Sabirin həqiqətləri

Sabirin həqiqətləri
23 yanvar 2018
# 11:55

Ayxan Ayvaz

Mirzə Ələkbər Sabir haqqında o vaxt Rafiq Tağı sərt bir yazı yazmışdı. Və xalq bir yana, yazarlar Rafiq Tağının üstünə düşmüşdü. Səbəb isə sadəydi: Rafiq Tağı bizim gözümüzü açmağa çağırırdı. Necə ki Sabir deyib: “Mən Günəşi göydə dana bilmirəm”.

Rafiq bəyin yazısında bir məqam var idi: “Uğursuz sabun alış-verişindən sonra Sabir qisasını xalqdan çıxdı”.

Bu yazıçı cümləsinin bər-bəzəyini qoyuram qırağa. Amma qisası xalqdan çıxmaq məsələsində hardasa Rafiq Tağı haqlıydı.

Bu yol düzgün yol deyildi. Xalqı aşağılamaq, gözdən salmaq, onu yerin dibinə gömmək.

Sabir qələmini bu yolda fəda etdi.

İndi də Sabirə and-aman edirlər, onu klassik kimi başa çıxarıb tərif tərifin dalınca yağdırırlar. Halbuki Sabir elə məhz o adamları yıxıb-sürümüşdü.

Mənə bu çox qəribə gəlir: biz niyə özümüzü gözdən salan şairi bu qədər sevirik? Onu göylərə qaldırırıq, dahi adlandırırıq, adını ehtiramla çəkirik.

Məsələ sadədən də sadədir: Sabirin qələmi xalqdan acıq çıxmağa sərf olunurdu. Demə, bütün günah xalqdaymış. Bu xalq bizi dünyada biabır edirmiş. Və qəribədir ki, həmin xalq da Sabirin sözünü təsdiqləyir və “iki” almış şagird kimi boynunu bükür.

Oysa biz Sabirə sübut etməliydik ki, elə deyil, belədir. Biz sən dediyin xalq deyilik. Biz mütərəqqi xalqıq. Bizi niyə aşağılayırsan? Guya canın yanır bizə? Guya həqiqətən də bu yolla bizi düzəltməyə çalışırsan?

Mən dünyanın heç bir yerində Sabir kimi şair görməmişəm. Bəlkə var, amma xəbərim yoxdur. Əlinə balta alıb xalqın onurğa sütununu baltalamaqda və sanki çıxış yolu tapmaqda.

Çıxış yolu isə yoxdur. Sabirin yazdıqları sadəcə və sadəcə bizi gözdən salmaq üçündür. Hansı ki, bu “gözdən salma” kampaniyasından geninə-boluna istifadə edənlər oldu. Biri elə ermənilər. Düşmən gördü ki, biz xalqı aşağılayan şairi göylərə qaldırırıq və onun sözündən bərk-bərk yapışıb bizi öz silahımızla vurmağa başladı.

Sizi bilmirəm, şəxsən mənim üçün Sabir kimi şairlər gərəksizdir. Bizi heç bir işığa aparmayan, heç bir mərama çatdırmayan şair kimə lazımdır axı? İçində bircə qram sevgi yoğrulmayan şeirləri oxuyub nə zövq alırıq? Anlamıram. Bəlkə biz mazoxistik?

Ola bilsin, psixoloji məsələdir. Əsgərlikdə görmüşdüm və bu təəssüf ki, hər yerdə belədir. Normal, mədəni şəkildə sənə tapşırıq verən adamı vecimizə almırıq. Hansı ki, həmin adam bu tapşırığı qəzəblə bizə gördürmək istəyir, o zaman onun dediyi ilə oturub dururuq. Sabiri sevməyimizdə səbəb onun bizi acılamağı, lağ-lağı eləməyidi? Şəxsən mən bunu qəbul etmirəm, sizi bilmirəm. Çünki mən danlanmağı, aşağılanmağı, gözdən salınmağı sevmirəm. Hətta zəndeyi-zəhləm gedir.

Tək Sabir deyil, sonradan onun davamçıları da mənə təsir edir. Uğursuz yolun davamçılarıdır onlar. Başçıları uğurlu olmadı, indi bunlar işin öhdəsindən gəlmək üçün qollarını çırmalayıblar. Amma çifayda. Daşlar yerinə oturan deyil. Sabirin uzunmüddətli acığını davam elətdirmək mənasız və gərəksiz bir işdir.

Bəlkə mən haqsızam, bəlkə də çoxları razılaşmayacaq fikrimlə. Amma mən Sabiri klassik, dahi hesab etmirəm. Əksinə onun ziyanlı olduğunu düşünürəm. Və heç vaxt da Sabirdən zövq almamışam. Sabir heç vaxt mənim şairim olmayıb. Hətta deyərdim ki, heç bu xalqın da şairi deyil. Mənim tanıdığım, sevdiyim xalq belə bir şairi həqiqətən sevməz. Sadəcə xalq üzə düşüb. Onu aldadıblar. Deyiblər, Sabir əla şairdi, həqiqətləri deyib və s. Bütün bu gözdən salmaları da sadəcə və sadəcə satiranın alətidir. Əslində, Sabir bütün bunları içində çəkib, ağrısını yaşayıb.

Siz inanmaqda davam edin, amma mən dəxi inanmıram.

# 2178 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #