Ana dilimizi zorlayanlar

Ana dilimizi zorlayanlar
3 may 2018
# 12:59

Sevda Sultanova

Zavallı Azərbaycan dili, özəlliklə sovetlər qurulandan o qədər zorlanıb ki, onun əyər-əskiyini dilçilər, intellektuallar hələ də yığıb-yığışdıra bilmirlər.

İndi də millət vəkili Rəfael Hüseynov “gerb” sözünün “herb”lə əvəzlənməsini təklif edir. Doğrusu, dillə işləyən biri kimi bu sözün dəyişilməsinin mənim üçün prinsipial anlamı yoxdur. Nədən ki, söz dilimizin strukturuna oturuşub, orijinaldan yox, ruscadan uyğunlaşdırılsa belə.

Qısası, ortaya yeni problem atılıb və bir hərfin davası gedir.

Hərçənd, “bir hərf davası” bəlkə də ilk baxışda əhəmiyyətsiz, gülməli görünə bilər, amma özüm vəkil Elton Quliyev haqqında kitab üzərində işləyəndə belə sorunla üzləşmişəm. Bəzi sözlər vardı ki, onların düzgün yazılışını dəqiqləşdirməkdən ötrü vaxt çox sərf edirdim və özümü Mirzə Cəlilin “Sirkə” hekayəsində hiss edirdim (Hekayədə balıq yeyən bir neçə intelligent arasında mübahisə düşür ki, “balıq” deyilməlidir ya “balıx”).

Misalçün, “apelyasiya” sözünün düzgün yazılışını dəqiqləşdirmək üçün dilçi və hüquqşünaslara müraciət etmişdim. Onlayn lüğətlərin bəzisində bu söz iki “l”, bəzisində bir “l” ilə yazılıb. Hüquqşünaslar arasında da dəqiq bilən yoxdur ki, hansı yazılış qaydası doğrudur. Söz latıncadan gəlib və bu dildə “apellatio” kimi yazılır. Hətta bəzi məhkəmə orqanlarının rəsmi saytında bu söz iki, bəzisində bir “l” ilə yazılır.

Nəhayət, Qulu Məhərrəmliyə etibar edərək, onun həmmüəllifi olduğu “Azleks” onlayn lüğətindən yararlandım. Burda bir “l”dən istifadə olunub.

Yaxud redaktorlarla dəqiqləşdirə bilmirdik ki, “hantel”, yoxsa qantel yazılmalıdır? Hər lüğətdə bu söz fərqli göstərilib. Ruscanın təsiri ilə “qantel” yazan da var. Orijinalda, yəni almancada isə “hantel”dir. Bizdə “h” hərfi olduğundan niyə də “hantel” yazmayaq? Həm də “hantel” daha estetik səslənir.

Və ya taqım sözü. Onlayn lüğətlərdə “taqım” kimi göstərilsə də, saytlarda, bəzi rəsmi məlumatlarda belə “tağım” kimi yazılır.

...Mirzə Cəlildən bu yana dilimizdə ən bəsit məsələlər həllini tapa bilmir.

Əcnəbi dillərdəki xüsusi isimlərin, terminlərin, anlayışların adını dilimizdə yazılışı, tələffüzü ilə bağlı məqamlar da həmçinin. Hələ də ortaq məxrəcə gəlinməyib ki, xüsusi isimləri olduğu kimi, orijinalda saxlamaq lazımdır, yoxsa səsləndiyi kimi. Hərə istədiyi kimi yazır.

Başqa bir problem də odur ki, rus dilinin təsiri üzündən bir sıra xüsusi isimlər, anlayışlar bu dilin vurğularına, yazılış qaydalarına uyğun səslənir, yazılır. Halbuki ruscayla Azərbaycan dili arasında qrammatika, vurğu fərqləri var. Bizdə isə çox adam dünyaya rus dilinin vurğularıyla baxır. Örnəyi Stefan Sveyq, orijinalda Ştefan Çvayq kimi səslənir (almanca yazılışı Stefan Zweig) və ya Freyd orjinalda Froyddur (yazılışı isə Freud).

Yenə də dilçilərdən çox, müxtəlif sahələrdə araşdırma edən mütəxəssislərin dilin inkişafındakı roluna inanıram. Necə ki, hüquqşünaslıqda bunu Erkin Qədirli edir, sənətşünaslıqda isə Aydın Talıbzadə.

A.Talıbzadə yeni “Faciə: Janriçi mutasiyalar” kitabında bir qisim anlayışı daha əhatəli, dəqiq izah edir, bəzisinə yeni baxış təklif eləyir: növ, janr, faciə, tragediya, diskurs və s. Müəllif faciə ilə tragediyanın janr arxetipinin başqa olması haqda maraqlı mülahizələr yürüdür.

Kitabın dili rəvandır, dinamikdir, əcnəbi terminlərin dilimizlə ahəngdar uyğunluğu yaradılıb. Ona görə, bu kitab dil baxımından xüsusən əhəmiyyətlidir. Aydın müəllim kimi alimlər dil sahəsində Dilçilik İnstitutundan daha çox iş görür, dilimizin funksionallığının praktiki nümunəsini yaradır. Və bu kitab “Azərbaycanca kasıb dildir” deyənlərə tutarlı cavablardan biridir.

Yəni dilimiz kasıb, kasad deyil, bu zavallı, zərif, zəngin dilimizin heç bir günahı yoxdur, problem sadəcə bizim dilə münasibətimizdədir.

# 1586 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #