Sevgilisinin dalınca dörd kilometr qaçan şair

Sevgilisinin dalınca dörd kilometr qaçan şair
12 noyabr 2013
# 11:49

Elə xatirələr var ki, yadına düşdükcə dodaqların qaçır...

Ömrümüzün hansısa mərhələsində qarşımıza çıxan adamlar, onlarla bağlı xatirələr bəzən üzümüzə təbəssüm qondurur, ovqatımızı bir anda dəyişir, xatirələr bizi çox uzaqlara aparır.

Gecənin bir yarısı köhnə kitab-dəftərimi qurdalayanda tələbəlik illərində şeir yazdığım dəftərlərin birinin arasından rəngi saralmaqda olan bir əsgər məktubu tapdım:

“Əzizim Cəlil!

Sənə səngər ətirli, torpaq qoxulu, isti salamlarımı çatdırıram. Birlikdə olduğumuz illərin xatirələri hər gün ürəyimdə közərib isindirir məni. O illər üçün, o dəyərli insanlar sarıdan çox darıxıram. Mənim buradakı mənəvi və maddi durumum qənaətbəxşdir. Hələ ki, işlər öz qaydasındadır. Hərbi xidmətim boyu qürurumu, hislərimi qorumağa çalışmışam. Yaxşılar da, yamanlar da yaddaşımda özlərinə layiq yerdə sıralanıblar. Burada hərəkətlər, münasibətlər, əslində həyat çox məhdud çərçivədə görünür. Ona görə də adamları tez tanımaq olur. Düşünürəm ki, sənin vəziyyətin, işlərin və şəxsi həyatın istədiyin kimidir. Sən xoşbəxt olmağa layiqsən, Cəlil! İndi kazarmada oturub sənə məktub yazıram. Sən bütün varlığınla, sədaqət və ziyalı düşüncələrinlə gözlərimin önündən keçirsən. Daim o düşüncələrinə, mübariz addımlarına, o dəstəyinə rəğbətim olacaq. Şeirlərindən, sağlamlığından və sənin üçün gərəkli olan adamlardan muğayat ol. Əminəm ki, daha ürəyin şıltaqlıq eləmir. Şeirlərin əsgər yoldaşlarımın diqqətindən qaçmayıb. Onların da doğma salamlarını sənə çatdırıram. Əsgər yoldaşlarımla söhbətlərimin əsas mövzusu MÜHARİBƏDİR. Bu söz bizim həyatımızın mənasına çevrilib. Sudner Baronessa deyir: “Müharibə -vəhşiliyin bütün əlamətlərini təbii surətdə qoruyub saxlayır”... vəhşilik olsa belə, müharibə bizə gərəkdir, Cəlil!”

Məktubun müəllifi “Gəncliyin səsi” ədəbi birliyindən yaxşı tanıdığım şair Vüsal Hicrandır. Dəli-dolu, ipə-sapa yatmaz, təpədən-dırnağa şair Vüsal Hicran... Kəlbəcərdə doğulan, çadır şəhərciyində ağır həyat yaşayan, universiteti əla qiymətlərlə bitirən, şeirləri o dövrün tələbələrinin dilində dastan olan Vüsal Hicran...

Məktubunda müharibədən danışsa da, Vüsalın bərkdə əli yox idi. Davakar deyildi. Çox nadir hallarda söyüş söyərdi. Siqaret çəkməz, içkini dilinə vurmazdı.

Vüsalı xatırladıqca onun qəribəlikləri yadıma düşür və istər-istəməz dodağım qaçır...

Qəribə adamdı. Sevgilisini yola saldığı avtobusun arxasınca üç-dörd kilometr yolu dayanmadan qaçmışdı. Bir dəfə də heç bir səbəbsiz-zadsız körpüdən çayın içinə tullanmışdı...

...Bir dəfə “Xan bağı”nda çayxanada oturmuşduq. Bahadur Qobustan, Anar Gülümsoyda bizimlə birlikdə. Vüsal qəfildən stəkanları tərsinə çevirdi ki, çayı stəkanın arxasından süzmək lazımdır. Birtəhər sakitləşdirdim ki, kənardan baxırlar, ayıbdır. Bahadurla Anar da ona qoşuldu. Başımı qaldıranda gördüm ki, üçü də çay stəkanlarını sındırıb, yeməyə çalışırlar...

Vüsalın bu hərəkəti məni lap özümdən çıxardı. Stəkanların pulunu ödəyib, çayxanadan uzaqlaşdıq. Beş-on dəqiqə incik-incik danışdım Vüsalla...Amma sonra nə oldu bilmirəm, bir-birimizə qoşulub şaqqanaq çəkdik...

Əlində daim kitab olardı. Yazdığı bütün şeirləri əzbər bilir, hərdən dostlarla Hacıkəndə gəzməyə gedəndə bizim üçün saz çalırdı. Fars dilini öyrənirdi. Füzulini, Nizamini, klassik aşıq şeirini, Sücaət, Bəhmən Vətənoğlu kimi el şairlərini əzbər bilirdi.

Şeirləri tələbələrin dillər əzbəri idi. Dərnəkdə hamımız səbirsizliklə onun şeirlərini gözləyərdik.

Az qala hər gün dostlarla Vüsalın kitabını nəşr etdirmək üçün plan cızırdıq. Özü isə bu işə biganə idi. Bildiyim qədər Vüsal hələ də kitab çap etdirməyib. Əsgərlikdən yazırdı: “Şeirlərimin sayı çoxaldıqca, daha çox hiss etdikcə, həyatı başa düşdükcə kitab çıxarmaq fikrindən uzaqlaşıram.”

İndi Gəncədə yaşayır və müəllimlik edir. Hərdən Facebookda məktublaşırıq. “Şair” müraciəti onu özündən çıxarır. “Şair mən deyiləm, onlardı. Odeey, Yazıçılar Birliyinə yığışıblar”.

Xatirələrimiz o qədər çoxdur ki, yazmaqla bitməz. Birlikdə getdiyimiz məclislər, şeir dediyimiz çayxanalar, universitet auditoriyaları, Hacıkənd səfərləri... Hər görüşümüz bir yazının mövzusudur az qala...

Yaza-yaza Vüsal Hicranı, hətta dağa dırmaşanda da qalstukunu çıxarmayan nizam-intizamlı Vüsal müəllimi xatırlayıram. Xatırladıqca gülümsünürəm...

Vüsal şeirlərini çap etdirmir. Çox çalışdım, son şeirlərini əldə edə bilmədim. Ona görə də 6 il əvvəl əsgər məktubunun içində mənə göndərdiyi şeirləri oxuculara təqdim etmək istəyirəm.

Vüsal Hicranın şeirləri

Səhvlərim

Ürəyimi oda-közə çox atdım,

Ömürdən sevincli günlər azaltdım,

Ayrılıqdan ilan dili çıxartdım,

İlanlar dilini ağzına saldı.

İçimdə qurbanlıq quzular kimi,

Bir həsrət mələdi belədən belə.

Niyə o əllərdən çəkdim əlimi,

Məni bu sualdı mələdən belə.

Eh... ömürün qarası ağı nə qədər?

Məni qar döyəcək, soyuq döyəcək.

Özümdə bilmirəm axı nə qədər,

Səhvlərim qapıma ayaq döyəcək.

Eləmədin

Yandırdın içində nə varıydısa,

Niyə bu ürəyi kül eləmədin?

Körpə uşaq kimi dalınca düşdüm,

Dönüb bircə dəfə əl eləmədin.

Ürəkdən çıxmamış ürəyə girdin,

Çəkirəm hələ ki şirindi dərdin,

Kədəri kədərin dalınca verdin,

Bircə yol sevinci bol eləmədin.

Həyat sən özünsən, ölüm sən özün,

Özünə elədin zülüm, sən özün,

Mən axı neynəyim gülüm, sən özün,

Özünü şöhrətə qul eləmədin?!

Demədim ki...

Uddum nəfəsini üşütdü məni,

Soyuq nəfəsinə buz, demədim ki...

Ayrıldıq, gözünün içinə baxdım.

“əlini əlimdən üz”, demədim ki...

Hanı bu ömürdən gileyli anlar,

Geriyə qayıtsaq yol bizi danlar,

Batırdın qəlbimə qara tikanlar,

Sənə güldən ağır söz demədim ki...

Ümid verə bilmirəm

Gecə gündüz ürəyimdən od damır,

Ürək ümid körpüsündən addamır,

Ümid vermək öldürməkdir adamı,

Mən o qıza ümid verə bilmirəm.

Nəyi varsa yığıb burdan gedəcəm,

Ya dağ olsun, ya da dərə bilmirəm.

Bu gün sabah çıxıb burdan gedəcəm,

Mən o qıza ümid verə bilmirəm.

Sellərə bax özün vurur gözümə,

Ya hörümçək toru qurur gözümə,

Gözü yolda qalmaq durur gözümə,

Mən o qıza ümid verə bilmirəm.

Bi ürəyi necə bölüm beş yerə,

Yağış hanı göydən yağır daş yerə,

Nahaq yerə, əbəs yerə boş yerə,

Mən o qıza ümid verə bilmirəm.

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #