Cahandar ağa necə Nadir Qafarzadəyə çevrildi?

Cahandar ağa necə Nadir Qafarzadəyə çevrildi?
27 avqust 2019
# 13:19

Kulis.az Aliyənin “Birləşmiş Qeyrətlər İttifaqı haqda yazı” adlı essesini təqdim dir.

Son bir həftənin gündəminə, yəni, sosial mediada müzakirə olunan xəbərləri və fikirləri izlədim. Zamanla və oxuduğum şərhlərlə vəziyyətin necə olduğunu görmək imkanı qazandım. Və o sarsıdıcı Emine Bulut videosunun (Türkiyədə kafelərdən birində qızı ilə oturmuş ananın boğazı əri tərəfindən kəsilir) təsiri daha sarsıdıcı bir mənzərə ilə bütövləşdi.

Qadın azadlığı mövzusu ilə üst-üstə düşən və ya hadisədən qaynaqlanan şərhlər. Bu şərhlərin, yanaşmaların içində intellektualın, ziyalının, toy müğənnisinin, siyasi fəalın, redaktorun da payı var idi.

Qısaca xatırladım:

- “Əminə Bulut videosu”nun ardınca qadına aşağılayıcı münasibətin olduğunu və bu cür cinayətlərin buradan qaynaqlandığını deyənlər. Feministlər, aktivistlər, fikir adamları.

- Qadın - Xəyanət - Qətl süjetini şərh edərək, hadisəyə kompleks yanaşıb bu hadisəni sırf insan təbiətinə bağlayan filosoflar: Məsələn, Müşfiq Şükürov kimi... Otellonun Dezdemonanı xəyanət üstündə boğmasını xatırladıb bu tip əhvalatlara fərdi münasibətlərin yaşanan ehtirasların nəticəsi kimi yanaşma təklif etmək.

Sitat:

“Kişi qəddarlığından danışırlar yenə. Amma bir zamanlar Otellonun Dezdemonanı boğub öldürməsinə böyük aşk deyərdilər. Amma o zamanlar fb yox idi.”

- Doktor Vasif İsmayıl təsadüfən gündəmlə üst üstə düşən mövzuda hansısa kontekstdə “Qadına azadlıq vermək olmaz” deyir, bu daha çox etiraf olsa da başlıqlarda hökm kimi oxunur və bu da bir cür kişimərkəzçi təfəkkürə xitab edir.

- Azərbaycanda olan analoji hadisələri xatırladıb da ölkədə vəziyyətin Türkiyəninkindən daha pis olduğunu sübut edənlər.

- Redaktorlar, içi biz qarışıq qıcıq doğuran başlıqlar qoymaqla.

- “Yəqin qadın haqq edib, yəqin o qadının nəsə pis işi var imiş” söyləyən qəzəbli, özündən, həyatından əmin olmayan, bir birinə əsl kişi olduğunu sübut edən kişi cinsli çoxluq.

- Və bu çoxluqdan xal qazanmaq istəyən Nadir Qafarzadə öz məlum açıqlaması ilə.

Sonuncu şəxssə “gender və qadına şiddət" kontekstində mənzərəni bütövləşdirdi, təyin etdi. Ona görə yox ki, Nadir Qafarzadə cəmiyyətin üst qatı, seçilmişi, elitası, yol göstərənidir. Yox. Ona görə də yox ki, tanındığı üçün çox tirajlanır və danışdıqları ilə kütləyə təsir edir.

Ona görə ki, Nadir Qafarzadə də başa düşür ki, belə açıqlama vermək lazımdır, çünki “qadının başını kəsmək” kimi “qeyrətli” mövqe göstərənlər çoxdur və onlara qoşulsa, simpatiya qazanar. Və ona görə ki, media bu açıqlamanı tirajlayacaq, bundan İP tutacaq vəziyyətdədir, həm də ona görə ki, Nadir Qafarzadə tirajlı müğənni olaraq öz toy mahnılarını dövlət tədbirlərində də oxuyur.

Sırf güclü cins olduğu üçün zəif haqqında qəddar hökm vermək səlahiyyəti hiss edən, “başqasına görə əxlaqı” ilə yaşayıb qeyrətini sübut etməli olan qaragüruh həyat normativi təyin etmək istəyir, insanın dövlətin belə tanıyıb qoruduğu konstitusion təməl haqqını inkar edir, yazılmamış qanunlar qoyur. O dövlət tədbirində oxuyan tirajlı toy müğənnisi də qabağa tullanıb bu qanunları dəstəklədiyini bəyan edir.

“Niyə qadının adı ayrıca çəkilir?” sualına bircə tutarlı cavab verə bilməyəcək insanlar qanun yazır, bir-birindən dəstək alıb tirajlanır. Amma məsələ qadına münasibət deyil, qadından istifadədir. Hər kəsin payı var - qadın üzərində qurulan seks turizmindən tutmuş, İP üçün qadın sözündən yararlanan mediadan başlamış “qadına ayrıca cəza kəsməklə “qeyrətli” olduğunu sübuta yetirənə, qadını özünün şəxsi gigiyenik işlərini görməyə borclu bilən ərlərə qədər.

Çünki qadına münasibət onu hardasa qəbul etmək, onun bəlli bir cəhətlərini təhlil edib bir nəticəyə gəlmək, onun haqqında bir fikri olmaq deməkdir. Amma qadından istifadə sırf öz məqsədinə yönəlməkdir. Deməli, “Xəyanət edən qadının başı kəsilməlidir” deyən “qaqa”lar bunu qadına yüksək dəyər verdiyi üçün demir, sadəcə qeyrətli olduğunu sübut etmək üçün o naməlum QADINdan istifadə edir. Münasibət yox, İstifadə.

Və məntiqi olaraq belələrinin qabağına tiraj axtaran Nadir Qafarzadə düşür. Bu həm də örnəyi Cahandar ağa olan patriarxal təfəkkürün iflası, daha doğrusu ifşasıdır. Çoxlarının heyran olduğu bu təfəkkür, əzəmət hərlənib-dolanıb özünü Nadirin səsi ilə ifşa edir. Deməyəsən, Cahandar ağa hardasa Nadir Qafarzadə imiş...

Ahmet Kaya demiş, iştə, qısa çöpün haqqını uzun çöpdə qoymayan ilahi ədalət!

P.S. İnşallah, Nadirlə Cahandar ağanın reytinqi yol verməz yazıya qadın sözüylə bağlı qıcıqlandırıcı başlıq çıxarsınlar...

# 5239 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #