Adını şərti olaraq İlahə qoyaq. Uşaqlığı Qazaxıstanda keçib. Atası dünyasını dəyişəndən sonra qardaşı ilə Bakıya köçüb. Yaxşıca pulu olub – özünə ayrıca ev almağa, normal şərait yaratmağa bəs eləyəsi qədər. Amma qohumlarıgildə yaşadığı ilk günlərdə pulu yoxa çıxıb. Özünün dediyi kimi bununla da “başına daş düşüb”. Başlayıb iş axtarmağa. Nəhayət, şəhərin mərkəzindəki kiçik kafelərin birində cüzi maaşla ofisiant işləməyə razılaşıb. Onda cəmi 25 yaşı varmış.
Düz 12 ildi ki, hər gün həmin ünvana gəlib-gedir. Deyir, Allah orda üzümə baxdı ki, müdirim əxlaqlı və vəziyyətimi anlayan adam çıxdı. Kafenin gəlirindən asılı olaraq hər ay maaşıma müəyyən əlavələr elədi.
Azacıq maaşımdan qənaət eləyib topladığım pulla ev kirayələdim. İşlərim yavaş-yavaş yoluna düşürdü. Amma yaşımın elə çağıydı ki, şəxsi həyatım barədə də düşünməliydim. Təəssüf ki, işin çoxluğundan, vaxtın darlığından başım açılmırdı. Təmasda olduğum adamlar əsasən kafenin müştəriləri idi. Azərbaycanlı cavanların da çoxu elədi ki, bir az içəndən sonra danışığını bilmir, ağzından “qatıq” tökülür. Əslində ayıq vaxtı baxırsan ki, sanballı adama oxşayır - kostyum, qalstuk, mədəni rəftar-filan. Elə ki “ağ atı” mindi, üzünü görmə...
Danışır ki, hər şey təsadüfən oldu. Günlərin birində kafeyə çox səliqəli geyinmiş bir türk gəldi. O qədər nurlu, işıqlı aurası vardı ki, xidmət eləməkdən məmnunluq duydum. Ayrılanda qısaca bunu dedi: “Kafeniz də, siz də çox gözəlsiz, innən belə şam yeməyimi burda eləyəcəm”.
... Və hər gün işdən sonra müntəzəm gəlməyə başladı. Münasibətlərimiz getdikcə daha sıcaq, daha məhrəm şəkil alırdı. Hər axşam onu elə həsrətlə gözləyirdim ki... Bir dəfə də yeyib-içəndən sonra məni görüşə dəvət elədi. Açığı, buna hazır deyildim, tərəddüdlər konkret addım atmağa imkan vermirdi. Biləndə ki, həm də ailəlidi, düşünməyə vaxt istədim. Üç gün sonra isə təklifini qəbul elədim. Gecə saat birə qədər şəhəri gəzib-dolandıq, restoranda yüngül qəlyanaltı elədik, dondurma yedik, Bordo şərabı içdik. O həddə məsud və bəxtiyar idim ki, uçmağa qanad axtarırdım. Arada fürsət tapıb məni yüngülcə öpdü, hiss elədim ki, artıq əriyib axıram.
Gecə maşını yaşadığı binanın həyətində saxladı. Düşüb üçüncü mərtəbəyə qalxdıq. Kofe dəmlədi, meyvə doğradı, şampan partlatdı.
Sonra da uzun, sonsuzluğa qədər uzun, ilahi bir gecə yaşadıq. Beş ilə yaxındı ki, münasibətlərimiz beləcə davam eləyir.
... Bu gün “qarıyan qızlar” məsələsi ölkə üçün ciddi, həlli müşkül problemə çevrilib. Qeyri-rəsmi məlumatlara görə, bir tikə çörəkdən ötrü Rusiyanın çöllərinə səpələnmiş canısulu, enerjisi üstündə azərbaycanlıların sayı iki milyonu ötür. Söz yox, bu amil problemin həllinə birbaşa təsir göstərir. Məsələni qəlizləşdirən həm də odur ki, evdən çıxan, sərhədi keçən eloğlumuz nadyaların, veraların, olyaların... şirin, məhrəm təmasından ayrılmaq, bəzən isə hətta geri dönmək barədə belə düşünmür. Bax, “daş” onda yağmağa başlayır.
Siz bu problemin genefondumuzda açdığı yarğanın dərinliyini təsəvvür eləyirsizmi?
Hər səhər tezdən Dənizkənarı Milli Parkda təmiz hava udmağa çıxıram. Evimdən dəniz sahilinəcən cəmi 8-10 dəqiqəlik məsafədi. Tez-tez rastıma barlarda, “gecə növbəsi”ndə çalışan yeniyetmə qızlar çıxır. Fikirləşəndə ki, sabah ayrı-ayrı evlərin ocaqqoruyanı, dünyaya körpə gətirəni və onların tərbiyə verəni bu qızlar olacaq, ətim ürpəşir.
Gecələr özlərini dəyər-dəyməzinə satan, bədənini israfçılıqla “xərcləyən” bu qızlara öyüd-nəsihət vermək, yol göstərmək boş şeydi. Çünki qaba, kobud cavabları dərhal hazırdı: “özüm bilərəm, heç kimin mənim şəxsi işlərimə qarışmaq haqqı yoxdur”. Bəs onların sabahkı taleyi necə olacaq? Bu, heç kəsi maraqlandırmır.
... Nə yazıq ki, indi cəmiyyətdə yuxarıda haqqında danışdığım talesiz ilahələrin potensial ardıcılları sürətlə çoxalır.