Mayasına haram qatılan Şoloxov yaradıcılığı

Mayasına haram qatılan Şoloxov yaradıcılığı
28 may 2015
# 10:00

Bir bazar günü. Kitabxanamdan (Böyük çıxmasın!) Şoloxovun 40 il əvvəl çap olunan hekayələr toplusunu tapıram. Bilmirəm kim bağışlayıb, hardan almışam, necə olub indiyə qədər qabağıma çıxmayıb. Sözüm onda yox, hər halda, istirahət günü üçün əla tapıntıdır.

Kitabda yazıçının ondan artıq hekayəsi toplanıb. Bu böyük söz adamının qələmindən çıxan əhvalatın birini bitirib başqasına keçəndə heyrət və təəssüfqarışıq qəribə bir hiss adamı xeyli dərin mətləblər haqqında düşünməyə məcbur edir.

O mətləbə nə adı verirsən, ver: güclüyə ləbbeyk, şərə xidmət, ideologiyaya qulluq... mahiyyət dəyişmir, gurultulu çıxsa da, həqiqət budur: ədəbiyyat yalanı qəbul etmir, qulluq vəzifəsi sözün ilkin mahiyyətinə yaddır.

Bizim ədəbiyyat bu sınaqdan sosrealizm deyilən mərhələdə çıxdı. Çıxdı, özü də üzüqara çıxdı. Onlarla mənasız roman və poemalar, yüzlərlə şeirlər, oçerklər yazıldı. Və onların heç biri bu gün nə sənə, nə mənə - ümumiyyətlə, heç kimə lazım deyil. Söz istənilən dövrdə təbliğat vasitəsinə dönüb əli sinəsində ideologiyanın qulluğunda duracaqsa, onun xilası mümkünsüzdür. Tarix göstərir ki, mayasına haram qatılan yaradıcılığı Şoloxov boyda nəhəngin istedadı da xilas edə bilmir.

Şoloxovun “Ailəli adam”, “Sırtıqcığaz”, “Zədə” kimi əla hekayələri var. Tutalım, “İnsanın taleyi” “Zədə” və “Dayça”nın yanında xeyli sönük və balaca görünür.

Güman edirəm, Şoloxov haqqında “təbiət təsvirləri mükəmməldir”, “xarakterləri ustalıqla yaradıb”, “fantaziyası genişdir” kimi ifadələr işlətsəm, diletantlıq kimi görünməz. O mənada ki, Mixail Aleksandroviç bu hekayələri cəmi-cümlətanı 20-22 yaşında yazıb. Elə bu yaş amilindən çıxış edib də, ürəkli olmağa dəyər.

Mahiyyətində Sovet ideologiyasının tərənnümü, Qırmızı Ordunun, kommunistlərin mədhi dayanan əsərləri hətta böyük talant da xilas edə bilmir. Məsələn, “Ailəli adam”da iki oğlunu öldürən kommunist atanın faciəsi psixoloji dərinliklə işlənsə də, necə deyərlər, yazıçı ürəyinin mübhəm guşəsində qəhrəmanının yanında yox, məhz kommunistlərin, yoldaş Leninin yanındadır, hər cümləsində sanki onlara xidmət etdiyini bərkdən-bərkdən deyir. “Sırtıqcığaz”da Mişka yuxuda Leninlə danışır:

“ - Sən bilirsənmi mən kiməm?

- Yox, bilmirəm.

- Mən Leninəm. Mişka, səndə bir qəpiklik vicdan yoxdur. Sən yaxşı bilirsən ki, mən yoxsul xalqın yolunda vuruşuram, bəs nə üçün mənim qoşunuma daxil olmursan?”.

“Atası Mişkaya danışırdı: “Həmin evdən iki adam çıxıb, mənim yanımdan keçirdi. Yaxın gəldilər, onlardan birinin Lenin olduğunu bildim. Mənə yaxınlaşıb nəvazişlə soruşdu:

- Üşümürsən ki, yoldaş?

- Yox, yoldaş Lenin, nəinki soyuq, hətta heç bir düşmən bizi sındıra bilməz. Hakimiyyəti biz heç də burjuaziyaya vermək üçün ələ keçirməmişik. O güldü və mənim əlimi bərk-bərk sıxdı. Bax, o belə idi. Hamının qayğısına qalırdı, hər bir soldat üçün ürəyi yanırdı”.

Yazıçı haqqında danışanda yaşadığı dövrü nəzərə alıb mühakimə edilməyinin tərəfdarıyam. Bu, mütləq və təkzibolunmaz amildir. Məhz bu hissi itirməyərək Şoloxovun bioqrafiyasına nəzər salaq: dördüncü sinfi bitirə bilməyib Rusiyada vətəndaş müharibəsi başlayar-başlamaz Qırmızı Ordunun sıralarına qoşulub, xidmət etdiyi quruluş kazak xutorundan çıxan adamı SSRİ Ali Sovetinin deputatı, ali təhsili almaya-almaya 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü edib, Lenin və Stalin mükafatlarına layiq görülüb, Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub.

Azərbaycanda Sovet quruluşunun yetişdirdiyi, bütün imtiyazlara sahib olan kommunizm əqidəli yazıçılar haqqında yazmaq niyyətim yoxdur.

“Şoloxovun rəsmi sovet ideologiyasının ruporu olmadığını əsərlərinin müasir dövrdə də populyarlıq və aktuallığını qoruyub saxlaması sübut edir” cümləsini təəssüf ki, bizim özümüzünkülərə - Əbülhəsənə, Süleyman Rəhimova, Mirzə İbrahimova, Mehdi Hüseynə aid etmək mümkün deyil. Onları Şoloxovdan bir böyük fərq ayırır: istedad.

Ona mənada ki, o istedad hər cür zir-zibilə göz yummağa imkan vermir.

Bizimkilər məhz ideologiyanın ruporu olublar. Hərçənd, güclüyə ləbbeyk, şərə xidmət, ideologiyaya qulluq böyük mənada Mixail Aleksandroviçi də xilas eləmir.

Demək istədiyim bu...

# 793 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #