Sən “mavi”sən, “qara” deyilsən!

Sən “mavi”sən, “qara” deyilsən!
3 fevral 2014
# 08:45

Əgər intihara hazırlaşmırsınızsa, vaxt itirib bu yazını oxumayın.

Səni anlamırlar?...

Çətini ölümünü ölkə mətbuatı ana xəbər kimi təqdim edənə qədərdir, anlayacaqlar! Dərhal sənə münasibət dəyişəcək. Səni sevməyənlər cəsədini sevəcəklər!

Neyləyək ki, indi səhərlərimiz intiharla açılır. Nə deyə bilərik? Bu dünyada insanın sahib olduğu vur-tut bircə ömrü var, onunla necə davranacağını da o özü bilər! Lap kefi istəyəndə ölə də bilər...

İntihar edənlər arasında tək bir nəfər əsl kişi kimi getdi. Bəli, barmağı ilə günahkarı göstərərək. O vaxtdan da hamı günahı öz üstündən atmaq üçün barmağını digərinə tuşladı: “Onu sən öldürdün!”, “Onu siz öldürdünüz!”.

Yazımı gecikmiş hesab edə bilərsiniz. Haqlısınız! Mən sadəcə adət-ənənəmizə xilaf çıxmaq istəmədim. Axı gedənin arxasınca hər şeyi deyə bilmək üçün mütləq onun yeddisini gözləməlisən ki, hamı öz evinə çəkilə, ağlayanlar kiriyə, xatirələr canlana...

Mən insanın, hətta bizdən bezib intihar etmiş olsa belə, bizi biryolluq tərk etdiyinə inanmıram. Bu günə qədər artıq torpağa çevrilmiş bir çoxunun sığalını saçımda, əlini çiynimdə, ovcunu yanağımda hiss eləyirəm. Əminəm ki, İsa da hardasa, buralardadır. Gedişi ilə hamını necə tolerant etdiyini həm zövq, həm də təəccüblə seyr edir...

“Getmək” ciddi bir qərar olsa da, səni anlamadılar deyə verilməməlidir. Biz kimi anladıq ki? Dərdi anlamayanlardan rəng anlamağı hansı məntiqlə umursan?

Tələbə ikən işimlə bağlı, sahibsiz iti, pişiyi küçədən evinə götürüb yemləyən, sığallayan bir dəstə xeyirxah qlamurun müzakirəsinə qatıldım: Maykl Ceksonu dərisinin rəngini dəyişdiyi üçün ittiham edirdilər.

O vaxtlar məni də “anlamır”, dışlayırdılar. Buna görə də bir qayda olaraq sakit, hiss olunmadan danışmağa adət etmişdim. Növbə mənə çatanda pıçıltıyla “Onu başa düşürəm. “Qara” olduğu üçün insanın nələr yaşaya biləcəyini təsəvvür eləyirəm” deyəndə, Ceksonu bir kənara qoyub, mənim üstümə düşdülər. Sən demə, insanlıqdan xəbər-ətərim yoxmuş... Sənəti dərk etmirmişəm... Önəmli olan insanın dərisinin rəngi, hardan gəlməsi, kim olması deyilmiş və s. və i. Bəs nə imiş?!

Ancaq mən onları çox yaxşı anladım! Anladım ki, məsələnin kökü birbaşa müzakirədə iştirak edən qaradəriliyə xoş gəlib, xarici vətəndaş olma ehtimalına bağlıdır. Bax belə, insan öz gəlir-çıxarını güdəndə çox-çox anlayışlı ola bilir...

Axırda o “xeyirxah” qlamurlardan biri məni tanıyıb ağız-burnunu əymişdi: “O qaçqındı ee..., axı hardan bilsin ki, Maykl Cekson kimdi?”

Alışmışdım... Bakıdan Amerikaya boylanıb qaraları ağlardan müdafiə edən və ölkəsindəki qaçqınlara “qara” münasibəti bəsləyən humanistləri yaxşı tanıyırdım. Məktəb, universitet, iş, küçə... hər yer onlarla dolu idi! Daşımağa məcbur olduğumuz “qaçqın” statusu təhqir, söyüş yerinə istifadə olunurdu.

Getdiyin hər yerdə insan kimi qarşılanır, ancaq bu “ayıb”ın üstü açılanda cüzamlı xəstə kimi təcrid edilirdin...

Təhsil aldığım, çalışdığım yerlərdəki homoseksualların dışlandığını heç görmədim. Amma qaçqın statusuma görə elə sıxıntılar yaşadım ki...

Savadsıza, pintiyə, yarıtmaza, işbilməzə, dəliyə, oğruya, quldura, qeyrətsizə... hamısına qaçqın dedilər. Əllərindən gələni etdilər ki, müharibə qurbanı olan insanlar hər yerdə özlərini yamaq kimi hiss eləsin. Eynən zamanında Amerikada “qara”lara yanaşıldığı kimi...

Sənsə “mavi”sən, “qara” deyilsən ki...!

Qaradan tünd rəng olmur! Maviliyin sənədi yox, sübutu yox. Yeri gələndə dana da bilərsən. Ən azından bu sənin həyatındır, gündüzləri ki hamı kimi yaşaya bilərsən.

Heç bilirsən ki, insanın yataqxanada yaşadığı məlum olanda yaxın dostları belə, ondan necə uzaqlaşır?

Ömrünü qaçqınlar üçün ayrılmış kütləvi yaşayış məntəqələrində “sabah”sız, dışlanaraq böyüyən uşaqlar boyları ipə çatanacan böyüyüb, axırda intihar etməliydilər?

Bilməm... Hər halda, intihar eləmək üçün gərək adamın yarım metrlik kəndiri, ya da möhkəm bir dirəyi olsun. Bizim isə heç nəyimiz yox idi...

Özümüzdən savayı heç kimimiz yox idi. Ona görə də tək əlimizdən gələn özümüzə güvəncimiz oldu: oxuduq, çalışdıq, cüzi bir uğurla artıq gülüşü çoxdan unudan böyüklərimizi sevindirə bilmək, hər şeyini itirən insanların HƏR ŞEYİ ola bilmək üçün nələrə qatlaşdıq...

İnan mənə, dostlarını doğuluşunda səndən daha şanslı olanlardan deyil, kitablardan seçsən taleyini dəyişə bilərsən! Uzun, darıxdırıcı, əyləncəsiz, ağır həyat olacaq bəlkə, amma... rəvayətə görə, nə zamansa bir div də insan olmaq üçün mağarasına çəkilib oxuyub, oxuyub, oxuyub...

Biz, arxamızda sevincsiz və sevgisiz bir gənclik qoyub gəldik, gələcəyimizi də müharibəyə və o insanlara uduzmamaq naminə!

Nəticə nə oldu? Bu gün insanlar birini alçaltmaq, təhqir eləmək üçün ona artıq on il əvvəlki kimi “qaçqın” yox, “....” deyirlər.

Bu bizim günahımız deyil, amma qaçqının da insan olduğunu sübut eləmək üçün ömrümüzün yarısı getdi. Rəvayətdəki divin mağarada keçirdiyi illər kimi...

İndi bunu təsdiq etmək növbəsi sizindir!

# 6851 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #