Allah: Ən şöhrətpərəst yazıçı

Allah: Ən şöhrətpərəst yazıçı
2 dekabr 2014
# 13:18

“İnsanlıq ölüb”, “İndiki gənclər sevməyi bacarmır”, “Daha qəhrəmanlar doğulmur” tipli fikirlərə qıcıqlanıram. Heç bir dövrdə dünya yaxşılardan xali deyil. Həyat hər zaman sürprizlərlə doludur. Bir də görürsən, qarşına elə səmimi, sadəlövh adamlar çıxır ki... Baxırsan ki, xeyli yaşı var, amma həyatın təklif elədiyi priyomlardan müdafiə məqsədilə belə yararlanmaq istəməyib. Bu zir-zibilli yollarla tərtəmiz gəlməyi bacarıb. Necə deyərlər, sıfır kilometr.

Məni düşündürən bu dövrdə belə, türkün sözü, dibinə qədər təmiz adamın olması deyil, onun bu zamənədə baş çıxara bilməsidir. Sanki mahir qumarbazların masasına naşı bir oyunçu oturub, açıq kartlarla oynayır. Məğlubiyyət qaçılmaz da olsa, mənzərə maraqlıdı. Qurdlar süfrəsinə quzular gərəkdir.

Mən həyatı kitablardan tanımışam, ədəbiyyat mənə insanları öyrənməkdə, həyat isə yazıçıları anlamaqda kömək edib. Cəmiyyət qarşıma çıxmayan vaxtlarda bəzi yazıçıların ifrata vardığını düşünürdüm. Mənə elə gəlirdi ki, Dosteyevski “İdiot”da baş qəhrəmanla bağlı bir az barıtı çox eləyib və bu obraz tamamilə yazıçı təxəyyülünün məhsuludur. O vaxt heç cür inanmazdım ki, cəmiyyət məsələn, Mirzə Cəlilin təsvir elədiyi kimi açıq-aydın Şeyx Nəsrullah və Kefli İskəndər qütbünə bölünə bilər.

Zaman keçdikcə anlamağa başladım; yazıçılar həyatı yamsılamaqda nəinki ifrata varıblar, əksinə, allahın fantaziyası daha maraqlıdır. Yəqin ki, yazıçıların bütün mənfi tipləri vaxtilə onları yaşamağa qoymayan, bəlkə də yazmağa vadar edən adamlardı.

Çexovun “Ədəbiyyat müəllimi” əsərində epizodik bir obraz var:

“İppolit İppolitiç çox qaradinməz adam idi, o ya susur, ya da hamıya çoxdan məlum olan şeylərdən danışırdı”.

Bu obraz vaxtilə məni çox düşündürmüşdü, ya susan, ya da hər zaman hamıya məlum olan şeylərdən danışan adamın gerçək olması mümkündürmü, yəni, bir insan ömrü boyu ya susa, ya da hamıya çoxdan məlum olan şeylərdən danışa bilərdimi? Bəs onda əsərin ideyasına da dəxli olmayan bu epizodik surətə bu boyda məzmunsuzluğu yükləmək Çexova niyə lazım olmuşdu?

“Oktyabr ayında gimnaziya ağır itkiyə məruz qaldı: İppolit İppolitiç qızıl yel xəstəliyinə tutulub öldü. Ölümündən qabaqkı iki gün o hey sayıqlayır və sayıqlamalarında da hamıya çoxdan məlum olan şeyləri təkrarlayırdı:

-Volqa Xəzər dənizinə tökülür, atlar yulaf və ot yeyirlər”.

İllər boyu qarşıma çıxan adamlar arasında başqa obrazlarla yanaşı Çexovun İppolit İppolitiçi də oldu. Söhbət heç şəri də təmsil etməyə gücü çatmayan, yalnız fikri yayındırmağa xidmət edən bədbəxt insan tipindən gedir. Ömrün boyu ondan məntiqli bir cümlə eşitmək arzusuyla yaşasan da, dünyadan elə nakam da köçməli olacaqsan.

Bu dünyada həyatın ideyasına- xeyirlə şər arasındakı mübarizəyə qatqısı olmayan o qədər fərqli insan növü var ki. “Dəryalar mürəkkəb olsa, meşələr qələm”, yazıb qurtarmaq olmaz. Çünki məzmunsuzluğun dibi görünmür, eynən mənfi sonsuzluq kimi.

Tolstoyun ailələrlə bağlı məshur aforizmini bir az dəyişdirək: “Yaxşı adamlar hamısı bir-birinə oxşayır, pislər isə hərəsi bir cür pisdi”.

Belə olan surətdə yerdə bircə məsələ qalır ; bu rəngarəngliyin səbəbi haqda düşünmək. Həm Anton Çexovun, həm İppolit İppolitiçin müəllifi olan Allahın məqsədini anlamağa çalışmaq. Bilirəm, indi deyəcəksiz ki, hamı bir-birinə bənzəsəydi, həyat çox maraqsız olardı. Amma mən bu boyda xaosun ancaq marağa xidmət etməsinə inanmıram, heç cür ağlıma sığmır. Əgər belədirsə, öz “əsərini” oxunaqlı etmək naminə müsbət qəhrəmanlarını çərlədib öldürən Allah çox şöhrətpərəst yazıçıdır.

# 2124 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #