Elnarə həyatın qəddarlığına hazır idi

Elnarə həyatın qəddarlığına hazır idi
23 sentyabr 2013
# 09:55

Mətanət Vahid yazır

Kimi nə dərəcədə sevdiyimizi bəzən özümüz belə, dərk etmirik – o adamın itkisi, həmişəlik yoxluğu sevgimizin, ona verdiyimiz əsl dəyərin nədən ibarət olduğunu anladır bizə. Yoxluğunun xəbərini aldığım andan heç barışa bilmirəm, bəlkə bir anlaşılmazlıq olduğunu düşünüb yalan xəbər yayıldığına ümid edirəm hələ də...

Tələbəlikdən sonrakı 14 ilə yaxın ayrılıqdan sonra təxminən il yarım öncə yazılarına saytlarda rastlayanda sevinmişdim, qürur duymuşdum onunla. Sonra əlaqə saxlamağa başladıq, ilk söhbətimizdə gecəyarıya qədər danışdıq. Hər ikimiz sevinc və həyəcan doluyduq. İkimiz də bir-birimizə “bu illər səni heç dəyişməyib, həmin səmimi adamsan”, – deyib, buna sevinirdik.

Xatirələrimizi çözələyir, qrupumuzun “uşaqlarını” adbaad yada salırdıq. Arada köks ötürürdük “hə, biz də yaşlandıq”, – deyə...

İndi əllərim titrəyə-titrəyə onun haqqında xatirə yazmağım ağır gəlir mənə. Yazışmalarımızda həmişə keçmiş üçün darıxdığını, gələcək üçün narahat, nigaran olduğunu deyirdi. O bilirdi ömrünün yarıda kəsiləcəyini, ümidlərinin, arzularının həyata keçməyəcəyini... “Ehh, nə yaşadıq, nə gördük ki? – deyirdi, – xəstəliklər, qayğılar canımızı alır...” Amma mən onu tələbə vaxtlarındakı kimi xatırlayırdım həmişə, üzündən təbəssümü əskik olmayan, hirslənib qaşlarını çatanda da şirin görünən, “Baxdım, baxdım güzgüyə, baxdım, baxdım özgəyə, Ah, nə gözələm, Bax nə gözələm, mən!...” oxuyan ərköyün, şıltaq Eli kimi...

Yaşıdlarımız, tələbə yoldaşlarımız, dostlarımız bizimçün heç böyümürlər, heç yaşlanmırlar... heç ölmürlər...

Bir neçə il öncə avtomobil qəzasında həlak olmuş qrup yoldaşımızı Elnarə ilə tez-tez xatırlayıb kədərlənirdik, xatirələrə dalırdıq... Bir gün onun özü haqqında da tələbə yoldaşlarımla eyni kədər və üzüntü ilə danışacağım ağlıma gəlməzdi... Amma indi söhbətlərimizi xatırladıqca bilirəm ki, o əslində, özünü, ətrafını yoxluğuna hazırlamağa çalışırdı həm də...

Övladlarının yanında həmişə ola bilməyəcəyini də deyirdi... Bir dəfə böyük qızının şəklini paylaşmışdı. Şəklin yanındakı şərhdə dostlardan biri uşağın belindəki ağır çantanı çıxarmağı məsləhət görmüşdü. Elnarə isə belə yazmışdı: “... amma bir məqam da var: ağırlığından, yüngüllüyündən asılı olmayaraq, Nəsibəxatun yükünü özü çəkməyi öyrənməlidir. Mən həmişə onun yanında olmayacam...“ Dostun “necə qəddarcasına bir mühakimə” sözlərinə isə Elnarə “Qəddar həyata hazırlıq mərhələsi də demək olar” cavabını vermişdi...

Bax belə... O, zərif və duyğulu olduğu qədər də güclü qadın idi. Analıq duyğusu, ömrünün yarıda qırılacağı hissiyyatı ona güc-qüvvət verirdi və övladlarına onun yoxluğunda üzülməməyi, əzilməməyi də öyrətməyə çalışırdı...

Bu gün onu az-çox tanıyan çox adam haqqında yaxşı insan, gözəl qadın, peşəkar mütəxəssis kimi bəhs edir... 36 illik qısacıq ömründə özündən sonra belə bir təəssürat qoymaq, belə bir ad yaşatmaq hər insanın qisməti deyil... Gözlərim yaşlı, ürəyimdə uçurum boşluğu... yoxluğuna inana bilmirəm... Amma gerçəklik budur ki, sən artıq bizimlə deyilsən... Özündən sonra isə yaxşı adın qaldı – bir insanın həyatdakı ən böyük qazancı... Ruhun şad olsun, Elnarəm...

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #