Bismillahla haqq yeyənlər və saxtakarlığı legitimləşdirənlər

Bismillahla haqq yeyənlər və saxtakarlığı legitimləşdirənlər
4 may 2017
# 11:29

Cəlil Cavanşir

“Qızıl Kəlmə” Mükafatının qaliblərinə sevgilərlə…

Ədəbi mükafatların verilməsi, ədəbi müsabiqələr mədəniyyətin və ədəbiyyatın inkişafı naminə vacib addımdır. Bütün dünyada –ya da söhbətin coğrafiyasını çox böyütməyək – örnək götürdüyümüz qardaş Türkiyədə, təsirindən çıxa bilmədiyimiz Rusiyada biz yüzlərlə belə gözəl nümunə görürük. Təəssüf ki, bizdə belə nümunələr demək olar ki, yoxdur.

İllərdir bu ölkədə keçirilən elə bir müsabiqə yoxdur ki, bir əmması çıxmasın. Hansı birini deyəsən, hansı birini nümunə göstərəsən?

Deyəsən bunu bir dəfə demişəm, bu ölkədə adamın haqqını “bismillah”la yeyirlər.

Azərbaycanda müsabiqələrin hansı formada, hansı meyarlarla keçilməsi heç kəsə sirr deyil. Hamı, hər şeyi bilir. Hamı hər şeyi bilsə də, heç nə düzəlmir. Əksinə, “hər şeyi bilən” “hər kəs”lər tədricən hər şeyi unudur, “balıq yaddaşlı” yaradıcı adamlar təcrübəsiz balıq kimi tora düşür, düşdüyü torda bir müddət çabalayır və sonda ovçu tavasında qızarır. Beləcə bütün davalar, mübarizələr, müqəddəs amallar, bir sözlə hər şey məhv olub gedir. Bir də görürsən ki, hər şeyi bilən unutqan “can-ciyərlərimiz”, özünü qoyub nadanlığa əli mükafat paylayanların, təqaüd verənlərin, müsabiqə keçirənlərin cibindən çıxır. Ədəbiyyat da, sənət də, mədəniyyət də dönür alver predmetinə. Alan da, satan da, satılan da məmnunluqla gərnəşir, şellənir, hətta yediyi haqqın qazı mədəsini qıcıqlandıranlar iyrənc-iyrənc üstümüzə gəyirir. Yenə də olan sözə olur, olan düzə olur, olan bizə olur…

Müsabiqələri, mükafatları, təqaüdləri tənqid edənlər beyqafıl təqaüd alır, müsabiqələrdə qalib olur, mükafat alıb tənqid etdiyi adamlarla sevincək şəkillər çəkdirir, bəxtəvərliklə böyük-böyük adamlara, yekə-yekə təşəkkürlər edir və…xırda-xırda xırdalanır, kiçilir, cılızlaşır.

Beləcə adamlar “div”lərin əlində alətə çevrilir, kiçikləşir, cırtdanlaşır…

Bax bu bir qədər adamı yandırır, təəssüfləndirir, ruhdan salır. Ona görə təəssüflənirik ki, bu zərərdidələrin əksəriyyəti tanışlarımız, dostlarımızdır.

Mətləbi çox uzatmayacam, çünki yuxarıda qeyd etdiklərim yenə də hamının bildiyi, amma çoxlarının razılaşmayacağı, qəbul edə bilməyəcəyi sadə həqiqətlərdir.

İstəyirəm sizlərə Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda təqdim edilən “Qızıl Kəlmə” Mükafatından danışam. Bəri başdan deyim ki, bu mükafatın obyektivliyinə zərrə qədər də inanmıram. “Qızıl Kəlmə” qalibləri elan olunandan dərhal sonra aşkar və gizli müzakirələr başladı. Qaliblərin arxasınca asıb-kəsənlər tədricən susdu, sakitləşdi və növbəsini gözləmək üçün kənara çəkildi.

Təsadüfə baxın ki, bu mükafatın müxtəlif nominasiyalarında qalib gələnlər arasında nə az, nə çox düz 6 nəfər dost-tanışım, xətrini istədiyim, istedadına güvəndiyim samballı qələm adamları var. Rastlaşanda hər birini təbrik etmişəm, daha böyük uğurlar arzulamışam. Hətta aldıqları mükafatdan qonaqlıq vəd edənlər də var…

Qaliblərin mükafata layiq olub-olmaması başqa mövzudur. Çünki qaliblər arasında çox ciddi, samballı, ədəbiyyatımızda xidməti olan imzalar var. Söhbət müsabiqənin imicindən və dostlarımızın bu xoşagəlməz imicdən xəbərdar olduqları halda, bu müsabiqəyə qoşulmalarından gedir. Heç şübhəsiz ki, bu adamların mükafatlandırılması mükafat ətrafında yaranan söz-söhbəti kompensasiya etməyə hesablanıb. Dostlarımız, bu böyüklükdə saxtakarlığı “legitimləşdirib”…

Dəqiq bilirəm, bu sahədə az-çox təcrübəsi olan hər kəs də bilir ki, bu mükafat sövdələşmə olmadan, “dayday”sız, tapşırıqsız verilmir. Bu barədə çox ciddi mənbələrdən, çox ciddi adamlardan məlumatlar almışam. Bilirəm, vallah bilirəm ki, siz də hər şeyi bilirsiniz.

Amma mən susub, mükafat, təqaüd, nominant növbəmi gözləmirəm. İstəyirəm deyəm, yazam siz də biləsiniz ki, sizin və çoxlarının bilib üstündən keçdiklərinizi mən də bilirəm. İnanmaq istəmirəm ki, mənim sevimli dostlarım, sevdiyim qələm adamları bu sövdələşmələrdə, alış-verişlərdə iştirak edib və ya adlarından, imzalarından sövdələşməyə gedənlərə imkan yaradıb.

Əslində susmalıyam, çünki dostlarımı incitməyi sevmirəm.

Susmalıyam, çünki mənim də ehtiyac ucbatından geriyə çəkilməyə məcbur edildiyim məqamlar olub.

Susmalıyam, çünki mən özümü hamıdan daha çox uduzmuş hesab edirəm.

Amma susmuram, susa bilmirəm, susmaqdan utanıram. Susmuram, çünki öz həqiqətlərimə sadiqəm.

Dostlarımdan, onların yazdığı şeirlərdən, hekayələrdən, romanlardan, yazılardan utanıram.

***

Məncə uzun çəkən mübarizə dostlarımızı yordu, usandırdı.

Bəziləri yorulub getdi…

Bəziləri yorulub qaçdı…

Bəziləri yorulub öldü…

Bəziləri yorulub təslim oldu…

Bəziləri də yorulub mükafat aldı, təqaüd aldı, ev aldı, rüşvət aldı, vəzifə aldı.

Hamı yoruldu, hamı…

Və mən də yorulmuşam və bütün gözəl şeylərə rəğmən mən bu yorğunluqdan ölmək istəyirəm… /a24.az/

# 1337 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #