Yaltaq, yalançı və yarınan yazılar

Yaltaq, yalançı və yarınan yazılar
24 may 2019
# 10:03

Yaltaq, yalançı və yarınan yazıları saytda, qəzetdə, jurnalda görəndə əlinin arxası ilə asanca itələyirsən, kitabda bir ayrı cür əzab verir adama. İnsanın öz mənafeyi üçün kitabı qullanması, onu yalanların alətinə çevirməsi günahların ən böyüyü, bəlaların ən dəhşətlisidir.

Kitab insana doğruları söyləmək üçün icad edildi. Müdriklərin, filosofların, peyğəmbərlərin, yazıçıların, alimlərin səsini əsrlərin o üzünə yetirən müqəddəs bir nəsnəyə yalan yükləmək rəzalətinə insan nə zaman yiyələndi?

Məncə, Azərbaycan kitabını bu cür iyrənc yalanlara küll halında 30-cu illər repressiyasında öyrətdilər. Tarixin bir çox dönəmlərində kitab xəstə ideologiyaların daşıyıcısına çevrilib. Ancaq bunun üçün xüsusi kitablar olub ki, əslində bu çap-poliqrafiya məhsullarına kitab demək doğru deyil. Kitab həm də bir az mənəvi anlayışdır axı.

Repressiya illərində ədəbiyyatımızı da çirkin əməllərə bulaşdırdılar. Yalançı poemalar, yalançı hekayələr, yalançı povestlər və yalançı romanlar, eyni zamanda bu yalançı əsərlər haqqında yalançı tənqid kitabları, monoqrafiyalar, yalançı ittiham epopeyaları nəşr olundu.

Əslində bu cür kitabları da kitab kimi qəbil etməyib məsələnin yanından “es” keçmək olardı. Nə yazıq ki, bu ənənənin qalıqları bu gün də davam etməkdədir.

Bir şair mənə kitabını hədiyyə etmiş və məndən yazdıqları haqda fikir soruşmuşdu. Kitabı açdım: məşhur bir həmyerlisinin babasına şeir həsr edib! Növbəti səhifəni açdım: onun atasına həsr edib! Növbəti səhifə - məşhur adamın özünə şeir yazmışdı! Klassik kitablarda adətən tanrıya, peyğəmbərə və hökmdara yazılardı bu üçlü müraciət. Bizim dostumuz məsələni xeyli şəxsiləşdirmiş və lokallaşdırmışdı.

Kitabı kənara atıb müəllifə belə bir mesaj yazdım: “Kitabını oxumaq üçün açdım, içində səni tapmadım, bir gün öz kitabını yazsan, mənə mütləq göndərərsən.”

Bir tənqidçi dostumuz isə quşu lap gözündən vurmuşdu. Arası sərin olduğu üçün məşhur yazıçılardan biri ilə bağlı mətbuatda yazdığı sərt tənqidi yazıları kitabına salanda redaktə etmişdi. Çünki kitab çıxan ərəfədə məşhur yazıçı ilə münasibətləri qaydasına düşmüşdü. Kitabı oxuyanda dəhşətə gəldim. O, yalan deyirdi, məqalələri redaktə etməmişdi, onları yüz səksən dərəcə dəyişmişdi. Bu, inanılmaz idi. Neçə il əvvəl olan bu hadisə məni indi də düşündürür. Geniş mütaliəsi, istedadı və analitik qabiliyyəti olan bir adamı belə davranmağa nə vadar edirdi? Bunun üçün ona nə vermişdilər? Adam ağlınımı qaçırmışdı? Məsələ bu qədərmi asandır? Folkneri, Sartrı, Nabokovu olan dünyada belə iş tutmaqdan utanmamaq üçün bir qələm damı nə yeyib-içməlidir?

Təsəvvür edin, türk tənqidçi Semih Gümüşün tənqid kitabını alıb oxuyursan və tutaq ki, Murad Məntəş haqda çox yüksək fikirlər yazdığının şahidi olursan. Bir müddət sonra onun Murad Məntəşlə dost olduğu, yaxud Muraddan işi keçdiyi üçün belə yazdığını eşidirsən. Dəhşətli deyilmi?

Adamları aldadan kitablar nəşr eləmək olmaz. Onsuz da bir işə yaramayacaq. Lakin mənə görə, bu kitablar kosmosa qorxulu enerji ötürür və o enerji geri qayıdıb insanları cəzalandırır. Kosmosdan yer kürəsi bircə nöqtə kimi görünür. Bütün sahələrdə olduğu kimi yalançı kitablar məsələsində də nadürüst və ləyaqətsiz adamların zibilinə düşürük.

# 3217 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #