Səhər verilişinin aşpazını teatra nə bağlayır?

Səhər verilişinin aşpazını teatra nə bağlayır?
6 dekabr 2013
# 13:58

Bilənlər bilir, teleməkanda Space bir başqa kosmosdur. Space heç vaxt bir xəbər kanalı olaraq o birilər kimi mövqe maskası taxmır, xəbərləri candərdi təqdim edib əsas bölümünə - maskarada start verir. Unikal tipajları, "müqtədir insanları" absurd janrda, ən müxtəlif situasiyalarda təqdim edir – bura Absurdistandır! Bu bir- birindən rəngarəng, unikal insanlara baxırsan və mükəmməl dramaturgiyaya görə Tanrıya şükür edirsən.

Yəni Space yaradıclıqdır, obrazlar qalreyasıdır, karikaturalar sərgisidir, absurd dramaturgiyanın qızıl dövründədir. Ciddi qəbul edin, mənim Space-yə ironiya etməyə gücüm, qüdrətim çatmaz.

Amma gün gəldi ki, mən də “Space”də yayımlanan verilişə dəvət olundum.

“Günaydın” adlanan veriliş teatr və repertuar məsələlərinə həsr olunmuşdu.

Cənnət Səlimova və Amaliya Pənahovanın qonaq kimi dəvət olunduğunu eşidəndə məsələ azca aydın oldu. Xalq artistləri Amaliya Pənahova ilə Cənnət Səlimovanın müxtəlif vaxtlarda konflikt yaşadıqlarını bilməyən yoxdur. Əks fikirdə olanları deyil, düşmənləri qarşılaşdırıb hadisə, rezonans yaratmaq təkcə “Günaydın”ın kəşfi deyil. Bunu az qala hər telekanalda görürük.

Bir yandan da telekanallarda günah yoxdur, cəmiyyət monotonlaşdıqca birsəslilik artdıqca müzakirə subyekti tapmaq çətinləşir. Yəni, hamı hər şeyi bilir. Bu zaman isə maskaraddan başqa yol yoxdur.

Maskarad sevinclidir. Biz də xoşbəxtik və birdən “Günaydın” proqramı teatr kimi çaşdırıcı mövzu seçir və ora əsl teatr fədaisi olan, canında teatrının həsrətini gəzdirən Cənnət xanımı, şöhrəti hələ də unudulmamış Amaliya Pənahovanı, Gənc tamaşaçılar teatrının direktoru Mübariz Həmidovu, yenə də şöhrətli aktyor Tariyel Qasımovu dəvət edir.

Veriliş başlar başlamaz ilk absurdla üzləşirik - aparıcı hakim çəkici kimi ağır ittihamlarını səsləndirir : “Teatra niyə getmirlər? Burada teatrın günahı nədir? Yavaş-yavaş söhbət öz məntiqi axarına gəlib çıxır: “Teatr nə üçündür?”

Bu, yaxın bir saatda söhbətin əsas lozunqu olur. Belə ibtidai suallarla qarşılaşmağa adət etmiş qonaqlar teatrı lazımlı etmək üçün çarəsizcə versiyalar sadalayırlar - teatr məktəbdir (bəs onda məktəb nədir?), teatr sözdür (bəs onda pantomima teatr deyilmi?), teatr məbəddir (tamam, bəs dua üçün pulu hara ödəməliyik?), teatr əyləncə mərkəzidir (niyə də yox? bu barədə düşünməyə dəyər, teatrın nə xeyri dəyir ki, bizə?)...

Söhbətə Amaliya xanımın pafosu qarışır: həmişəki kimi Cənnət xanım - milli klassikanı azərbaycandillilərdən daha böyük ağrıyla, həssaslıqla təqdim etmiş rejissor - Azərbaycan dilində sərbəst danışmamaqda ittiham olunur. Əlbəttə, Cənnət xanıma bunu demək asandır, onun Mirzə Cəlildən, Axundovdan, Caviddən, Cəfər Cabbarlıdan başqa kimi var ki, burada?

Ardınca aparıcı sözü fikri elə gözümüzün qabağında təhrif edib növbəti suallarını hədəflərə yönəldir: Teatr əyləncə mərkəzidirmi?

Absurdun növbəti mərhələsi başlayır. Aparıcıya əyləncənin yalnız bayağı müğənnilərlə, yeməklə və hırıldamaqla məhdudlaşmadığını izah etmək lazım gəlir - əylənmək həzz almaq deməkdir, Aristotelsə deyib ki, bilik həzdir...

Əlbəttə, Aristotel nə deyib özü bilər. Onun bizə dəxli yoxdur. Bizim öz mili mental dəyərlərimiz var. Saf ana dilimiz var. Vətənpərvərliyimiz var. Yeri gəlmişkən, halal kolbasamız var. Hər şeyimiz var. Amma teatrımız niyə yoxdur axı? Hə?

Bu yerdə verilişin bir hissəsi olan mətbəx köşəsindən bərk yanıq iyi gəlir. Müzakirə davam edir. Aparıcı ha əlləşir, qalmaqal-hadisə yaranmır. Veriliş də milli teatr kimidir - durğun və hermetik. Qəhrəman özünü nə qədər ora-bura çırpsa da hadisə, qalmaqal yoxdur. Amma bu absurd tamaşalar üçün qüsur sayılmaz...

Absurd komediyalarda həqiqətin yersizcə çıxıb camaatı özünə güldürdüyü faciəvi kulminasiya məqamı olur. “Günaydın”da bu tragik kulminasiya tamamən gözləmədiyimiz bir xətdə baş verir ( Sənə çox şükür, İlahi! Düz deyirlər, Allahın işini bilmək olmaz. Onun bizim kimi ölümlü insanların ağlına gəlməyəcək sonsuz variantları var): Mətbəx köşəsindən aşpaz üzr istəyib söhbətə qoşulur: “Üzr istəyirəm, mənim də bu mövzuya aidiyyətim var. Özüm aktyor olmuşam. Şuşa teatrında işləmişəm. Maaşımız həddən artıq aşağıdır deyə, mən teatrdan getməli oldum”.

Aparıcı bir yolla aşpazı, pardon, keçmiş aktyoru susdurub verilişi yekunlaşdırır. Əhvalat XXI əsrin əvvəllərində, Bakıda vaqe olur.

# 4495 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #