Rəqsanə Azərbaycan varlılarının simasıdır

Rəqsanə Azərbaycan varlılarının simasıdır
15 yanvar 2015
# 11:14

Dünyanın ən varlı insanlarından biri Bill Qeyts 2014-cü ildə oxuduğu 5 kitabı açıqlayıb. Yəni bu adam ötən il ən azı 5 kitab oxuyub.

Kimdi cəmiyyətin siması?

Alimlər?

Sənətkarlar?

Müəllimlər?

Şairlər?

Heç biri...

Hamımızın uşaqlıqda böyüyəndə olmaq istədiyimiz adam var. Sovet dövründə kosmonavt olmaq arzusu dəbdəydi, məsələn. İllər sonra uşaqlıqda olmaq istədiyin adam olmadığını anlayırsan. Və bununla barışırsan. Məsələn, 7 yaşında kosmonavt olmaq istəyən uşaq 40 yaşına çatanda başqa işin sahibidirsə, bunun sadəcə uşaqlıq arzusu olduğuyla barışır. Bu onun üçün sadəcə nostaljidi... Amma heç kim ömrünün son gününə qədər kasıb olacağı fikri ilə barışmır. Hamı elə bilir ki, bir gün varlı olacaq. İstisnaları boş verin. Hamı varlı olmaq istəyir. Cəmiyyətin siması o cəmiyyətin varlılarıdı.

Yeni varlılar. Müstəqillik dövrümüzün varlıları... Kimdi Azərbaycanın yeni varlıları? Kim kimi olmaq istəyirik axı biz?

Azərbaycanlı varlı yekəqarındı. Onun üçün “fit” görünmək vacib deyil - onun pulu var.

Kasıb azərbaycanlı qarın saxlayır...

Azərbaycanlı varlının böyük maşını var - hamı bilməlidir ki, onun pulu var. O kiçik şəxsiyyətini zırpı maşınla kompensasiya eləməlidir.

Kasıb azərbaycanlı yekə maşın istəyir...

Azərbaycanlı varlı zırpı maşınıyla qırmızı işıqda şütüyüb keçən adamdır. Kasıblar qırmızıda keçmir? Əlbəttə keçir... Qırmızıda keçən kasıbların hamısı o varlıya oxşamaq istəyən kasıblardır.

Sən bu xalqın kasıbına kitab oxutdura bilməzsən. Çünki onun gözləri qarşısında ömründə əlinə kitab almayan insanlar varlanıblar. Kasıb varlanmaq istəyir. Və bilir ki, bu ölkədə bunun yolu kitab oxumaq deyil...

Televiziyada gördüyümüz rəqsanələr, izzətlər, nadirlər, manaflar Azərbaycan varlılarının simasıdır. Onları toylara çağırıb layiq olmadığı pullara boğmaq vərdişini varlılar yaradıb. Sonradan o varlılara oxşamaq istəyən kasıblar da həmin müğənniləri toylara çağırmağa başlayıb...

Əminəm ki, siz də həyatda istədiyi hər həzzi dadandan sonra bezib intihar eləyən varlı adamlar haqqında əfsanələr eşitmisiniz. Hə, bax onlar əfsanə deyil. Onlar həqiqi adamlardı. Hər bir tipik varlı azərbaycanlını o aqibət gözləyə bilər. Çünki onun həyat barədə təsəvvürü çox kasaddır. O kitab oxumayıb. Onun eləyə biləcəyi şeylərin siyahısı çox qısadır. O, tez bezəcək... Arzusunda olduğu 3-4 şeyə çatandan sonra həyat mənasını itirəcək bu adamlar üçün. Və beyin yeni üfüqlər açmadığı üçün həyatının mənası qalmır onların...

Bu gün küçədə bir kasıb azərbaycanlını tutun və deyin ki, al, sənə milyon dollar... Ondan o pullarla neyləyəcəyini soruşun. Əmin olun ki, görəcəyi ilk iş zırpı bir maşın almaq olacaq. Ardınca hündür hasarlı bir ev. Qalan pula da bir müğənni saxlamaq barədə fikirləşəcək. Vəssalam. Azərbaycanlının varlı olmaq barədə fantaziyası bu qədərdi. Qınamayın onları. Çünki onların varlılarından gördüyü budu...

"Forbes" jurnalının hesabatına görə, dünyanın ən varlı adamlarının siyahısında ilk nə bilim, neçənci yüzlükdə olan insan bir layihə üçün Bakıya gəlmişdi. Kapitalı milyard dollarla ölçülən adam. Şəhərin ən bahalı restoranlarından birində şam eləyirdik. Söhbət əsnasında müdirimin Bakıda bir neçə telefon dükanı olan dostu ofisianta səsini qaldırdı. Qonağımız tərcüməçidən nə baş verdiyini soruşandan sonra ofisiantı çağırdı və onun üstünə qışqıran adama görə üzr istədi...

Masadakı yerli varlılar şokda idi. Amma əsas bu deyil. Ofisiant özü də şokda idi. Kasıb ofisiant. Çünki onun fikrindəki varlı obrazı bu deyildi...

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #