İstifadə olunmuş süjetlər əsasında yazılan əsərlərin doxsan faizi uğursuz olur. Bunu klassik ədəbiyyatdan üzü bəri həm milli, həm də dünya ədəbiyyatında müşahidə etmək mümkündür. Təkcə bir nümunə bəs edər. Nizami Gəncəvidən sonra “Leyli və Məcnun” yazan bütün söz ustadları uğursuzluğa uğradılar. Təkcə Məhəmməd Füzulidən başqa. Məhəmməd Füzuli isə bu uğuru həmin əsərə gətirdiyi yeniliklərə görə qazandı. Çünki, Füzuli təqlid etməkdən daha çox dövrünün tələbinə uyğun yeniliklər gətirməyi bacarmışdı.
Bir oxucu kimi dəyişikliyə uğramış hazır süjetdən istifadəni bəyənmirəm. 80-90-cı illərin nostalgiyasında ilişib qalan segahın süjetindən istifadə olunmuş bir əsər oxudum və sonra da bu yazını yazmağa qərar verdim.
Haqqında danışacağım o segahı mən balaca vaxtı eşitmişdim. Həm də ayaqüstə durmağı bacarmayan “Romantik”, “Vesna” maqnitofonlarında dinləmişdim. O segah İsrail Məmmədovun ifasında insan hislərinə çox möhtəşəm təsir edə bilirdi. Sonra bir əsər oxudum. Hansı ki, süjetini sırf həmin segahın kulminasiya nöqtəsindən götürüb. Səhv eləmirəmsə segahın adı “Ana” idi. Həmin segahın ən dəhşətli yerini sadə bir əsərin ən lazımsız səhnəsi kimi oxumaq heç xoş olmadı.
Seymur Baycanın adını çox eşitmişdim. Elə oldu ki, dostlarımdan biri Seymur Baycanın “Ana ürəyi” adlı povest və hekayələrdən ibarət kitabını mənə hədiyyə etdi. Kiçik həcmli kitab olduğu üçün tez oxudum. Kitab oxuyub əsəbiləşmək olar, məsələn: hansısa obrazın taleyinə görə… Və ya əsərin sonluğunu başqa cür görmək istəyərsən, amma müəllif başqa cür bitirər. Bu kitaba görə əsəbiləşməyimin tamam başqa səbəbi var. Müəllif əsərinin janrına görə niyə oxucunu aldatmalıdır? Seymur Baycan görəsən hansı prinsiplərə görə “Ana Ürəyi” əsərini povest adlandırıb? Axı o povest deyil! Hə, unutduğumu düşünməyin. Araşdırdım və bildim ki, Seymur Baycan postmodernistdir. Bu əsərdə də postmodernizmin prinsiplərinə yaxşı əməl edib. Amma üslubdan, cərəyandan asılı olmayaraq ədəbi janrlar heç vaxt prinsip dəyişmir. Müəllifə povest haqqında geniş məlumat vermək istəmirəm. Allaha şükür yazırsa, deməli həm də oxuyur. Mütləq povest haqqında da oxuyub. Sadəcə onu deyim ki, povestin heç olmasa iki süjeti olmalıdır. Mən “Ana ürəyi” əsərində süjetin birini çətinliklə də olsa, tapa bildim, ikinci süjeti tapa bilmədim ki, bilmədim.
Əsərdə mən “dörd”, siz “beş” obraz var deyin. Bu qədər obrazla povest yaza bilmək ya fitri istedadın göstəricisi olmalıdır, ya da... Xatırladım ki, hələ ədəbiyyatımızın ilk povesti hesab edilən M. F. Axundovun “Aldanmış kəvakib” əsərində azı 15-20 obraz var idi. Belə çıxır ki, bəzi yazıçılar əsərin janrını səhifələrin sayına görə təyin edirlər. Əsərin janrı onun həcmi ilə ölçülmür. Əsərin janr kimi formalaşmasında əsas rol oynayan zaman, məkan, obraz, hadisə, süjet anlayışlarıdır. Təklif edirəm ki, müəllif əgər kitabı yenidən nəşr edərsə, “Ana ürəyi” əsərinə bir təhər hekayə desin, qurtarsın getsin.
Məqsədim əsəri tənqid etmək və ya yazıçını nəyisə bilməməkdə təqsirləndirmək deyil. Daha çox adına görə diqqətimi çəkən əsərdə yazıçı fantaziyasını da aşkar görə bildim. Əsərdə müəllifin yazıçılıq manevrləri çox xoş təsir edir. Postmodernizmin mətn anlayışının prinsipləri əhatəli olaraq gözlənilir. Əsərdə yazıçı çox sərbəstdir. Sərbəst olduğu qədər də şitlik etməkdən uzaqdır. Uzunçuluğa meyl etmir. Obrazını yaxşı tanıyır. Yaxşı tanıdığı üçün yaxşı da tanıda bilir. Xoşa gələn odur ki, obraz oxucuya çox tanış gəlir. Düşünürsən ki, bu obrazı hardasa görmüsən. Əsərin istər kişi, istərsə də qadın qəhrəmanı bütün cizgiləri ilə canlandıra bilib.
Bir az da əsərin içindən.... Əsərdə hər motiv sadədir: təsadüfən toqquşmaq, baxışmaq, aşiq olmaq və bu sevgidə fərqli xüsusiyyətlərə görə narazılıqlar yaşamaq və uzaqlaşmağa bəhanə axtarmaq. Yəni bir əsərdə sevgi süjetinin ən sadə üsulu bu olsa gərək. Övladın anasının ürəyini çıxarıb sevgilisinə vermək səhnəsi isə məni uşaqlığıma apardı– uşaqlığımda dinlədiyim bir segahı xatırladım. Oradan qayıdanda bir də onu hiss etdim ki, balaca vaxtı maraqla dinlədiyim segah tamam gözümdən düşüb. Qısacası Seymur Baycan bu səhnə ilə həm əsərinin, həm də o segahın başına daş saldı. Desəniz ki, “niyə?” Uşaq vaxtı segah məni o hadisəyə inandıra bilmişdi, Seymur Baycan isə yox.
Oxuduğunuz yazını ərsəyə gətirəndə haqqında danışdığım müəllifin bir neçə köşələrini oxudum. Bədii zövqü olan oxucu axtarışındadır. Çox kəskin də tənqid üslubu var. Lazım gələndə oxucunu, ziyalını, əlqərəz, vətəndaşı sındırıb sonra da yapışdırmaqda soyuqqanlı fikir adamı təsiri bağışlayır. Elə bu fikirlər də Seymur Baycan yaradıcılığına aid köşə yazılarının birindən götürülüb: “Bəzi adamlar deyir ki, bədii ədəbiyyat mənə informasiya vermir. Çox qəribədir ki, bu sözü daha çox bizim millətin nümayəndələrindən eşitmişəm. Əgər onlar səmimi olsalar, əslində birbaşa belə deyərlər: - “Mən oxumaq istəmirəm”. “Ərinirəm”. “Həvəsim yoxdu”.
Söhbət səmimilikdən düşmüşkən, mən belə əsərləri oxumaq istəmirəm. Ərinirəm. Həvəsim yoxdur.