Xoşbəxt olmaq üçün başqalarının sevgi və qayğısına ehtiyacın varsa sən artıq məğlubsan. Onlara ehtiyacın yoxdu, onların sənə ehtiyacı var. Bir qığılcım qədər qalıb içindəki sevgi, paylayıb tükətmisən. Hər qarşına çıxana bir hissə verərək özünü də, onu da məhv etmisən. Amma sənə verilən sevgilər indi səni xilas edə bilmir. Ətrafındakıların səni alçaldaraq verdikləri sevgi zərrəciklərinə yoxdu ehtiyacın. Bu payları ilə onlar öz daş qəlblərini, ölmüş hisslərini də dirildə bilməzlər heç.
Gözünü açan andan səni isidən günəşi sevdin, səni əhatə edən, gözlərini oxşayan təbiəti sevdin. Səni sinəsinə sıxan qadını sevdin, səni qollarında böyüdən cənabı sevdin. Böyüdün sənə əzab verən həyatı sevdin, sevgi filmlərini sevdin, əsəblərini sığallayan Kafkanı sevdin, sənə ziyan verə biləcək hər şeyi sevdin-təhlükəni, siqareti, içkini, nəşəni. Səni səndən uzaqlaşdıran hər şeyi sevdin-ideologiyaları, siyasi liderləri, üzünü görmədiyin torpaqlarını sevdin.
Hər kəsi sevdin, amma içində hələ heç nəyi dərk eləməyən, böyüməyə macal tapmayan kiçik qızı sevmədin. Onu duyğusal olduğunda danladın, onunla mübarizə apardın xəyallar qurduğuna görə, arzularla yaşadığına görə qürurunu sındırdın, toxunulmazlığını əlindən aldın, qanadlarını qırdın, yad əllərlə ləkələdin onu.
Və bir gün O gəldi. Bütün ömrün boyu payladığın sevgilərin cəmi qədər sevgini Ona verdin. Çünki O sənin içindəki körpəni tapa bilmişdi. O hər dəfə içindəki balacanı qucaqlayanda, ona sığal çəkəndə sən daha da sevirdin, hər gün daha çox sığal və daha çox sevgi, daha çox sevgi... Özünə heç nə saxlamadan sevgisini xərcləyirdi onun üçün. Axı körpənə ondan başqa heç kim qayğı göstərmirdi. Sənə baxan hər kəs ya özündən əmin bir xanım, ya cazibədar oyuncaq görürdü. O bunu görmürdü. Və bunu görənə qədər sən Onu sevdin. Payladığın sevgilərdən hisslər qoparıb Onun üçün yığdın. Hamıdan çox O parlasın istədin. Və O parladı, göz qamaşdıracaq qədər parladı. Elə parladı ki, körpənlə səni birləşdirməyi bacardı, içindəki qızcığazı anlayacağın qədər parladı.
Dünya daha gözəl göründü sənə, insanlar daha mehriban, müharibələr daha humanist, düşmənlər daha aciz. O parladı, amma bu uzun çəkmədi, ehtirası söndürdü bu parıltını. Onun sevgi parıltısına ehtiyacı yox idi artıq. Onun ehtirasının kifayət qədər başgicəlləndirici işığı var idi. Bu işıq kölgədə qoydu körpəni, o məhv etdi körpəni, qovdu.
O gündən sənin içindəki körpənin yerinə yenə həmin qadın gəldi, azad, kobud, aqressiv, eqoist bir qadın. Yalnız öz dünyasını, öz kitablarını, öz oyuncaqlarını, öz gücünü sevən qadın. Ətrafındakılara aşağıdan yuxarı baxan, sevənləri alçaldan, prinsiplərinə hisslərini satan qadın. Hamıdan sevgi yığıb məhv edən qadın.
Amma bu qadın boş vaxtı olanda oturur, siqaretinin tüstüsündə axtarır, çox axtarır. Ehtirasın parıltısından qaçıb uzaqlarda bir karuseldə yellənən qızı axtarır...
Hamıya payladım sevgimi...
15 noyabr 2012
08:15
4026 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024