Əbədiyyətin yaşadığı ev - Məmməd İsmayıl haqqında

Əbədiyyətin yaşadığı ev - Məmməd İsmayıl haqqında
5 sentyabr 2025
# 14:00

Kulis.az şair, publisist Afaq Şıxlının "Əbədiyyətin yaşadığı ev" yazısını təqdim edir.

Ata itkisinə öyrəşmək mümkün deyil.

Ustadım əbədiyyətə köçəndən bütün dünyam dəyişib sanki. Yalnız tələbələri, şeir dünyası deyil, doğma yurdu – Əsrikdəki mavi evi də yetim qalıb.

Uzaqdan göyün bir parçasına bənzəyən o ev boşalıb, sahibinin səsini, sözünü itirib. İndi orada acı, amma nurla dolu bir sükut hökm sürür. Bu sükut böyük şairin nəfəsini daşıyır...

***

Bu möhtəşəm evi görmək, ustadımla sakitlikdə vidalaşmaq üçün Əsrikə gəldim. Qəlbim həyəcanla döyünürdü: bilirdim ki, bu, sadəcə keçmişlə deyil, həm də əbədiyyətlə görüşdür – Məmməd İsmayılla söz, xatirə və sükut görüşü...

Evin qarşısında dayandım. Sahibsiz qalmış ağaclar şairin misraları kimi göyə can atırdı. İndi bu ev də, bağ da yetim qalmışdılar. Amma mənə elə gəlirdi ki, evin yiyəsi hələ də buradadır. O, hər otun, hər yarpağın, hər daşın içində yaşamaqdadır.

Gözüm yan tərəfdəki dirəyə sataşdı. Dəlik-deşik olmuş gövdəsində bir ağacdələn oturmuşdu. Dimdiyinin səsi ürəyimdə əks-səda verdi. Necə ki, şair bir zamanlar o ritmi poeziyaya çevirmişdi, quş da sanki həmin misralarını təkrar edirdi:

"Mənim qapım – yer üzünün qapısı..."

Bağa girdim. Alma ağacları meyvələrin ağırlığından əyilmişdi. Beş alma dərdim – Məmməd İsmayılın xatirəsinə. Hər alma bir rəmz oldu: minnətdarlıq, hörmət, sevgi xatirə, əbədiyyət... Gələcək nəsillərin ruhuna qalacaq beş diri misra!..

Kövrəlmiş qəlbimlə yavaş-yavaş şairin məzarına sarı üz tutdum. Üstündəki yaşıl ipək örtük, yerlə göy arasındakı sərhəd kimi, onu bizdən ayırmışdı...

Ətrafda elə bir işıqlı və harmonik mənzərə açılırdı ki, mənim də ruhum göyə can atırdı.

Bu sirli-sehirli həyətdə dayanarkən anladım ki, mavi divarların sükutu heç də boşluq demək deyil. Çünki buralara şairin nəfəsi hopub.

Bu ev, bu bağ qəribsəsələr də, bu məzar ustadımın yoxluğunu xatırlatsa da, onun gözəl şeirləri dipdiri ayaqda qalacaqlar.

Onlar xoşbəxtdirlər, çünki hər zaman seviləcək, oxunacaq və məhəbbətlə səslənəcəklər.

Əsrik torpağı onun addımlarını, ağaclar baxışlarını, əllərinin istisini xatırlayacaq. Quşlar onun misralarının ritmiylə oxumaqda davam edəcəklər...

Məmməd İsmayıl getməyib. O sükuta, havaya, işığa qarışıb. Sözlərə çevrilib. Harada ölməz poeziyanın izləri varsa, o da orada olacaq. Çünki poeziya əbədiyyətin nəfəsidir. Və ona bir dəfə toxunan şəxs heç zaman ölmür.

05.09.2025
Qazax

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

18:05 8 sentyabr 2026
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

17:40 8 sentyabr 2026
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

14:30 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər