Diri müəllifləri Şekspirdən çox sevən aktyorlar...

Diri müəllifləri Şekspirdən çox sevən aktyorlar...
25 fevral 2014
# 09:00

Ünvanına sənət məbədi, mədəniyyət ocağı və s. kimi qayım-qədim epitetlər söylədiyimiz teatrın adı ilə fəaliyyəti heç də həmişə üst-üstə düşmür: günümüzün acı gerçəyi belədir ki, orada çox-çox nadir hallarda sənət məbədinə layiq, mədəniyyətə xidmət edən işlər görülür.

Rejissor Hüseynağa Atakışıyev hələ teatrın teatr olan vaxtları deyirdi ki, “Aktyorlar diri, rejissorlar isə ölü müəllifi sevirlər”. Əfsus... Rəhmətliyin fikirləri sürətlə öz aktuallığını itirir...

Artıq rejissorlar da diri müəllifləri sevməyə başlayıblar. Lap dəqiqi, zəmanənin nəbzini tutmaqda mahir olan yazarlara müraciət edirlər. İndi teatr diri müəlliflərin əsərləri ilə yaşayır. Müəllif də prosesə o qədər müdaxilə edir ki, sonda əsəri ədəbiyyatdan (baxmayaraq ki, onun ədəbiyyat olduğu hələ mübahisə predmetidir, sadəcə yazdığı mətn demək daha doğru) teatra çevrilə bilmir. Müəllif tanıyıram: adı, sanı, şöhrəti... Amma aktyorla bir kəlmənin “davasını eləyir” – “Mənim mətnimə toxunmayın!”

Bəli, onlar üçün tamaşa danışan mətndir. Səhnələşdirməni belə təsəvvür edirlər – əsərin bir neçə aktyorun ifasında əzbərdən oxunması.

Özləri isə zalda əyləşib finalı, səhnəyə dəvət ediləcəkləri anı gözləyirlər. Sonda dəvətli qonaqların alqışı, banket və adam bir gecənin içində olur hazır dramaturq!

Və diri müəlliflərin ölü əsərləri səhnəni işğal edir! Adına qərəz deyəcəksiz, ya nə isə başqa bir şey, amma mən nə dediyimi yaxşı bilirəm. Düz səkkiz il dövlət teatrında çalışmışam. Diri müəllifin hesabına anşlaqla keçən premyeralar görmüşəm.

Premyeradan sonra müəllif yeni bir şedevr yaratmaq həvəsinə düşür, rejissorun başı başqa bir diri müəllifə qarışır. Aktyor – dünyanın ən məsum və günahkar məxluqu isə tamaşaçı ilə üz-üzə dayanmalı olur... Bax onda azacıq heysiyyəti olan aktyor həmin diri müəllifin ölü əsərini oynadığı, – oyunun qurbanı olduğu üçün özünə nifrət eləyir. Ancaq nə faydası? Nifrət nəyi həll edəcək ki?... Əksinə, sevməyə mane olacaq. Sənətini sevməyə! Bir gün də içində yığılan nifrətin arasında itib-batan sevgisini tapa bilməyəcək...

Qısası, bu taleyi yaşamaq istəməyən aktyor banket xətrinə diri müəllifi sevməz!

Lənətə gəlsin o yüz qramı və sənin şərəfinə boğazdan yuxarı deyilən sağlığı! Qoy müəllif ölü olsun, sənə banket verməsin, amma sən aktyor kimi səhnədə həsrətində olduğun həzzi yaşa.

Bu yerdə sizə yenicə izlədiyim ölü bir müəllifin diri əsərindən – son günlər teatrlarımızda sənət adına atılmış nadir addımlardan biri haqqında söz açacam.

Bu nadir addımın müəllifi Gənc Tamaşaçılar Teatrıdır. Bu günlərdə teatrın kiçik zalı istifadəyə verilib. Cəmi qırxca nəfərlik zal. Bu dünya teatrlarında çox geniş yayılmış ənənədir. Bizdə isə zalın funksiyası başqa şeyə hesablanır, qoy, böyük olsun ki, bileti satıb, planı doldurasan.

Təsəvvür edin, italyan dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu”su, xalq artisti Cənnət Səlimovanın quruluşu, əməkdar artistlər Şövqü Hüseynovla Gülər Nəbiyevanın oyunu və şit, bayağı, söyüşlü-ləhcəli, əyalət qoxulu komediyalardan bezmiş siz də onların bir addımlığında! Bax bu əsl teatrdır!

Pafos, sünilik, çığır-bağır, uzun-uzadı monoloqlar, akademik pauzalar, klassik duruşlar... Yox! Heç biri yoxdur! Qarşınızda ləzzətlə birnəfəsə başınıza çəkəcəyiniz, ikinci nəfəsinizi açacaq, sizi sizdən götürüb başqa bir dünyaya aparacaq neçə illik köhnə şərab kimi bir tamaşa var!

Ona görə neçə illik deyirəm ki, əsər ilk dəfə 1998-ci ildə, Bakı Kamera Teatrında səhnəyə qoyulub. Bir çox yerli və beynəlxalq festivalların mükafatını qazanıb.

Tamaşanı qırx nəfərlə bir yerdə nəfəs dərmədən ovcunun içindəymiş, bir parçanmış kimi izləyirsən. Və əmin olursan ki, sənət yaratmaq üçün heç də nəhəng səhnələrə ehtiyac yoxdur. Bir ovuc içində belə dipdiri bir sənət nümunəsi yaratmaq mümkündür. Təki diri əsər, diri rejissor və diri aktyor olsun...

90-ların uşaqları bu mahnını yaxşı xatırlayarlar:

Qorxutmaz boranlar, şimşəklər məni...

Mənə bir az ümid, bir az sevgi ver...

Kim deyir sevənlər çox şey istərmiş?

Ovuc içi qədər xoşbəxtlik yetər!

Bəli, sənət adamına sevdiyi işi görmək üçün bircə ovucluq yer vermək yetər!

Sevgisinin, arzusunun arxasınca inadla, israrla qoşan aktyoru heç nə qorxutmur! Nə soyuqda əyninin nazik olması, nə gündə üç dəfə istədiyi kimi qidalana bilməməyi, nə bütün bir ömrü bihudə şam kimi yandırması...

O çox şey istəmir! Ovuc içi qədər xoşbəxtlik – səhnə ona kifayətdir! Bu ki, çox deyil...

Amma nə yazıq ki, bir truppanın yüzə qədər heyəti varsa, aktyor da rol üçün uzun, üzücü bir növbəyə dayanmalı olur. O da hər zaman ROL yox, əksər hallarda diri müəlliflərin ölü əsərlərinə can vermək çabasından başqa bir şey olmur...

Bərli-bəzəkli, təmirli teatrlarımızda hər dəfə sənət əsəri görmək arzusuyla və bütün səmimi kədərimlə, ümidsizliyimlə... yazını yarımçıq saxlayıram...

P.S. Səhnəsi və tamaşaçı zalı olan bir bina teatra çevrilmək üçün birinci növbədə öz istedadını ovuc içində saxlamalıdır! İstedad elə bir şeydir ki, onu əlindən, gözündən kənara qoysan, itirəcəksən. Teatr istedadı ovcunda qoruyub saxlaya bilmədisə, istəyir lap hər mövsüm təmiri yenilənsin, pərdələri ütülənsin, oturacaqları lap divanlarla əvəzləsin, dünyanın dörd bir yanından rejissor gətirsin, əgər istedadlı aktyorun yoxdursa deməli o teatr yoxdur.

# 4004 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #