Əsas bu nüsxədir. Səmimiyyət, yoxsa riyakarlıq? Kulis.az internet dərgisində mənim “Tək adamın jurnal buraxması” adlı yazımla bağlı hər hansı münasibətin bildiriləcəyini zənn edirdim və bunu öncədən təbii və normal sayırdım. Təəccübləndim ki, bu işi başqa adama, yəni Balayar Sadiqə həvalə ediblər. O da özünü ələ alıb sözə belə başlayır: “Nə yaxşı ki, Əsəd Cahangir “Ulduz” jurnalından bir məqalə yazdı və bildik ki, Zakir Məmməd adlı bir “tənqidçi” də varıymış. Amma nə tənqidçi?! Hər sözündən kin-küdurət tökülür”. B. Sadiq “Facebook” səhifəsində paylaşdığım ayrı-ayrı status və şərhləri tənqid faktı kimi yüksək qiymətləndirsə də, mən özümü heç vaxt tənqidçi kimi təqdim etməmişəm. Jurnalla bağlı həmin yazımda da mənim adımın qabağında “tənqidçi” yox, “şair” sözü qeyd olunub. Bəs gah dırnaqda, gah dırnaqdanxaric bu “tənqidçi” kəlməsi hardan çıxdı?
Yeri gəlmişkən, deyim ki, başqa bir “müdafiə çıxışında” da (Elxan Zal, “Ulduz” məşq dərgisi deyil”) “tənqidçilikdən” söz açılır. E.Zalı bilmirəm, B.Sadiqin yaddaşında “tənqid” ifadəsinin necə yer aldığını bilirəm. Sitat: Balayar Sadiq - MIN EHSEN, QARDAS! BU EDEBIYYATIMIZIN SIZIN KIMI BOYUK TEFEKKUR SAHIBLERINE COX EHTIYACI VAR! EDEBI YARADICILIGINIZLA yanasi, COX DEYERLI EDEBIYYATSUNAS ALIMSINIZ! SIZIN KIMI NEHENG EDEBI DUSUNCE SAHIBLERINI TANIYANDA GOZLERIM YASARIR, SIZIN KIMILER AZDIR, lakin SUKURLER OLSUN KI, VAR. ALLAH SIZI VAR ELESIN! (qrammatik səhvlər və ayırmalar olduğu kimi saxlanılır – red.)
Balayar Sadiqin mənim barəmdəki bu fikirləri görkəmli şairimiz Ə. Salahzadə haqqında “Kult.az” portalında çap etdirdiyim “Şeirin havası” adlı məqaləmə görə yazılıb. Onun mənim barəmdə yazdığı bu cür rəylər çoxdur. Birini misal gətirirəm.
Səmimiyyətdən bəhs edən şairin yadına salıram ki, dilimizin lüğət tərkibində “riyakarlıq” kəlməsi də var. Deməli, nala-mıxa vursalar da, yazdıqlarımı tənqid faktı kimi qəbul etməyə bilmirlər. B.Sadiqin məntiqindən, bəlkə də məntiqsizliyindən belə məlum olur ki, kənddə yaşayan tənqidlə məşğul ola bilməz və ya paytaxt küçələri ilə hərəkət edənlər dahidirlər.
Balayar Sadiq hələ də dərk edə bilmir ki, “əyalət” nağılları sovet hökuməti ilə bitib. İndi sosiumların məkanı sorulmaz. Ümumiyyətlə, başqasını istedadsız, səriştəsiz, əyalət təfəkkürlü adlandırmaq əxlaq və etikaya uyğun olmayan hərəkətdir.
İroniyanız da yersizdir, möhtərəm və ağıllı paytaxt sakinləri! B.Sadiq utanmadan məni vicdansızlıqda, kiminsə sifarişini yerinə yetirməkdə ittiham edir. Ancaq o, sadə bir həqiqəti öyrənə bilməyib ki, quşu dimdiyindən, adamı sözündən tuturlar. Axırda məni təbrik edərək məqaləsində yazır: “Mənə elə gəlir ki, Ç.Əlioğlu da, Ə.Cahangir də, Q.Ağsəs də bu təbrikə qoşulardı”.
Məlum olmurmu “zakaz otdel”də çalışan kimdir?! Məni “Rəsul Rza” mükafatı almağıma görə təbrik edən şairin nəzərinə çatdırmaq istəyirəm ki, o diploma R.Rza yaradıcılığı haqqında yazdığım məqaləyə görə layiq bilinmişəm. Yenilikçi şair sonda məxsusi entuziazmla bir beyt qəzəl də ortaya qoyur və orada “söz arxivimizdən” götürülmüş “şairi-məşhur”, “nəşri-ulduz” kimi ifadələr də yer alıb.