Falçıya inanıb arvadını bıçaqladı

Falçıya inanıb arvadını bıçaqladı
13 sentyabr 2017
# 11:37

Könül Cəfərli

Bibimin Bəsti adlı qonşusu vardı. Darvazaları üzbəüz idi. Nə vaxt qonaq gedərdiksə, Bəsti xalanı küçədəki tutun dibində görərdim. Başına da qonşu arvadları yığıb günbatanadək söhbət edərdi. Arada samovar da qaynadar, özü demişkən, kefə baxardı. Sadə kənd qadını idi. Hamı necə, o da elə dolanırdı. Özü mala-qaraya baxır, əri də traktorçuluq edirdi.

Günlərin bir günü Bəsti xala xəstələnib yorğan-döşəyə düşür. Həkim də dərdinə çarə tapa bilmir. Əri gah deyir yuxuda səksənib havalanıb, gah da sətəlcəm olub. Beləcə bir neçə həftə keçir. Bu müddətdə onu görən olmur. Nə çölə-bayıra, nə də ona baş çəkən qohum-qonşunun qabağına çıxır. Deyilənə görə, bütün günü yatırmış. Nə isə, Bəsti xalanın durumu bir müəmma olub, kəndin əsas qeybət mövzusuna çevrilir.

Təxminən 1 ay sonra yenə darvazanın yanındakı tutun dibində görünür. Ayağa qalxmağına hamı sevinir. Başına nə gəldiyini isə özü danışır. Məlum olur ki, Bəsti xalaya yuxuda vergi verilib. Röyada gördüyü ağsaqqallı kişi ona tapşırıb ki, bir ay heç kimlə danışma, bayıra çıxma, vədən tamam olanda vergin aktivləşəcək və sən fala baxacaqsan. Hər halda o, camaata belə nəql edir. İlk günlərdə adamlar inanmasa da, zamanla Bəsti xala tanınmış falçıya çevrilir. Qonşu kəndlərdən, rayonlardan da müştəriləri olur. Beləcə, Bəsti xala olur falçı Bəsti.

Dəyişən tək adı-sanı olmur. Güzəranı da gündən-günə yaxşılaşır. Əvvəl evini sökdürüb, yenisini tikdirir. Sonra əri traktoru satıb, xarici maşın alır. Bibim danışırdı ki, qapısına qoyun gətirənlər də olur. Guya kiminsə bəxtini açır, adamlar da niyyət qurbanını onun evində kəsir. Müqəddəs adammış kimi.

Bəsti xala kəndin sosial həyatında önəmli fiqura çevrilir. Oğul evləndirib qız köçürən, Rusiyaya iş dalınca gedən, ev alan, maşın satan, bir sözlə, kimin ailəsində nə önəmli məsələ varsa, ona fal açdırır. Sözü bıçaqdan kəsərli olur. Desə ki, bu işi xeyirli görürəm, qızı gözüyumulu ərə verirlər.

Amma xoşbəxt falçılıq çox uzun sürmür. Varlansa da, yavaş-yavaş başına problemlər də açır. Bir gün bibim dedi ki, Bəsti camaatı qırdırır, onun ucbatında kənddə neçə ailə bir-birinə düşmən kəsilib, qohumunu bıçaqlayan, arvadını boşayan da olub.

Deməli, falçı Gülzar xalaya söyləyir ki, sənin qızının bəxtini üzündə xalı olan qohumun bağlayıb. O, da xallı əqrəbalarını gözdən keçirir. Axırda onsuz da yola getmədiyi eltisinin üzərində dayanır. Fikirləşir ki, qızımın bəxtini o bağlamış olar. Qapısına gedib, dava çəkir. Olurlar qanlı-bıçaq.

Eləcə də bir başqasına da deyir ki, arvadın səni aldadır. Ailəyə qan düşür.

Axırda iş o həddə gəlib çatır ki, kənddə dava salmadığı ailə qalmır. Falı evlər yıxan, ocaqlar söndürən Bəsti xala insanların həyatını zəhərə döndərir. Amma çox çəkmir. Tədricən yalanları ortaya çıxır, ona inanmayan adamların sayı artır, yavaş-yavaş müştərilərini itirir. Bu dəfə də yalançı, evyıxan Bəsti kimi ad çıxarır.

Ailəsini dağıtdığı adamlar tez-tez evinə hücum çəkib, haqq-hesab tələb edir. Görür ki, kənddə yaşamaq çətinləşir, el arasına çıxa bilmir, şəhərə köçür.

Falçı Bəstinin yalanı ifşa olunsa da, insanlara vurduğu zərər bu gün də davam edir. Düşmən etdiyi adamlar hələ də küsülüdür. İllərdir bir-birinin qapısını açmayan bacı-qardaşlar var. Bilə-bilə ki, adam hamını aldadıb, yenə də barışmırlar. Hələ dağıtdığı ailələri demirəm.

Bəsti xala tək deyil, o cür falçılar çox yerdə var. Bəlkə bir neçəsini də siz tanıyırsınız. Həm pulunuzu yeyir, həm də həyatınıza müdaxilə edib daha dərin yaralar açır. Öncəgörümlərinə inanıb ağır depressiyaya düşən qızlar tanıyıram. Falçı birinə demişdi ki, bəxtini bağlayıb, qıfılı da məzara basdırıblar. Qız da deyilən qəbri axtarıb tapa bilməmişdi. O qədər psixikası korlandı ki, az qalırdı intihar etsin. Yaxşı ki, vaxtında psixoterapevtə yönəldi, indi 3 övladı var.

Bir qohumuma da falçı demişdi ki, bu il ali məktəbə qəbul olmayacaqsan. Qız hazırlığı atdı, imtahan da vermədi ki, onsuz da nəticəsi olmayacaq. Daha nələr, nələr...

Zəhmətlə qazandığınız pulu sərf etməzdən əvvəl o falçını yaxından tanımağa çalışın. Görəcəksiniz ki, şəxsi həyatı sizinkindən daha problemlidir. Adam gələcəyi görür, sizin həyatınızı dəyişdirə bilirsə, özünə niyə kömək etmir?

Bir falçı da Bayılda tanıyırdım. Orada qonşu idi. 2 dəfə nişanı qayıtmış, bir dəfə boşanmış qızı vardı. Heç ağlınıza gəlmir ki, bəxt açandırsa, elə öz doğma övladının həyatını sahmana salsın də. Di gəl, müştəriləri səhər saat 8-dən qapısını kəsdirir, uzun növbələr olur.

Pulunuza heyfiniz gəlsin, əziyyətlə qazandığınızı Bəsti xalalara yedirtməyin. Onların öz problemlərinə əlac edən lazımdı. Lap pul bir yana, özünüzə yazığınız gəlsin.

Mənə gəlincə isə bircə dəfə falçıda olmuşam. Özüm üçün getməmişdim. Tələbə yoldaşıma lazım idi, tanımadığı evə tək getmək istəmədiyi üçün ona yoldaşlıq etdim. Başında kəlağayı olan orta yaşlı qadın idi. Aygünün falına baxandan sonra əlini Qurana basıb, “bu ayın sonu elçilərin gəlir, xeyir işindi”-dedi. Yalan olmasın, o gündən təxminən 10 il ötüb, qız hələ də elçi yolu gözləyir...

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #