Avtobusdakı  “qaqaşlar”la ana-bacı söhbəti

Avtobusdakı  “qaqaşlar”la ana-bacı söhbəti
5 dekabr 2013
# 12:36

Cəlil Cavanşir yazır...

- Dünya alimləri ehtimal edir ki, min il sonra texnologiya ən yüksək inkişaf həddinə çatacaq. Daha mesaj yazmaq üçün barmaqlarımıza əziyyət verməyəcəyik. Texnologiya bədənimizə yerləşdiriləcək. Qaranlıqda gözün fənər kimi yanıb sönəcək. Əlimizi telefon, kompüter kimi istifadə edəcəyik. Bax bu qaqaş, mesaj yazmaq üçün, əziyyət çəkib bir əllə pəncərədən yapışmayacaq. Yazacağı mesajı beynində quracaq və istədiyi adama “send” edəcək.

- Yaxçı görek alə! Diyirsən day gözəl xanımlar belə qaqaşlara görə əziyyət çekmiycey?

- Bu hələ ehtimaldır. Amma belə gözəl xanımların əziyyət çəkməməyi üçün, alimlər gərək yaxşı işləsinlər də. Yoxsa qaqaşın dirsəyi xanımları kor eliyər eee. Hihihihi....

***

Avtobusları bilirsiniz; basa-bas, antiperesperantların kəşfindən bixəbərlər, dişi fırça ilə ömürlük düşmən olanlar doluşur, itələşə-itələşə az qala adamın çiyninə dırmaşırlar. Bu cür ağır şərtlər altında demək olar ki, hər gün avtobuslardan istifadə edən bəndəniz, müxtəlif maraqlı və gözlənilməz hadisələrin şahidi və bəzən də iştirakçısı olur.

Yuxarıdakı dialoqa istəmədən qulaq müsafiri oldum. Səliqəli və bahalı geyinmiş iki gənc qaqaş, gözəl bir xanıma “padxod” eləmək üçün, bir əlilə pəncərədən tutmuş, o biri əli ilə telefonda mesaj yazan poçtalyon oğlanla məzələnirdilər. Poçtalyon qaqaşların şit və “intellektual” zarafatlarına çox da tab gətirə bilmədi. Bir təhər sivişib qapıya doğru yönəldi. “Padxod” hədəfi olan qız çarəsiz-çarəsiz üzümə baxdı. Qaqaşlara tərəf dönüb tərs-tərs baxdım.

Texnologiyanın gələcəyi haqqında mühazirə oxuyan qaqaş təhər-tövrünü pozmadı. Şit-şit irişib yanındakını dümsüklədi:

- Bir az yavaş, bu məllim bizə yaman tərs-tərs baxır.

- Baxsın da, alə. Avtobusdakılara otveçat-zaddu bəyəm?

Cavab verməyə, qaqaşlara bir-iki kəlmə ilə yerini göstərmə hazırlaşırdım ki, sürücü qəfildən əyləci basdı və qaqaşlar kəllə-kəlləyə gəldi. Pah! Lap yerinə düşdü!

Çıxan taqqıltıdan hiss elədim ki, həm qaqaşların başı kifayət qədər boşdur, həm də toqquşma olduqca uğurlu alınıb. Səsimi çıxarmağa ehtiyac hiss eləmədim. Növbəti dayanacağa qədər “texnoloji qaqaşlar”dan səs çıxmadı.

Növbəti dayanacaqda adamlar bir balaca seyrəldi və məktəbli bir qız qalxıb mənə yer vermək istədi. Təşəkkür edib, əyləşmək istəmədiyimi bildirdim.

Başım məktəbli qızla mükaliməyə qarışdığı üçün, bir neçə dəqiqəlik qaqaşlar müşahidəmdən yayınmış, və dərhal da başlarındakı ağrını unudub, şitənməyə başlamışdılar.

- Xanım, sağ əlinizdəki çantanı sol əlinizə alırsınız və sağ əliniz boşalır. Sonra sağ əlinizlə tutacaqdan bərk-bərk yapışırsınız ki, yıxılmayasınız.

Xanım nəzakətlə təşəkkür etdi.

Amma qaqaşlar qırsaqqız olub, əl çəkmək istəmirdilər. Daha sonra şit padxodlardan təngə gəlmiş xanım qaqaşlardan biri ilə əsəbi-əsəbi nə isə danışmağa başladı. Söhbəti eşitməsəm də, “sənin anan-bacın yoxdu?” sualını qulağım aldı. Qaqaşlar dərhal özlərini yığışdırdılar. sonrada suları süzülə-süzülə xanımdan ayrılıb, yerlərini dəyişdilər.

Poçtalyon oğlan isə avtobusdakı seyrəklikdən istifadə edib, pəncərəyə söykəndi. Telefonunu cibinə qoyub çantasından Xalid Hüseynin “Çərpələng uçuran”ını çıxardı. Kitabı görəndə başa düşdüm ki, poçtalyon qaqaşlara niyə cavab verməyib...

Növbəti dayanacaqda düşməyə hazırlaşırdım ki, qaqaşlardan birinə zəng gəldi. Avtobusu bir anda meyxananın oynaq ritmləri bürüdü: “Xodda tankı Qarabağa sür!”

Səhərdən qaqaşların padxodundan əziyyət çəkən qız qəhqəhə çəkib gülməyə başladı. Qaqaş isə heç tövrünü də pozmadan zəngə cavab verdi:

- Hə mama. Həəəə. Avtobusdayam, gedirəm bacını işdən götürməyə.

Avtobusdan düşəndə qaqaşlara nəzər saldım, nə barədəsə danışır, şit-şit gülüşürdülər...

# 4612 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #