Ramiz Rövşənə ad günü təbriki

Ramiz Rövşənə ad günü təbriki
15 dekabr 2015
# 12:32

Ramiz Rövşən zaman-zaman mənə fərqli duyğular bəxş edən şair olub.

İlk şeirlərini oxuyanda sevməmişəm.

Sonra “Göy üzü daş saxlamaz” kitabının sehrinə düşmüşəm.

Bir müddət keçəndə bu sehr tamam azalıb, hətta itmək həddinə çatıb. Öz aləmimdə bəzi şeir və obrazlarına etiraz da etmiş, hətta ona qarşı savaş da açmışam.

Ancaq bu savaş, tutaq ki, Fikrət Qocaya, Nəriman Həsənzadəyə, nə bilim Yusif Həsənbəyə açılan savaş deyildi.

Bu savaş mənim üçün keyfiyyətli, tale yüklü, hətta müqəddəs savaş idi.

Çünki şəxsiylə bağlı deyildi, mənim həqiqəti anlamaq ehtirasımdan doğurdu.

Bir də onda ayıldım ki, Ramiz Rövşən mənim üçün məhək daşıdır və təkcə şeirimizi yox, ümumiyyətlə sənətimizi ondan əvvəlki və sonrakı dövrlər kimi xarakterizə etməyə başlamışam.

Sözü ona nəzərən ölçüb dəyərləndirmək olur: bu söz, bu şair, bu yazıçı Ramiz Rövşənin harasındadır, ona nəzərən yeri-məqamı necə görünür.

Ramiz Rövşəndən yaxşı qoşma da yazmaq olar, gəraylı da, aşırma qafiyəli şeir də, sərbəst şeir də, hətta nəsr və esse də.

Amma bunların hamısını küll halında onun kimi ehtiva eləmək hardasa imkansızdır.

O, Səməd Vurğundan gələn sosrealist şeirin estetik inkarı kimi Azərbaycan ədəbiyyatının hələ də tam ötüb keçməyən hadisəsi olaraq qalır.

Ramiz Rövşəndən sonra şeir yolunu, izini, istiqamətini dəyişib.

Təsadüfi deyil ki, 60-cılar həmişə onu öz yanlarında görmək istəyiblər və buna deyəsən, xeyli də nail olublar.

Belə bir qələm adamı, sənət adamı ilə həmnəsil olmaq, dost olmaq hər şeydən əvvəl güclü və sarsılmaz olmaq deməkdir.

Bəs Ramiz Rövşənə bu ankı, bu dəqiqəki münasibətim necədir?

O, 70 yaşın ərəfəsində, bütün barışmadığım məqamları ilə birlikdə mənə həddindən artıq doğmadır. Onu görəndə həm çox sevinir, həm də çox kədərlənirəm.

Sözlə zamana meydan oxuya-oxuya, insan olaraq hamı kimi zamana uduzmasının şahidi olduqca tək özümün yox ədəbiyyata azdan-çoxdan dəxli olan bütün insanların gələcəyini görürəm.

O da hamı kimi yaşlanır, ağırlaşır, bir az da əsəbiləşir deyəsən.

O da burax dünyanı, Azərbaycanı, Bakını, hətta ədəbi mühiti bir zərrə qədər də dəyişə bilmədiyinin fərqindədir.

Amma həm də bunun fərqindədir ki, Ramiz Rövşənsiz çağdaş Azərbaycan şeiri ola bilməzdi.

Ramiz Rövşənsiz təkcə böyük bir şairi deyil, şeirimizdəki ölçünü itirə bilərdik, məncə...

Bütün məğlubiyyətlərə rəğmən Ramiz Rövşənin yanımızda olması, ayaqda olması, yenə də yazıb-yaratması bizi çox sevindirir.

Əsas olan da deyəsən budur.

Təkcə qələbələr üçün yox, həm də məğlubiyyətlər üçün yaşayır insan.

O da ki şair ola!

Sözdən başqa silahı olmayan şair.

Doğum günü qutlu olsun!

Həmişə yanımızda olsun ki, özümüzü çox da yetim hiss eləməyək.

Ramiz Rövşən sözü özündən ucada saxlayan adamlarla özünü sözün üstünə yıxan adamların fərqini görmək və göstərmək üçün təkcə bizə yox, elə sözün özünə də lazımdır.

Allah amanında...

# 1582 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #