mark, məni lap bezdirdin
4 may 2018
# 12:13

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Tanrıya etiqad mifdir” yazısını təqdim edir.

Ruhumuzun bir udum təmiz havaya ehtiyacı var...

Ruhun böyüklüyü və rahatlığı sərbəst və böyük düşünmədə özünü tapa bilər. Kiçik və cılız düşünməklə, nə böyük işlər görmək, nə də böyük ruha sahib olmaq olar.

Maddi verilənlərə adekvat olmayan mənəvilik hər iki halda təəssüfə səbəb olur. Texnika bizim yeni idolumuza, bütümüzə çevrilir; ruhumuz riyamız qarşısında diz çökdü. “İnsan” adlı pafosun yükü mənasızlıq və ölüm uğrunda yarış istehsal etdi.

Həyat uğrunda mənasız çabalar bizi bir udum bakirə havaya möhtac edir; insan özü olmur, onun işi varlığını təqlidə qurban etmək olur. İnsanın öldüyü epoxada Tanrıya etiqad mifdir.

İnsan geri, çox geri qayıtmalıdır. Tarixin dərinliklərinə, miflərə, əsatirlərə, təsəvvürlərin ilkin çağlarına qayıtmalıdır ki, tarixi dinamizmdə nəyi itirdiyini, nəyə çevrildiyini analiz edə bilsin...

***

Biz kimik?

Həyatın dərinliklərini anlamaq istərkən qulaqlarımızın əbədi “aclığını”, qəlbimizin səmimiyyət hıçqırtısını, gözümüzün illüziya hərisliyini duydum.

Özümüz olmaq istərkən qorxduq, döndük insan olmaqdan döndük, adam olduq, canlı olduq, hər şey olduq, insan ola bilmədik.

Vəzifə, yüksəlmək, başqalarından üstün olmaq uğrunda savaşdıq, heç zaman anlamadıq ki, bu savaşlar əslində kiçiklik, son dərəcə şəhvani və qul olmaq uğrunda mübarizədən başqa şey deyildir.

Riya və yalan, pafos və mövcudluq uğrunda sublimasiya nəsibimiz, sevinc adlı uydurmalar qismətimiz oldu: həqiqətə, əbədi ədalətə, səmimi münasibətə tamarzı qaldıq, nəsibimizi, məramımızı, məna və təvəkkülümüzü yollarda, sivilizasiya yolunda itirdik, tarix qazandıq, sivilizasiya yaratdıq əvəzinə özümüzü, ilahi başlanğıc və bəşarətimizi, bəsarətimizi itirdik.

Düşündük varıq, anlamdıq ki, əslində bu Varlıq uydurduğumuz illüziyadan, sizif inadından başqa bir şey deyildir.

***

Ən kiçik yanlışlıqlar həyat normasına çeviriləndə, daha böyük fəlakətlər insan taleyinin sütünunu, konstruksiyasını yaradır.

***

Ağıllı susmaq səfeh üsullarla düzü danışmaqdan yaxşıdır. Amma "əbədi susmaq" qızıl olsa da, hər ikisindən pisdir.

***

Şərqi bədbəxtliyin simvoluna çevirənlər ya Qərbi, ya kütləni, ya da dini günahlandırırlar; təki bu günah başqa yerlərdə peyda olsun, onlardan yan keçsin, bu isə mümkün olmadığından bataqlıq qurumur.

***

Kiçik şərlər və yalanlar bizim insan olaraq etinasızlıqlarımız üzündən daha böyük şərlərin meydan gəlməsinə zəmin yaradır.

***

Mən əxlaqın dəyinliyində itib–batmış həqiqi “Məni” axtarıram.

***

Mən zamanın heç cürə alternativi ola bilmirəm. İstənilən kontekstdən baxanda intuitiv olaraq hiss edirəm ki, ya mən müasir zamandan əvvəl, ya da sonar mövcud oluram, bu ekzistensiyanın sivilizasiyanın zor uğrunda tüğyanına etiraz çırpıntısıdır.

***

Təfəkkürümüz həmişə obrazı daha rahat həzm edir. Çünki obraz həmişə həqiqi mahiyyətdən ya yüksək, ya da əksinə, daha eybəcər olur. Başqa formada desək, obraz ümumiləşdirmə, bəzən də ifrat xüsusiləşdirmə olduğundan, o daima orijinaldan, həqiqi faktdan yüksəkdə olur.

***

Biz Tanrı uğrunda mübarizəyə o qədər aludə olduq ki, sonda İnsanı – Allahın öz nurundan yaratdığı insanı tarixi prosesdə qeyb etdik. Bu yolda ölüm və qan bizim mənəvi qidamıza – bizə yaşamaq eşqi və həyat verən mənəvi qidamıza çevirildi. Biz müqəddəslər, Allahlar naminə məbədlər, daşdan və palçıqdan tikilmiş Tanrı evləri yaratdıq, bu evlərdə hər şeyə yer tapıldı, insandan başqa. Bu məbədlərə bizlər ad fikirləşdik: sinaqoq, kilsə, məscid, budda evi və s. İnsan bu şərtlə məbədlərə buraxıldı ki, o burada yalnız özünə qarşı düşmənə, ən qorxunc düşmənə çevirilsin və Tanrıya kor-koranə itaət etsin. O, burada özü üçün düşmən, “başqaları” adlanan özündən kənar olanlar adlı düşmən yaratsın, qardaşını öldürsün, mütəmadi öldürdüyü üçün günahların əfv olunması üçün ibadət etsin. Biz uydurduq ki, “özgəsi”nin ölümü və məhvi bizim öztəsdiqimizin yeganə varoluşudur. Öldürmək uğrunda savaşa girişdik, münaqişələr, müharibələr etdik, düşündük qalib gəldik, anlamadıq ki, bu, qalibiyyət bizim enişimizdir. Bizə Kitablar göndərildi, yeni kitablar yazdıq, gözümüz onları oxuduqca nurlanmaq əvəzinə həqiqət işğını həzm və dərk edə biməzlikdən dolayı itirdi, kor olduq. Fəqət bütün bu pessimizm və nihilizm vadisində bir bayraq ucalır. Bu bayrağın adı Ümiddir! Ümidimiz hələ var, o, ölməyib, bu mübarizə əzmidir, biz İnsan ola bilərik?!!

***

Tarix

Tarix... bütövlükdə tragik ironiya mənbəyidir. Ədəbiyyat bu ironiyadan “həzz” almaqla tarixin tragikomikliyinə bəzən xeyirxahlıqla, titrəkcəsinə, bəzən də qorxaqcasına sığal çəkməklə insana, başını tarixin labrintində itirmiş insana təsəlli verməkdədir.

Din bu ölüm-dirim səhnəsində məhv olan "İnsanı" inandırmaq istəyir ki, bu fatalizmdir, döz, əcr sənin xilas yolunda düşünülmüş və məqsədli, verilmiş maneələrindir; transdensiya sənin əzablarının dərmanı, qurtuluş yolundur.

Fəlsəfə, dərdlərə dərman fəlsəfə izdirabdadır...- "Əbədi fəlsəfə" və ya fəlsəfi inam, din, elm, tarix və s. problematikasının məngənəsində, döyüşündə məhv olan insana həqiqi inamı "əbədi fəlsəfə" inamını, o cümlədən, ekzistensional və dioloji inamı qaytarmaq istəyir. Alınırmı? Alınıbmı? Alınacaqmı?

Nitsşe, Kamyu, Yaspers, Rassel, Əfqani, Nəsimi, Fərabi – Siz hardasız???

Nihilizm – bu bizim - İnsanın, anlayan İnsanın alın yazısı oldu.

***

Azərbaycanım... sənin gülünü yox, hətta tikanını da sevməmək – bu, günah olardı.

***

MARK ZÜKERBERQƏ (gerçək yarızarafatlar)

Əzizim Mark, məni lap bezdirdin, hey yazırsan: nə düşünürəm?

Deyirəm, atam balası, düşünüb eləmirəm, indi düşünmək modda (dəbdə) deyil, danışmaq dəbdədi, təki ağzın olsun danışmağa, dişin olsun çeynəməyə, qalanı düzələr. Praqmatik olmaq lazımdı, gec də olsa, deyəsən, artıq Saxaradan cənubdakılar da, şimaldakılar da bunu anlamaq istəyir. (Hərgah sizinkilər Sufizmi və Kamil İnsanı öyrənməyə girişiblər, deyəsən). Uzağa getməyək, praktikaya qayıdaq.

Məsələn, belə görünür ki, ilk baxışda qərbin düşünməklə arası yoxdu, danışır və işləyir, qabaqdadır, hey irəli gedir, fəlsəfi düşünürləri - filosofları tarixən onlara elə bir yol cızıb ki, bu yalnız üstünlük "istehsal" edir. Bilirəm, bundan xoşun gəldi, əlbəttə gələr, tərif və həqiqətin variasiyası əndazəli olanda, siz pülural ovqatlı olursunuz. Əksindən isə zəndeyi-zəhləniz gedir.

Şərqdə isə bineyi-qədimdən düşünmək həmişə aktual olub, daima sərhəd tanımayıb, bu, "sərhədsizlik"də o qədər uzaqlara "uçub" ki, bu "uçuşda" o, özünü itirib, praktik həyatı və insanı deyil, obrazı vəsf edib, uçub, uçub günəşə doğru... “qızıl qanadlarını” odda ütüb və indi də qalıb düşünə-düşünə. Ağıllı görsənir, amma bu praktikada özünü sübut edə bilmir, çünki, düşüncə ilə sanki tarixən imitasiya edib.

Mənim özümə qaldısa, hesab etmə ki, bu giley-güzardı, mən giley-güzarı sevmirəm, bilirəm ki, mən nə Şərqliyəm, nə də tam olaraq Qərbli... Mən adamam, yəni Adəm, Sənin də mənim də babam olan Adəm. Cənnətdən Sənə və Mənə görə qovulan Adəm. Amma öz aramızdı, demokratiya silahından yaxşı istifadə edir sizinkilər... özü də ikili standart növündən.

Təkamülə görə də, dinə görə də bizim başlanğıcımız eynidir, fəqət indi ögey olmuşuq, Sizə gücün təntənəsi fövqəl hiss təlqin etsə də, ona çox da etibar etməyin – güc sürüşkəndir, sürüşkənlik hətta böyük dağları da yerindən oynadır. Dialoq fəlsəfəsi isə Sənin də, mənim də mahiyyətimizdir, vəhdətimizdir, Vətənimizdir.

Amma sonda bir şeyi etiraf edirəm: düşünürəm ki, heç olmasa hərdən düşünə bilməsəydim, mən də xoşbəxt olardım.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #