Çılpaq müğənnilərin utancaqlığı

Çılpaq müğənnilərin utancaqlığı
1 aprel 2019
# 10:57

“Bunların hamısı elə bil eyni dəzgahdan çıxıb, bir-birindən ayırmaq olmur”. Yerli televiziya verilişlərindən birindəki aparıcı qız haqqında tamaşaçılardan biri belə bir rəy yazmışdı. Doğrudan da dodaqlar silikon, yanaq botoks, qaşlar tatuaj, burun rinoplastika olunub, saç süni surətdə uzadılıb... Nəticədə şou dünyasının qadın tayfası olub bir-birinin oxşarı. Elə bil bir atadan, bir anadan əmələ gəliblər.

Məgər təbii üz, bədən quruluşu ilə yerli televiziyalara giriş qadağan olunub? Sanki televiziyaya yol tapmaq üçün gərək mütləq burnunu kiçildib dodağını şişirdəsən. Yanaqlarını botoksla doldurub girdə, dolğun sifət quruluşu əldə edəsən. Saçlar da topuğa qədər olmalıdır.

Müğənni qadınlar öz görünüşlərinin üzərində elə ciddi-cəhdlə işləyirlər ki, əvvəlki görkəmlərindən əsər-əlamət qalmır. Onların fikrincə, mahnı köhnə, bəsit, keyfiyyətsiz ola bilər, amma müğənni hər dəfə botokslarını yeniləməlidir. Yeni və köhnə şəkillərini yanaşı qoyanda arada yerlə göy qədər fərq olur.

Sanki müasir qadının silikonlu, botokslu bir modelini yaradıblar. Hamı o modelə uymağa, ona oxşamağa çalışır.

Adətən müğənnilərimiz Türkiyə şou-biznesindən nələrsə əxz etməyə çalışır. Estetik əməliyyatlar da “əxz etdiklərimizdəndir”. Deyəsən, Türkiyə şou biznesində elə bir model, ya müğənni yoxdur ki, burnunun formasını dəyişdirməsin. Görünür, Türkiyə tamaşaçısı estetik müdaxilələrə elə alışıb ki, təbii burun sahiblərini qəbul eləyə bilmir. İrem Derici, Demet Akalın, Faxriyə Evcen, Ebru Yaşar, Çağla Şikel, Zara... Türkiyə şou-biznesində estetik əməliyyat etdirməmiş aktrisa, ya müğənni tapmaq çətindir. Hətta Türkan Şoray da vaxtilə estetik əməliyyatlardan keçib.

Adətən burnunu daha cəlbedici görkəmə salan aktrisalar seriallara daha tez yol tapılrlar. Amma bəzən əks effekt də olur. “Yer, göy- eşq” serialında baş rollardan birini canlandıran Tuvana Türkay əməliyyatdan öncə də gözəl qadın idi. Maraqlı üzü vardı. Simasına qeyri-adi görünüş verən xarakterik burnu idi. Serialın axırlarına yaxın bu aktrisa estetik əməliyyat oldu. İnsaf üçün deyək ki, artıq kiçik, ideal buruna sahib olan aktrisa daha da gözəlləşmişdi. Amma bu gözəllik adi xarakter daşıyırdı. Aktrisanın fərqliliyi yox olub getmişdi. Onun xarakterini üzə çıxaran üz cizgiləri dəyişmişdi. Artıq rolu da inandırıcı deyildi.

Tuvana Türkay bir neçə il sonra başqa bir layihədə yer aldı. Üzü gözəl idi, amma tamaşaçıya fərqli heç nə vəd etmirdi. Bəlkə serialın uğursuzluğuna da elə bu adilik səbəb oldu. Serial başlamağa macal tapmamış bitdi. Aktrisanı isə artıq başqa layihələrdə görmədim.

Məsələn, məşhur amerikalı aktrisa Barbara Streyzandı örnək göstərməyə bilmirəm. Bu istedadlı aktrisanı tamaşaçılara sevdirən bir özəlliyi də fəqli görünüşə sahib olmasıdır. Barbara Streyzandın görünüşündə ən çox nəzərə çarpan onun qabarıq burnudur. Ona dünya şöhrəti qazandıran “Gülməli qız” filminə rol almasının səbəbi bəlkə də elə qeyri-adi-gülməli, amma sevimli burnu idi.

Razılaşıram ki, hər bir qadın gözəl olmaq istəyir. Burnunu dəyişdirib gözəlləşən, həyatda uğur qazanan qadınlar çoxdur. Əgər bir qadın xarici görünüşünü dəyişmək istəyirsə, kim nə deyə bilər? Sadəcə ifrata varmamaq lazımdır.

Kişi müğənnilərdən birinin bu günlərdə aqressiv çıxışını oxudum. Estetik əməliyyat etdirmiş qadın müğənnilər haqqında danışır, əsib-coşurdu.

Hərçənd bu kişi müğənnisi də üzündə bir neçə estetik əməliyyat etdirib. Estetik əməliyyatların sayəsində daha simpatik görünüş əldə edib.

Görünür, hətta özü estetik əməliyyat etdirmiş adamda da sifətinin formasını dəyişdirmiş olanların görüntüsü qıcıq doğurur. İnsan adətən başqasının qüsurlarını daha tez görür.

Statistika üçün deyək ki, Amerikada bir il ərzində təxminən 55.000 kişi estetik əməliyyat keçirir. Güclü cinsin nümayəndələri əsasən burundakı deffektlər və qaş formalarını dəyişdirmək üçün müraciət edirlər. Kiçik əməliyyatlardan isə botoks inyeksiyası və bədəndəki tüklərin lazer yolu ilə təmizlənməsi dəbdədir. Deyilənə görə, Enrike İqlesiasdan tutmuş Saymon Koulaya qədər çoxları estetik əməliyyatlardan keçir.

Əgər diqqət yetirmisinizsə, rinolastika etdirmiş qadınlar bəzən bir əməliyyatla kifayətlənmirlər. Psixoloqlar deyir ki, burun əməliyyatı keçirən qadınların psixoloji dəstəyə ehtiyacı var. Zahiri görünüşü dəyişən qadının özünün yeni simasına alışması çətin olur, o daim üzündə hansısa kiçik qüsurlar tapır və yenidən əməliyyata ehtiyacı olduğu fikrini özünə aşılayır. İstisna etməyək ki, belə qadınların əksəriyyəti dismorfobiyadan əziyyət çəkirlər. Dismorfobiya- psixoloji pozğunluqdur, bu fobiyası olanlar öz xarici görünüşlərini bəyənmir, ən adi qızartını, şişiklinliyi özünə dərd edir, eybəcər olduqları fikrini özlərinə təlqin edirlər. Belələrini hətta uğurlu əməliyyatdan sonra da razı salmaq çətin olur.

Amerikada təkcə bir ildə 2 milyona yaxın plastik əməliyyat aparılır. İkinci yerdə Braziliya, üçüncü yerdə Cənubi Koreyadır. Bir il ərzində Cənubi Koreya xarici ölkələrdən 364 xəstə qəbul edir.

Rinoplastika üzrə ilk əməliyyatlar Hindistanda keçirilib. Amma maraqlıdır ki, Hindistan seriallarında yer alan aktrisalar təbii təsir bağışlayırlar. “İkimizin yerinə” hinsd serialındakı aktrisa xarakterik üzüylə diqqtimi çəkir. Maraqlı görünüşə malikdir. Burnu qabarıq görünür. İstər-istəməz görəsən burnunda dəyişiklik olsaydı necə görünərdi, deyə fkirləşirsən. Amma diqqətlə baxanda bu fikrə gəlirsən ki, aktrisanın burnunda dəyişiklik olsa üz cizgiləri obrazın xarakterini belə aydın göstərə bilməz.

Yəni estetikli burunlara elə alışmışıq ki, normal burun görəndə təəccüblənirik.

Keçən dəfə televiziya verilişlərinin birində bir kişi ukraynalı qadının təbii və dolğun siinəsini tərif edirdi. Amma maraqlıdır ki, təbiiliyin üstünlüyündən danışan qarşı cinsin nümayəndələri süni gözəlliyin qarşısında aciz qala bilirlər.

Məsələn, rəfiqəm sinəsini silikon etdirmiş qadının iş yerindəki uğurlarından mənə danışıb. Qadın sinəsini silikon etdirəndən sonra ona olan münasibət tamamilə dəyişib. Diqqət mərkəzində olan qadınının özünü də kişilərin iltifatları çaşdırıb. Kompliment edən kim, çay süzüb qarşısına gətirən kim...

Qadın hətta silikondan imtina etmək istəyib...

Söz sözü çəkər, Afaq Aslan da estetik əməliyyat etdirəcəyini deyib. O Afaq Aslan ki, çılpaq şəkilləriylə məşhurdur. Yeri gəlmişkən, Afaq Aslan utancaq və kompleksli olduğunu bildirib: “Kamera qarşısında deyil, həyatda utancağam”.

Əgər bu fotolar bir sənət nümunəsi olsaydı, deyərdik, Afaq Aslan özünü incəsənətə qurban verir.

Amma bir halda ki, məhz bu fotoların incəsənətlə bir əlaqəsi yoxdur, belə olan halda kamera qarşısına keçərkən məncə utanmağa dəyər.

Bu yerdə xatırladım ki, şou biznesdə çevriliş edən, açıq-saçıq geyimləriylə məşhur bir qadın müğənni də illər öncə özü haqqında “əslində çox utancağam”, demişdi. Bu açıqlama tamaşaçıların təəccübünə səbəb olmuşdu. Digər müğənnilərdən açıq-saçıq geyimlərylə bir neçə addım irəlidə olan bir müğənninin özünü utancaq adlandırması doğrudan maraqlı idi.

Yeri gəlmişkən, bu məşhur aktrisamız da bədəninin bir neçə yerini estetik əməliyyat etdirib. Əməliyyatların nəticəsində yaşından xeyli cavan görünür. Əlbəttə, diqqətlə baxanda şişirdilmiş dodaqlar, botokslu yanaqlar, estetik burun özünü dərhal biruzə verir. Amma şou biznes nümayəndələrinin əksəriyyəti bu görünüşə malik olduğu üçün belə sifət quruluşu demək olar ki, təbii qəbul edilir.

Gözəllik ölçüləri isə sürətlə dəyişir. Bəlkə də bir neçə ildən sonra tamamilə ayrı ölçülər dəbdə olacaq. Amma şou-biznes dünyasının xanımları o qədər çevikdirlər ki, yəqin yeni ölçülərə qovuşmaq da onlar üçün çətin olmayacaq. Necə deyərlər, “incəsənət” qurban tələb edir.

# 4489 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #