Rusiyadan gələn ərə dualı yemək yedizdirənlər

Rusiyadan gələn ərə dualı yemək yedizdirənlər
14 avqust 2017
# 13:23

Könül Cəfərli

Əmin olun ki, tərəqqi ancaq qafanın içi ilə mümkündür. Ondan kənarda nəyi necə dəyişirsinizsə dəyişin, inkişaf olmayacaq. İstər dünyanın ən hündür binasında yaşayın, son model telefon işlədin, Eyfel qülləsindən selfi paylaşın, şortik geyinin, tatu edin, qəlyan çəkin, bir sözlə müasir hesab etdiyiniz bütün əməllər və nəsnələr qafanızın xaricindədirsə, çifayda!

Bunu niyə yazıram? Qonşuların ağız büzdüyü alicənab və müasir kürəkənə görə. O kürəkən ki, ailəsi ilə Bakıda yaşayır, Gəncəyə qayınatasıgilə yay məzuniyyətinə gəlib. Gələn bir gündən qonşuların müşahidəsi altındadır. O sağ olmuş da camaata hər gün yeni “tema” verir. Bir gün arvadına səslənəndə “canım” deyir, o biri gün taksiyə minəndə qız üçün qapını açır, dayanacaqda arvadının saçını tumarlayır, döymür, söymür, qadınların əlində yük görəndə cumub torbalarını alıb daşıyır. Bir sözlə, özünü bir təhər aparır e, heç mentalitetə-zada əməl etmir.

Arvadların sözü ilə desək, belə səy əməllərinə görə də kişilər onu saya saymır, arvadlar arxasınca lağlağı edir. Elə üzünə söz vuranlar da olur: “Ay qadan alım, arada bir çayxanaya da get, gör bizim kişilər neyniyir orda”. Demək istəyirlər ki, yəni bizim kişilərə bax, özünü elə apar. Amma bu kürəkən sözə məhəl qoymur, elə öz bildiyini edir. Hələ dahası da var, lap biabırçısı. Qayınanasına “mama” deyirmiş. Buna görə küçənin arvadları yazığın arxasınca ta nə demirlər ki? Bambılı, arvadağız, matışka… Hələ öz aralarında zarafat da edirlər: “aaz, onu deyirəm e, o qaynanasına “mama” deyən oğraşı”.

Mədəni, tərbiyəli, qadına qarşı böyük hörmət və nəvaziş göstərən kürəkən barədə lağlağıları eşidəndə əlim üzümdə qalırdı. Elə bil o məhlədən heç 20 il ötməyib. Mən uşaq olanda camaat hansı məsələləri müzakirə edirdisə, elə eyni “tema”lar gündəmdədir. Hələ də evdə qalmış qızının bəxtini açmaq üçün anası falçılar gəzir, qaynana övladı olmayan gəlini ocağa aparır, qadın ərini evə bağlamaq üçün oğul doğur. Özü də bunu edənlər cahil, oxumamış adamlar deyil ha, müəllimələr, həkimlər, yəni ali təhsilli insanlardı.

Həm diplomları var, həm də özlərini müasir hesab edirlər. Elə o falçılar gəzən qız əlindəki telefondan tutmuş əyin-başınadək müasirdi. Dindirsən Ancelina Colini bəyənməz. Bəlkə də görünüşə görə haqlıdır, belə baxırsan vid-fasonu heç avropalıdan, amerikalıdan geri qalmır. Di gəl, düşüncə, dünyagörüşü ötən əsrə aiddir. Oturub bir kəlmə söhbət etmək olmur, ağzını açanda elə bilirsən Mirzə Cəlilin Danabaş kəndindəsən. Bir əlində qurdalandığı telefona baxırsan, bir də qafasına, əks qütblərdi: müasir telefon və Novruzəlidən qalma qafa.

Hələ o Rusetdəki ərini Tanyadan soyutmaq istəyən var ha, kişi ildə bir dəfə ölkəyə gəlir, onda da arvadı səhərdən axşamadək “dua”lı yemək yedizdirir. Falçının sözü ilə lap iyrənc vasitələrə əl atan qadınlar da olur, ta orasını yazmıram ki, oxuyanda ürəyiniz bulanmasın.

Dediyim odur ki, inkişaf üçün gərək qafalar müasirləşsin. O, dəyişməsə, harada yaşamağın, necə geyinməyin, nə yeməyin, hara getməyin xeyri yoxdur. Əks halda nə illah etsəniz, boğazdan aşağı olacaq Coli, boğazdan yuxarı Şəhrəbanu. Parisi partlatmaq istəyən Şəhrəbanunu deyirəm. Qafasız olmur, yoldaşlar, vallah, olmur. Arada o “lazımsız” başı da yada salın.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #